Məhkəmə qərarları › İş №2(106)-606/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-606/2024

23.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-606/2024 23.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(049)2300/2023 saylı qərardadından cavabdeh Lənkəran X1 Mərkəzi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Lənkəran RMTM-yə qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Mərkəzin direktoru Amil Abdullayev tərəfindən barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 053/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla 283.13 manat məbləğində əmək haqqının və fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 222 nömrəli müqavilə üçün hesaba köçürdüyü 210 manat məbləğin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2300/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, «İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi» haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X1 Mərkəzinin 14 fevral 2023-cü il tarixli 053/K №-li əmri ləğv edilmiş, İddiaçı Lənkəran X1 Mərkəzinin əvvəlki vəzifəsinə bərpa olunması, 14 fevral 2023cü il tarixdən bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, vəkilin hüquqi yardımına görə ödənilmiş məbləğin 100(bir yüz) manatın cavabdeh Lənkəran X1 Mərkəzindən alınaraq İddiaçı ödənilməsi, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli olan 100(bir yüz) manatın Lənkəran X1 Mərkəzindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Lənkəran X1 Mərkəzi apelyasiya şikayəti vermişdir. Lənkəran Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(049)2300/2023 saylı qərardadı ilə, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verildiyindən Lənkəran Rayon Məhkəməsinin 2(049)-2300/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Lənkəran X1 Mərkəzi tərəfindən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Daha sonra cavabdeh Lənkəran X1 Mərkəzi apelyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatətlə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2300/2023 saylı, xx.xx.2023-cü il qətnaməsindən şikayət verilməsi üçün Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində müəyyən edilmiş müddətində 1 saylı X1 Mərkəzi tərəfindən buraxılması səbəbi üzrlü hesab edilərək buraxılmış prosessual müddət bərpa olunaraq apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi xahiş olunmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2300/2023 saylı, xx.xx.2023-cü il qətnaməsindən şikayət verilən zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Bunun da səbəbi elektron məhkəmə sistemində müəyyən texniki problemlər olduğu üçün götürülmüşdür. Bu səbəbdən də 1 saylı X1 Mərkəzi tərəfindən sözügedən qətnamədən şikayət vaxtında verilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(049)2300/2023 saylı (X4) qərardadı ilə, vəsatət təmin edilməyərək, cavabdeh Lənkəran X1 Mərkəzinin vəsatətinə əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-2300/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina edilərək, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdeh Lənkəran X1 Mərkəzinə geri qaytarılmışdır. Cavabdeh Lənkəran X1 Mərkəzi tərəfindən Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərardadından şikayət verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(049)2300/2023 saylı (X4) qərardadı ilə, şikayət təmin edilməyərək, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş materialları 19 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)606/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 23 fevral 2024-cü il tarixə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini, cavabdehin müddətin ötürülməsini məhkəmə informasiya sistemindən texniki problemlərlə əlaqədar olduğunu bildirsə də, həmin texniki problemlərin nədən ibarət olduğu qeyd etməməsi, eyni zamanda bununla əlaqədar məhkəməyə hər hansı sübutun təqdim etməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-2300/2023 №-li qətnaməsinin surəti xx.xx.2023-cü il tarixdə Lənkəran X1 Mərkəzinin məhkəmə informasiya sistemindən olan elektron kabinetinə yerləşdirilmişdir. Daha sonra Lənkəran X1 Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, şikayət qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verildiyindən geri qaytarılmışdır. Lənkəran X1 Mərkəzi məhkəmə qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə etməklə onun Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək hüququ 01 sentyabr 2023-cü il tarixədək davam etmişdir. Lakin apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə vəsatətdən görünür ki, iddiaçı qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət bitdikdən 26 gün sonra vermişdir. Kollegiya qeyd edir ki, cavabdehin vəsatətində apelyasiya şikayətinin müddət ötürülməklə verilməsinin məhkəmə informasiya sistemində olan texniki problemlərlə əlaqədar olduğunu bildirsə də, həmin texniki problemlərin nədən ibarət olduğu qeyd etməmiş, eyni zamanda bununla əlaqədar məhkəməyə hər hansı formada müraciət etməmişlər. Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını əsaslandıra bilməmişdir. Həmçinin qeyd etdiyi halları təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Lənkəran X1 Mərkəzi apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməməsi, onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı işdə iddiaçıya münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməsi barədə gəlinən nəticə razılaşır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh Lənkəran X1 Mərkəzi tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(049)2300/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar