Məhkəmə qərarları › İş №2(106)-605/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-605/2025

27.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-605/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən əmlakları ilə məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən əmlakları ilə məcburi qaydada çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, 50 (əlli) manat ekspertiza xərcinin iddiaçı X1 tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpa edilməsi barədə vəsatət əlavə olunmuşdur. Məhkəmə iclasında İddiaçı ərizəsini onunla əsaslandırdı ki, qətnamə poçt vasitəsilə 2023cü ilin dekabr ayında ona təqdim edilmiş, keçən müddətdə 2 ay aktiv müalicə olunmuş, hazırda da müalicəsini davam etdirir. Qətnamədən narazı olduğuna görə ayrı-ayrı dövlət orqanlarına ərizə ilə müraciət etmiş və cavab məktubları almışdır. Məsələ həll edilmədiyindən 2024-cü ilin dekabr ayının 19-da Kürdəmir Rayon Məhkəməsinin sədrinin qəbulunda olmuş və ona bildirmişdir ki, buraxılmış müddətin bərpası barədə ərizə ilə birlikdə qətnamədən apellyasiya şikayəti verə bilər. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadı ilə, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı ərizəsi təmin edilməmişdir. İddiaçı şikayət verərək, Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)- 454/2023 saylı qərardadının ləğv edilməsini və apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)- 454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı Kərimov X2 Rayon Məhkəməsinin 2(041)-454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpa edilməsi barədə vəsatət əlavə etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmiş, iddiaçı həmin qərardaddan şikayət vermişdir. Lakin birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxmadan iş materiallarını baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizənin təmin edilməməsinə dair 27 yanvar 2025-ci il tarixli qərardaddan verilən şikayətə hüquqi qiymət verməmiş, nəticədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, mülki iş materialı Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayətə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)-454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş materialı Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(041)- 454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilən şikayətə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar