Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-609/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov, (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyənetdi: Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) İddiaçı QSC iddiası təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixlı 2(006)-115/2017 saylı qətnaməsi üzrə tutulması qət edilmiş ümumilikdə 63278,23 AZN məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və 20 manat xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat və 20 manat xidmət haqqı üzrə ödəmənin xx.xx.2014-cü il tarixli 00016 saylı Alqısatqı və İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanda 0,0414 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) 175000 AZN məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmetinin - ünvan 2 ünvanında 0,0414 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra, Cavabdeh1 evi boşaldaraq evdən çıxarılması və evin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli ƏEM/Y-05-005/22 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 manat vəsaitin Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi, “X5” MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli CPG 01-002 A/23 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat vəsaitin Cavabdeh1 tutulub “X5” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 27 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 yenidən 29 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. İşin hallarından görünür ki, məhkəmənin qətnaməsi cavabdehin iş materiallarında olan ünvanına 25 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə birinci instansiya məhkəməsinə təqdim etmiş, mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh yenidən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, bu zaman qətnamədən apellyasiya şikayəti vermə müddəti ötürülsə də şikayətə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etməmişdir. Belə olan halda cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüş və işə apellyasiya qaydasında baxılması üçün əsas yoxdur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırkı halda birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsini yoxlamadan işi apellyasiya qaydasında baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, apellyasiya şikayəti müddət ötürüldükdən sonra verildiyindən birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı idi. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinin tələbinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən və müddətin bərpasına dair ərizə verilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Sabirabad Rayon Məhkəməsinin 2(056)-5/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-609/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-609/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver