Məhkəmə qərarları › İş №2(106)-601/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-601/2024

27.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-601/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, x5 və İddiaçı4, Cavabdeh qarşı tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(018)- 40/2023 nömrəli (hakim Mübariz Məmmədov) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızı, X7, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızı və İddiaçı4, Cavabdeh qarşı “Tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan 0,27 hektar torpaq sahəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi, orada inşa edilmiş tikililərin Cavabdeh öz hesabına sökülməsi, Cavabdeh özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(018)-40/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, Əliyeva (Afsalova) Nərgiz Rafiq qızının və İddiaçı4, Cavabdeh qarşı tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və orada tikilmiş tikililərin sökülməsi tələbinə dair iddiası qismən təmin olunmuş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-189A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, Astara rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1999-cu il tarixli qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Əsab qızının, X4, X5 və İddiaçı4 mülkiyyətlərinə verilmiş, Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,27 hektar həyətyanı torpaq sahəsi torpaq sahəsinin 0,2249 hektar hissəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi, Cavabdeh həmin 0,2249 hektar torpaq sahəsində qanunsuz tikmiş olduğu tikililərin onun öz hesabına sökülməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manatın, ödənilmiş mütəxəssis rəyinin rüsumuna görə 50 (əlli) manat pulun alınıb, iddiaçılara verilməsi, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə tərəflərin hər birindən 25 (iyirmi beş) manat pulun alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi, iddia tələbinin 0,0451 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi və Cavabdeh özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməmiş, şikayət MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində tələbini göstərməmiş, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını konkret şərh etməmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları apellyasiya şikayətində qeyd etməmiş, habelə onları təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etməmişdir. Apellyasiya şikayətinin nəticə hissəsində Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsi xahiş edilsə də, cavabdehin nümayəndəsi iddiaya münasibətdə konkret tələbini (iddia tələbinin təmin və yaxud qismən təmin edilməsini, iddianın rədd edilməsini) göstərməmişdir. Halbuki, apellyasiya şikayətində şikayət verən şəxsin konkret tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması konret şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeyi aydın şəkildə ifadə edən izah verilməli, məhkəmə aktının düzgün hesab edilmədiyi konkret əsaslar, istinad edilən konkret fakt və hallar apellyasiya şikayətində qeyd edilməli, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətinə əlavə edilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1-1 maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin tələbinə əsasən də, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(018)-40/2023 nömrəli (hakim Mübariz Məmmədov) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar