Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-604/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış kredit öhdəliklərinin və birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin ½ hissədə bölünməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1260/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış kredit öhdəliklərinin və birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin ½ hissədə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahları dövründə Kapital Bankdan götürdükləri (onun adına) 4500 manat kredit puluna görə ödəmiş olduğu 5000 manat pulun və Bank Respublika ASC-nin Şirvan filialından götürmüş olduğu 4700 manat kreditə görə ödəmiş olduğu 5632 manat kredit pulunun, ümumilikdə 10632 (on min altı yüz otuz iki) manat ödənilmiş kredit pulunun ½ hissəsi olan 5316 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci il aprel ayında toy edərək evlənmişlər. Nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmi olaraq qeydiyyata aldırmışlar. Aralarında bağlanmış nikah Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixli AZ1№439003 nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından uşaqları olmamışdır. Birgə yaşadıqları dövrdə cavabdehin istəyi və təkidi ilə xx.xx.2018-ci (xx.xx.2021-ci il tarixədək) tarixli, 141 CLM 199 37378AA saylı kredit müqaviləsi üzrə Kapital Bankdan 4500 manat, ildə 25,32 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit götürmüş və həmin kredit onun əmək haqqından tutulmuşdur. O Sabirabad rayonunun Surxayoba kənd məktəbində müəllim işləyir. Həmin kredit borcu xx.xx.2020-ci il tarixdə vaxtından da əvvəl onun tərəfindən ödənilmşdir. Vaxtından əvvəl ödədiyi üçün təxminən 5000 manatdan yuxarı faizi ilə birlikdə kredit ödəmişdir. Həmin kredit pulunu faizi ilə birlikdə 2020-ci ildə ödəyib qurtarmışdır və kredit götürdükləri həmin məbləğlə də xx.xx.2018-ci il tarixdə cavabdehin adına həmin vaxt 18 BX-822 dövlət nömrə nişanlı VAZ-21043 jiquli avtomaşını almışlar. Cavabdehin ona bildirdiyinə görə həmin avtomaşını 5000 manata almışdır. Lakin hazırda ona məlum olduğuna görə cavabdeh xx.xx.2022-ci il tarixdə həmin maşını formal olaraq, əmisi X5 adına sənədləşdirib və etibarnamə əsasında da hazırda özü idarə edir. Cavabdehlə birgə yaşadıqları dövrdə uşaqları olmadığı üçün (xx.xx.2020-ci iltarixdənxx.xx.2022-ci il tarixədək) 21310***-*******2 saylı kredit müqaviləsinə əsasən ildə 18 faiz ödəməklə Bank Respublika ASC-nin Şirvan filialından 4700 manat kredit götürərək süni mayalanma etmişlər. Həmin kredit borcunu da faizi ilə birlikdə xx.xx.2022-ci il tarixdə o ödəmişdir (iş yerindən əmək haqqından tutulmuşdur). Axrıncı ödəməni də məzuniyyət pulu ilə etmişdir. Cavabdehin təqsiri üzündən süni mayalanmanın da müsbət nəticəsi olmamışdır. Cavabdeh, evlilik müddətində heç bir yerdə işləyib qazanc gətirməmişdir. Musiqiçi kimi arada toya getmiş, nə qədər pul qazandığını soruşanda isə 20 manat qazandığını demişdir. Mehmanxanada yaşayırmış kimi, kirayədə qaldıqları evə də yalnız gecələməyə gəlmişdir. Təxminən 2022-ci ilin iyun ayının 02-dən o, cavabdehin ona dəfələrlə şiddət göstərməsi nəticəsində kirayədə qaldığı evdən qaçaraq valideynlərinin evinə getmişdir. 2022-ci ilin oktyabr ayında onun iddiasına əsasən cavabdehlə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Sonradan İddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahları dövründə xx.xx.2018-ci il tarixdə almış olduqları 18 BX-822 dövlət nömrə nişanlı, VAZ 21043 minik, B/ili: 1997, rəngi ağ, mühərrik: **********5, Ban: XTA210430V0587801, şəhadətnamə: AD300764 olan minik avtomaşının dəyərinin ½ hissəsinin və Bank Respublika ASC-nin Şirvan filialından götürmüş olduğu 4700 manat kreditə görə ödəmiş olduğu 5632 manat kredit pulunu ½ hissəsi olan 2816 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində göstərilən 1500 manat formal olaraq göstərilmiş, həmin müqavilədə alıcı kimi göstərilmiş X9 cavabdehin əmisidir. Hazırda avtomobili iddiaçı idarə edir. Götürülmüş kredit tam ödənilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməmiş, etiraz ərizəsi təqdim etmiş, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Kapital Bankdan və Bank Respublika ASC-nin Şirvan filialından götürülmüş kredit məbləğləri tərəflərin birgə nikahları dövründə götürülmüş və ödənilmişdir. İddiaçı birgə yaşadıqları dövrdə Kapital Bankdan 4500 manat kredit götürdüyünü və həmin kredit pulunu faizi ilə birlikdə 2020-ci ildə ödəyib qurtardığını və həmin məbləğlə də xx.xx.2018- ci il tarixdə cavabdehin adına həmin vaxt **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ-21043 markalı avtomaşın aldığını bildirir. Həmin avtomobil də birgə nikah dövründə X5 adına alqı-satqı əsasında sənədləşdirilmişdir. Bundan başqa cavabdehlə birgə yaşadıqları dövrdə uşaqları olmadığı üçün Bank Respublika ASC-nin Şirvan filialından 4700 manat kredit götürərək süni mayalanma etmişlər. Göründüyü kimi tərəflər birgə nikah dövründə götürdükləri kredit məbləğlərini hər iki tərəfin razılığı əsasında və öz iradələri daxilində əldə etmiş və birgə nikah dövründə də kredit məbləğlərini banka ödəmişlər. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. a) Birinci instansiya məhkəməsində icraat; Şirvan Şəhər Məhkəməsinin 2(032)-1260/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim Etibar Hümbətov) ilə, iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin dəyəri 4200 manat pulun ½ hissəsi 2100 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, "xxxx" ASC-i ilə İddiaçı arasında bağlanmış 31 avqust 2020-ci il tarixli 21310***-*******2 saylı kredit müqaviləsi üzrə 938 manat 85 qəpik məbləğində pulun ½ hissəsi 469 manat 43 qəpik məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pulun alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36, 37-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüququ normalarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Belə ki, tərəflər birgə nikah dövründə götürdükləri kredit məbləğlərini hər iki tərəfin razılığı əsasında və öz iradələri daxilində əldə etmiş və birgə nikah dövründə də kredit məbləğlərini banka ödəmişlər. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Bundan başqa tərəflərin birgə nikahlarından uşaqları olmadığından süni mayalanmanın həyata keçirilməsindən ötrü iddiaçı "xxxx" ASC-nin Şirvan filialından 4700 manat kredit götürərək özünün müalicəsi, yəni süni mayalanmasına sərf etdiyini etiraf etsədə məhkəmə bu halı nəzərə almamış və hüquqi qiymət verməmişdir. Tərəflərin birgə nikahları dövründə 11 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən CavabdehPənah oğlu “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili X3 almışdır və birgə nikahları dövründə də 04 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili alıcı X1, alıcı avtomobilin dəyəri üzrə 1500 manat ödəniş etmişdir. Lakin birinci instansiya məhkəməsi avtomobilinbirgə nikah dövründə satılmasını, həmçinin alqı-satqı müqaviləsinə əsasən 1500 manata satılaraq digər şəxsin adına özgəninkiləşdirilməsini nəzərə almayaraq Turbo.az saytından əldə edilmiş məlumatlara əsasən hal hazırda mübahisə predmeti olan avtomobilin bazar qiymətinin 4200 manat olduğunu müəyyən etmişdir. Halbuki, Turbo.az sayıtı avtomobillərin satış sayıtıdır və orada satışa çıxarılan avtomobillərə qoyulan qiymətlər avtomobil sahiblərinin öz istəylərinə əsasən qoyulmuş qiymətlərdir. Əmlakın real bazar və hazırki likvid dəyərinin müəyyənləşdirilməsi və bu halların araşdırılması xüsusi bilik tələb edir. Bu xüsusatların araşdırılması və müəyyən edilməsi isə bu sahədə xüsusi biliyə malik olan şəxslər tərəfindən, həm də xüsusi tədqiq etmə metodlarının və vasitələrinin köməyi ilə araşdırıla və müəyyən edilə bilər. Odur ki, kollegiyadan Şirvan Şəhər Məhkəməsinin 2(032)-1260/2023 saylı, 13 dekabr 2023cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1260/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, keçirilən iclasda iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatında tezliyin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının, cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 2(032)-1260/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərlə-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, birgə nikah dövründə əldə edilmiş “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin dəyəri 4200 manat pulun ½ hissəsi 2100 manat və "xxxx" ASC-i ilə İddiaçı arasında bağlanmış 31 avqust 2020-ci il tarixli 21310***- *******2 saylı kredit müqaviləsi üzrə 938 manat 85 qəpik məbləğində pulun ½ hissəsi 469 manat 43 qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qətnamədən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsi tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan "xxxx" ASC-i ilə İddiaçı arasında bağlanmış 31 avqust 2020-ci il tarixli 21310***-*******2 saylı kredit müqaviləsi üzrə illik 18 faiz 24 ay müddətinə 4700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 31 avqust 2020-ci il tarixli 21310***-*******2 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Hüseynova (Səmədzadə) Lamiyə Vüqar qızı 24 ay müddətinə hər ay 234 manat 69 qəpik olmaqla kredit ödənilməlidir. İş materiallarında olan məxaric orderindən görünür ki, Hüseynova (Səmədzadə) Lamiyə Vüqar qızına 4700 manat məbləğində pul verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 29 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş Baş X14 İdarəsinin mərkəzi informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh olmuş, etibarnamə ilə X8 idarə etmək üçün vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 24 oktyabr 2023-cü il tarixli məktuba əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, 11 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili X3 almışdır. 04 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili alıcı X1, alıcı avtomobilin dəyəri üzrə 1500 manat ödəniş edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1523/2022 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, X4 Cavabdeh ilə 12 may 2017-ci ildə Şirvan şəhər Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 157№ ilə qeyd edilmiş nikahın pozulması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq X6 verilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. İş materiallarında olan Turbo. Az saytından əldə edilmiş məlumatlara əsasən hal hazırda mübahisə predmeti olan avtomobilin bazar qiyməti 4200 manatdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarından müəyyən edilir ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar. Onların birgə nikahından uşaqları olmamışdır. Ər-arvad birgə nikah dövründə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili əldə etmişlər. İddiaçı xx.xx.2020-ci il tarixli 21310***-*******2 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 18 faiz ödəməsi, 24 ay müddətinə qaytarması şərti ilə 4700 manat məbləğində kredit götürmüşdür. Ər-arvad, uşaqları olmadığı üçün həmin vəsaiti süni mayalanmaya sərf etmişlər. Tərəflər arasındakı nikah Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehin apelyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, tərəflərin birgə nigah dövründə əldə etdiyi “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobil yenə tərəflərin birgə növründə 04 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 1500 manat satılmış, lakin məhkəmə bu halı nəzərə almamış, həmçinin avtomobilin satış qiyməti 1500 manat olduğu halda, məhkəmə “Turbo.az” saytında yazılan qiyməti əsas götürərək mübahisə predmeti olan avtomobilin bazar qiymətinin 4200 manat olduğunu müəyyən etmişdir. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, cavabdeh 04 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili qanunla nəzərdə tutulanların əksinə olaraq, iddiaçının razılığı olmadan X2 da, sonuncu avtomobili təhvil almamış, etibarnamə verərək onu cavabdehin idarəçiliyində saxlamışdır. İddiaçı razılığı alınmadan bağlanmış həmin əqdi mübahisələndirməmişdir. İddiaçı “Vaz 21043” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin cavabdehdən özünün xeyrinə tutulmasını tələb etsə də, avtomobilin dəyərini göstərməmiş, onun tələbinin əsası kimi təqdim etdiyi Turbo.az saytında əks edilmiş məlumatlardan isə avtomobilin bazar qiymətinin 4200 manat olduğu təsdiq edilmişdir. Cavabdeh tərəf avtomobilin satış qiyməti barədə məlumat verməmiş, avtomobilin bazar qiymətinin 4200 manat olduğuna dair Turbo.az saytınında əks edilmiş məlumatları mübahisələndirməmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində avtomobilin sayış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olduğunu bildirsə də, bununla bağlı birinci instansiya məhkəməsinə ekspertizanın təyin edilməsi ilə bağlı hər hansı vəsatət təqdim etməmiş, ümumiyyətlə birinci instansiya məhkəməsində avtomobilin bazar dəyərinin müəyyən edilməsi zamanı, habelə avtoməbilin iddiaçının razılığı ilə satılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin “Vaz 21043 ” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobilin dəyəri 4200 manat pulun ½ hissəsi 2100 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin apelyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından uşaqları olmadığından süni mayalanmanın həyata keçirilməsindən ötrü iddiaçı "xxxx" ASC-nin Şirvan filialından 4700 manat kredit götürərək özünün müalicəsi, yəni süni mayalanmasına sərf etdiyini etiraf etsədə məhkəmə bu halı nəzərə almamış və hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-dən 24 ay müddətinə götürülmüş və tərəflərin uşaqlarının olması üçün süni mayalanmaya sərf edilmiş 4700 manat kredit onların birgə nigah dövründə əldə etdikləri ümumi borclarıdır. İddiaçı 4700 manat kredit pulunun ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, kreditin bir hissəsi tərəflərin birgə nikah dövründə qaytarılmış, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi vaxta kreditin 938 manat 85 qəpik hissəsi ödənilməmiş qalmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də tərəfələrin 2022-ci ilin iyun ayından faktiki ayrı yaşadıqları müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi ər-arvadın ailə münasibətlərinə 2022- ci ilin iyun ayından xitam verildiyi üçün, ər-arvadın ümumi borcu olan 4700 manat kreditin 2022-ci ilin iyun ayına ödənilməmiş qalan 938 manat 85 qəpik (234 manat 69 qəpik+234 manat 69 qəpik+234 manat 69 qəpik+234 manat 78 qəpik) hissəsinin ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə iddiaçının qazandığı əmlak mülkiyyəti hesabına ödənildiyinə görə, həmin vəsaitin 1/2 hissəsinin, yəni 469 manat 43 qəpik məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi iıə razılaşaraq hesab edir ki, məhkəmənin qətnaməsi həmin hissədə də qanuni və əsaslıdır. Cavabdehin apelyasiya şikayətinin dəlillərində həmin kredit məbləğinin süni mayalanmaya görə iddiaçının özünün müalicəsinə sərf edildiyini desə də, həmin məbləğ mövcud qanunvericiliyə əsasən ər-arvadın ümumi borcu hesab edilir və həmin məbləğ tərəflərin ailə münasibətinə xitam verildikdən sonra tam şəkildə deyil, yalnız iddiaçının hesabına ödənilən 938 manat 85 qəpik məbləğin yarısı cavabdehdən tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 36.5-cü maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Odur ki kollegiya, cavabdehin apellyasiya şikayətində göstərdiyi halları işin faktiki hallarına uyğun olmayan dəlillər kimi qəbul edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində icraat zamanı nəqliyyat vasitəsinin satış qiymətini, həmçinin həmin nəqliyyat vasitəsini iddiaçının razılığı ilə satdığını, nədəki götürülən kredit məbləğinin onların ümumi borcu olmadığını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək yekun nəticə kimi qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla heç bir sübut əhəmiyyəti daşımayan formal mülahizədən ibarətdir. Odur ki, kollegiya birinci instasniya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşaraq Şirvan Şəhər Məhkəməsinin 2(032)-1260/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qətnaməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Şirvan Şəhər Məhkəməsinin 2(032)-1260/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Cavabdeh qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 2569.43 manat təşkil edir, belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1260/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-604/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-604/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver