Məhkəmə qərarları › İş №2(106)-604/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-604/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-604/2023 05.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(032)-175/2023 saylı qətnaməsindən (hakim S.Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 4076 manat xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 62 manat pulun, ümumilikdə 4138 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ona 2020-ci ilin aprel ayında müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı hüquqi yardım göstərməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun əlaqədar orqanları ona yalnız 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilə biləcəyini bildirmişlər, lakin o, bu hüququnun 57 yaşdan tanınmasını istəyir. Cavabdehin ona təqdim etdiyi sənədləri araşdırdıqdan sonra ona bildirmişdir ki, onun bu hüququnu həyata keçirməsi üçün hüquqi yardım göstərə bilər. Həmçinin ona bildirmişdir ki, “mən rəsmi fəaliyyət göstərdiyim üçün mənimlə müqavilə bağlamalı və xidmət haqqını ya tam, ya da ilkin ödənişi ödədikdən sonra bu işi görəcəyəm”. Lakin cavabdeh övladına toy etməli olduğu səbəbi ilə ona ilkin ödəniş etməyə hələlik maddi imkanı olmadığı üçün hüquqi yardım göstərməyə başlamağını, müqaviləni isə ilkin ödənişi edəcəyi tarixdə bağlamağı xahiş etdi. Onunla cavabdeh hüquqi yardım göstərilməsi müqabilində ümumilikdə 5000 manat xidmət haqqı ödəməli olacağı barədə razılaşdılar. Cavabdeh bu zaman bildirdi ki, ona 57 yaşdan pensiya təyin edildikdən ya dərhal sonra, yada aylıq hissələrlə onun xidmət haqqını ödəyəcək. Cavabdehin bu təklifini qəbul edərək ona bildirmişdir ki, bu barədə aralarında yazılı müqavilə bağlanana qədər göstərəcəyi xidmətlər üçün ona müvafiq hüquqları özündə ehtiva edən etibarnamə təqdim etməlidir. Cavabdeh buna razı olmuş və belə bir etibarnaməni ona vermişdi. Cavabdehə pensiya təyinatı ilə əlaqədar iddia işi məhkəmədə baxılmaqda olduğu vaxtı, 02 fevral 2022-ci il tarixdə cavabdehlə yazılı müqavilə bağladılar və ilkin olaraq 500 manat xidmət haqqı ödədi. Cavabdehin ona müraciət etdiyi vaxtdan etibarən 2 il 4 ay ərzində cavabdehə pensiya təyinatı aparılması ilə bağlı bütün növ hüquqi xidmətlər tərəfindən göstərilmiş və kassasiya instansiyasının qərarı ilə cavabdehə pensiya təyin edilmişdir. Bu andan etibarən cavabdeh aralarında olan müqavilə öhdəliklərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamışdır. Belə olduqda cavabdehə rəsmən poçtla məktub göndərərək ona müqavilə öhdəliklərini xatırlatmışdır. Bundan sonra cavabdeh onunla görüşərək birdəfəlik olmaqla 1500 manat ödəmək şərti ilə müqaviləyə xitam vermək istədiyini söyləmişdir. Cavabdehin bu təklifinə razı olmadı. Belə olduqda cavabdeh bildirdi ki, “bu halda ayda 247 manat bank kartına köçürməklə, müqavilədə nəzərdə tutulan məbləği tam ödəyəcək”. Onunla razılaşdı və cavabdeh ilk olaraq 2022-ci ilin oktyabr ayında 247 manat ödədi. Sonrakı ay cavabdeh ona zəng edərək 247 manat ödədiyini söylədi. Kart hesabından çıxarış etdikdə gördü ki, cavabdeh 247 manat deyil, 177 manat köçürmə etmişdir. Cavabdehə hansı səbəblə 247 manat əvəzinə 177 manat ödədiyini soruşdu. O isə ona “niyə görə sənə pul verməliyəm, vermirəm” deyə cavab verdi. Cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən ödənilməmiş xidmət haqqı məbləği 4076 manat təşkil edir. Cavabdehin onunla müqavilə bağlaması, bundan əvvəl ona hüquqi yardım göstərilməsi üçün etibarnamə təqdim etməsi, ilkin ödəniş və pensiya təyinatından sonra iki dəfə 247 və 177 manat ödəniş etməsi onu göstərir ki, cavabdeh həmin müqavilə ilə öhdəliklərini könüllü qəbul etmiş və qismən də yerinə yetirmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirib rədd olunmasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ qazandıqdan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən işləri ləngiməyə başlamış və məhkəməyə müraciət etməli olmuşdu. Heç bir təhsili və savadı olmadığı üçün İddiaçı ilə onu tanış etmişlər. İddiaçı bu işi tam həll edəcəyini, məktublar yazacağını, məhkəmə iclaslarında axıradək hüquqlarını müdafiə məqsədi ilə notariusdan etibarnamə alıb iştirak edəcəyini vəd etmişdi. Taleh bu işlər tam həll olunduqdan sonra ona müəyyən qədər pul verəcəyini demişdi. Məhəməyə 2-3 ədəd ərizə yazandan sonra bir gün maşınla yolda onu görüb maşını saxlayaraq və cibindən bir yazılı vərəq çıxarıb demişdi ki, “təcili buna qol çək ki, iclaslarda iştirak edə bilim”. Savadsız adamdır, latın əlifbası ilə yazıb oxuya bilmədiyi halda ona məcburi olaraq tez burdan qol çək, adını yaz, hər şey yaxşı olacaq deyib getdi. Sonradan gedən proseslərdə heç bir məhkəmə iclasında ona kömək etmədi, iclasların heç birində iştirak etmədi. 2-3 ərizə yazdığına göə bu vaxtadək Taleh ondan 924 manat pul vəsaiti alıb. İndi ondan külli miqdarda pulu nə üçün tələb etdiyini bilmir. Axı ona məcburi imza etdirdiyi yazılı vərəqin nə üçün olduğunu ona izah etməyib və həmin məbləğlə bağlı hansı notarial qaydada bir təsdiq var. Onu aldatdı, bütün məhkəmə iclaslarında özü tək iştirak etdi, hakimlər humanistlik nöqteyi nəzərdən işə baxaraq, hər şeyi ədalətlə həll edərək onun xeyrinə qətnamə çıxardılar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək, iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, rədd olunmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(032)-175/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 4076 manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 62 manat olmaqla, ümumilikdə 4138 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.1, 337.2, 390.1, 329.2, 777.1, 777.2 və 783.2-ci maddələrinə istinadla hesab etmişdir ki, Cavabdeh öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, İddiaçı pulu qaytarmadığı üçün şərtləri pozmuş, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bu səbəbdən də iddia təmin olunmalı, Cavabdeh İddiaçı 4076 manat məbləğində xidmət haqqının ödənilməsi cavabdehin hesabına təmin olunmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı özünü vəkil kimi təqdim edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini və qeyd edilən məsələ ilə bağlı keçiriləcək bütün instansiyalar üzrə məhkəmə iclaslarda iştirak edəcəyini bildirmişdi. İddiaçıı vəkil kimi qəbul etdiyi və hüquqlarını müdafiə edəcəyinə söz verdiyi üçün təqdim etdiyi 2 fevral 2022-ci il tarixli müqaviləni imzalamış və ona 500 manat pul ödəmişdir. Bildirmək istəyir ki, tərəfindən İddiaçı heç bir etibarnamə verilməmişdir. Müqavilədə İddiaçı X5 Məhkəməsində və Şirvan Apellyasiya Məhkəməsində hüquqlarını müdafiə edəcəyini bildirsə də, iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə verildi və müvafiq olaraq apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxıldı. Əlavə olaraq bildirmək istəyir ki, Bakı İnzibati Məhkəməsində məhkəmə iclası təyin edildikdən sonra İddiaçı müraciət edərək artıq məhkəmə iclasının təyin edildiyi və vəkili kimi məhkəmə iclasında iştirak etməli olduğunu bildirdi. İddiaçı bildirmişdi ki, o məhkəmə iclasında iştirak etməyəcəkdir. Bakı İnzibati Məhkəməsində bütün məhkəmə iclaslarında tək iştirak etmiş və iddia tələbi təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti hazırladı və yenidən İddiaçı tərəfindən 400 manatdan artıq ödəniş edildi. İddiaçı yenidən Bakı Apellyasiya Məhkəməsində vəkil kimi onu müdafiə edəcəyini bildirsə də, Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclaslarında tək iştirak etmiş və apellyasiya şikayəti təmin edilmişdir. Sonradan başa düşdü ki, İddiaçı ümumiyyətlə hüquqşünas deyil və onun vəkil kimi hüquqlarını məhkəmədə müdafiə etməsi qeyri-mümkün idi. İddiaçı özünü hüquqşünas və vəkil kimi təqdim etməklə dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edilən maddi hüquq normasına istinad edərək guya onun müqavilə şərtlərinə riayət etmədiyini və bu səbəbdən də 4076 manat məbləğində xidmət haqqını ödəməli olduğunu bildirmişdir. Bir daha qeyd etmək istəyir ki, iddiaçı hüquqşünas və vəkil deyil. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilən müqavilənin birinci bəndində iddiaçı öz üzərinə təkcə sənədlərin hazırlanmasını deyil, həm də hüquqlarımın müdafiəsi ilə əlaqədar vəkillə müqavilə bağlamağı da öhdəsinə götürmüşdür. Lakin apellyasiya şikayətinə əlavə etdiyi məhkəmə qərarlarından görünür ki, bütün məhkəmə iclaslarında vəkilsiz, tək iştirak etmişdir və öz hüquqlarını özü müdafiə etmişdir. İddiaçı müqavilə şərtlərinə riayət etməmişdir. Bundan əlavə iddiaçı vəkil olmadığı halda özünü vəkil kimi təqdim etmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsində (Vəkil adından qanunsuz istifadə) nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Qeyd edilən maddənin tələbinə əsasən iddiaçı hüquqşünas və vəkil olmadığı halda öz üzərinə hüquqi xidmət və hüquqi yardım göstərilməsi ilə bağlı öhdəlik götürməməli idi. Müqavilə bağlandıqdan sonra isə iddiaçı onun hüquqlarını müdafiə etmək və məhkəmələrdə onu təmsil etmək üçün vəkillə müqavilə bağlamamışdır. Belə olan halda iddiaçının ona hansı hüquqi xidmət göstərməsindən söhbət gedə bilər? Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iddiaçının hüquqşünas və vəkil olmadığı, eyni zamanda mülki və inzibati məhkəmə icraatında şəxsin yalnız vəkillə təmsil olunması barədə qanunvercilikdə imperativ norma olduğu halda nə üçün dələduzluq edərək və heç bir hüquqi yardım göstərməyəcəyi halda “Hüquqi xidmətlərin göstərilməsi haqqında” müqaviləsi bağlanmasını aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh və onun vəkili X3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehə münasibətdə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 7 fevral 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 11 sentyabr 2018-ci ildən vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN-**********) və əsas fəaliyyət istiqaməti kimi “hüquq sahəsində fəaliyyət” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş hüquq sahəsində fərdi fəaliyyət göstərən fiziki şəxs kimi icraçı (iddiaçı) İddiaçı (VÖEN-**********) ilə sifarişçi (cavabdeh) Cavabdeh arasında 2 fevral 2022-ci il tarixdə bağlanmış “hüquqi xidmətlərin göstərilməsi haqqında” xidmət müqaviləsindən görünür ki, icraçı tərəfindən sifarişçinin təqdim etdiyi sənədlərin öyrənilib araşdırılması və sifarişçiyə problemin həll edilməsi üçün mümkün variantlar haqqında xəbər verilməsi, lazımi sənədlərin tərtib edilməsi, Şirvan İnzibati Məhkəməsinə, Şirvan Apellyasiya Məhkəməsinə və ya Azərbaycan Respublikası Ali Məhkəməsinə veriləcək (iddia, apellyasiya şikayəti və kassasiya şikayəti) ərizələrin, inzibati orqana qarşı qaldırdığı məhkəmə iddiası işlərində sifarişçi adından sənədlərin hazırlanması və işə baxılarkən sifarişçinin təqdim etdiyi etibarnamə əsasında mülki və ya inzibati işlə bağlı vəkillə sifarişçinin hüquqlarının müdafiəsi üçün müqavilə bağlanması da daxil olmaqla sifarişçiyə digər hüquqi yardımların göstərilməsi, stfarişçi tərəfindən hüquqi xidmətin müqavilə üzrə razılaşdırılmış 5000 manat dəyərindən ilkin olaraq 500 manat, qalan hissəsinin isə sifarişçinin xeyrinə olan inzibati orqanın və ya məhkəmə qərarının qüvvəyə mindikdən sonra dərhal və ya ötən dövr üçün sifarişçiyə ödəniləcək pensiya məbləğindən aylıq hissələrlə ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icraçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilmiş, müvafiq araşdırmalar aparılandan sonra iddia ərizəsi tərtib olunaraq Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2-1(112)-4406/2021 saylı qərarı ilə iddia tələbi təmin olunmayandan sonra müvafiq apellyasiya şikayəti tərtib olunaraq həmin qərar apellyasiya qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 fevral 2022-ci il tarixli 2-1(103)-327/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin olunmuş, apellyasiya instansiyasının qərarı cavabdeh inzibati orqan tərəfindən kassasiya qaydasında mübahisələndirilərkən kassasiya şikayətinə qarşı etiraz, daha sonra isə etiraza əlavə təqdim edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2-1(102)-1057/2022 saylı qərarı ilə inzibati orqanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya intansiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin ödəniş qəbzindən görünür ki, İddiaçı hesab nömrəsinə 18 oktyabr 2022-ci il tarixdə 247 manat, 18 noyabr 2022-ci il tarixdə isə 177 manat ödəniş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh fiziki şəxs olaraq iddiaçı ilə bağlamış olduğu hüquqi yardım göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən, iddiaçı göstərdiyi xidmətə görə pulun ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin arqumentləri inandırıcı deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 4076 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(032)-175/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar