Məhkəmə qərarları › İş №2(106)-637/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-637/2025

16.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-637/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X6 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, X14, X7, X18 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb olunmaqla “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(032)-1244/2024 saylı qətnaməsindən (hakim A.Məmmədli) Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri və həmin evdə yaşamalarına maneçilik törədilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 1 mart 2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Birgə nikahdan 30 aprel 2009-cu il tarixdə X9, 11 may 2010-cu il tarixdə X22 adlı övladları olmuşdur. Ailə qurduqdan sonra bir neçə il ünvan 2 ünvanında yaşamışlar. Həmin mənzil Əli-Bayramlı şəhər X17 İcraiyyə Komitəsinin qərarı ilə İddiaçı1 mərhum atası X3 verilmişdir. Mənzilin orderində İddiaçı1 adı vardır. İddiaçılar ailə qurduqları vaxtdan bir neçə il qeyd edilən mənzildə yaşamışlar, sonra kirayə mənzildə yaşamışlar. Hal-hazırda ünvan 2 ünvanında yerləşən mənzilə köçmək istəsələr də, cavabdeh onların həmin mənzilə köçmələrinə mane olur. Cavabdehin adı orderdə yoxdur və yalnız qeyd edilən mənzilə pasport qeydiyyatı vardır. X10 vəfat etmişdir. İddiaçı1 qeyd edilən mənzilə vərəsə kimi pay hüququ da vardır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Qardaşı İddiaçı1 və onun arvadı İddiaçı2 ona qarşı irəli sürmüş olduğu tələbi qanunsuz və əsassız hesab edir. Belə ki, anası X14 23 aprel 1979-cu ildə atası X11 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmiş və birgə nikahlarından 6 övladları olmuşdur. X34 7 iyun 2011-ci ildə vəfat etmiş və anası onun qanun üzrə birinci dərəcə vərəsəsidir. ünvan 3 ünvanda yerləşən mənzilə anasının qanun üzrə vərəsəliyi təsdiq olunmuş və ona çıxarış verilmişdir. Bu mənzil 4 otağı olmaqla 50.15 kv.metr sahayə malikdir. Mənzildə anası Şamama Şəkərova, qardaşı Şəkərov Səlimnur, İddiaçı1, oğlu X19 və oğlu X23 və o, qeydiyyatdadırlar. Bunlardan savayı mənzildə arvadı X12, qardaşı Səlimnur Şəkərovun arvadı X13 da faktiki surətdə yaşayırlar. Qardaşı İddiaçı1 11 mart 2009-cu ildə İddiaçı2 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmiş və 2010-cu ilin əvvəllərində qaynanası Nailə Əliyevanın evinə köçüb orada yaşamağa başlamışdır. O, ailəsi ilə 2011-2012-ci ildən etibarən bu günə kimi Şirvan şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Hazırda da yaşamaqdadır. Onların Şirvan Şəhər Məhkəməsində anasına məxsus olan mənzillə bağlı ona qarşı “evə köçürmə tələbinə dair” iddia qaldırması absurddur. Ev anasına məxsusdur və mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. Mənzildə sıxlıqdır və özləri güclə yerləşmişlər. Anasının qardaşı İddiaçı1 ilə yaşayış evi barəsində payların qanunda nəzərdə tutulmuş qaydalara uyğun olaraq müəyyənləşdirilməsi üzrə aralarında razılıq baş tutmamışdır. O, mənzildən ona təklif olunan məbləğlə razılaşmamış və ona bir otaqlı mənzilin pulunun verilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. X14, X7, X18 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərərk təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyətək rədd olunmasını xahiş edib, iddiaya qarşı vermiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vermişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərdən X18 və X8 izahat iddianın təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(032)-1244/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları ilə birlikdə Şirvan şəhəri Xəqani küçəsində yerləşən 17 saylı evin 37 nömrəli mənzilinə (Yeni qaydalarla Şirvan şəhəri Xaqani Şirvani küçəsi giriş 278, M4, m 1) köçürülmələri, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərclərinin 1/2 hissəsi cavabdehə aid edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsümunun 50 (əlli) manat hissəsinin Cavabdeh alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin olunan hissəsində ləğv olunaraq, həmin hissədə də, rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsinin və iddiaya qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunlarına istinad olunmuş və belə əsaslandırma gətirilmişdir ki, qardaşı X15 11 mart 2009-cu ildə İddiaçı2 ilə nikahlarını rəsmi surətdə qeyd etdirməklə evlənmişlər. 2010-cu ilin əvvəllərində qaynanası Nailə Əliyevanın evinə köçüb orada yaşamağa başlamışdır. O, ailəsi ilə 2011-2012-ci ildən etibarən bu günə kimi Şirvan şəhərində müxtəlif ünvanlarda yaşamışdır, hazırda yaşamaqdadırlar. Mənzilə dair çıxarış mövcuddur, həmin çıxarış anası X5 məxsusdur. Anası da iddiaçıların həmin mənzilə köçürülmələrinə razı deyil, onların birgə yaşamaları mümkün deyil. Məhkəmə iddia tələbini qismən təmin edərkən mübahisıli mənzilin anası X4 mülkiyyətində olması və iddiaçının ailəvi olaraq həmin mənzildən başqa ünvana köçməsi faktını aydınlaşdırılmamışdır. c)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı iddiaçılar İddiaçı1 və İddiaçı2 yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş emtişlər. Etiraz onunla əsaslandırlmışdır ki, apellyasiya şikayətinin dəlillərini əsassızdır. Belə ki, Şirvan şəhəri, Xəqani küçəsi ev 17, mənzil 37 saylı mənzil 6 nəfər şəxsin, o cümlədən də İddiaçı1 Ələsər oğlunun ümumi birgə mülkiyyətindədir. Cavabdeh Ələsgər oğlu mülkiyyətçi deyil, lakin hal-hazırda qeyd edilən mənzildə öz həyat yoldaşı və övladları ilə birlikdə yaşayır və iddiaçıların həmin mənzildə yaşamasına maneəçilik törədir. Bundan əlavə, Cavabdeh birinci instansiya məhkəməsində ərizə verərək onların mübahisəli mənzildə yaşamalarına maneəçilik törətməyəcəyini bildirmişdir. Belə olan halda cavabdehin heç bir əsası olmayan apellyasiya şikayəti ilə apellyasiya instansiya məhkəməsinə müraciət etməsi başa düşülən deyil. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şiakyətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etməklə, qətnamə tam mübahisələndirilmişdir. Оna görədə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşaıdakılar müəyyən edilmişdir: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X20 ilə xx.xx.1979-cu ildə nikaha daxil olmuşlar, nikah bağlanandan sonra ərə Şəkərov, arvada Şəkərova soyadı verilmişdir. Əli-Bayramlı şəhər X17 İcraiyyə Komitəsi tərəfindən 29 dekabr 1988-ci il tarixdə verilmiş 1020 saylı orderin surətindən görünür ki, Şirvan şəhəri Xəqani küçəsi 17 saylı evin 37 nömrəli mənzili X11 və ailə üzvləri Şəkərova Şamama, Şəkərova Minayə, İddiaçı1, Şəkərova Vəfa və Şəkərova Ülviyyəyə verilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X21 ilə 11 mart 2009-cü ildə nikaha daxil olmuşlar, nikah bağlanandan sonra ərə Şəkərov, arvada Şəkərova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 aprel 2009-cu ildə Sabirabad rayonu Qaragüney kəndində doğulmuş X1 atası İddiaçı1, anası İddiaçı2dır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 may 2010-cu ildə Şirvan şəhərində doğulmuş X16 atası İddiaçı1, anası İddiaçı2dır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 7 iyun 2011-ci ildə Şirvan şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 iyun 2011-ci ildə 234 nömrə ilə qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 avqust 2024-cü ildə verilmiş **********46-05101-093064 reyestr nömrəli çıxarışdan görünür ki, mübahisəli ünvan 3 (yeni qaydalarla Şirvan şəhəri, Xaqani Şirvani küçəsi, giriş 278, M4, m 1) mənzili xüsusi mülkiyyət hüququ əsasında X14, X11, X7, İddiaçı1, X18 və X2 ümumi birgə mülkiyyətindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, mübahisələndirlən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, iddiaçılardan İddiaçı1 mübahisəli mənzil üzərində 1/6 hissədə pay hüququna malik olmaqla mülkiyyətçi kimi öz əmlakından sərbəst istifadə etmək hüququna malikdir və bu hüququn məhdudlaşdırılması yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(032)-1244/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar