Məhkəmə qərarları › İş №2(106)-621/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-621/2022

01.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-621/2022 01.02.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, ilkin İddiaçı iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(050)-3294/2021 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2022-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Masallı rayon Ərkivan qəsəbəsində yerləşən 0,06 ha zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddiasınıonunla əsaslandırmışdır ki,o, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Həmin kənddə ona məxsus 0,06 ha torpaq sahəsi vardır. Həmin toraq sahəsinə ilkin hüquqmüəyyənedici və torpaq sahəsinin plan və ölçü sənədləri vardır. Lakin o, torpaq sahəsindən istifadə edə bilmir. Buna səbəb cavabdehlərin həmin torpaq sahəsini zəbt edərək mülkiyyət hüquqlarını məhdudlaşdırmasıdır. O, dəfələrlə cavabdehlərə xəbərdarlıq etməsinə baxmayaraq torpaq sahəsini ona geri qaytarmamışlar. Cavabdehlərin bu hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair əvvəllər Masallı rayonunda fəaliyyət göstərmiş sabiq “K.Marks” adına sovxozun 1995-ci il üzrə əmr kitabı mövcud olmadığından, həmin sovxoz üzrə verilmiş 15 noyabr 1995-ci il tarixli 83 saylı əmrin etibarsız hesab edilməsi və İddiaçı onlara qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarma və ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsinə dair” iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində iddiasını onunla əsaslandırmışdır ki, əvvəllər Masallı rayonunda fəaliyyət göstərmiş sabiq “K.Marks”adına sovxozun direktorunun 15 noyabr 1995-ci il tarixli 83 saylı əmri ilə İddiaçı sovxozun ərazisindən 0.06 hektar həyətyanı torpaq sahəsinin ayrılması barədə verilmiş əmrin surəti, həmçinin 10 noyabr 1995-ci il tarixli 0.06 hektar torpaq sahəsinin ona təhkim edilməsi barədə aktın surəti İddiaçı mövcuddur. İddiaçı sabiq “K.Marks” adına sovxozunona verdiyi yuxarıda qeyd olunan sənədlərini əsas tutaraq məhkəməyə müraciət etmişdir. Lakin İddiaçı Masallı rayonu Ərkivan qəsəbəsinin Bədirli məhəlləsi adlanan ərazidən 0.06 hektar torpaq sahəsinin verilməsi ilə bağlı ilkin torpaq ayırma sənədlərində şübhələr vardır. Belə ki, İddiaçı sabiq “K.Marks” adına sovxozun 15 noyabr 1995ci il tarixli 83 saylı əmri əsasında torpaq sahəsi verilsə də, həmin sovxoz 05 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ləğv edilmişdir. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitoəsinin əməkdaşlarını da aldadaraq 0.06 hektar torpaq sahəsinin plan və ölçüsünü (yəni kadastrı) almışdır.O, qeyd olunan əmr əsasında 0.06 hektar həyətyanı torpaq sahəsinə dair texniki sənəd hesab olunan torpaq sahəsinin planı və ölçüsu barədə kadastrı 2014-cü il tarixdə alsa da, bu günə qədar sözügedən sovxozdan aldığı 0.06 hektar torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənəd hesab edilən şəhədətnamə və yaxud çıxarış ala bilməmişdir.İddiaçı məhkəməyə təqdim etdiyi sabiq “K.Marks” adına sovxozun 15 noyabr 1995-ci il tarixli 83 saylı əmri 2015-ci il tarixdə mübahisələndirilmişdir. Sabiq “K.Marks” adına sovxozun 1995-ci il üzrə əmr kitabına baxış keçirmək mümkün olmamışdır. Verilmiş sorğulara cavablar alınmış və həmin sorğuların cavablarında sabiq “K.Marks” adına sovxozun 1994-cü ildən sonrakı əmr kitablarının Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bundan əlavə Masallı RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən sorğu əsasında alınmış xx.xx.2015-ci il tarixli 677 saylı arayışda da bildirilmişdir ki, Masallı rayonunun ərazisində fəaliyyət göstərmiş “K.Marks” adına sovxozun 1995-ci il üzrə əmr kitabı Ərkivan qəsəbə ərazisində saxlanılmır. 2021-ci ilin oktyabr ayında hər iki təşkilatlara sabiq ”K.Marks” adına sovxozun 15 noyabr 1995-ci il tarixli 83 saylı əmi ilə bağlı təkrar verilmiş sorğulara da əvvəlki kimi eyni məzmunlu cavablar verilmişdir. İddiaçı 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair sabiq ”K.Marks” adına sovxozun 1995-ci il üzrə əmr kitabı mövcud olmadığından, sonuncu nə mülkiyyəti təsdiq edən nə şəhadətnamə, nə də ki çıxarış ala bilməmişdir. Həmçinin İddiaçı hazırda mübahisələndirdiyi Masallı rayonu Ərkivan qəsəbəsinin ərazisində yerləşən 0.06 hektar torpaq sahəsinin müikiyyətçisi deyildir. O, faktiki olaraq ailəsi ilə birlikdə Masallı rayonu Ərkivan qəsəbəsinin Bədirli adlanan məhəlləsində mərhum valideyinlərindən miras qalmış fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinin altında olan torpaq sahəsi vətəndaşlara verilən normadan qat-qat artıq torpaq sahəsidir. Onların ailə üzvlərinə JN-3127A kod 80500018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən həmin şəhadətnamənin torpaq sahəsinin planı və ölçüsü miqyasında göstərilən 3127A saylı torpaq sahəsinin onların ailə üzvlərinə aid olduğu göstərilmişdir. Digər hissədə qalan boş torpaq sahələrinin isə 4245BB, 4248BB,4242BB kimi, yəni bələdiyyə fonduna aid torpaq sahələri olması göstərilmişdir (əsas: Cavabdeh1 və onun ailə üzvülərinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-3127 kod 80500018 saylı şəhadətnamənin surəti). İddiaçı faktiki mübahisələndirdiyi 0.06 hektar torpaq sahəsi Masallı rayonu Ərkivan Bələdiyyəsinin mülkiyyətindədir. Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 sayİı qərarına əsasən 0.06 hektar torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair JN 3127A kod 80500018 saylı şəhadətnamədəki torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü miqyasından da görünür ki, onların ailə üzvlərindən başqa həmin ərazidə heç bir vətəndaşın mülkiyyətinə torpaq sahəsi verilməmişdir. Belə olan halda hesab edir ki, İddiaçı 0.06 hətayanı torpaq sahəsinin verilməsinə dair əvvəllər Masallı rayonunda fəaliyyət göstərmiş sabiq “K.Marks” adına sovxozun 1995-ci il üzrə əmr kitabı mövcud olmadığından həmin sovxoz üzrə verilmiş 15 noyabr 1995-ci il tarixli 83 saylı əmr məhkəmə qaydasında etibarsız hesab olunmalı və İddiaçı onlara qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarma, ölçü işlərinin aparılmasma yaradılan maneələrin cavabdehlərə qadağan edilməsinə dair” iddiasıtəmin olunmamalıdır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildiridi ki, vaxtı ilə mərhum atası həm ona, həm də qardaşı Telmanaeyni sovxozun əmri ilə torpaq sahələri almışdır. Həmin torpaq sahələrindən ona aid olanı hazırki mübahisəli torpaq sahəsi və hazırda cavabdehlərin mülkiyyətində olan JN3127A nömrəli şəhadətnamədə nəzərdə tutulmuş torpaq sahələridir. Yəni həmin torpaq sahələri onlar üçün eyni vaxtda verilmiş və cavabdehlər ilə qonşudurlar. Daha sonra Masallı rayonunda keçirilmiş torpaq islahatı zamanı Masallı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə qardaşı Telmana sovxozun əmri ilə ayrılmış torpaq sahəsi islahata salınmış və ona ailə üzvləri ilə birgə torağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin naməlum səbəbdən onun torpaq sahəsi islahatdan kənar qalmış və ona şəhadətnamə verilməmişdir.Nəzərə alınmalıdır ki, cavabdehin ona qarşı qaldırmış olduğu qarşılıqlı iddiada etibarsız hesab olunması xahiş olunan sovxozun əmri iddiaçının atası Telmana torpağın ayrılması barədə əmr ilə eyni sovxoz tərəfindən verilmiş və eyni tarixlidir. Lakin sonradan Telmanın sahəsi islahata düşmüş və ona şəhadətnamə verilmişdir. Əgər ona verilmiş əmr etibarsızdırsa, deməli qardaşı Telmanın adına da torpağın ayrılmasına dair verilmiş əmr etibarsızdır. Həmçinin qeyd olunmalıdır ki, ona məxsus toraq sahəsi 0.06 ha olmaqla hazırda cabandehlərin mülkiyyətində olan torpaq sahələrinə bitişikdir. Həmin torpaq sahəsinə girişçıxış məhdudlaşdırılmamışdır. Yəni sahənin qarşısı açıq olduğundan küçədən keçən istənilən şəxs həmin sahəyə girə bilər. Lakin cababdehlər həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edəcək çıxarışı almasına maneçilik yaradır və idarənin əməkdaşlarının həmin sahəyə gələrək ölçü işlərinin aparılmasına icazə vermirlər. Baxmayaraq ki torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən çıxarışı ala bilmir, lakin bir neçə il qabaq həmin torpaq sahəsinin plan və ölçü sənədini almışdır. Əgər torpaq sahəsinin ayrılmasına dair əmr saxta olmuş olsa idi, dövlət orqanı ona həmin əmr əsasında plan və ölçü sənədi verməzdi.Hər dəfə həmin torpaq sahəsinə gedən zaman cavabdehlərin səs-küyünə, ona ünvanlanmış nalayiq ifadələrə məruz qaldığından oraya getmək istəmir. Artıq uzun illərdir cavadehlərin qanunsuz hərəkətlərinə görə o öz mülkiyyət hüququndan mərhum olmuş vəziyyətdədir. Odur ki, ilk iddiasının təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş edir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ona və digər ailə üzvlərinə Masallı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 0.06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair onlara JN3127A, kod 80500018 nömrəli şəhadətnamə verilmişdir. Daha sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərəkorada yaşayırlar. Onların mülkiyyətində olan 0.06 torpaq sahəsindən əlavə olaraq istifadələrində müəyyən qədər zəbt torpaq sahələri də vardır. Lakin həmin sahələrə dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Gələcəkdə Ərkivan bələdiyyəsinə müraciət edərək qeyd olunan zəbttorpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması fikrindədirlər.Həmçinin onlara məxsus evin arxasında əlavə torpaq sahələri də vardır ki, həmin sahələrin üzərindən yüksək gərginlikli elektrik xətləri keçdiyindən onlara sənəd verilmir. İddiaçı KamranCahangirov onun əmisidir. Əmisi ona məxsus olduğunu iddia etdiyi mübahisəli torpaq sahəsi onlara məxsus evin qabağında yerləşir və qeyd olunan zəbt torpaq sahələrinə aiddir. Əmisi Kamran onların evdə olmadıqları vaxt, heç kimə demədən, gizlincə daşınmaz əmlakın mütəxəssilərini oraya dəvət edərək torpaq sahəsinə dair plan və ölçü sənədi çəkdirmişdir. Halbuki həmin plan və ölçü sənədinin verilməsinə əsas olmuş əmr saxtadır. Həmçinin həmin torpaq sahəsi onların daim istifadəsində olduğundan onlara aiddir. Çünki uzun illərdir faktiki onların istifadəsindədir və heç kimin bununla bağlı onlara etirazı olmamışdır. Həmin sahənin qarşısı açıq olduğu üçün oraya sərbəst giriş-çıxış mümkündür. Yəni onlar həmin sahəyə sahiblik etsələr də, oranı zəbt etməmişlər. Lakin orada hər hansı idarənin işçilərinin ölçü işləri aparılmasına da icazə vermək fikirləri yoxdur. Odur ki, ilk iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 vəkili Vəkil1 məhkəmə iclasında bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətində 0.06 ha torpaq sahəsinin olmasına dair şəhadətnamə mövcuddur. Həmin torpaq sahəsində Şahin və ailə üzvləri fərdi yaşayış evi inşa edərək yaşayırlar. Həmçinin onların faktik istifadələrində zəbt torpaq sahələri də vardır ki, həmin torpaqlar artıq uzun illərdir Şahin və ailə üzvlərinin istifadəsindədir. İlk iddia üzrə İddiaçı iddiası isə tam əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində qoymuş olduğu tələblərdən biri zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılmasıdır. Halbuki heç bir zəbtdən söhbət gedə bilməz. Mübahisəli torpaq sahəsi açıqdır. Küçədən keçən istənilən bir şəxs sərbəst şəkildə həmin əraziyə daxil ola bilir. Həmçinin İddiaçı adına heç bir hüquqmüəyyənedici sənəd yoxdur. O, yalnız torpaq sahəsinin plan və ölçü sənədinə əsaslanaraq qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, həmin plan və ölçü sənədinin verilməsinə əsas olmuş “K.Marks” adına sovxozun adından verilmiş 15 noyabr 1995-ci il tarixli 83 saylı əmr saxtadır və etibarsızdır. Qeyd olunmalıdır ki, Masallı rayon dövlət arxivindən sorğu əsasında əldə məktublar ilə müəyyən olunur ki, “K.Marks” adına sovxozun adı Masallı rayon X3 Rəyasət Heyyətinin xx.xx.1993-cü il tarixli 4.3 saylı qərarı ilə dəyişdirilmiş və sovxoza şəhid M.Bünyadovun adı verilmişdir. Həmçinin sovxozun xx.xx.1994-cü il tarixdən sonrakı əmr kitabları da arxivə təhvil verilməmişdir, yəni həmin kitablar möcvud deyildir. Belə olması isə təbii haldir. Çünki sovxoz mövcud deyildirsə, onun kitabları da mövcud olmayacaqdır. Bu isə yekun olaraq onu deməyə əsas verir ki, əmrin verilmiş olduğu 1995-ci il tarixdə “K.Marks” adına sovxoz artıq mövcud olmamışdır. Belə olan halda mövcud olmayan sovxozun adından həmin ildə əmrin verilməsi də mümkün deyildir. Hətta əmr olmuş olsa idi belə, həmin əmr 1996-cı ilə kimi mövcud olmuş M.Bünyatov adına sovxoz adından verilməli idi.Həmçinin Kamran qeyd edilən mübahisəli torpaq sashəsinin mülkiyyətçisi də deyildir. Çünki həmin mübahisəli torpağa dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı yoxdur. Belə olan halda Kamranın plan və ölçü sənədinə istinad edərək məhkəmədə iddia qaldırmaq hüququ da istisna olunur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon Ərkivan Bələdiyyəsinin sədri X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həmin mübahisəli torpaq sahəsinin hazırda Bələdiyyənin,və yaxud digər şəxlərin mülkiyyətində olması barədə Bələdiyyə sədri olaraq onda dəqiq məlumat yoxdur.Çünki mövcud xəritə ilə bunu müəyyən etmək mümkün deyildir. Həmçinin K.Marks adına sovxozun adından verilmiş 1995-ci il tarixli, 83 saylı əmrin etibarsızlığı barədə də dəqiqməlumatı yoxdur. İlk iddia üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(050)-3294/2021 saylı qətnaməsi ilə (Hakim: A.Səlimov), ilkin iddianın qismən təmin edilməsi, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən İddiaçı ilkin hüquqmüəyyənedici sənədlər əsasındaməxsus 0.06 hektar torpaq sahəsindəcavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ixtiyarlı şəxslərin ölçü işlərinin aparılmasına yaradılan maneələr qadağan edilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(050)-3294/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İlkin İddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İkin İddiaçı keçirilən məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətininn dəlillərinə şifahi etiraz edərək Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(050)- 3294/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Lakin Cavabdeh2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xəstə olmasından dolayı məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsədə, bununla əlaqədar kollegiyaya heç bir sübut təqdim etməmişdir. Eyni zamanda digər cavabdehlər də iştirak etməməklə bağlı hər hansı bir məlumat verməmişlər. ilkin İddiaçı ərizə təqdim edərək məhkəmə baxışının təxirə salınması üçün əsasların olmamasını, əsassız məhkəmə çəkişməsinə yol verilməməsini və apellyasiya şikayəti üzrə işə mahiyyəti üzrə baxılmasını təkidlə tələb etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(050)-3294/2021 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(050)- 3294/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan “K.Marks” adına tərəvəzçilik-südçülük sovxozu tərəfindən verilmiş 83 nömrəli, xx.xx.1995-ci il tarixli əmrdən görünür ki, İddiaçı Masallı rayon Ərkivan kəndinin Bədirli məhəlləsinin şimal hissəsində ayrılmış torpaq sahəsindən 0.06 hektar ev tikməkdən ötrü torpaq sahəsi verilmişdir. İş materiallarında olan K.Marks adına tərəvəzçilik-südçülük sovxozu tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 214 nömrəli arayışdan görünür ki, İddiaçı adına sovxozun qaytanlanmış torpaq kitabından 0.06 hektar torpaq sahəsi vardır. İş materiallarında olan K.Marks adına tərəvəzçilik-südçülük sovxozu tərəfindən verilmiş 10 noyabr 1995-ci il tarixli aktdan görünür ki, Ərkivan kəndinin Bədirli məhəllə sakini İddiaçı atasının təsərrüfatından ayrılması və həyətyanı torpaq sahəsinin olmağı üçün Bədirli məhəlləsinin şimal hissəsində olan həyətyanı torpaq fonduna qatılan torpaq sahəsindən eni şərqdən qərbə 30 metr, uzunu şimaldan cənuba 20 metr 0.06 hektar həyətyanı torpaq sahəsi bölünərək Ərkivan kənd sakini İddiaçı ev tikməkdən ötrütorpaq sahəsi verilməsi təhkim edilməsi məsləhət görülmüşdür. Verilmiş torpaq sahəsinin cəhətləri şimaldan baş həyətyanı torpaq sahəsi, cənubdan Cavabdeh1 çəpəri, şərqdən su aparıcı xəndək, qərbdən 5 metr enində yol ilə əhatə olunmuşdur. İş materiallarında olan AN-514375 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Masallı rayonu keçmiş “K.Marks” sovxozunun 15 noyabr 1995-ci il tarixli 83 saylı əmri ilə fərdi yaşayış evi tikmək üçün Masallı rayonu, Ərkivan kəndində 600 kv.m torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 12 noyabr 2021-ci il tarixli T/M-38 nömrəli məktubda qeyd olunmuşdur ki, K.Marks adına sovxoza, Masallı rayon X3 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 4.3 saylı qərarı ilə şəhid M.Bunyadovun adı verilmişdir. M.Bunyadov adına sovxoz (əvvəlki K.Marks adına sovxoz, xx.xx.1994-cü ildən sonrakı əmr kitabları arxivə verilməmişdir), Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 953 saylı sərəncamı ilə ləğv edilmişdir. İş materiallarında olan Masallı Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 12 noyabr 2021-ci il tarixli M-490 saylı məktubda qeyd olunmuşdur ki, keçmiş K.Marks adına (M.Bunyadov adına) sovxozun xx.xx.1994-cü ildən sonrakı əmr kitabları Masallı RDA-nə verilmədiyindən, sovxozun xx.xx.1995-ci il tarixli 83 saylı əmrinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması imkan xaricindədir. İş materiallarında olan JN-3172A, KOD 80500018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2 Arif oğlu və Cavabdeh3 Arif oğluna Masallı rayonu Ərkivan kəndində 0.06 hektar fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instasniya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh1 qarşılıqlı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, o, hazırki iddianı irəli sürərkən tələbinin əsasını mübahisəli torpaq sahəsinə ailə üzvləri ilə birgə faktiki istifadə etmələri və uzun illərdir həmin sahəni zəbt edərək onu özlərinin hesab etmələri ilə izah etmişdir. Halbuki Mülki Məcəllənin 146-cı maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin eyni Məcəllənin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Göründüyü kimi qanunvericilikdə “zəbt” torpaq sahələrinə münasibətdə subyektlərə hər hansı hüquqlar verilməmişdir.Belə olan halda isə mübahisələndirilən “K.Marks” adına tərəvəzçilik-südçülük sovxozu tərəfindən verilmiş 83 nömrəli, xx.xx.1995-ci il tarixli əmrin mövcudluğunun iddiaçının hüquq və mənafelərinə hər hansı formada toxunması müəyyən olunmur. Odur ki, kollegiya qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməsi barədə birinci instasniya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz.. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(050)-3294/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(050)-3294/2021 saylı qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar