Məhkəmə qərarları › İş №2(106)-602/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-602/2023

13.03.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-602/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Salyan Rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, ərizəçinin bacısı xx.xx.1979-cu il təvəllüdlü X1 ölmüş elan edilməsi və onun itkin düşmüş hesab edilməsi 31 avqust 2013-cü il tarixi onun ölüm günü sayılması qət edilmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı (Ə.Məmmədli) ilə, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)- 1807/2022 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin geri qaytarılması, ona izah olunsun ki, Azərbaycan Respublikası 361-ci maddəsində və Əlavə 2-də nəzərdə tutulmuş apelyasiya şikayətinin forma və məzmunu ilə bağlı göstərilən tələblərə riayət etməklə, yenidən apelyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər qərara alınmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs şikayət vermişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 13 fevral 2023-cü il tarixli qərardadı ilə, Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayətdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, iş üçün əhəmiyyəti olan halların sübüt edilməməsinə və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə münasibət bildirilməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması yaxud iddia tələbinə hüquqi əsas kimi hansı maddi hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. Halbuki, apellyasiya şikayəti verən şəxs qəbul olunmuş qətnamənin həm maddi, həmdə prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməli, eyni zamanda məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməməsini, gəlinən nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməlidir. Bu isə onu göstərir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi üçün əsaslar mövcud olmamışdır. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Apellyasiya şikayətindən müəyyən olunur ki, apellyasiya şikayətini verən şəxs apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş şikayət 2 saylı Əlavədə müəyyən olunmuş lazımı məzmunda tərtib edilməmişdir. MPM-nin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarını və cavabdehin şikayətinin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası 361-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin forma və məzmunu ilə bağlı göstərilən tələblərə riayət etmədiyi, həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ləğv edilməsini və ərizənun rədd edilməsini xahiş etsə də, şikayətinin konkret əsaslarını, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməməsi eləcə də, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını konkret olaraq göstərmədiyi üçün apellyasiya şikayətinin geri qaytarılması barədə qəbul edilmiş qərardadı prosessual normalar baxımından düzgün tətbiq və təfsir edildiyindən, şikayət təmin edilməməli gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı faktlar nöqteyi nəzərdən qanuni və əsaslı olduğundan və şikayət formal mülahizələrdən ibarət olduğundan təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1807/2022 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar