Məhkəmə qərarları › İş №2(106)-63/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-63/2025

05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-63/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X18 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evi və torpaq sahəsinin qanunsuz istifadədən geri alınması” tələbinə dair iddiası əsasında mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(049)-3470/2022 saylı qətnaməsindən (hakim N. Ağabəyov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “yaşayış evi və torpaq sahəsinin qanunsuz istifadədən geri alınması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslanmışdır ki, mərhum X7nın mülkiyyətində 1626, Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. X7 16 may 2022-ci il tarixdə vəfat etmişdir. Anasının yeganə övladı və vərəsəsidir. Hazırda yuxarıda qeyd etdiyi əmlaklar Cavabdeh Nizam qızı tərəfindən qanunsuz olaraq zəbt edilib və istifadə edilir. Mərhum anasının yeganə vərəsəsi olaraq dəfələrlə cavabdehdən həmin əmlakları ona təhvil verməsini tələb etməsinə baxmayaraq, cavabdeh bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirib rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı onun ögey xalası olmaqla Salyan şəhərində yaşayır. Mərhum X1na Lənkəran Rayon İcraiyyə Komitəsinin 14 dekabr 1984-cü il tarixli qərarı ilə nənəsinin, yəni X10 öhdəsində olan 0.04 ha torpaq sahəsinin 0.02 ha hissəsi verilmiş və həmin 0.02 ha torpaq sahəsində yaşayış evi tikmək üçün Port-iliç şəhər X24 İcraiyyə Komitəsinin 30 oktyabr 1984-cü il tarixli 12 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Daha sonra həmin mübahisəli ev tikilmiş, o, və bacısı həmin evdə yaşamışlar. Həmin həyətin qalan 0.02 ha sahəsində isə Züleyxa Babayevanın öz evi olmuş, Züleyxa 1984-cü ildə vəfat etdikdən sonra həmin ev sökülmüşdür. Züleyxanın sökülmüş evinin həyəti olan 0.02 ha torpaq sahəsini isə nənəsi X19 təqribən iki il əvvəl qonşuları olan Şahinin qaynı Rəşad adlı şəxsə satmışdır. X1 17 avqust 2001-ci il tarixdə vəfat etmişdir. Anasından qalmaqla Lənkəran rayonu Liman şəhəri (keçmiş Port-iliç şəhəri) X28 küçəsi, 119-da yerləşən ümumi sahəsi 33.7 kv.metr, yaşayış sahəsi 19.7 kv.metr olan iki otaqlı evin 1/2 hisəsi özünün, 1/2 hissəsi isə ögey, atadan ayrı, anadan bir olan bacısı X4 adına rəsmiləşdirilməklə, bu barədə onlara 16 aprel 2002-ci il tarixdə 209A nömrə ilə qeydiyyata alınmaqla qeydiyyat vəsiqəsi verilmişdir. Anasının onlardan başqa heç bir vərəsəsi yoxdur, iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalandır. O, heç vaxt heç kimin evini zəbt etməmişdir. Həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun tələb etdiyi 0.02 ha torpaq sahəsi anası Umu tərəfindən rəsmi olaraq Rəşad adlı şəxsə satılmışdır, iddianın pay torpaq hissəsinə münasibət bildirərək göstərir ki, iddiaçı yalnız iddianın sonunda həmin tələbi də qoymuş, lakin iddianın həmin hissəsini əsaslandırmamışdır. O, heç bir payı bəlli torpağı zəbt etməmişdir. Mərhum anası və bacısı Günaya məxsus 0.14 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin kənd təsərrüfat təyinatlı torpq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə onlara verilmişdir. İddiaçının anası, onun isə nənəsi Umu Nağıyevanın adına da həmin vaxt 0.05 ha torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinin ona heç bir aidiyyəti olmamaqla o, həmin torpaq sahəsini zəbt etməmiş və ümumiyyətlə həmin torpaq sahəsinin harada yerləşdiyini belə bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, iddiaçının tələb etdiyi əmlakların onun istifadəsində olmamasını bildirib rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(049)-3470/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 89, 217.4, 218.3-cü, Mülki Məcəllənin 157.2, 1145, 1146, 1151, 1133, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3, 1245, 1246-cı maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, həm iddiaçı, həm də cavabdehin məhkəməyə təqdim etdikləri, iddia tələbinin və iddiaya etirazın əsası kimi istinad etdiyi halları əks etdirən sənədlər kserosurətdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “yazılı sübutlar”dan bəhs edən 89-cu maddəsinin İİİ hissəsinin tələbinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Eyni zamanda həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Qanunvericilikdə mirasın qəbul edilməsi faktı ya vərəsəlik şəhadətnaməsinin əldə edilməsi və ya vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağı sübut edən halları təsdiq edən sənədlərin təqdim edilməsi ilə müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə İddiaçı mərhum anası Umi Nağıyevadan miras qaldığını iddia etdiyi Lənkəran rayonunda yerləşən miras əmlakların onun tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə vərəsəlik şəhadətnaməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsini təsdiq edən, eləcə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağı sübut edən halları özündə əks etdirən heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə qətnaməsində mirasın faktiki qəbulu ilə bağlı heç bir sənədin olmadığını qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh anasından miras qalmış əmlakdan istifadəyə ona icazə vermir. Əgər icazə vermiş olsaydı və o, miras əmlakı istifadə etmiş olsaydı, o zaman faktiki qəbulla bağlı hər hansı bir sənəd təqdim edə bilərdi. Cavabdehin onun rəhmətlik anası ilə heç bir qohumluq münasibəti yoxdur. Eləcə də məhkəmə təqdim edilmiş sənədlərin kserosurət olduğunu qeyd edərək təqdim etdiyi sənədləri mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki o, məhkəmə iclasında həmin sənədlərin əsillərinin onda olmadığını və həmin sənədlərin əsillərini əldə edə bilmədiyini dəfələrlə qeyd etmişdir. Məhkəmə belə olan halda karguzarliq qaydalarına və qanunvericiliyə əsasən tərəflərin əldə edə bilmədikləri məlumatları məhkəmə sorğusu ilə dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan və hətta fiziki şəxslərdən tələb etmək hüququna malikdir. Lakin məhkəmə belə bir addım atmayaraq qanunsuz və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə araşdırması düzgün aparılmamışdır. Tərəflərin əldə edə bilmədiklərin sübutların alınması ilə bağlı məhkəmə heç bir addım atmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2023-ci il tarixli 2(106)- 646/2023 nömrəli qətnaməsi ilə (hakimlər C.İmanov, S.Mayılov və P.Əhmədov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmuş, “1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0.02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə” iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. d) Kassasiya instansiya məhkəməsində icraat. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 2(102)-4357/2023 saylı qərarı (hakimlər Z.Babayev, Ə.Nurməmmədov, A.Hüseynov) ilə kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2023-ci il tarixli 2(106)- 646/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmədiyi - 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini hissəvi ləğv edib, işi ləğv olunan hissədə yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur: Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsinə münasibətdə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsassız olması barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçı eyni məzmunlu dəlilini apellyasiya şikayətində də vurğulasa da, apellyasiya instansiya məhkəməsi qətnamədə həmin dəlilə hər hansı hüquqi qiymət verməmiş, yalnız iddiaçının tələb etdiyi daşınmaz əşyaların faktiki olaraq cavabdehdə olmasını sübut edə bilməməsi qeyd olunmaqla kifayətlənmiş, “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən X14 mülkiyyətinə verilmiş Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçının gözlənilən mülkiyyət hüququnun olmasını araşdırıb düzgün hüquqi qiymət verməmiş, qeyd olunan torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, həmin mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən, cavabdehin və digər şəxslərin mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” JN:1625 kod 80202004 saylı dövlət aktı üzrə, Lənkəran rayonu, Liman şəhərində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı halları araşdırmadan, bu məqsədlə zəruri biliyin tələb edildiyi müvafiq ekspertizanın keçirilməsini təmin etmədən, qeyd olunan hissədə iddianın rədd edilməsi barədə nəticəyə gəlinmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. İddiaçının kassasiya şikayətində mübahisələndirilən “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsinə münasibətdə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı mübahisələndirilən hissədə apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə iştirak edə bilməyəcəyini bildirib, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı, apellyasiya baxışının predmetini təşkil edən “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya baxışının predmetini təşkil edən “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən X14 mülkiyyətinə verilmiş Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hissədə iş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: Torpağa mülkiyyət hüququna dair JN-1625, Kod 80202004 Dövlət Aktına əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən Lənkəran rayonu Port-İliç şəhər sakinləri X11, Cavabdeh və X5 cizgidə göstərilən sərhəd daxilində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir; Torpağa mülkiyyət hüququna dair JN-1626, Kod 80202004 Dövlət Aktına əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən Lənkəran rayonu Port-İliç şəhər sakini X16 cizgidə göstərilən sərhəd daxilində 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir; Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən 22 may 2020-ci ildə verilən ölüm haqqında şəhadətnamədən görünür ki, X20 16 may 2022-ci ildə ölmüşdür; Salyan rayon 2 saylı xüsusi notariat ofisinin notariusu M.Hüseynov tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə göndərilən 22 avqust 2022-ci il tarixli 645g nömrəli məktubda bildirilir ki, İddiaçı notariat ofisinə təqdim etdiyi anası X15 ölüm haqqında şəhadətnaməsindən və digər sənədlərdən məlum olur ki, o, həqiqətən Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən mərhumun qanun üzrə növbəli vərəsələrindən biridir. Mülki işin yeni apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2024-cü il tarixli 10/8641 nömrəli rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı əsasında JN-1626 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X14 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Liman (keçmiş Port-İliç) şəhəri ərazisində yerləşən 0.05 ha (453 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0.03 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur; Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı əsasında JN-1625 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı iiə X11 və ailə üzviəri Cavabdeh, X2 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Liman (keçmiş Port-İliç) şəhəri ərazisində yerləşən 0.14 ha (1361 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0.08 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********56 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənədici sənəd JN-1625 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) Cavabdeh, X6 və X4 mülkiyyətində olan 0.1361 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yuxarıda qeyd olunan JN-1625 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X3, Cavabdeh və X2 mülkiyyətində olan 0.14 ha (1361 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə eyni torpaq sahəsi olması müəyyən olunmuşdur; JN-1626 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı” ilə X14 mülkiyyətində olan 0.05 ha (453 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********56 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-1625 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) Cavabdeh, X11 və X2 mülkiyyətində olan 0.1361 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qonşu torpaq sahələri olması müəyyən olunmuşdur; JN-1626 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X14 mülkiyyətində olan Lənkəran rayonu, Liman (keçmiş Port-lliç) şəhəri ərazisində yerləşən 0.05 ha (faktiki 0.03 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh və ya digər şəxslər tərəfindən faktiki vəziyyətdə istifadə edilməməsi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunan hallarna əsasən iddiaçının cavabdehin qanunsuz sahibliyindən alınmasını tələb etdiyi Lənkəran rayonu Port-İliç şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Torpağa mülkiyyət hüququna dair JN-1626, Kod 80202004 Dövlət Aktına əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə iddiaçının anası Nağıyeva (Babayeva) Umi Mikayıl qızına ayrılan torpaq sahəsidir. Sonuncu 20 may 2020-ci ildə vəfat etmişdir. İddiaçı hazırda mərhum anasının yeganə birinci növbəli vərəsəsi olduğunu bildirərək, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq, ona verilməsi tələbini irəli sürür. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnaməsi olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). İş materiallarından mərhum Nağıyeva (Babayeva) Umi Mikayıl qızı tərəfindən vəsiyyətnamə qoyulmadığı müəyyən olunur, bu isə o deməkdir ki, qanun üzrə vərəsəlik qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən mərhum anası Nağıyeva (Babayeva) Umi Mikayıl qızının övladı olaraq birinci növbəli vərəsəsir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X17 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından qeyd etmişdir ki, bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki halda iddiaçı müvafiq tələblə 7 oktyabr 2022-ci ildə Lənkəran Rayon Məhkəməsinə müraciət etdiyindən, məhkəmənin icraatında olan mübahisə kimi Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarının təsiri altına düşür. Odur ki, İddiaçı tərəfindən mərhum anası Umi Nağıyevadan miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsini təsdiq edən, eləcə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağı sübut edən halları özündə əks etdirən heç bir sübut təqdim etməməsi əsasları ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşan hüquqi mövqeyə ziddir. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən, mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına aldığından, iddiaçı mirasqoyanın birinci növbəli vərəsəsi olaraq mirasqoyanın ölümü ilə mirasa açılan əmlakların özgəsinin qanunsuz sahibliyindən götürülməsi tələbini irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Torpağa mülkiyyət hüququna dair JN-1626, Kod 80202004 Dövlət Aktına əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə iddiaçının mərhum anası Nağıyeva (Babayeva) Umi Mikayıl qızına ayrılan Lənkəran rayonu Port-İliç şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması iş materialları ilə müəyyən olunmamışdır. Təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə həmin torpaq sahəsinin Cavabdeh və ya digər şəxslər tərəfindən faktiki vəziyyətdə istifadə edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini təşkil edən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməli, iddianın sübuta yetməməsi əsası ilə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(049)-3470/2022 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən X14 mülkiyyətinə verilmiş Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınmasının təmin olunmaması hissədə ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar