Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-622/2023 21.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı1 və X2, Cavabdeh1 iştirakı ilə İddiaçı1 və X2 Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh1 qarşı “torpaq sahəsi üzərində payların müəyyən edilməsi və naturada ayrılması” barədə mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-28/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, X12, Cavabdeh2, İddiaçı1, X10, Cavabdeh4, Cavabdeh1 və X2 mülkiyyətinə Sabirabad rayonu AİK-nın xx.xx.1997-ci il tarixli 20-1 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.97 ha torpaq sahəsi verilmişdir. Hazırda İddiaçı1 və X1 torpaq sahəsindəki paylarının müəyyən edilməsi və naturada ayrılmasını tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçılar İddiaçı1 və X5 cavabdehlər Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh1 qarşı Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sabirabad rayonu Sarxanbəyli kəndində paylı mülkiyyətdə olan 5.97 ha torpaq sahəsindəki paylarının müəyyən edilməsi və onlara çatası payların naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun anası və qardaşlarıdır. Sabirabad RAİK-nın xx.xx.1997-ci il tarixli 20-1 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Sabirabad rayonu Sarxanbəyli kəndi ərazisində onlara 5,97 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üçün dövlət aktı qeydiyyatı kitabında 044 nömrə ilə qeydə alınmış JN-287 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X4 vəfat etmişdir. Mülkiyyət hüququ əsasında onlara verilmiş torpaq sahəsi tərəflərindən əkilib becərilir. Əvvəllər onların heç bir problemləri olmamışdır. Qardaşları ailə həyatı quraraq ailələri ilə birlikdə yaşayırlar. Son bir neçə müddətdir ki, paylı mülkiyyətlərində olan torpaq sahəsinin əlkilib becərilməsində narazılıqları əmələ gəlməyə başlamış və son nəticədə aralarında ixtilaflar baş qaldırmışdır. O, həyat yoldaşı olan digər iddiaçı X5 ilə cavabdehlərə müraciət edərək paylı mülkiyyətlərində olan ümumi torpaq sahəsindən onların paylarının ayrılmasını xahiş etsə də, cavabdehlər onlarla razılaşmamışlar. Bu səbəbdən o, ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərək ümumi birgə mülkiyyətlərində olan 5,97 ha torpaq sahəsindəki paylarının ayrılması və onların payına düşən hissəyə ayrılıqda çıxarış və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Cavabdehlər həmin sənədin verilməsindən imtina etdikləri üçün bu mümkün olmamışdır. Bu səbəbdən mülkiyyətində olan torpaq sahəsinin bölünərək yerinin müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X5 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-28/2022 nömrəli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN:287 seriyalı KOD ********* saylı Dövlət AKT-ı əsasında 7 nəfərdən ibarət tərkibdə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 5,97 ha torpaq sahəsinə dair iddiaçılar İddiaçı1 1/7 (yeddidə bir) hissəsinə və X2 1/7 (yeddidə bir) hissəsinə payı müəyyən edilmiş, həmin paylara (hər birinə 0,85 ha.) uyğun 0,85 ha. ölçüdən ibarət hissənin 5,97 ha olan ümumi torpaq sahəsindən real olaraq naturada ayrılması(İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********64№-li məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuş qaydada iddiaçılara 1-ci və 2-ci aid edilməklə), İddiaçı1 və X3 ayrılmış 0,85 ha hissənin onların (iddiaçılar İddiaçı1 və T.N.Məmmədovanın ayrı ayrılıqda) istifadə və sərəncamına verilərək, onların vahid mülkiyyəti kimi tanınması qət edilmişdir. Məhkəmə qətnamədə əlavə olaraq qeyd etmişdir ki, hazırkı qətnamə Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 5,97 ha olan ümumi torpaq sahəsinin İddiaçı1 və X2 hər birinə ayrı-ayrılıqda ayrılmış 0,85 ha hissələrinə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsasdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən torpaq sahəsinin ümumi mülkiyyətçilər arasında payların real olaraq naturada bölünməsinin mümkünlüyü barədə ekspertiza rəyini nəzərə alaraq, iddianın qanuni əsaslarının olmasını müəyyən edir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin 220.3-cü, Azərbaycan Respublikasınin Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 115, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində belə bir iddianın olmasından və məhkəmə iclaslarının keçirilməsindən xəbərsiz olmuşdur. İddiaçılar iddia ərizəsində torpaq sahəsinin 5.97 ha olduğunu qeyd edib həmin torpaq sahəsindən onların payına düşən hissənin naturada ayrılmasını xahiş etmiş, lakin hər birinin payına düşən torpaq sahəsinin 0.85 ha ölçüdə olmasını və məhz həmin ölçüdə payın ayrılmasını tələb etməmişlər. Məhkəmə iddia tələbindən kənara çıxaraq 5,97 ha ölçüdə olduğu iddia edilən torpaq sahəsinin faktiki ölçülərini müəyyən etmədən, iddiaçıların payına düşən torpaq sahəsinin 1/7 hissəsinin ölçüsünü 0,85 ha kimi müəyyən etmiş və hər bir payın 0,85 ha ölçüdə ayrılması barədə qətnamə qəbul etmişdir. Sözügedən torpaq sahəsinin faktiki ölçüsü 5,12 hektardır. Belə olduğu halda iddiaçıların hər birinin 1/7 hissədə payı 0,85 ha olmayacaqdır. Həmçinin, hesab edir ki, bölgü olacağı təqdirdə də bu bölgü aktda göstərilən qaydada aparılmalı idi. Həmin aktda hər bir payçının payına düşən torpaq sahəsinin yeri ayrı-ayrılıqda göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin tələbləri pozularaq qətnamədə göstərilən qaydada torpaq sahəsinin naturada ayrılması mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 173-cü maddələrinin tələbləri pozularaq, Sabirabad Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasları barədə onlara məlumat verilməmiş, bu səbəbdən məhkəmə iclaslarında iştirak edib etirazlarını bildirə və özlərini müdafiə edə bilməmişlər. Həmin Məcəlllənin 76.1, 76.2 və 88-ci maddələrinin tələbləri pozularaq məhkəmə işə birtərəfli yanaşmışdır. Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozularaq iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun qətnamə qəbul edilməmişdir. Belə ki, dövlət aktı əsasında 7 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin faktiki ölçüsü 5,97 ha deyil, 5.12 hektardır. Torpaq sahəsinin 1/7 hissəsinin ölçüsünün 0,85 ha olması sübut edilməmişdir. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-622/2023 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, X6 münasibətdə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar apellyasiya şikayətinə etiraz təqdim etməmişlərr. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-28/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və X5 apellyasiya şikayətini qəbul etməyərək Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-28/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən yuxarıda göstərilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materialında olan "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, JN-287 seriyalı KOD 90917028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətçilər X9, Cavabdeh2, İddiaçı1, X7, Cavabdeh4, Cavabdeh1 və X2 Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 5.97 ha torpaq sahəsi həmin mülkiyyətçilər arasında bərabər surətdə bölündükdə hər birinə 0,85 ha torpaq sahəsi düşəcəkdir. Bölgünün cizgiləri və göstəriciləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Yuxarıda qeyd olunan 1/7 hissəsinin (0,85 ha) naturada ayrılması (bölgüsü) texniki cəhətdən mümkün olduğu halda 5.97 ha pay torpaq sahəsinin ayrılması Dövlət Aktında qeyd edilən mülkiyyətçilərin adlarının ardıcıllığı ilə həyata keçirilə bilər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Apellyasiya instansiya məhkəməsi tərəfindən mülki iş üzrə məhkəmə tikinti-texniki, yerquruluşu və kadastrı ekspertizası təyin edilmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5727 nömrəli rəyinə əsasən, JN-287 seriyalı KOD 90917028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətçilər X12, Cavabdeh2, İddiaçı1, X10, Cavabdeh4, Cavabdeh1 və X2 Sabirabad rayonunun sarxanbəyli kəndində ümumi birgə mülkiyyətlərinə verilmiş 5.97 ha torpaq sahəsi naturada faktiki olaraq 5.74 hektardır və dövlət aktında göstərilən cizgiyə qismən uyğun gəlir. Belə ki, dövlət aktında torpaq sahəsinin uzunluğu şərqdən – 445 m, qərbdən – 450 m göstərilməsinə baxmayaraq, faktiki yerdə şərqdən – 400 m, qərbdən – 410 m mövcuddur. JN-287 seriyalı KOD 90917028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətçilər X12, Cavabdeh2, İddiaçı1, X10, Cavabdeh4, Cavabdeh1 və X2 Sabirabad rayonunun Sarxanbəyli kəndində ümumi birgə mülkiyyətlərinə verilmiş 5.97 ha torpaq sahəsi naturada faktiki olaraq 5.74 hektar olduğundan, həmin torpaq sahəsinin iddiaçılar İddiaçı1 və X2 tələb etdiyi kimi ümumilikdə 7 nəfər ailə üzvləri nəzərə alınmaqla hər birinə ayrı-ayrılıqda 1/7 hissəyə 5.74 ha: 7 hissə + 0.82 ha (torpaq sahəsinin ayrılmış hissələrinə sərbəst surətdə eyni imkanlarla ayrıayrılıqda giriş-çıxışının təmin edilməsi şərti ilə) naturada ayrılması (bölgüsü) mümkündür. Yuxarıda qeyd olunan 1/7 hissənin naturada ayrılması (bölgüsü) texniki cəhətdən mümkün olduğu halda mülkiyyətə verilmiş 5.97 ha torpaq sahəsi faktiki olaraq 5.74 ha olduğundan, hər bir mülkiyyətçiyə 0.82 ha torpaq sahəsi ayrıla (bölünə) bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5727 nömrəli ekspert rəyində faktiki torpaq sahəsi 5,74 ha müəyyən olunsa da, JN-287 seriyalı KOD 90917028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçilərin torpaq sahəsi 5,97 ha qeyd olunmuşdur.Odur ki,məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların paylarının müəyyən olunması və naturada ayrılması Dövlət aktında qeyd olunmuş torpaq sahəsinin ölçüsünə uyğun aparılmalıdır. Apellyasiya şikayətinin digər dəlilinə əsasən, bölgü aktda göstərilən qaydada aparılmalı idi, orada hər bir payçının payına düşən torpaq sahəsinin yeri ayrı-ayrılıqda göstərilməli idi. Kollegiya apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşa bilməz. Çünki cavabdehlərin payların müəyyən edilməsi və naturada ayrılması barədə tələbi olmadığı halda onlara düşəcək payın müəyyən olunması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya, JN-287 seriyalı KOD 90917028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının araşdırılması zamanı qeyd olunan bölgünü müəyyən etməmişdir. Kollegiya, apellyasiya şikayətinin çəkişmə prinsipinin pozulması barədə dəlili ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsində apellyatorların faktiki yaşayış yeri barədə məlumat olmamışdır. Apellyasiya şikayətində qeyd olunmuş ünvana məhkəmə bildirişi göndərilməklə bu hal aradan qaldırılmışdır. Qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, heç bir əsas və tələb olmadığı halda birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və X3 ayrılmış 0,85 ha hissənin onların (iddiaçılar İddiaçı1 və T.N.Məmmədovanın ayrı ayrılıqda) istifadə və sərəncamına verilərək, vahid mülkiyyəti kimi tanınması və Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən 5,97 ha olan ümumi torpaq sahəsinin İddiaçı1 və X2 hər birinə ayrı-ayrılıqda ayrılmış 0,85 ha hissələrinə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsas olmasını qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)- 28/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, İddiaçılar İddiaçı1 və X3 ayrılmış 0,85 ha hissənin onların (iddiaçılar İddiaçı1 və T.N.Məmmədovanın ayrı ayrılıqda) istifadə və sərəncamına verilərək, onların vahid mülkiyyəti kimi tanınması və Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən 5,97 ha olan ümumi torpaq sahəsinin İddiaçı1 və X2 hər birinə ayrı-ayrılıqda ayrılmış 0,85 ha hissələrinə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsas olması hissəsi qətnamədən xaric edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-28/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçılar İddiaçı1 və X3 ayrılmış 0,85 ha hissənin onların (iddiaçılar İddiaçı1 və T.N.Məmmədovanın ayrı ayrılıqda) istifadə və sərəncamına verilərək, onların vahid mülkiyyəti kimi tanınması və Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən 5,97 ha olan ümumi torpaq sahəsinin İddiaçı1 və X2 hər birinə ayrı-ayrılıqda ayrılmış 0,85 ha hissələrinə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsas olması hissəsi qətnamədən xaric edilsin. Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-28/2022 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat Cavabdeh1 tutularaq (Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********000003944, SWİFT Bik CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi VÖEN:**********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-622/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-622/2023
21.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver