Məhkəmə qərarları › İş №2(106)-639/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-639/2023

27.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-639/2023 27.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli e-2(049)-991/2023 saylı qərardadından (hakim M.Qasımov) cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi” tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi”nə qarşı “işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 fevral 2023-cü ildə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli e-2(049)-991/2023 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə baxışına hazırlıq iclası 23 fevral 2023-cü il tarixinə saat 10:30-a təyin olunaraq, tərəflərə rəsmi bildiriş göndərilmişdir. Cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi” İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə 20 fevral 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, kooperativə məxsus möhürlərin, seyf açarlarının, kooperativin hüquqi, maliyyə, kadrların uçotu sənədlərinin, kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin alınaraq ümumi yığıncağın sədrinə və ya kooperativin icra orqanına təqdim olunmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kommersiya hüuquqi şəxslərin rəsmi reyestrindən 23 dekabr 2022-ci il tarixdə verilmiş çıxarışa əsavsən “Cənub Mənzil Tikinti Kooperativi”nin hazırki qanuni təmsiçisi X2 tərəfindən imzalanmışdır. Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli e-2(049)-991/2023 saylı qərardadı əsasında qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 155.3, 149.1 və 152.1.2-ci maddələrinə istinadla hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi qanuna uyğun qaydada kooperativin müvafiq möhürü ilə təsdiqlənmədiyindən, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilməlidir. Qərardaddan cavabdeh şikayət verərək ləğv edilməsini və qarşılıqlı iddianın məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,t məhkəmənin qərardadın qəbul olunması üçün əsas götürdüyü müddəa qanunvericiliyin “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı tələblərini pozur. Lənkəran Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə iddia ərizəsini Mülki Prosessual Məcəllənin 155.3, 149.1 və 152.1.2-ci (iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda) maddələrinə istinadla geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Belə ki, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində) ərzində verilməlidir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir; 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə: Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur; Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, məhkəmə qarşılıqlı iddianın səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını məhz hüquqi şəxsin adından verilmiş iddia ərizəsində hüquqi şəxsin möhürünün əks olunmaması ilə əsaslandırmışdır. Halbuki qarşılıqlı iddia üzrə irəli sürülən tələblərdən biri məhz hüquqi şəxsin möhürünün cavabdehdən alınmasıdır və görünən odur ki, qarşılıqlı iddianın müəssisənin möhürü ilə təsdiqlənməsi müəssisənin imkanı xaricində olmuşdur. Digər tərəfdən qarşılıqlı iddia ərizəsi Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kommersiya hüuquqi şəxslərin rəsmi reyestrindən 23 dekabr 2022-ci il tarixdə verilmiş çıxarışa əsavsən cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi”nin hazırki qanuni təmsilçisi X2 tərəfindən imzalanmışdır. Bunlardan da savayı iş materiallarında olan 23 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokoluna əsasən cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi”ni məhkəmədə nümayəndəsi kimi X1 sədri, hazırki qanuni təmsilçisi X2 tərəfindən 3 fevral 2023-cü il tarixdə verilmiş möhürsüz etibarnamə əsasında təmsil etmiş, məhkəmə onu səlahiyyətli şəxs kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə icraata qəbul etməyərək qaytaran birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları səhv təfsir və tətbiq edilmişdir. Bununla yanaşı kollegiya qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia verilərkən cavabdeh tərəfindən qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi iş materiallarından müəyyən olunmur, lakin nəqədərki, Mülki Prosessual Məcəllənin 151.3-cü maddəsi ilə müəyyən olunan müddət ötmüşdür və birinci instansiya məhkəməsi həmin əsasla iddia ərizəsini geri qaytarmamışdır, məhkəmə baxışı zamanı həmin Məcəllənin 259.0.12-ci maddəsinin tətbiqinin mümkünlüyü nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli e-2(049)-991/2023 saylı qərardadı prosessual hüquq normalarına riayət olunmadan çıxarıldığından ləğv edilməli, iddiaçının şikayəti əsaslı olduğundan təmin edilməli, cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi”nin İddiaçı qarşı “möhürün, açarların və sənədlərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş hesab olunaraq, mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Lənkəran Rayon Məhkəməsinə qöndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi”nin şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli e-2(049)-991/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh “Cənub Mənzil Tikinti Kooperativi”nin İddiaçı qarşı “möhürün, açarların və sənədlərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş hesab edilsin və mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü iş materialları Lənkəran Rayon Məhkəməsinə qöndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar