Məhkəmə qərarları › İş №2(106)-634/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-634/2023

02.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-634/2023 02.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh qızının, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 qızının, İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Qarayev Vüsal İlham oğluna qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5, Cavabdeh4 qızının, Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh3 qızının, Qarayev Vüsal İlham qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı miras əmlakın qəbul edilməsi faktının və mirasda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(032)-1498/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(032)-1498/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə İddiaçı tərəfindən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin mənzildə ¼ hissədə payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı dövlət notariat ofisinə həvalə edilməsi, qalan hissədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin mənzildə ¾ hissədə payının müəyyən edilməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə həvalə edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(032)- 1498/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, Şirvan şəhər Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli 2(032)-1498/2022 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin olunmamış hissəsində, qarşılıqlı iddia tələbinin təmin olunmuş hissəsində ləğv edərək, ilkin iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Şirvan şəhəri 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.1998-ci il tarixində vəfat etmiş qayınatası Qarayev Mətləb Şəbi oğlundan miras qalmış Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzildən xx.xx.2022-ci ildə vəfat etmiş əri Qarayev Zöhrab Mətləb oğluna çatan pay hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şirvan şəhəri 1 saylı notariat ofisinin notariusu Əlixan Şirinovun xx.xx.2022-ci il tarixli 418 saylı məktubunda MM-in 1246-cı maddəsinə istinad olunmaqla, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməməsi və mirasın qəbulu ilə bağlı müddətin buraxılması əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məktubda vərəsəyə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə biləcəyi və miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi qeyd olunmuş və bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulan müddətin buraxıldığına görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Adıçəkilən mənzil mərhum qayınatası Qarayev Mətləb Şəbi oğlundan miras qalmışdır. O, xx.xx.1998-ci ildə vəfat etmişdir. Əri Zöhrab Qarayev də adıçəkilən miras əmlakı üzrə vərəsəlik hüququna malikdir. Zöhrab Qarayevin xx.xx.2022-ci ildə, qayınatası Mətləb Qarayevin isə xx.xx.1998-ci il tarixində vəfat etməsinə baxmayaraq, mübahisə predmeti olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilə dair vərəsəlik açılmamışdır. Lakin buna baxmayaraq, həmin əmlakı miras əmlakı olaraq qəbul etdiyini nümayiş etdirməklə qəbul etmişdir. Əri Qarayev Zöhrab Mətləb oğlu ilə xx.xx.2005ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar və həmin ünvana daimi yaşamaq məqsədi ilə köçmüşdür. Onun cehiz əmlakları həmin ünvana yığılmış və hal-hazırda da ordadır. xx.xx.2008-ci il tarixdən hal-hazıradək qeyd olunmuş ünvanda pasport qeydiyyatındadır. 2008-ci ildən xx.xx.2022-ci ilə kimi, yəni əri Qarayev Zöhrab Mətləb qızının vəfat etdiyi tarixə kimi həmin evdə yaşamışdır. Bu müddət ərzində evin işıq, qaz, su, telefon istifadəsinə görə olan ödənişləri mərhum ərinin adı ilə ödənilmişdir. 2022-ci ildə digər vərəsələrin təzyiqi ilə evdən qovulmuş, bununla bağlı polis orqanlarına şikayət etmişdir. Məcburiyyət qarşısında qalaraq evdən çıxıb müvəqqəti yaşamaq üçün yaxın qohumlarının evinə köçmüşdür. Mübahisə predmeti olan mənzil hal-hazırda hər hansı bir şəxsin adına mülkiyyət hüquqi əsası ilə dövlət qeydiyyatına alınmamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, miras əmlakı olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və iş üzrə cavabdeh Şirvan şəhəri 1 saylı notariat ofisi üzərinə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və iş üzrə cavabdeh Şirvan şəhəri 1 saylı notariat ofisi üzərinə miras əmlakı üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Qarayev Vüsal İlham oğlu məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək bildirmişlər ki, qarşılıqlı iddia ərizəsi vasitəsilə verdikləri iddia tələbinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı heç bir aidiyyəti yoxdur. Belə ki, miras əmlak kimi göstərdikləri miras əmlaka sahib çıxmağı onlar da istəyir. Bu iddia tələbi hamı tərəfindən Şirvan şəhəri 1 saylı notariat ofisinə qarşı yönəlməlidir. Qarayevə Sənurə Nəsir qızı miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti bərpa edə bilməz, mirasın qəbul edilməsi vaxtını uzada bilməz və miras əmlakın qəbul edilməsi faktını müəyyən edib şəhadətnamə verilə bilməz. Həmçinin də birgə cavabdehlərdən heç biri onun tələbini yerinə yetirə bilməzlər. Bunların hamısını yalnız notariat orqanı edə bilər, yəni bu hüquq notariat orqanlarının səlahiyyətindədir. Ona görə də, belə tələb onlara qarşı yönəlməlidir. Şirvan şəhər 1 saylı notariat ofisinin notariusu Əlixan Şirvanovun xx.xx.2022ci il tarixli 417 saylı məktubunda MM-in 1243.2-ci və 1246-cı maddələrinə istinad olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməməsi və mirasın qəbulu ilə bağlı müddətin buraxılması əsası ilə onların üçünə də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məktubda vərəsəyə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə biləcəyi və miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi qeyd olunmuş və bu səbəbdən də, qanunvericilikdə nəzərdə tutulan müddətin buraxıldığına görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar “Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, müddətin uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi ilə 16 may 2022-ci il tarixdə hər biri ayrı-ayrılıqda ərizəçi kimi Şirvan şəhəri 1 saylı notariat ofisini də maraqlı şəxs kimi cəlb etməklə Şirvan Şəhər Məhkəməsinə müraciət etdilər. Onlardan əvvəl eyni məzmunlu ərizə ilə onlarla eyni hüquqlu vərəsə olan Qarayev Zöhrab Mətləb qızının arvadı İddiaçı artıq Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizələri bir icraatda birləşdirərək 2(032)- 884/2022 saylı 02 avqust 2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı və işdə maraqlı şəxs kimi tanınmış Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Qarayev Vüsal İlham qızının və Şirvan şəhəri 1 saylı notariat ofisinin də cəlb edilməsi ilə mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanıldı və ümumi əsaslarla iddia vermək hüquqlarının olduğu bildirildi. Yenidən ümumi iddia qaydasında Şirvan şəhəri 1 saylı notariat ofisini cavabdeh qismində cəlb etməklə “Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, müddətin uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi ilə iddia vermək istəyərkən məlum oldu ki, İddiaçı eyni məzmunlu iddia tələbi ilə iddia qaldırmışdır. Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzil mərhum atası Qarayev Mətləb Şəbi oğlundan miras qalmışdır. Bu 4 otaqlı sahəsi 82,77 kv.m olan mənzil ona 04 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən Böyük Vətən Müharibəsi iştirakçısı olduğu üçün əvəzsiz qaydada bağışlanılmışdır. Dövlət tərəfindən atasına bağışlanılmış mübahisə predmeti olan bu mənzil şəxsi (xüsusi) mülkiyyət olmasına baxmayaraq, bu günədək hər hansı bir şəxsin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Atası xx.xx.1998-ci ildə vəfat etmişdir. Atası Mətləb, daha sonra isə 2005-ci ildə anası Suriyyə vəfat etdikdən sonra onların övladları Cavabdeh4, Qarayev Səxavət Mətləb oğlu, Cavabdeh2, Cavabdeh3, Qarayev İlham Mətləb oğlu, Qarayev Zöhrab Mətləb oğlu və Qarayeva Sevda Mətləb qızı atasının adı çəkilən miras əmlakına qanun üzrə 1-ci dərəcəli vərəsələr olmuşlar. Amma atalarının vəfatından uzun illər keçməsinə baxmayaraq, onlardan heç biri, yəni nə qanun üzrə 1-ci dərəcəli vərəsələrdən heç biri, nə də sonradan irsi transmissiya üzrə vərəsə olanlar halhazırda mübahisə predmeti olan Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzlə dair vərəsəliklə bağlı heç bir yerə, o cümlədən də notariat orqanına müraciət etməmiş və vərəsəlik şəhadətnaməsi almamışdır, amma ataları vəfat edən gündən həmin miras əmlakı faktiki olaraq idarə etmiş və yiyələnmişlər. Birinci dərəcəli vərəsələrdən mübahisə predmeti olan mənzildə hal-hazırda heç kim qeydiyyatda yoxdur. Həmin mənzildə qeydiyyatda yalnız irsi transmissiya qaydasında vərəsələr olan vəfat etmiş Sevdanın qızı Cavabdeh1 iki övladı ilə birlikdə və xx.xx.2022-ci il tarixdə rəhmətə getmiş Qarayev Zöhrabın arvadı, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı qeydiyyatdadırlar. Cavabdeh1 iki övladı ilə birgə doğulduğu gündən bu günədək həmin ünvanda yaşayır. İddiaçı 2020-ci ildən etibarən orada yaşamır. Şirvan RİH-nin hüquq şöbəsinin müdiri olan qardaşı Fəxrəddinlə birgə başqa bir ünvanda yaşayır. İlkin iddia üzrə iddiaçı iddia tələbini əsaslandırmaq üçün 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minən Mülki Məcəllənin maddələrinə istinad etmişdir. Halbuki, onun göstərdiyi bu vərəsəlik işi üzrə 01 mart 1965-ci il tarixdən müəyyən dəyişikliklərlə 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin maddələrinə istinad edilməli idi, çünki vərəsəlik üzrə olan mülki münasibətlər miras əmlak qoyan Qarayev Mətləb Şəbi qızının xx.xx.1998-ci ildə vəfat etməsi ilə bağlı əmələ gəlmişdir. Miras əmlakı olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Qarayev Vüsal İlham oğlu məhkəməyə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişlər ki, İddiaçı öz iddia ərizəsində cavabdehlər kimi göstərdiyinə görə onlar da qarşılıqlı iddia ərizəsində cavabdeh kimi Şirvan şəhər 1 saylı notariat ofisini maraqlı şəxs kimi göstərmişlər. Hal-hazırda İddiaçı öz iddia ərizəsinə dəqiqləşmə verib, onları, yəni adları göstərilən 6 nəfəri cavabdehlər qarşısından çıxarıb 3cü şəxslər sırasına daxil etməsini göstərdiyinə görə onlar da müvafiq olaraq ilkin iddia üzrə İddiaçı siyahıya 3-cü şəxs kimi Şirvan şəhəri 1 saylı notariat ofisinin isə cavabdeh kimi hesab edilməsini və eyni qarşılıqlı iddia ərizəsinin “xahiş edirəm” hissəsində iş üzrə cavabdeh olan Şirvan şəhər 1 saylı notariat ofisinin üzərinə miras əmlakı üzrə yuxarıda göstərilən 6 nəfər şəxsə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsi barədə sözlərinin də əlavə edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsinə əsasən cavabdeh olan İddiaçı 3-cü şəxs, maraqlı şəxs kimi göstərilmiş Şirvan şəhər 1 saylı notariat ofisi cavabdeh kimi hesab edilməsi, miras əmlakı olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması, mirasda payların müəyyən edilməsi və iş üzrə cavabdeh Şirvan şəhəri 1 saylı Notariat Ofisi üzərinə miras əmlakı üzrə şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzil mərhum qayınatası Qarayev Mətləb Şəbi oğlundan miras qalmışdır. O, xx.xx.1998-ci ildə vəfat etmiş və əri Qarayev Zöhrab Mətləb oğlu da adıçəkilən miras əmlakı üzrə vərəsəlik hüququna malikdir. Zöhrab Qarayevin xx.xx.2022-ci ildə, qayınatası Mətləb Qarayevin xx.xx.1998-ci il tarixində vəfat etməsinə baxmayaraq mübahisə predmeti olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilə dair vərəsəlik açılmamışdır. Lakin, buna baxmayaraq, o həmin əmlakı miras əmlakı olaraq qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul etmişdir. Mərhum əri Qarayev Zöhrab Mətləb oğlu ilə xx.xx.2005-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşdur. Ailə həyatı qurarkən həmin ünvana daimi yaşamaq məqsədi ilə köçmüş, cehiz əmlakları da həmin ünvana yığılmış və hazırda da oradadır. xx.xx.2008-ci il tarixdən hal-hazıradək qeyd olunmuş ünvanda pasport qeydiyyatındadır və 2008-ci ildən xx.xx.2022-ci ilə kimi, yəni əri Qarayev Zöhrab Mətləb oğlunun vəfat etdiyi günə kimi həmin evdə yaşamışdır. Bu müddət ərzində evin işıq ,qaz, su, telefon istifadəsinə görə olan ödənişləri mərhum ərinin adı ilə ödənilmişdir. “Azəriqaz” və "xxxx" ASC tərəfindən verilmiş abonent kartından göründüyü kimi Şirvan şəhəri Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilin abonenti-istehlakçısının Qarayev Zöhrab Mətləb oğlunun olması və müvafiq kommunal xidmətlərin də onun tərəfindən ödənilməsi müəyyən olunur. 2022-ci ildə digər vərəsələrin təzyiqi ilə evdən qovulmuşdur. Bununla bağlı polis orqanlarına da şikayət etmiş, məcburiyyət qarşısında qalaraq evdən çıxıb müvəqqəti yaşamaq üçün yaxın qohumlarımın evinə köçmüşdür. Lakin buna baxmayaraq, həmin evdə yeganə yaşayan şəxs özü olmuşdur. Heç təsadüfi deyil ki, evin qapısının açarları da onda olmuşdur. Cavabdehlər ifadələrində özləri də təsdiq edir ki, o, xəstəxanada olduğu üçün evin açarlarını ondan almışlar. İşin hallarından görünüdüyü kimi mübahisə predmenti olan mənzil hal-hazırda hər hansı bir şəxsin adına mülkiyyət hüquqi əsası ilə dövlət qeydiyyatına alınmamışdır. İş materiallarından görünür ki, məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsini qismən təmin edərkən miras əmlakının payçısı olmuş mərhum qayınatam Qarayev Mətləb Şəbi oğlu vəfat edərkən əri Qarayev Zöhrab Mətləb oğlunun adı çəkilən evdə yaşamaması və qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 isə həmin evdə yaşaması faktına istinad etmişdir. Mərhum əri Qarayev Zöhrab Mətləb oğlu Rusiya Federasiyasında olan nikaha girmiş olduğu arvadından rəsmi qaydada ayrılması ilə bağlı yaranmış problemlərlə əlaqədar adıçəkilən evdə yaşamamış, problemləri həll etdikdən sonra Azərbaycan Respublikasına qayıtmışdır. Göründüyü kimi, Qarayev Zöhrab Mətləb oğlu ilkin miras əmlakı açılarkən üzrlü səbəbdən kənarda olmuşdur. Cavabdeh1 isə ilkin miras açılarkən həmin evdə yaşasa da, ailə həyatı qurduqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Məhkəmənin mübahisə üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozması həyat yoldaşı Qarayev Zöhrab Mətləb oğlunun mirası qəbul etməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ailə həyatı qurduqdan sonra Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzildə deyil, başqa ünvanda yaşaması səbəbindən həmin mənzili faktiki olaraq qəbul edilməməsinin nəzərə almamasında ifadə olunur. Məhkəmə iddia tələbini qismən təmin edərkən əri Qarayev Zöhrab Mətləb oğlunun mirası qəbul etməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ailə həyatı qurduqdan sonra miras əmlakı olan mənzildə deyil, başqa ünvanda yaşaması səbəbindən həmin mənzili faktik olaraq qəbul etməməsinə dair faktiki hallar üzrə araşdırma aparmamışdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən bununla bağlı qənaətini mötəbər sübutlara deyil, daha çox cavabdehlərin ifadələri ilə əsaslandırmışdır. 25 aprel 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, mərhum həyat yoldaşı Qarayev Zöhrab Mətləb oğlu ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurarkən həmin ünvana daimi yaşamaq məqsədi ilə köçmüş, cehiz əmlakı da həmin ünvana yığılmışdır. xx.xx.2008-ci il tarixdən hal-hazıradək qeyd olunmuş ünvanda pasport qeydiyyatındadır. 2008-ci ildən xx.xx.2022ci ilə kimi, yəni həyat yoldaşı olmuş Qarayev Zöhrab Mətləb oğlunun vəfat etdiyi günə kimi həmin evdə yaşamışdır. Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzil mərhum qayınatası Qarayev Mətləb Şəbi oğlundan miras qalmışdır. O, xx.xx.1998ci ildə vəfat etmişdir. Həyat yoldaşı olmuş Qarayev Zöhrab Mətləb oğlu da adıçəkilən miras əmlakı üzrə vərəsəlik hüququna malikdir. Zöhrab Qarayevin xx.xx.2022-ci ildə qayınatası Qarayev Mətləb Şəbi oğlunun xx.xx.1998-ci il tarixində vəfat etməsinə baxmayaraq, mübahisə predmeti olan Şirvan şəhəri Energetik küçəsi, 3 saylı evdə yerləşən 33 saylı mənzilə dair vərəsəlik açılmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb, Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-cü il tarixli 2(032)-1498/2022 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 izahat verərək göstərmişdir ki, İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, məhkəmənin mübahisə üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozması həyat iddiaçının mərhum yoldaşı Qarayev Zöhrab Mətləb oğlunun mirası qəbul etməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ailə həyatı qurduqdan sonra Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzildə deyil, başqa ünvanda yaşaması səbəbindən həmin mənzili faktiki olaraq qəbul edilməməsini nəzərə almamasında ifadə olunur. Məhkəmə iddia tələbini qismən təmin edərkən həyat iddiaçının mərhum əri Qarayev Zöhrab Mətləb oğlunun mirası qəbul etməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ailə həyatı qurduqdan sonra miras əmlakı olan mənzildə deyil, başqa ünvanda yaşaması səbəbindən həmin mənzili faktik olaraq qəbul etməməsinə dair faktiki hallar üzrə araşdırma aparmamışdır. Mərhum Qarayev Zöhrab Mətləb oğlu Rusiya Federasiyasında yaşadığı müddətdə atası mərhum Qarayev Mətləb Şəbi oğlu vəfat edərkən və onun Azərbaycan Respublikasına gəlməsi mümkün olmadığından Zöhrab Qarayev miras kütləsinə daxil edilməmişdir. İş materiallarından görünür ki, məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsini qismən təmin edərkən miras əmlakının payçısı olmuş iddiaçının mərhum qayınatası Qarayev Mətləb Şəbi oğlu vəfat edərkən iddiaçının əri mərhum Qarayev Zöhrab Mətləb oğlunun adı çəkilən evdə yaşamaması və qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 isə həmin evdə yaşaması faktına istinad etmişdir. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, İddiaçı mərhum əri, həmçinin də irsi trasmissiya qaydasında vərəsə olan onun özü bütün miras əmlaka deyil, yalnız mərhum ərinin anasına, yəni qaynanasına aid olan hissədə digər vərəsə olan baldızı Sevda ilə birgə, miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirməklə miras əmlaka sahiblik etmişlər. Belə ki, miras qoyan Qarayev Mətləb vəfat etdikdən sonra həmin vaxt miras əmlakda paylar müəyyən olunsa idi, haqqında danışılan miras əmlak bu miras əmlaka sahiblik etmiş 2 vərəsə (miras qoyanın arvadı və qızı) arasında bölünəcəkdi, başqa heç bir vərəsəyə müddəti ötürdüklərinə və mirasa sahiblik etmədiklərinə görə bu mirasdan pay düşməyəcəkdi, necə ki, hal-hazırda bu mülki iş üzrə 5 vərəsəyə (Cavabdeh4, Cavabdeh3, Cavabdeh3, Qarayev Vüsal İlham oğlu və Cavabdeh5) müddəti ötürdüklərinə və miras əmlaka faktiki sahiblik etmədiklərinə, yiyələnmədiklərinə görə pay düşmədi. Sonradan gəlib həmin mənzildə yaşayan vərəsə, iddiaçı Sənurənin mərhum əri Zöhrab isə digər vərəsə bacısı Sevda ilə birgə miras əmlakın yalnız mərhum anasına məxsus olan hissəsinə sahiblik etmişdir. Bütün yuxarıda göstərilənləri nəzərə alan məhkəmə buna görə də, miras əmlakda payları müəyyən edərkən 1 pay iddiaçı Sənurəyə, 3 pay isə cavabdehə verilməsini, yuxarıda göstərilən digər 5 vərəsəyə isə pay ayırmadan iddialarının təmin edilməməsini qət etmişdir. Apellyasiya şikayətinin dəlillərdən biri Cavabdeh1 miras əmlakı açılarkən həmin mənzildə qeydiyyatda olub yaşasa da, ailə həyatı qurduqdan sonra daimi yaşamaq üçün başqa yerə getməsi olmuşdur. İddiaçının qaynatası Mətləbin, həmçinin də qaynanası Suriyyənin mirası ilə bağlı vərəsəlik açılmalı olarkən Aynur yox, rəhmətlik anası vərəsə olmuşdur. O, yalnız 2015-ci ildə anası Sevda vəfat etdikdən sonra irsi transmissiya qaydasında vərəsə olmuşdur. Cavabdeh1 anadan olan gündən bu günədək həmin mənzildə yaşayır və qeydiyyatdadır. Apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh1 məhkəmədə Vəkil2 izahatına uyğun izahat vermişdir. Cavabdeh5 məhkəmədə Vəkil2 izahatına uyğun izahat vermişdir. 24 may 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh4 izahatında göstərmişdir ki, İddiaçı mərhum qardaşı Səxavət Qarayevin 2-ci arvadı olub. Biz İddiaçı ona düşən paydan imtina edərsə, qarşılığında 10000 manat məbləğində pul təklif edirlər. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçının mərhum əri Qarayev Zöhrab Mətləb oğlunun 1-ci arvadından Ukrayna Respublikasında Qarayev Ruslan Zöhrab oğlu və Qarayev Eldar Zöhrab oğlu 2 nəfər övladı vardır. İddiaçıya ayrılmış 1/4 paydan mərhum Zöhrab Qarayevin də 2-ci arvadından olan övladlarının da payları vardır. Hazırda onları məhkəmə iclasında təmsil etmək üçün ona etibarnamədə göndərmişlər. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mərhum Zöhrab Qarayevin Qarayev Ruslan Zöhrab oğlu və Qarayev Eldar Zöhrab oğlunun maraqlarına toxunur. Çünki onların da Zöhrab Qarayevə düşən vərəsəlik payında məcburi payları vardır. İddaçı ilə razılaşmadıqları təqdirdə, mərhum Zöhrab Qarayevin övladları Qarayev Ruslan Zöhrab oğlu və Qarayev Eldar Zöhrab oğlu öz hüquqlarından istifadə edəcəklər. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(032)-1498/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev Zöhrab Mətləb oğlu ilə Səfərova Sənurə Nəsir qızı 11 noyabr 2005-ci il tarixdə evlənmişlər. İşdə olan Ölüm haqqında arayışın surətindən görünür ki, Qarayev Mətləb Şəbi oğlu 06 oktyabr 1998-ci ildə ölmüşdür. İşdə olan Nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, Qarayev Zöhrab Mətləb oğlu ilə Qarayeva Tatyana İvanovna arasında olan nikah 25 dekabr 2001-ci il tarixdə pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnizbati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2018-ci il tarixli 323 nömrəli arayışdan görünür ki, xx.xx.1998-ci il tarixə qədər ünvan 2 ünvanında qeydiyyatda olmuş, yaşamış Qarayev Mətləb Şəbi oğlunun ailə tərkibi Qarayeva Suriyyə Hüseyn qızından, Qarayev Səxavət Mətləb oğlundan, Qarayev İlham Mətləb oğlundan, Qarayeva Sevda Mətləb qızından, Qarayeva Sədaqət Mətləb oğlundan, Cavabdeh2, Cavabdeh4 və Qarayev Zöhrab Mətləb oğlundan ibarətdir. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzil tam mülkiyyət hüququ üzrə Qarayev Mətləb Şəbi oğlunun adına Əli-Bayramlı (indiki Şirvan) şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli qərarı əsasında qeydiyyata alınmışdır. İşdə olan Şirvan şəhəri 1 saylı notariat ofisinin İddiaçı ünvanlanmış 04 aprel 2022-ci il tarixli məktubundan görünür ki, notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizənin verilməməsi, mirasa sahiblik və ya idarə olunması barədə sübutlar təqdim edə bilməməyi mirası qəbul etməməyi anlamına gəlir, odur ki, müddətin bərpası bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunur. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 1079 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanda yaşayan 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə “Sol ayaq darağının əsasının yerdəyişməyən sınığı” diaqnozu ilə müraciət etmişdir. Həmin tarixdən xəstəyə xəstəlik vərəqəsi açılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/4739 nömrəli məktubundan görünür ki, Qarayev Zöhrab Mətləb oğlu xx.xx.2017-ci il tarixdə Azərbaycana giriş-çıxış etmişdir. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 09 dekabr 2022-ci il tarixli, 852№ məktubunda göstərilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü Baxşıyeva Aynur Ərəstun qızı və xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda göstərilən ünvanda heç kim yaşamır. İşdə olan Şirəliyev Mehman Sərhəd oğlu, Quliyeva Məlahət Əliş qızı, Bəgaliyeva Mətanət Səfərxan qızı, Hüseynova Həcər Zöhrab qızı, Rüstəmov Aləddin Rüstəm oğlu (qonşular) imzaları ilə doğruluğunu təsdiq etdikləri xx.xx.2022-ci il tarixli aktda göstərmişlər ki, İddiaçı əri Qarayev Zöhrab Mətləb oğlu ilə birlikdə 15 ildən artıq müddətdə Şirvan şəhəri Energetik küçəsi 3 saylı binanın 33 saylı mənzilində xx.xx.2022-ci ilə kimi yaşamışlar və birgə təsərrüfat aparmışlar. İşdə olan İddiaçı Şirvan şəhər Polis Şöbəsinə ünvanladığı ərizəsində həyat yoldaşı Qarayev Zöhrab Mətləb oğlunun ölümündən sonra qaynı oğlu Qarayev Fərid Siyasət oğlunun ona təzyiq və hədə-qorxu gələrək yaşadığı Şirvan şəhəri Energetik küçəsi 3 Saylı evin 33 saylı mənzilə buraxmadığını və cehiz, şəxsi əşyalarının, sənədlərinin həmin mənzildə qaldığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri Energetik küçəsi 3 Saylı evin 33 saylı mənzili xx.xx.1991-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Qarayev Mətləb Şəbi oğlunun mülkiyyətindədir. İşdə olan “Azəriqaz” və "xxxx" ASC tərəfindən verilmiş abonent kartına əsasən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilin abonenti-istehlakçısının Qarayev Zöhrab Mətləb oğlunun olması və müvafiq kommunal xidmətlərin də onun tərəfindən ödənilməsi müəyyən olunur. Habelə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qarayeva Gülxar Camal qızı və Qarayeva Samirə Məmməd qızının ifadələrindən görünür ki, Şirvan şəhəri Energetik küçəsi 3 saylı evin 33 saylı mənzili ilk öncə Qarayev Mətləb Şəbi oğluna işi ilə əlaqədar bağışlanmış, o 1998-ci ildə vəfat etdikdən sonra həmin mənzildə onun arvadı və qızı Qarayeva Sevda Mətləb qızı, nəvəsi Sevdanın qızı Baxşıyeva Aynur Ərəstun qızı yaşamışlar. Daha sonra Qarayev Zöhrab Mətləb oğlu Ukraynadan qayıtmış və anası, bacısı və bacısının qızı ilə birlikdə həmin mənzildə yaşamışlar. Qarayev Zöhrab Mətləb oğlu atasının yas mərasimində iştirak etməmiş, atası öləndən bir neçə il sonra Azərbaycana qayıtmışdır. Təxminən 2005-ci ildə Qarayev Zöhrab Mətləb oğlu İddiaçı ilə evlənmişlər və Sənurə həmin evə köçərək uzun müddət ərzində Şirvan şəhəri Energetik küçəsi 3 saylı evin 33 saylı mənzildə birgə yaşamışlar. Qarayev Mətləb Şəbi oğlunun arvadı vəfat edəndən sonra isə həmin evdə Qarayev Zöhrab Mətləb oğlu, Sənurə, Qarayeva Sevda Mətləb qızı və Baxşıyeva Aynur Ərəstun qızı yaşamışlar. Aynur ərə gedəndən sonra ərinin maddi durumu pis olduğuna görə o da yeni doğulmuş uşaqları və əri ilə birlikdə həmin mənzildə yaşamışlar. Lakin yenə tərəflər arasında ailə daxilində münaqişə olduğundan Aynur bir müddət ərinin Xızıdakı evində də qalıb. Qarayeva Sevda Mətləb qızı rəhmətə gedəndən sonra isə Baxşıyeva Aynur Ərəstun qızı yenə əri və uşaqları ilə birlikdə orada yaşamağa davam edib. Lakin Sənurə həmin evdə onlara rahat yaşamağa imkan vermədiyinə görə o məcbur qalıb əri ilə birlikdə başqa yerdə kirayə yaşamışdır. Lakin müəyyən vaxt fasilələri ilə həmin evə qayıtmışdır. Zöhrab içkidən suiistifadə etdiyindən tez-tez arvadı Sənurə ilə aralarında mübahisələri düşmüş, Zöhrab onu evdən qovalamışdır, artıq uzun müddət, yəni təxminən 2 il ərzində Sənurə həmin evə getməyə qorxmuşdur. Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(032)-1498/2022 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə İddiaçı tərəfindən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin mənzildə ¼ hissədə payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı Dövlət notariat ofisinə həvalə edilməsi, qalan hissədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin mənzildə ¾ hissədə payının müəyyən edilməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə həvalə edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmiş və məhkəmə qətnaməsində aşağdakı qanunvercilik normalarına istinad etmişdir: Azərbaycan SSR-nin 1964-cü il tarixli Mülki Məcəlləsinin; 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılığını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Habelə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli qərarı). MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzilinin faktik olaraq onun tərəfindən qəbul edilməsinə dair dəlili üzrə qeyd edir ki, həmin dəlil hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, dəlilin hüquqi dəyərləndirilməsi zamanı kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilməlidir ki, mübahisəli Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzilinin mülkiyyətçiləri (Qarayev Mətləb Şəbi oğlu və Qarayeva Suriyyə Hüseyn qızı) vəfat etdikdən sonra həmin mənzildə miras payları olan şəxslərin siyahısı iş materiallarından (səh. 27) görünür. Hazırkı qətnamədən yalnız İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən 14 oktyabr 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqe baxımından və müəyyən edilən halın apellyasiya şikayəti verən şəxsin üstün mənafeyinə zidd olaraq dispozitivlik prinsipinin pozulması ilə nəticələnə biləcəyindən miras əmlakın faktiki qəbulu səbəbi ilə apellyasiya şikayətinə əsasən İddiaçı daha çox payın müəyyən edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Beləliklə, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət və prosessual qənaət prinsiplərinə istinadən İddiaçı birinci instansiya məhkəməsində olan proses zamanı, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzil ona düşən payın daha çox olmasını sübut edə bilməmişdir. Kollegiya eyni zamanda, diqqətə çatdırır ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin göstərilən, heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə, İddiaçı tərəfindən dəlillərə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(032)-1498/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(032)-1498/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar