Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-60/2024 16.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X26 (sədrlik edən və məruzəçi), X37 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X47 oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Nəsirov Saday Vəkil oğlu, X15, X10, X27, X28, X11, X8, X3, X12 (hüquqi varisləri: X21, X13, X22, X23, X14, X24, X25) və X31) qarşı sökülmüş çəpərlərin bərpası və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddianın qismən təmin edilməsi, Cavabdeh vurduğu ziyana görə 3170 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" ASC-nin Qara Qarayev filialının Məhkəmə Ekspertizası Xidmətləri MMC-in xeyrinə tutulması, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 200 manat məbləğində pul vəsaitinin alınaraq X2 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən apelyasiya şikayətləri verilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əmlaka vurduğu 85000 min manat ziyanın alınması, zəbt etdiyi 1589 kv.m torpaq sahədən çıxarılmaqla mübahisəli sahələrdə aparılan tikinti işlərinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasında dövlət mülkiyyətlərin özəlləşdirilməsi ilə əlaqədar Masallı rayonun Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikini qanuni əsaslarla özəlləşdirmişdir. Həmin əmlaka dair şəhadətnamə və texniki pasport hazırlanmış və mülkiyyətçi kimi xx.xx.1999-cu il tarixində alıcının mülkiyyəti kimi qeydiyyata alınmışdır.Özəlləşdirilən mülkiyyətin altında və ətrafında olan torpaq sahələrinin üstündə yerləşən torpaq sahəsinin müəyyən sahəsi və obyektə məxsus yardımçı tikililəri metal hasarlar, su hövuzu və 27 ədəd müxtəlif ağacları kəsərək, torpaq qanunsuz zəbt edilmişdir. Həmin torpaq sahəsində ev tikilməyə başlanmışdır. Bununla da, Cavabdeh özbaşınalıq edərək, qanunsuz onun mülkiyyətinə ziyan vurmaqla, qeyd edilən torpaq sahəsini zəbt etmiş və hazırda orada tikinti işləri aparılır.Bununla da cavabdeh ona 85000 min manat ziyan vurmuşdur. Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq, obyektlərin altında və ətrafında olan torpaq sahəsi sənəd üzrə 32823.8 kv.m olmaqla dövlət mülkiyyətindədir. Lakin həmin torpaq sahələri istifadə olmasına baxmayaraq bu vaxta kimi həmin torpaq sahəsini cavabdeh zəbt etdiyinə görə özəlləşdirə bilmir. Həmin torpaq sahəsində yerləşən binaya və qurğuya mülkiyyət hüququ keçərəkən torpaq sahəsinə hüquqlar binanı, qurğunu əldə edənə keçir. Ona görə də, həmin torpaqlara əmlak hüquqları sayılır. Cavabdeh 15 ədəd daş bazar (panel) hasar, 65 metr (1350 x 02) dəmir məhəccərlərin su 10 x 10 ölçüdə su hövuzunu, yeməkxana binasını sökmüş, 27 ədəd müxtəlif ağacları qırmış, 0.16 hektara yaxın mülkiyyətində olan əmlaka məxsus torpaq sahəsini qeyri-qanuni zəbt edərək özbaşına tikinti apararaq ona küllü miqdarda ziyan vurmuşdur. Bunlardan başqa, cavabdeh özbaşına və qanunsuz olaraq 0.16 hektar torpaq sahəsini zəbt etdiyindən və həmin torpaq sahəsində hasar tikdiyindən cavabdehin əməlində cinayətin tərkibi olması faktın olması barədə qərar qəbul edilməsi və bu barədə olan qərar prokurora göndərilməlidir. Bütün bunları nəzərə alıb cavabdehin Masallı rayonun Bədəlan kəndindəki mülkiyyətində olan Daşınmaz əmlakına vurduğu 85000 manat maddi ziyan, 0.16 hektar torpaq sahəsində tikdirdiyi tikintilər sökülməli və torpaq sahələri əvvəlki vəziyyətə gətirilməlidir. 16 yanvar 2023-cü il tarixdə İddiaçı MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddianın predmetinin dəyişdirilməsini - sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintisinin sökülməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının aellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə təyin edilmiş ekspertizanın qərarı ilə razılaşmayan cavabdehin nümayəndəsinin vəsatətini qəbul etmiş və cavabdehin tələb etdiyi özəl ekspertiza təyin edərək natamam rəy alınaraq həmin rəyi əsaslandırmışdır. Ekspertin qarşısına qoyulan suallara cavab verilməmiş, natamam mütəxəssis rəyinə əsaslanaraq rəyin verilməsi mübahisələndirilmişdir. Bu barədə məhkəmə iclasında yazılı vəsatətlə müraciət etmişdir. Məhkəmə vəsatəti qəbul etmiş və həmin vəsatətə sonrakı proseslərdə hüquqi qiymət verəcəyini elan etmişdir. Lakin məhkəmə verilən vəsatəti müzakirə etməmiş, vəsatətin nəticəsi ilə bağlı heç bir qərardad qəbul etməmişdir. Habelə MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, iddianın predmetini dəyişdirərək sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintisinin sökülməsini xahiş etsə də, məhkəmə həmin ərizəni ümumiyyətlə nəzərə almamışdır. Cavabdeh nümayəndəsi Vəkil1 apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi xx.xx.2021-ci il tarixli akt heç bir həqiqəti özündə əks etdirmir. Belə ki, həmin akta əsasən guya Masallı rayonu Bədəlan kəndində JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi vardır. Lakin cavabdehin belə bir torpaq sahəsi olmayıb və hazırda yoxdur, nə də mübahisəli torpaq sahəsindəki tikilinin cavabdehə heç bir aidiyyəti yoxdur. Bunu iş materiallarında torpaq sahəsinin cavabdehə aidiyyətinə dair heç bir şəhadətnamənin və digər sənədin olmaması təsdiq edir. Məhkəmə isə nəinki buna əhəmiyyət verməmiş, əksinə qətnamədə qeyd edir ki, “İş materiallarında olan JN-637A Kod 80505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli 42 nömrəli qərarı ilə Cavabdeh Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir”. Lakin mülki işin materiallarında belə şəhadətnamə yoxdur. İddiaçı məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, ekspert rəyi anlaşılmazdır. Mübahisəli torpaq sahəsi onunla dövlətin istifadəsindədir. Torpaq sahəsi çay fabrikinin ərazisindədir. Hazırda oranı özəlləşdirə bilmir, çünki həmin ərazi cavabdeh tərəfindən zəbt edilmişdir. Əlavə olaraq, bildirir ki, Ali Məhkəməyədək gedən əvvəlki işdəki bəhs edilən tikililər hazırkı tikililər deyil. 1990-cı illərdə Masallı rayonuna təyinatla işləməyə bir müəllim gəlmiş və onun rayonda qalmağa yeri yox idi. Əvvəl quş damı olmuş tikilini yaşamaqdan ötrü ona vermişlər. Sözügedən tikili məhz həmin tikilidir. Beton hasar və dəmir barmaqlıqların olduğu torpaq sahəsini hazırda Cavabdeh zəbt etmişdir. Sözügedən hasar 2021-ci ildə sökülmüş, yerində yenisi tikilmişdir. Söküldükdən sonra mütəxəssislər gələrək koordinatları vurmuşdur. İddiaçının vəkili Vəkil2 məhkəmə iclasında izahatr verərək bildirmişdir ki, işə baxılması davam etdirilməlidir və iş üzrə icraatın dayandırılması üçün heç bir əsas yoxdur. Mübahisəli torpaq sahəsi dövlətə məxsusdur, lakin tikili iddiaçıya şəhadətnamə əsasında verilmişdir. İcarə müqaviləsi yoxdur. İddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməsini və qarşı tərəfin verdiyi apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh (eyni zamanda üçüncü şəxs X29) nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. İddiaçının əsas iddiası sökülmüş hasarla bağlıdır. Qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyinə əlavə edilmiş Baş Plana əsasən xəritədə işarələnmiş iki yer, Əfqan Əsədov və Vüqar Əsədovun istifadəsində olan 0.0629 ha və 0.0610 ha ərazilərdir. Həmin torpaq sahələrinə dair onların müvafiq çıxarışları var. Həmin ərazi SSRİ dövründən onların istifadəsindədir. Əmlak Məsələləri Dövlət Xidməti həmin ərazilər hasarın içində olduğu üçün 2021-ci il Baş Planından çıxarmışdır. Həmin ərazilər hazırda çay fabrikinin ərazi kimi qeyd edilmir. Əlavə olaraq, bildirir ki, Ali Məhkəməyədək gedən əvvəlki işdəki sökülməsi tələb edilən tikililər məhz elə hazırkı tikililərdir. Orada başqa tikili mövcud deyil. Bəhs etdikləri hasar 1995-96cı illərdə tikilmişdir. Həmin hasar içindəki ərazinin iki hissəsi başqa şəxsin mülkiyyətindədir. Hasarın üstü artırılmışdır. 2020-ci illərdə baza məlumatlarında dəyişiklik olmuşdur. O, əmlakın balansından çıxarılmışdır. Həmçinin, mübahisəli ərazidə yerləşən 0.0629 ha torpaq sahəsi və 0.610 ha torpaq sahələri X29 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********66 saylı məktubunun məzmunundan görünür ki, 1 saylı Çay Fabrikinin yerləşdiyi və onun ətrafında olan iddiaçının mübahisələndirdiyi torpaq sahələrinə dair hər hansı şəxslə, eləcə də, İddiaçı ilə bağlanmış icarə müqaviləsi qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçı yalnız hasarın (dəmir barmaqlı və beton çəpərlərin) mülkiyyətçisi olduğundan məhz həmin əmlak barədə iddia tələbi irəli sürə bilərdi. İddiaçı 1 saylı Çay Fabrikinin yerləşdiyi və onun ətrafında olan torpaq sahəsinin mülkiyyətçisi olmadığından həmin torpaq sahəsində aparılmış tikintinin sökülməsini tələb etməsinə subyektiv hüququ yoxdur. Belə bir hüquq yalnız mülkiyyətçinin ola bilər. Hansı ki, eyni iddia tələbi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Masallı Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldırmışdır və hazırda iş məhkəmənin icraatındadır. Həmin torpaq sahəsində qeyd olunan söküntü və tikinti işlərini isə əvvəllər Nəsirov Saday Vəkil oğlu tərəfindən aparılmışdır. Bunu iddiaçının Masallı rayon polis şöbəsində verdiyi şikayətlər üzrə aparılmış araşdırma nəticəsində qəbul olunmuş və iş materiallarında olan qərarlar təsdiq edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri X16 və X45 tərtib etdikləri mütəxəssis rəyinə aydınlıq gətirmək üçün 14 iyun 2024-cü il tarixli və 12 iyul 2024-cü il tarixli məhkəmə iclaslarında izahat verərək bildirmişlər ki, mübahisəli əraziyə dəfələrlə getmələrinə baxmayaraq içəri girə bilməmişlər. Sonuncu dəfə ekspert Təhmasib Kərimovla birlikdə getmişlər və yenə içəri girmək mümkün olmamışdır. Qeyd edir ki, oranın kənar döngə koordinatlarını vurmuşlar və vurulan koordinatlar texniki pasportla müqayisələndirilmişdir. 2.90-nın koordinatları vurulsa da, ərazidəki 0.27 ha torpaq sahəsinə girə bilmədikləri üçün oranın kimə məxsus olduğunu müəyyən edə bilməmişlər. Cavabdeh istifadəsində olduğu deyilən əraziyə girə bilməmiş, ölçü işləri apara bilməmişlər. Beton hasar və dəmir barmaqlıqları görə bilməmişlər. Əgər həmin tikililər mövcud olmuşsa da, qıraqda yerləşir. Mübahisəli əraziyə dəfələrlə getməklərinə baxmayaraq orada dəmir barmaqlıqların və panelin yerini müəyyən etmək mümkün olmamışdır. Sözügedən hasar və dəmir barmaqlıqların yerində yeni hasar və s. tikilməsinin müəyyən edilib-edilməməsi sualı onlara aid deyil. Onu özləri təyin edə bilmirlər. Bu sualı Ekspertiza Mərkəzinin eksperti cavablandıra bilər. Hasar tikintinin tərkib hissəsidir və mühafizə xarakteri daşıyır. Hasarın yerində 4 metr uzunluğunda qanunsuz olaraq yeni hasar çəkilmişdir. 0.27 ha torpaq sahəsinə girib-çıxa bilmirlər. Ərazidəki ağaclar da kəsilmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: xx.xx.1999-cu il tarixli Şəhadətnamədən görünür ki, X9, X5, X17, İddiaçı, X18, X6, X4, X1, X7 Masallı rayonu Bədəlan kəndində 1 nömrəli Çay fabrikinə dair sahiblik hüququ təsdiqlənmişdir; 19 may 2021-ci il tarixli aktdan görünür ki, Masallı rayonu Bədəlan kəndində araşdırılma aparılarkən kəndin mərkəzi hissəsində Ərkivan-Boradigah yolunun sol tərəfində yerləşən 1 saylı Çay fabrikinə məxsus olan dövlət mülkiyyətində olan torpaq sahəsinin mişar daşlarından inşa edilmiş hasar vasitəsi ilə əhatəyə alındığı aşkar edilmişdir. Araşdırma zamanı hasar daxilində JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Nəsirov Saday Vəkil oğlunun (0.06 ha) və JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh (0.06 ha) mülkiyyətlərində olan cəmi 0.12 ha torpaq sahəsinin (2739 m2 ) 1589 m2 hissəsi 1 saylı Çay fabrikinin Baş Planına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Torpaq sahəsində piyada keçidləri üçün bir mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır.Sorğu zamanı dövət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur; JN-636A Kod 80505085 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli, 42 nömrəli qərarı ilə Nəsirov Saday Vəkil oğluna Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir; JN-637A Kod 80505018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli 42 nömrəli qərarı ilə Cavabdeh Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********66 saylı məktubunun məzmunundan görünür ki, 1 saylı Çay Fabrikinin yerləşdiyi və onun ətrafında olan torpaq sahələrinə dair hər hansı şəxslə, eləcə də, İddiaçı ilə bağlanılmış icarə müqaviləsi qeydə alınmamışdır; "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14 mart 2022-ci il tarixli 01- 103/21 saylı ekspert rəyində qeyd edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur. Aparılmış araşdırmalara əsasən qeyd olunan tikinti işləri Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı çay fabrikinin istifadəsinə verilmiş ərazidə daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmamışdır. Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılması müəyyən olunmadığı üçün qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 31 mart 2022-ci il tarixli 10/874 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-in xx.xx.2022-ci il tarixli 01-103/21 nömrəli mütəxəssis rəyinə əsasən Masallı rayonu Bədəlan kendində yerləşən 1 saylı çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən qeyd olunan tikinti işlərinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq ərazi daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmadığı müəyyən edilir. Bu səbəbdən də qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli 10/5208-9/5724 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən, fotoşəkilləri təqdim edilmiş beton panellərin və dəmir çərçivə hasarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3170 manat müəyyən edilmişdir (48 metr uzunluğunda dəmir barmaqlıqdan hasar-2400 manat, 66 metr uzunluğunda beton panel hasar (təxminən 11 ədəd) 770 manat); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 3-16-16/2-10/683 saylı ekspert rəyində qeyd edilmişdir ki: Birinci sual üzrə-mübahisələndirilən 0.2738 ha torpaq sahəsinin Daşınmaz dövlət əmlakının 2010-cu il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış müvafiq olaraq 2.9 ha torpaq sahəsinin hüdudları daxilində 2021-ci il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış 2.765 ha torpaq sahəsinin isə hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin daxilində **********58 reyestr №li çıxarışla X19 mülkiyyətinə 0.0629 ha torpaq sahəsi və **********75 reyestr №li çıxarışla X19 mülkiyyətinə 0.0610 ha torpaq sahəsi verilmişdir. İkinci sual üzrə-Mişar daşı ilə hasarlanmış fiziki sənədlər daxilində iddiaçının iddia etdiyi ərazi kimi plana alınmış 0.2738 hektradək həyətyanı torpaq sahələrinin giriş dəmir qapısı bağlı olduğundan onun hüdudları daxilində yerləşən mövcud tikililəri plana almaq mümkün olmamışdır. Tədqiqat obyektinə əvvəlki ekspertiza baxışı zamanı müəyyən olunanlar əsasında müqayisəli tədqiqat aparılmış və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay fabrikinin iş materiallarına əlavə edilmiş baş planı ilə baxış zamanı təqdim edilənləri müqayisə etdikdə təqdim olunmuş hasarlı ərazinin təqribən 48 metr hissəsi Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilmişdir. Mübahisələndirilən sahədə texniki pasportda qeyd olunan metal hasarın, dəmir-beton hasarın hansı dövrdə mövcud olmasını, torpaq sahəsində yerləşən dəmir barmaqlıqlar və beton çəpərlərin sökülüb-sökülməməsini, sökülmüş olduğu halda, kim tərəfindən sökülməsinin müəyyən edilməsi məsələsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetindən kənar olmaqla hüquqi xarakterli məsələdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Kollegiya diqqətə çatdırır ki, göründüyü kimi, hazırkı mülki iş üzrə iddia ərizəsi məhkəməyə 21 iyun 2021-ci il tarixdə (MPM-in əvvəlki redaksiyası qüvvədə olduğu zaman) daxil olmuş və həmin icraat çərçivəsində 16 yanvar 2023-cü il tarixdə İddiaçı MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddianın predmetinin dəyişdirilməsini - sökülmüş çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) əvvəlki yerlərinə bərpa edilməklə bərabər, onların yerlərində aparılmış (maneələrin) tikintisinin sökülməsini xahiş etmişdir. Ancaq birinci instansiya məhkəməsi iddiaçının yeni (dəyişdirilmiş) tələbini nəzərə almadan köhnə tələb üzrə qətnamə çıxarmışdır. Bu hal iddiaçının apellyasiya şikayətinin dəlillərində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya iddiaçının qeyd edilən tələbi üzrə diqqətə çatdırır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 10/5208-9/5724 saylı ekspert rəyinə əsasən hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin digər - 02 aprel 2024-cü il tarixli 3- 16-16/2-10/683 saylı rəyinə görə mübahisələndirilən 0.2738 ha torpaq sahəsinin Daşınmaz dövlət əmlakının 2010-cu il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış müvafiq olaraq 2.9 ha torpaq sahəsinin hüdudları daxilində 2021-ci il Baş planında 1 saylı Çay fabrikinin ərazisi kimi dövlət mülkiyyətində saxlanılmış 2.765 ha torpaq sahəsinin isə hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin daxilində **********58 reyestr №li çıxarışla X19 mülkiyyətinə 0.0629 ha torpaq sahəsi və **********75 reyestr №li çıxarışla X19 mülkiyyətinə 0.0610 ha torpaq sahəsi verilmişdir. Mişar daşı ilə hasarlanmış fiziki sənədlər daxilində iddiaçının iddia etdiyi ərazi kimi plana alınmış 0.2738 hektradək həyətyanı torpaq sahələrinin giriş dəmir qapısı bağlı olduğundan onun hüdudları daxilində yerləşən mövcud tikililəri plana almaq mümkün olmamışdır. Tədqiqat obyektinə əvvəlki ekspertiza baxışı zamanı müəyyən olunanlar əsasında müqayisəli tədqiqat aparılmış və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay fabrikinin iş materiallarına əlavə edilmiş baş planı ilə baxış zamanı təqdim edilənləri müqayisə etdikdə təqdim olunmuş hasarlı ərazinin təqribən 48 metr hissəsi Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilmişdir. Diqqətə çatdırılmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri X16 və X45 (14 iyun 2024cü il tarixli və 12 iyul 2024-cü il tarixli) məhkəmə iclaslarında izahatlarında bildirmişlər ki, mübahisəli ərazinin kənar döngə koordinatlarını vurmuşlar və vurulan koordinatlar texniki pasportla müqayisələndirilmişdir. 2.90-nın koordinatları vurulsa da, ərazidəki 0.27 ha torpaq sahəsinə girə bilmədikləri üçün oranın kimə məxsus olduğunu müəyyən edə bilməmişlər. Cavabdeh istifadəsində olduğu deyilən əraziyə girə bilməmiş, ölçü işləri apara bilməmişlər. Beton hasar və dəmir barmaqlıqları görə bilməmişlər. Əgər həmin tikililər mövcud olmuşsa da, qıraqda yerləşir. Mübahisəli əraziyə dəfələrlə getməklərinə baxmayaraq, orada dəmir barmaqlıqların və panelin yerini müəyyən etmək mümkün olmamışdır. Hasar tikintinin tərkib hissəsidir və mühafizə xarakteri daşıyır. Hasarın yerində 4 metr uzunluğunda qanunsuz olaraq yeni hasar çəkilmişdir. 0.27 ha torpaq sahəsinə girib-çıxa bilmirlər. Kollegiya rəyləri araşdıraraq, mütəxəssisləri dinləyərək, iş materialında olan fotoşəkilləri və Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya olan cavab məktublarını tədqiq edərək adıçəkilən çəpərlərin (dəmir barmaqlı və beton çəpərlərin) iddiaçının mülkiyyəti olaraq mövcud olmasını, hazırda isə onların yerlərində yeni tikililərin aparılmasını müəyyən edir. İddiaçının hazırkı tələblə bağlı subyektiv hüququ üzrə nəzərə çatdırılmalıdır ki, xx.xx.1999-cu il tarixli 012387 N-li Şəhadətnaməyə əsasən X9, X5, X17, İddiaçı, X18, X6, X4, X1, X7 Masallı rayonu Bədəlan kəndində 1 nömrəli Çay fabrikinə dair sahiblik hüququ təsdiqlənmişdir. Habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 may 2022-ci il tarixli Məktubundan (İ cild, səh. 201) müəyyən edilir ki, iddia tələbində göstərilən qurğular iddiaçının (və digər mülkiyyətçilərin) xüsusi mülkiyyətindədir. Bununla yanaşı, qeyd edilməlidir ki, işə əlavə edilmiş 19 may 2021-ci il tarixli Aktdan (İ cild, səh, 6) görünür ki, Masallı rayonu Bədəlan kəndində araşdırılma aparılarkən kəndin mərkəzi hissəsində Ərkivan-Boradigah yolunun sol tərəfində yerləşən 1 saylı Çay fabrikinə məxsus olan dövlət mülkiyyətində olan torpaq sahəsinin mişar daşlarından inşa edilmiş hasar vasitəsi ilə əhatəyə alındığı aşkar edilmişdir. Araşdırma zamanı hasar daxilində JN- 636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Nəsirov Saday Vəkil oğlunun (0.06 ha) və JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh (0.06 ha) mülkiyyətlərində olan cəmi 0.12 ha torpaq sahəsinin (2739 m2) 1589 m2 hissəsi 1 saylı Çay fabrikinin Baş Planına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Torpaq sahəsində piyada keçidləri üçün bir mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır. Sorğu zamanı dövət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur. Bundan başqa, Masallı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli iddianı təmin tədbiri çərçivəsində qəbul edilmiş qərardadın icrası zamanı 22 iyun 2021-ci il tarixli Masallı rayon İcra və Probasiya şöbəsinin Aktından da (İ cild, səh. 41) aşkar olur ki, rayon polis şöbəsinin əməkdaşları və icra məmuru tərəfindən mübahisəli ərazidə olarkən Cavabdeh ilə əlaqə saxlanılmış, sonuncu Bakı şəhərində olduğundan icra yerinə gələ bilmədiyini və yekun məhkəmə aktı qəbul edilənədək tikinti işlərini dayandıracağını bildirmişdir. Beləliklə, kollegiya hesab edir ki, Əfqan Əsədov və Vüqar Əsədov (cavabdehin yaxın qohumları) tərəfindən mübahisəli ərazidə yerləşən torpaq sahələrinə çıxarışları əldə edilməsi formal xarakter daşımaqla hazırkı iş üzrə Cavabdeh mülki məsuliyyətdən azad etmir və bu yalnız tələbin təmin edilməsindən yayınmaq üçün həyata keçirilən hüquqi əməliyyatdır. Qeyd edilən hal özlüyündə hüquqdan sui-istifadə etmək vasitəsilə hazırkı tələb üzrə illərlə davam edən məhkəmə mübahisəsini yeni müstəviyə daşımaq məüsədi güdür. Həmçinin hazırkı tələbə əvvəllər baxılması barədə cavabdehin dəlilləri də real olmamaqla, hazırkı iş üzrə preyudisial deyildir. Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Çay fabrikinin yerləşdiyi torpaq sahəsindən oranı zəbt edən istənilən şəxsə qarşı torpaq sahəsindən çıxarma barədə yeni tələb irəli sürməsi də hazırkı tələbə mahiyyəti üzrə baxılaraq iddiaçının mülkiyyətinə yönəlik qəsd üzrə müvafiq hüquqi qiymətin verilməsinə hər hansı təsir göstərmir. Beləliklə, kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)- 2/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan Masallı rayonu Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabrikinə aid sökülmüş dəmir barmaqlı və beton çəpərlər əvvəlki yerlərinə bərpa edilməli, onların yerlərində aparılmış (maneələr) tikililər sökülməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(050)-2/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Masallı rayonu Bədəlan kəndində yerləşən 1 nömrəli Çay fabrikinə aid sökülmüş dəmir barmaqlı və beton çəpərlər əvvəlki yerlərinə bərpa edilsin və onların yerlərində aparılmış (maneələr) tikililər sökülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilmədikdə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-60/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-60/2024
16.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver