Məhkəmə qərarları › İş №2(106)-64/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-64/2023

19.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-64/2023 19.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı1, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil, Cavabdeh2, mübahisə predmeti üzrə mütəxəsis rəyi vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X7 iştirakları ilə, İddiaçı1 Cavabdeh2 qarşı "torpaq sahəsinin zəbtdən azad edilməsi, orada əkilmiş ağacların çıxarılması və inşa edilmiş tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli 2(018)-40/2022 saylı qətnaməsindən (hakim M.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı1 Cavabdeh2 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaqda əkilmiş ağacların çıxarılması və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayonu, Tüləgüvan kəndi ərazisində mülkiyyətində olan 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, orada əkilmiş sitrus ağaclarının çıxarılması və inşa edilmiş tikilinin sökülməsi, ödəmiş olduğu 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Astara rayonu, Tüləgüvan kəndi ərazisində 0.2934 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə hüquqları 14 aprel 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin torpaq sahəsini zəbt etmiş, torpağı çəpərə alaraq mandarin ağacları əkmiş və məhsulların saxlanılması üçün anbar tikmişdir. Bununla həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçının torpağını zəbt etməmişdir. 18 yanvar 2013-cü il tarixli AN-1-0329227 nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən Astara rayonu, Tüləgüvan kəndində 0.2934 hektar torpaq sahəsini, 21 fevral 2013-cü il tarixli AN-1N-0333134 nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən Astara rayonu, Tüləgüvan kəndində 0.2934 hektar torpaq sahəsini almışdır. Bundan başqa torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə 1498.9 kv.metr həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmçinin Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə 0.39 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Astara Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(018)-40/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etməmişdir. Astara rayonu, Tüləgüvan kəndində xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan kənd təsərrüfatı təyinatlı 0.2934 hektar torpaq sahəsi qanunsuz olaraq Cavabdeh2 təfindən zəbt olunmuş, orada sitrus ağacları əkilmiş, müəyyən tikililər inşa olunmuşdur. Ona məxsus olan sözügedən torpaq sahəsinin Plan ölçüləri mövcuddur, torpaq kadastrında döngə nöqtələri və yeləşmə mövqeyi dəqiq göstərilmişdir. Belə olan halda da bu kordinantlarla torpaq sahəsinin naturada yerinin GPS vasitəsi ilə müəyyən edilməsi hazırkı texniki imkanlar ilə asan bir işdir. Lakin bunun üçün bu sahədə xüsusi biliyə malik olan şəxslər və xüsusi avadanlıqlar lazımdır ki, araşdırma aparan məhkəməyə ekspert rəyi təqdim olunsun. Lakin nədənsə məhkəmə ekspertiza təyin etsədə, ekspertin müəyyən sənədlər istəməsindən sonra ekspertizanın keçirilməsindən yayınmışdır. İş materiallarından görünür ki, Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(018)717/2021 saylı qərardadı ilə onun xüsusi mülkiyyətində olan torpaq sahələrinin hüdudlarının Cavabdeh1 tərəfindən zəbt olunaraq, orada əkin-biçin işləri aparılmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi təyin olunmuşdur. Həmin qərardadla ekspertizanın keçirilməsi və bu sahədə xüsusi bilgisi olan şəxs tərəfindən rəy hazırlanması Azərbaycan Respublika Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin həmin Mərkəzin 18 oktyabr 2021-ci il tarixli 10/5471 nömrəli “Tədqiqat obyektinə baxış keçirilməsi və iş üzrə materialların təqdim edilməsi barədə" ekspert vəsatətinə əsasən ekspertizanın keçirilməsi 30 dekabr 2021-ci il tarixə təyin olunaraq müvafiq çatışmayan sənədlərin təqdim olunmasını MPM-nin 63.3-cü və 100-cü maddələrinə əsasən xahiş etmişdir. Ekspertizanın qarşısında qoyulmuş suallar üzrə ixtisaslı araşdırma aparılmasını təmin etmək üçün ekspertin istədiyi sənədlər təqdim olunmadığından, ekspertiza keçirilməsi mümkün olmamış və iş üzrə materiallar geri qaytarılmışdır. Çünki ekspertiza işin düzgün həllindən ötrü önəmli olan faktları aşkar etmək məqsədi ilə ekspert məhkəmənin verdiyi suallar üzrə təqdim olunmuş obyekti qanunla müəyyən edilmiş prosessual qaydada elmi əsaslarla araşdırmalıdır. Bunun üçün də ona şərait yaradılmalı və zəruri sənədlər təqdim olunmalıdır. Ekspert də haqlı olaraq bu vəsatəti vermişdir, lakin məhkəmə əsassız və MPM-nin tələblərinə zidd olaraq bunu ekspertin müvafiq rəyi verməkdən yayınması kimi qiymətləndirərək, "X1" 24 avqust 2021-ci il tarixdə verdiyi 381 saylı mütəxəsis rəyi ilə kifayətlənməyi əsaslı hesab etmişdir. Bununla məhkəmə MPM-nin 97-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmədə belə olan halda çatışmayan və ekspertiza keçirilməsi üçün lələb olunan sənədləri işə əlavə edib Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələblərinə əsasən, əgər tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, gərəkli tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ekspertizanın gərəkli elementi araşdırmadır. Hər hansı sahədə özəl bilikləri olan şəxs heç bir araşdırma aparmadan məhkəmənin suallarına cavab verirsə, bu ekspert rəyi yox, qoyulan suallarla bağlı elmi arayışdır. İşin halları ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları aydınlaşdırmaq üçün, yəni İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunaraq istifadə edilməsini aydınlaşdırılması xüsusi bilik tələb edən sahə olduğundan yalnız ekspert rəyi ilə müəyyən etməli olduğu halda, bu halı mütəxəsis rəti ilə müəyyən etmiş, baxmayaraq ki, elə həmin məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadı mövcud olmuşdur. Məhkəmə ekspertin MPM-nin 63.3 və 100 maddələrinin tələblərinə əsasən əlavə sənədlər tələb etməsi barədə vəsatətini nədənsə ekspertin rəy verməkdən yayınması kimi qiymətləndirmiş, daha sonra ekspertizanın keçirilməsindən imtina edərək, mütəxəsis rəyi ilə kifayətlənmişdir. Qeyd edilən bütün bu hallar birinci instansiya məhkəməsində araşdırılmalı olduğu halda araşdırılmamış və işə düzgün qiymət verilməmiş, nəticədə İddiaçı1 hüquqlarını kobud şəkildə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Bu səbəbdən də hesab edir ki, Astara Rayon Məhkəməsinin 2(018)-40/2022 saylı 1 mart 2022-ci il tarixli qətnaməsi iş üzrə ətraflı və obyektiv araşdırma aparılmadan qəbul olunduğundan ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi və əlavə olaraq izahatnda göstərdi ki, işin halları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsini X9 adlı şəxsdən notariat qaydasında bağlanmış alğı-satqı müqaviləsi əsasında almış, sonra hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirərək 14 aprel 2021-ci ildə çıxarış almışdır. İddiaçıya torpaq sahəsini satmış X4 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN-0030 Kod 80102038 Dövlət Aktının surətini təqdim edir. Həmin Dövlət aktına əsasən iddiaçının aldığı torpaq sahəsinin qonşuları nə cavabdeh, nədəki cavabdehə torpaq sahəsi satmış şəxslərdir. Təqdim edilmiş ekspert rəyi ilə razı deyildirlər, çünki rəydə onlara aid torpaq sahəsinin yerləşmə yeri düzgün müəyyən edilməmişdir. Ümumiyyətlə mülkiyyətlərində olan torpaq sahəsnin ölçüsü 0.2934 ha təşkil etdiyi halda, mütəxəsis rəyinə əlavə olan cizgidə bu ölçü 0.20 ha ölçüdə müəyyən edilmişdir. Hesab edirlər ekspertizanın rəyi düzgün verilməmişdir və təkrar ekspertizanın keçirilməsi zəruridir. Çünki mübahisəli torpaq sahəsini iddiaçıya satmış X4 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN-0030 Kod 80102038 Dövlət Aktında olan cizgidəki torpaq sahəsi ilə ekspertin rəyində müəyyən olunan torpaq sahəsi tamamilə fərqli yerlərdədir. Mütəxəsis rəyi ilkin torpaqayırma sənədi olan 30 saylı Dövlət Aktına, həmin akt əsasında verilmiş çıxarışa uyğun verilməyib. Torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi lə mütəxəsis rəyində göstərilən torpaq sahələri tamamilə fərqli yerlərdə yerləşən torpaqlardır. Məhkəmədə cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunlu izahat verərək təmin olunmamasını xahiş etdi, izahatında əlavə olaraq göstərdi ki, notariat qaydada bağlanmış alğı-satqı müqavilələrinə əsasən aldığı torpaq sahələrinə dair hüquqlarını Dövlət qeydiyyatına aldıraraq çıxarışlar almışdır, həmin çıxarışların surətlərin ekspertiza aparılan zaman mütəxəsislərə təqdim etmişdir. Hazırda bir surətlərini də məhkəmə kollegiyasına təqdim edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri üzrə aparılmış məhkəmə araşdırmasının nəticəsində mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə biləcək hər-hansı bir hal müəyyən olunmamışdır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 aprel 2021-ci il tarixdə verilmiş **********98 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Astara rayonu, Tüləgüvan kəndində 0.2934 ha kənd təsətrrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə İddiaçı1 adınadır. Çıxarışa torpaq sahəsinin koordinatlarını özündə əks etdirən Torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş satıcılar X10 və digərləri ilə alıcı Cavabdeh2 arasında 18 yanvar 2013-cü il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 30 dekabr 2012-ci ildə verilmiş 22-34-082 nömrəli arayışa əsasən Astara rayonu, Tüləgüvan kəndində yerləşən 0.2934 ha torpaq sahəsini 1500 manata sataraq alıcının mülkiyyətinə vermişlər. İş materiallarına əlavə edilmiş satıcılar X12 və digərləri ilə alıcı Cavabdeh2 arasında 21 fevral 2013-cü il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 30 dekabr 2012-ci ildə verilmiş ********** qeydiyyat nömrəli RX № ******* seriyalı çıxarış əsasında onlara məxsus olmaqla Astara rayonu, Tüləgüvan kəndində yerləşən 0.2934 ha torpaq sahəsini 1700 manata sataraq alıcının mülkiyyətinə vermişlər. İş materiallarına əlavə edilmiş JN-0014 Kod 80102038 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı əsasında Astara rayonu Tüləgüvan kənd sakinləri Cavabdeh2 və ailə üzvlərinə cizgidə göstərilən sərhəd daxilində 0.39 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq verilmişdir. İş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Astara rayonu Tüləgüvan kəndi ərazisində Cavabdeh2 1498.9 kv.metr həyətyanı torpaq sahəsi vardır və həmin sənəd Astara rayon aqrar İslahat Komissiyasının 11 dekabr 1998ci il tarixli 28 nömrəli qərarı əsasında ayrılmış torpaq sahəsinə tərtib edilmişdir. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur: 1) İş materiallarına əlavə edilmiş X9 və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli qərarı əsasında ayrılmış JN-0030 Kod 80102038 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edilsin? 2) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 aprel 2021-ci il tarixdə verilmiş **********98 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Tüləgüvan kəndində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 3) JN-0030 Kod 80102038 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən X9 və ailə üzvlərinə məxsus 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 aprel 2021-ci il tarixdə verilmiş **********98 reyestr nömrəli çıxarışda qeyd edilən İddiaçı1 məxsus Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları eynidirmi, üst-üstə düşürmü? 4) İş materiallarına əlavə edilmiş 25 dekabr 2012-ci ildə verilmiş **********185 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X5 məxsus olmuş (hansı ki, sonradan xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır) Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edilsin? 5) İş materiallarına əlavə edilmiş 30 dekabr 2012-ci ildə verilmiş **********33 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X8 məxsus olmuş (hansı ki, sonradan xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 0.2934 ha hissəsi Cavabdeh1 satılmışdır) Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.342301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edilsin? 6) İş materiallarına əlavə edilmiş (işin 26-30-cu vərəqləri) Cavabdeh2 və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli qərarı əsasında ayrılmış JN-0014 Kod 80102038 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (cizgidə 14 nömrə ilə qeyd edilmiş) koordinatları və döngə nöqtələri müəyyən edilsin? 7) İş materiallarına əlavə edilmiş (işin 36-37-ci vərəqləri) Cavabdeh2 Astara rayon Aqrar İslahatı Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı əsasında ayrılmış Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 1498.9 kv.metr həyətyanı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edilsin? 8) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 aprel 2021-ci il tarixdə verilmiş **********98 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Tüləgüvan kəndində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə 4-cü, 5-ci, 6-cı və 7-ci suallarda qeyd edilən torpaq sahələrinin koordinatların üst-üstə düşüb-düşməməsi müəyyən edilsin? 9) İddiaçı1 xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Tüləgüvan kəndində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin çəpərə alınıb-alınmaması, üzərində sitrus (mandarin) ağacları əkilməklə, məhsulun saxlanması üçün anbar tikilisinin inşa edilib-edilməməsi müəyyən edilsin? 10) İddiaçı1 xüsusi mülkiyyətində olmaqla Astara rayonunun Tüləgüvan kəndində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması, olundu halda hansı hissədə zəbt edildiyi müəyyən edilsin? 11) Ekspert iş üçün əhəmiyyət kəsb edən, lakin qarşısında qoyulmayan suallar ətrafında da, öz rəyini əsaslandıraraq verə bilər? Təyin olunmuş eksertiza üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanvar 2023 tarixli mütəxəssis, həmin rəy əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar : Qərardadın birinci və ikinci sualları üzrə, Tədqiqat obyektinə baxış keçirilərkən məlum olmuşdur ki, həm iddiaçıya, həm cavabdehə və həm də digər mülkiyyətçilərə məxsus torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. Bununla əlaqədar olaraq fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşyış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasına dair Tədbirlər Planı"na uyğun olaraq Astara rayonu, Tüləgüvan kəndi ərazisində olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək, həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Aparılmış çöl-ölçmə işlər nəticəsində hazırki mülki işdə iddiaçı qismində olan İddiaçı1 istifadəsi üçün torpağın faktiki yerləşdiyi məkan göstəricilərinə uyğun torpaq sahəsi öz əksini tapmış və həmin torpaq sahəsinə dair dürüstləşdirilmiş məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS-ə) və AZCADA-a miqrasiya edilmişdir, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 28 saylı qərarı əsasında JN-0030 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X9 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu, Tülegüvan kəndi ərazisində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissədən ibarət olması müəyyən edildi. Həmin 0.44 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0.2934 ha hissəsi yerləşir və 0.2934 ha torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, həmin 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir). Sözügedən 0.2934 ha torpaq sahəsinin 2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı1 satın alması müəyyən olundu. Qeyd olunan 0.2934 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur və bu da faktiki vəziyyətə uyğun gəlmir, Sözügedən 0.2934 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində isə həmin torpaq sahəsi faktiki vəziyyətə uyğun 0.20 ha ölçüdə öz əksini tapmışdır. Eyni zamanda həmin torpaq sahəsinin faktiki olaraq İddiaçı1 istifadəsində olmaması müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə, JN-0030 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X9 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə olan 0.2934 ha hissəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1 mülkiyyətində olan Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi, eyni torpaq sahəsi olması müəyyən olundu. Qərardadın dördüncü sualı üzrə, 25 dekabr 2012-ci il tarixli **********85 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (ilkin hüquqmüəyyənedici sənəd JN-0027 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) X5 məxsus olmuş, Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Həmin 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki məkan göstənciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordınatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur. Həmin 0.2934 ha torpaq sahəsinin 2013-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satın alması müəyyən olundu. Qeyd olunan 0.2934 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2022-d il tarixli ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır, Sözügedən 0.2934 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsi faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olması müəyyən olundu. Qərardadın beşinci sualı üzrə, 30 dekabr 2012-ci il tarixli **********33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında (ilkin hüquqmüəyyənedici sənəd JN-0032 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X6 məxsus olmuş, Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0.342301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, həmin 0.342301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur. Həmin 0.342301 ha torpaq sahəsinin 2013-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satın alması müəyyən olundu. Qeyd olunan 0.342301 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2022-d il tarixli ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır, Sözügedən 0.342301 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqlann elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsi faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olması müəyyən olundu. Qərardadın altıncı sualı üzrə, Astara rayon Aqrqr İslahat Komissiyasının xx.xx.1098-ci il tarixli 28 saylı qərarı əsasında JN-0014 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissədən ibarət olması müəyyən edildi. Həmin 0.39 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 0.1956 ha hissəsi yerləşir və 0.1956 ha torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Aparılan aşardırma zamanı müəyyən olundu ki, həmin 0.1956 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" sənədindəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəricilə arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir), Sözügedən 0.1956 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqlann elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olundu və elektron kadastr uçotu informasiya sistemində torpaq sahəsi faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olması müəyyən olundu. Qərardadın yeddinci sualı üzrə, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 28 saylı qəran əsasında "Toıpaq sahəsinin planı və ölçüsü” ilə Cavabdeh2 mülkiyyətinə verilmiş Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən 1498.9 kv.metr həyətyanı torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edildi. Həmin 1498.9 kv.metr həyətyanı torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsinin şimal istiqamətində yerləşməsi və faktiki olaraq Cavabdeh2 istifadəsində olması müəyyən olundu. Qərardadın səkkizinci sualı üzrə, Torpaqlann elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Astara rayonu, Tüləgüvan kəndi ərazisində yerləşən Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qyediyyat nömrəli çıxanşla İddiaçı1 xüsusi mülkiyyətində olan 0.2934 ha torpaq sahəsinin koordinattan ilə Cavabdeh2 Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxanşla xüsusi mülkiyyətində olan 0.2934 ha, Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-d il tarixli ********** qeydiyyat nömrəlli çıxanşla xüsusi mülkiyyətində olan 0.342301 ha, JN-0014 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə xüsusi mülkiyyətində olan 0.1956 ha kənd təsərrüfatı təyinatlı və **********0011 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” ilə xüsusi mülkiyyətində olan 1498.9 kv.metr həyətyanı torpaq sahələrinin koordinatlannın üst-üstə düşməməsi müəyyən olundu. Qərardadın doqquzuncu və onuncu sualları üzrə, Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı İddiaçı1 xüsusi mülkiyyətində olan Astara rayonunun Tüləgüvan kəndi ərazisində yerləşən 0.2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə olunmaması müəyyən edildi, Əlavə olaraq bildirilir ki, İddiaçı1 faktiki olaraq iddia etdiyi torpaq sahəsinin coğrafi yerləşmə yeri ilə mövcud baza məlumatlarında öz əksini tapan ona məxsus həmin 0.2934 ha torpaq sahəsinin corafi yerləşmə yerinin uyğun gəlməməsi müəyyən olundu, İddiaçı1 məxsus həmin 0.2934 ha torpaq sahəsi Torpaqların elektron kadastr üçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0.20 ha ölçüdə olmaqla, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə bitişik şimal-qərb istiqamətində öz əksini tapmışdır. Tədqiqat zamanı həmin 0.20 ha torpaq sahəsinin mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması müəyyən edildi. Torpaq sahəsinin qalan 0.0934 ha hissəsi isə ərazidə torpaq çatışmamazlığına görə kəsr olaraq qalmış, bu hal da zəbt olunan torpaqlar hesabına (gələcəkdə qəbul ediləcək qərarlara uyğun) verilməsi məsələsinə baxıla bilər, Cavabdeh2 sözügedən mübahisəli ərazidə kənd təsərrüfatı təyinatlı torpağa mülkiyyət hüququ 0.83 ha təşkil edir, onun faktiki istifadəsində olan torpaq sahəsinin isə 0.92 ha olması müəyyən olundu (həmçinin JN-0029 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında verilən torpaq sahəsinin də faktiki olaraq onun istifadəsində olması müəyyən olundu). Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddiaçının vəkilinin şifahi vəsatəti əsasında mübahisə predmeti üzrə mütəxəsis rəyi vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X11 rəyə dair izah verməsi üçün məhkəmə baxış iclasına dəvət edilmiş və ona ünvanlanan sualları cavablandıraraq rəyə aşağıdakı formada izah vermişdir; İddiaçı1 torpaq sahəsinin mübahisəli ərazinin yeni elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasından sonra azalmasının səbəbi torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluğun olmasıdır. Belə ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasına dair Tədbirlər Planı"na uyğun olaraq Astara rayonu, Tüləgüvan kəndi ərazisində olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək, həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Aparılmış çöl-ölçmə işləri nəticəsində hazırki mülki işdə iddiaçı qismində olan İddiaçı1 istifadəsi üçün torpağın faktiki yerləşdiyi məkan göstəricilərinə uyğun torpaq sahəsi öz əksini tapmış və həmin torpaq sahəsinə dair dürüstləşdirilmiş məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS-ə) və AZCADA-a miqrasiya edilmişdir. 0.2934 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunmuşdur və bu da faktiki vəziyyətə uyğun gəlmir. 0.2934 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən müəyyən olunmuş və elektron kadastr uçotu informasiya sistemində isə həmin torpaq sahəsi faktiki vəziyyətə uyğun 0.20 ha ölçüdə öz əksini tapmışdır. Cavabdehin sənəd üzərində 83 sot torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 92 sot torpaq sahəsi vardır. Tədqiqat zamanı müəyyən edilmişdir ki, sənədləşməyən 10 sota yaxın sahə işə aid olmayan başqa şəxsə məxsus torpaq sahəsidir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi İddiaçı1 torpaq sahəsinə düşmür. Tərəflərindən elektron rəqəmsal xəritəyə əsasən rəy verilmişdir. İddiaçı1 torpaq sahəsi ona görə 29 sot deyil 20 sot göstərilib ki, onun torpağı azalmaya gedib. Biz də həmin azalmadan sonra tərtib olunmuş xəritəyə əsaslanaraq rəy vermişik. Cavabdehin faktiki istifadəsində artıq olan sahənin iddiaçının kəm gələn torpaq sahəsinə heç-bir aidiyyəti yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir, 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İddiaçının torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt olunması aparılmış araşdırmanın nəticəsi olaraq sübuta yetməmişdir. Belə ki, təyin olunmuş ekspertizanın rəyinə əsasən İddiaçı1 məxsus həmin 0.2934 ha torpaq sahəsi Torpaqların elektron kadastr üçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0.20 ha ölçüdə olmaqla, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə bitişik şimal-qərb istiqamətində öz əksini tapmışdır. Tədqiqat zamanı həmin 0.20 ha torpaq sahəsinin mülki işdə adıçəkilməyən digər şəxs və ya şəxslərin istifadəsində olması müəyyən edilmişdir. Torpaq sahəsinin qalan 0.0934 ha hissəsi isə ərazidə torpaq çatışmamazlığına görə kəsr olaraq qalmış, bu halın zəbt olunan torpaqlar hesabına (gələcəkdə qəbul ediləcək qərarlara uyğun) aradan qaldırılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli 2(018)-40/2022 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı1 alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar