Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-610/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə evin əsaslı təmir və bərpa işlərinə çəkilmiş xərcin tutulması və ev üzərində pay hüququnun müəyyən edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-87/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş və Cavabdeh2 tərəfindən ayrıca verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(064)-87/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia qismən təmin edilərək, Cavabdeh2 İddiaçı2 xeyrinə 4798 manatın və ödənilmiş dövlət rüsumuna görə 100 manatın tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi, iş üzrə ekspertə ödənilməli olan 50 manat pulun 25 manatının Cavabdeh2, qalan 25 manatının isə İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar tərəfindən birgə, eləcə də, Cavabdeh2 tərəfindən ayrıca apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) tələblərinə cavab vermir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir. Lakin Cavabdeh2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilən şikayət MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, Cavabdeh2 tərəfindən “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” ilə bağlı apellyasiya şikayətinin tələb olunan hissələrinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilmiş apellyasiya şikayətində ümumiyyətlə yer verilməmiş, qətnamə çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər hansı bir maddi və ya prosessual hüquq norması sıralanaraq göstərilməmiş, hər hansı bir normanın pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına və bu halların nə ilə nəticələnməsinə dair aydın şəkildə və MPM ilə müəyyən edilmiş formada və məzmunda izah verərək öz mövqeyini bildirməmişdir. Halbuki, MPM-in 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, Cavabdeh2 apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti ilə bağlı isə bildirir ki, ilk baxışdan həmin apellyasiya şikayəti MPM ilə nəzərdə tutulmuş formada və məzmunda “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilərək onların səlahiyyətli nümayəndəsi olan vəkil tərəfindən imzalanmışdır. Lakin hazırda Cavabdeh2 apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə mülki işin birinci instansiya məhkəməsinə qaytarılması zərurəti yarandığından Füzuli Rayon Məhkəməsinin 2(064)-87/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçıların birgə verdiyi apellyasiya şikayəti də hazırda icraata qəbul edilməməli, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 apellyasiya şikayətinə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun hüquqi qiymət verildikdən sonra Füzuli Rayon Məhkəməsinin 2(064)-87/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Füzuli Rayon Məhkəməsinin 2(064)-87/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Füzuli Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 apellyasiya şikayətinə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun hüquqi qiymət verildikdən sonra Füzuli Rayon Məhkəməsinin 2(064)-87/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.