Məhkəmə qərarları › İş №2(106)-62/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-62/2024

01.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-62/2024 01.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaq sahəsindən çıxarılma X24 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil, Mütəxəssizlər: X9 və X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(041)-255/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək Kürdəmir rayonu, Xəlsə kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətində olan 2,1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, digər payçılar X10 və X11 ilə birlikdə Kürdəmir rayonu, Xəlsə kəndi ərazisində özlərinə məxsus 2,1069 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ona xx.xx.2018-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi onun və paylı mülkiyyətçilər X10, X1 xüsusi mülkiyyətində olmasına baxmayaraq torpaq sahəsini Cavabdeh zəbt edib qanunsuz istifadə etdiyinə görə xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Dəfələrlə cavabdehdən mülkiyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də o, həmin torpaq sahəsindən çıxmır və çıxmayacağını bildirir. Cavabdeh Yadıulla oğlunun qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulmaqla xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh İddiaçı ”Ailə mülkiyyətində olan pay torpaq sahəsindən məcburi qaydada çıxarılma barədə” iddia ərizəsinə etiraz ərizəsində göstərmişdir ki, İddiaçı iddia ərizəsi ona və ailə üzvlərinə qarşı şər və böhtan olmaqla yanaşı həqiqəti əks etdirmir və iddia tam həcmdə qanunsuzdur. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirir ki, digər payçılar ilə birlikdə onun Kürdəmir rayonunun Xəlsə kəndində onlara məxsus 2,1 ha torpaq sahəsinə Çıxarış mövcuddur və buna baxmayaraq sözügedən torpaq sahəsindən istifadə etməsinə guya onun tərəfindən maneçilik göstərilir və onların mülkiyyətində olan torpaq sahəsi zəbt olunaraq qanunsuz istifadə edilir. Ölkədə keçən əsrin 90-cı illərində aparılan Aqrar İslahat nəticəsində Xəlsə kəndinin bütün sakinləri kimi onların da ailəsinə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə valideynləri başda olmaqla, 6 nəfər ailə üzvlərinə 4,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmçinin iddiaçı olan İddiaçı ailəsinə də həmin vaxt onlarla sərhəddə qonşu torpaq sahəsindən 2,1 hektar pay torpaq sahəsi verilmişdir. 1999-cu ildə pay torpaqlarının yerlərində kordinatlar üzrə püşk qaydasında bölgüsü zamanı iddiaçıya veriləcək torpaq sahəsi növbəlik əsasında onlardan sonra yerində ölçülərək 2,1 hektar sahə onların qonşuluğunda yerləşdiyinə görə valideynləri ilə razılaşma əsasında ailələrinə məxsus 4,51 hektar torpaq sahəsindən 1,61 hektarı istifadə üçün iddiaçının ailəsinə verilmişdir. Həmin vaxtdan hal-hazıra kimi ailələri JN-0011 kod 90607038 saylı Dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş 4,51 hektar pay torpağının 2,9 hektarından istifadə edirlər və keçən müddət ərzində bu sahədə heç bir söz-söhbət yaranmamışdır. Bundan keçən 24 ildən sonra iddiaçının onlara qarşı torpaq sahəsi tələbi ağlasığmazdır. Bu barədə iddiaçı 2022-ci ilin əvvəllərində iddia tələbini onlara bildirmişdir və onun buna dair hüquqi sənədi Çıxarış olmasını diqqətinə çatdırmışdır. Bundan sonra onlar DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fizuli İsayevin yanında olmuş və bu məsələyə aydınlıq gəğtirilməsini xahiş etmişldər. Onun onlara verdiyi izahata əsasən iddiaçının əldə etdiyi torpaq sahəsinə dair Çıxarış ilkin sənədlər əsasında verilməmiş, ləğv edilməlidir və həmin Çıxarışın onların Dövlət aktı əsasında mülkiyyətlərində olan torpaq sahəsinə aidiyyəti yoxdur. İddiaçı son 24 il ərzində onların mülkiyyətində olan 1,61 hektar torpaq sahəsindən valideynlərinin razılığı əsasında istifadə etdiyi halda bu gün həmin ərazinin ona verilməsi iddiasına düşmüşlər və onun bu iddiası qanunsuzdur. Belə olduğu halda hazırda mülkiyyətlərində olan 4,51 hektar torpaq sahəsinə sərəncam vermək hüququ olan 4 nəfər ailə üzvlərinin qərarı ilə iddiaçıya razılıq əsasındla istifadəsinə verilmiş 1,61 hektar torpaq sahəsi iddiaçıdan geri alınmalıdır. Ona görə də iş üzrə iddiaçı Kürdəmir rayonu, Xəlsə kənd sakini İddiaçı iddia ərizəsi üzrə tələbinin təmin edilməməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(041)-255/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2,1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,89 hektar hissəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə edilən maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi 06 iyun 2022-ci il tarixdə ekspertiza təyin edərkən, məhkəmə ekspertizasının aparılması üçün əsas olmuş halları diqqətlə öyrənməmiş, ekspertiza keçirilməsinə qədər, mübahisəli torpaq sahəsinin hüdudlarını, paylı olan torpaq sahəsinin, paylara mütənasib, naturada ayrılarkən, kimin hansı hissədə paya sahib olmasını, həmin payın sahibinə aid hissədə, iddiaçıya məxsus olan torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini, ilkin mərhələdə yerli baxış keçirərək, aydınlaşdırmamış, o cümlədən mütəxəssisin iştirakı ilə belə olsa, yerli baxış keçirilməsinə təşəbbüs göstərməmişdir. Halbuki, qanunvericilik məhkəməyə geniş və böyük səlahiyyətlər verərək, mübahisəli məsələlərdə, işin hərtərəfli araşdırılması, şübhələrin aradan qalxmaması üçün imkanların səfərbər olmasını, bir vəzifə kimi məhkəmənin üzərinə qoymuşdur. Ekspert rəyinin öz-özlüyündə natamam olması, düzgün olmayaraq tərtib olunması, ekspert tərəfindən verilən fikirlərdə də, tam şəkildə təsdiq olunmuşdur. Belə ki, ekspert heç bir sübuta əsaslanmayaraq, özü də, qeyd etmişdir ki, (ekspert rəyinin 2-ci səhifəsində) Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki işin materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək, tədqiqatın aparılması mümkün olmamışdır. Bu isə Ekpsertizanın kobud pozuntularla, ciddi qanunsuzluqlar etməklə keçirildiyini ortaya çıxarmışdır. Məhkəmə isə bu ziddiyyətli halları araşdırmadan, ciddi yanaşmayaraq, diqqətdən yayındırmışdır. Həmçinin Məhkəmə qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi 2.1069 hektar torpaq torpaq sahəsi paylı mülkiyyətdədir. Ən azı üçn nəfər şəxsin birgə istifadəsində, sahibliyindədir. Belə olan halda iddiaçı həmin payın özünə aid olan naturada bölünə bilən hansı hissəsinin cavabdehin istifadəsində olduğunu dəqiq müəyyən edə bilmədiyi halda, məhkəmə bu hissəyə qiymət verə bilməyərək, paylı mülkiyyətdə olan torpaq sahəsi üzrə vahid bir şəxsin adından olan müraciət üzrə, mübahisəyə baxmış, həmin şəxslərin adından çıxış etmək səlahiyyətinin iddiaçıda olub-olmadığını yoxlamamış, həmçinin qeyd olunan miqdarda olan torpaq sahəsini bir şəxsin adından verilən iddia kimi baxaraq, sübuyektiv hüququnun olub-olmadığını yoxlamamışdır. Bununla da, məhkəmə iddiaçının iddia etdiyi tələb üzrə halları sübut edə bilmədiyi halda, qanunsuz qərar çıxartmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq göstərmişlər ki, cavabdeh iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etməmiş və ondan istifadə etmir. Onlara və ailə üzvlərinə JN-0011 kod 90607038 saylı Dövlət aktına əsasən mülkiyyətlərinə 4,51 hektar pay torpağı verilmişdir. Onlar qeyd edilən torpağa dair hələ mülkiyyət hüququna dair çıxarış almamışlar. Buna görə də iddiaçının iddiasını əsassız hesab edərək İ instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı kollegiyanın iclasında göstərmişdir ki, apellyasiya şikayəti əsassızdır. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdehin 4.51 ha torpaq sahəsi bir yerdə deyil. Belə ki, cavabdehə məxsus torpaq sahəsinin 3.35 ha hissəsi onunla qonşu olduğu halda onun 1.15 ha hissəsi tamamilə başqa yerdə yerləşir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiyanın iclasında İİİ şəxs qismində işə cəlb edilmiş X10 əvvəlki məhkəmə iclasında iştirak etmiş və övladı İddiaçı izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Kollegiyanın iclasında İİİ şəxs qismində işə cəlb edilmiş X11 məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə İİİ şəxs X1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Xəlsə kəndi ərazisində 2,1069 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Həmin çıxarışın Hüquq sahibləri bölməsində X2 payı 1/4 hissə, X3 payı 1/4 hissə, İddiaçı payı 2/4 hissə müəyyən edilmişdir. Cavabdeh tərpəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0011 KOD 90607038 nömrəli Dövlət aktının surətindən görünür ki, X12, X7, X8, Hacıyeva Raziyyə, X13 və Cavabdeh Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998- ci il tarixli 12 saylı qərarı ilə Kürdəmir rayonu Xəlsə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,51 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus və Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2.1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada müəyyən edilmişdir. Elektron bazada təqdim olunan AZCAD məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı 2,1069 ha torpaq sahəsi Cavabdeh naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1,89 ha torpaq sahəsi ilə üst-üstə düşür. Elektron baza məlumatlarında təqdim olunan AZCAD məlumatlarına əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,1069 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7869 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci və 2-ci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Nurlan Xəlilovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus və Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2,1069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları yerində müəyyən edilmişdir. Qərardadın 3-cü sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Nurlan Xəlilovun mütəxəssis rəyində qeyd edilir ki, elektron bazada təqdim olunan AZCAD məlumatlarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 2,1069 ha torpaq sahəsi Cavabdeh naturada göstərdiyi və faktiki etdiyini bilddirdiyi 1,89 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Apellyasiya baxışında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/5480 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı Əlulla- digərlərinin mülkiyyətində olan Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və JN-0011 KOD 90607038 nömrəli Dövlət aktına əsasən Cavabdeh və onun ailə üzvlə mülkiyyətinə verilmiş Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4,51 hektar torpaq sahəsinin sərhədləri və ölçüləri müəyyən edildi. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı 2,1069 ha torpaq sahəsi Cavabdeh naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1,89 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Həmçinin mütəxəsis rəyinə əlavə olunmuş sxemdən görünür ki, cavabdeh İddiaçı verilmiş **********99 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 2.1069 ha torpaq sahəsi, JN-11R nömrəli dövlət aktı ilə Cavabdeh və üzvlərinin mülkiyyətinə verilmiş 4,51 ha torpaq sahəsi (3,35 ha olan hissə) ilə üst-üstə düşür. Qərardadın dördüncü və beşinci sualı üzrə: Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 12 qərarına, JN-0011 KOD 90607038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.51 ha torpaq sahəsi vahid şəkildə göstərilsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********82 nömrəli mütəxəssis rəyinə əlavə olunmuş sxemdə həmin 4.51 ha torpaq sahəsi iki ayrı hissədə (3.35 ha və 1.15 ha) göstərilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir. Apellyasiya baxışında iş üzrə əlavə tikinti-texniki ekspertiza təyin edilmiş və RƏY alınaraq işə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/18785480 nömrəli RƏY-də aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-353/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2018- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli **********99 reyestr nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyət hüquqi üzrə İddiaçı və digərlərinin mülkiyyətində olan Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən 2.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə 2.10 ha torpaq sahəsi ilə real məkan arasında uyğunsuzluq sürüşmə və bucaq fərqləri mövcuddur. Bu səbəbdəndə sözügedən torpaq sahəsinin koordinatlarını yerdə müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli çıxarışla, Seriya RX ******* nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyət hüquqi üzrə İddiaçı və digərlərinin mülkiyyətində olan 2.1069 ha torpaq sahəsinə tərtib edilmiş A№ 261956 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlar elektron baza məlumatlarında təqdim olunan “Kürdəmir rayonu Qocalı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”ndə göstərilən JN-12R nömrəli Dövlət Aktı ilə verilmiş 2.1069 ha torpaq sahəsi ilə eynilik təşkil edir. Lakin Kürdəmir rayonu Qocalı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”ndə göstərilən torpaq sahələri real məkana (yerdə istifadə olunan faktiki torpaq sahələri) uyğun işlənilməmiş və bununla əlaqədar olaraq yerdə faktiki istifadə edilən torpaq sahələri ilə kəndin kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq, sürüşmə və bucaq fərqləri mövcuddur. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Kürdəmir rayonu Qocalı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”ndə göstərilən JN-11 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 4.51 ha torpaq sahəsi real məkana (yerdə istifadə olunan faktiki torpaq sahələri) uyğun işlənilməmiş və bununla əlaqədar olaraq yerdə faktiki istifadə edilən torpaq sahəsi ilə kəndin kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq, sürüşmə və bucaq fərqləri mövcuddur. Bu səbəbdən də Kürdəmir rayonu Qocalı təsərrüfatı ərazisiridə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi” ndə göstərilən JN-11 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 4.51 ha torpaq sahəsinin sərhədləri və ölçülərini yerdə baxış keçirilməklə müəyyən etmək mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli çıxarışla, Seriya RX ******* nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyət hüquqi üzrə İddiaçı və digərlərinin mülkiyyətində olan 2.1069 ha torpaq sahəsinə tərtib edilmiş A№ 261956 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 2.1069 ha torpaq sahəsinin 0.55 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı **********99 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 2.1069 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə A№ 681920 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əldə etmiş və A№ 681920 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 2.10 torpaq sahəsinin 1.89 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron baza məlumatlarında təqdim olunan “Kürdəmir rayonu Qocalı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”ndə göstərilən JN-0011 KOD 90607038 nömrəli Dövlət Aktına əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4.51 torpaq sahəsi vahid tam şəklində bir yerdə yerləşir. Qərardadın altıncı sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, TEKUİS-AzCad məlumatlarında Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4.51 torpaq sahəsi 3.3564 ha və 1.1536 ha olmaqla iki hissədə, iki ayrı-ayrı ərazidə göstərilmişdir. Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planf’na uyğun olaraq Kürdəmir rayonu Xəlsə kəndi ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri, o cümlədən JN-11 nömrəli və JN-12 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir. Müəyyən edilir ki, İddiaçı ailə üzvləri, X10 və X11 ilə birgə paylı mülkiyyətlərində Kürdəmir rayonunun Xəlsə kəndi ərazisində 2,1069 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və həmin torpaq sahəsinə görə onlara DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/18785480 nömrəli RƏY-də qeyd edilmişdir ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli çıxarışla, Seriya RX ******* nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyət hüquqi üzrə İddiaçı və digərlərinin mülkiyyətində olan 2.1069 ha torpaq sahəsinə tərtib edilmiş A№ 261956 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 2.1069 ha torpaq sahəsinin 0.55 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı **********99 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 2.1069 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə A№ 681920 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əldə etmiş və A№ 681920 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 2.10 torpaq sahəsinin 1.89 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Göründüyü kimi ekspertiza nəticəsində Cavabdeh Yadılla oğlunun İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 2,1069 ha torpaq sahəsinin 1,89 hektar hissəsindən istifadə etdiyi müəyyən edilmişdir. Həmçinin məhkəmənin təşəbbüsü ilə kollegiyanın iclasına dəvət edilmiş X15 və X14 bildirmişlər ki, işdə olan mütəxəssiz rəyində öz əksini tapan torpaq sahəsinin sxemində göy rəngli cizgidə çərçivəyə alınmış torpaq sahəsi AzCAD məlumatları üzrə sənəd İddiaçı və onun ailəsinə ayrılmış 2.10 ha torpaq sahəsidir. Məhz Cavabdeh Yadılla oğlu iddiaçıya məxsus olan qeyd edilən torpaq sahəsinin 1.89 ha hissəsindən istifadə edir. Həmçinin bildirmişlər ki, TEKUİS-AzCad məlumatlarına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Kürdəmir rayonu Xəlsə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4.51 torpaq sahəsi 3.3564 ha və 1.1536 ha olmaqla iki hissədə, yəni iki ayrı-ayrı ərazidə göstərilmişdir. Həmin məlumatlar da işdə olan mütəxəssiz rəyində qeyd edilən torpaq sahəsinin sxemində öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan halları ilə cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin bir hissəsindən mülkiyyətçinin razılığı olmadan istifadə edir və mülkiyyətçinin tələbi ilə torpaq sahəsini boşaltmalıdır. Bütün qeyd edilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(041)-255/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, Ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(041)-255/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar