Məhkəmə qərarları › İş №2(106)-64/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-64/2024

09.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-64/2024 09.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X8 ibarət tərkibdə, Nərmin Ramiz qızı Əliyavanın katibliyi, tərəflərin və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İmişli rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli, 08 saylı qərarı ilə İmişli rayonunun Murğuzallı kənd ərazisindən İddiaçı 1998.17 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı, cavabdeh X3 qarşı, İmişli rayonunun Murğuzallı kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının 20 yanvar 2000-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş AN 136419 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə qeydə alınmış həyətyanı torpaq sahəsində cavabdehin özbaşına inşa etdiyi tikililərin onun hesabına sökülməsi, torpaq sahəsindən çıxarılma və cavabdehdən torpaq sahəsini zəbt etməsi nəticəsində ona vurduğu maddi zərərin əvəzi olaraq 10000 manat məbləğində təzminatın və məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonra tələbinin həcmini azaldaraq "cavabdehdən torpaq sahəsini zəbt etməsi nəticəsində ona vurduğu maddi zərərin əvəzi olaraq 10000 manat məbləğində təzminatın alınıb ona verilməsi” hissəsinin nəzərə alınmamasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 20 yanvar 2000-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş torpaq sahəsinə dair ona 2009-cu ildə AN 136419 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. Lakin cavabdeh X5 tərəfindən ona məxsus torpaq sahəsinin 0.50 ha hissəsi qeyri-qanuni olaraq zəbt edilmişdir. Cavabdeh həmin torpaq sahəsindən 11 ildir ki, qanunsuz istifadə edir. Cavabdeh həmin sahədə qanunsuz tikililər də inşa etmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh torpaq sahəsindən çıxmır və onu zəbt etdiyi torpaq sahəsinə buraxmır. O, məcbur qalıb 300 manat vəsait ödəyib ekspert dəvət etməklə torpaq sahəsinə baxış keçirtdirmiş və rəy almışdır. 07 fevral 2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, "həmin ərazidə yalnız onun və mərhum atası X6 qanuni sənədləri vardır. Rəydə göstərilir ki, ona məxsus olan torpaq sahəsi X5 tərəfindən zəbt edilmişdir və faktiki olaraq istifadə edir. Cavabdehin torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədi yoxdur. Birinci instansiya məhkəməsində cavabdeh X5 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, 2012-ci ildə məskunlaşdığı İmişli rayonunun Murğuzallar kəndində icra nümayəndəliyi və bələdiyyənin iştirakı ilə həmin kəndin sakini İrəşov Xudamdan 0,4 ha həyətyanı torpaq sahəsi almış, orada ev və tövlə tikmişdir. Lakin 10 il sonra qonşusu İddiaçı İmişli Rayon Məhkəməsinə hazırkı iddia ilə müraciət etmişdir. Torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi yoxdur, lakin həmin torpaq sahəsini Xudamdan alanda bu barədə icra nümayəndəliyində akt tərtib olunmuşdur. İmişli Rayon Məhkəməsinin (hakim Q.Hacıyev) 18 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh X1 zəbt etdiyi, İddiaçı mülkiyyətində olan 0.50 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh X5 tərəfindən inşa edilmiş özbaşına tikililərə çəkilən xərclərin əvəzinin ödənilmədən onun öz hesabına sökülməsi qət edilmişdir. Qətnamədən cavabdeh X5 apellyasiya şikayəti vermişdir. İşə əvvəllər apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Zeynalov, T.Kərimov, T.Heydərov) 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 18 may 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər Ə.Nurməmmədov, A.Hüseynov, Z.Əliyev) 06 fevral 2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Şakir Baxşalıyev apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdehin istifadəsində olan torpaq sahəsinin mülkiyyətçisi Xudaman İrəşov işə cəlb edilməmişdir. Əgər o, işə cəlb edilmiş olsaydı, onun mülkiyyətində olan və hazırda cavabdehin vicdanlı istifadəçi kimi istifadəsində olan həmin torpaq sahəsinin mülkiyyət sənədi iş materiallarına əlavə edilə bilərdi. Şikayətdə göstərilir ki, "xxxx" MMC-nin rəyi əsassızdır və ekspert bu işdə qərəzli olmuşdur. Bundan başqa, şikayətə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinə əlavə edilmiş 23 may 2022-ci il tarixli akta hüquqi münasibət bildirməmişdir. İzahatlar Apellyasiya baxışında cavabdeh X5 qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, sözü gedən mübahisəli torpaq sahəsində ona məxsus yarımçıq tikili vardır. Həmin ərazidən uzun müddətdir ki, istifadə edir. Cavabdehin nümayəndəsi və vəkili ekspert rəyi ilə razı olmadığını, yarımçıq tikilinin iddiaçının hər-hansı hüquqlarına toxunmadığını qeyd etməklə, sökülməsi tələb edilən tikilinin dam örtüyünün vurulmadığını, iddia edilən ərazinin 30 ilə yaxındır ki, cavabdehin faktiki istifadəsində olduğunu, cavabdehin məcburi köçkün olduğunu bildirmiş, tikililərin sökülməməsini xahiş edir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, istifadəsində olan 50 sot torpağın 20 sotuna sənədi olmuşdur. Digər 30 sota görə isə onun qanuni torpağından kəsilmişdir. Bununla yanaşı, sahənin koordinatları hardan keçirsə, o hissədən də yerini almaq istəyir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin hallarından görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli, 08 saylı qərarına əsasən İmişli rayonunun Murğuzallı kənd ərazisindən İddiaçı 1998.17 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin qanunsuz sahibliyindən azad edilməsini tələb etmişdir. Torpaq sahəsindən çıxarılma ilə bağlı iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı tam təmin edərkən, yəni 0,50 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını təmin edərkən ona əsaslanmışdır ki, iddiaçının mülkiyyətində 1998.17 kv.m həyətyanı torpaq sahəsindən əlavə, 0,30 ha torpaq sahəsi də ayrılmışdır. Belə ki, 1997-ci ildə Aqrar İslahat gedən zaman İddiaçı həyətyanı torpaq sahəsində olan 0.30 ha zəbt ona verilən çöl pay torpağından çıxarılmışdır. İddiaçı bu barədə tərtib edilmiş aktları təqdim etsə də həmin aktlarda torpaq sahəsinin koordinatları göstərilməmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, iddiaçının və ailə üzvlərinin payına 5.72 ha torpaq sahəsindən 0.30 ha azaldılaraq həyətyanı kimi istifadədə olan 0.30 ha sahə ilə əvəzləşdirməsi barədə X14 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı, həmin qərarın icrası barədə sübut əhəmiyyəti kəsb edən hər hansı sənəd (torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) və xəritədə müəyyən edilməsi, iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması) təqdim edilməmişdir. 0.30 ha torpaq sahəsinin əvəzləşdirilməsi barədə Yerli AİKnın xx.xx.1997-ci il tarixli aktın kserosurət olmaqla qeydiyyata alınmamışdır. Ümumiyyətlə, iddiaçının tələb etdiyi 0.30 ha torpaq sahəsinin kimə məxsus olması barədə hər hansı sübut yoxdur. İşə təkrar apellyasiya qaydasında baxarkən həmin sənəd tələb edilsə də iddiaçı tərəfindən 0,30 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Təqdim edilmiş sənədlərə görə iddiaçının mülkiyyətində 1998,17 kv.m həyətyanı torpaq sahəsinin olması qeydə alınmışdır. İddiaçının faktiki istifadəsinə verilmiş 0,30 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd yoxdur. Həmin sahənin koordinatları da təqdim edilməmişdir. İddiaçının mülkiyyəti kimi qeydiyyatdan keçmiş 1998,17 kv.m həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. -İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9386 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən İmişli rayonu Murğuzalılar kəndinin ərazisində İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının 20 avqust 2000-cı il tarixli, 08 saylı qərarı ilə verilmiş 1998.17 kv.m həyətyanı torpaq sahəsinin hüdudları keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış və Beyləqan rayon şöbəsinin X12 kitabında 25may 2009-cu il tarixli 46 nömrə ilə uçota alınmış A nömrəli 136419 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü”sənədində qeyd olunan koordinatlara əsasən, müəyyən edilmişdir. Eyni zamanda qeyd olunan həyətyanı torpaq sahəsinin ətrafında olan faktiki olaraq İddiaçı tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsinin də koordinatları müəyyən edilmişdir. - İmişli rayonunun Murğuzalılar kəndinin hüdudları daxilində X2 faktiki istifadəsində olan və inşa etdiyi tikililərin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan mübahisəli ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. - X2 faktiki olaraq istifadəsində olan 9465.88 kv.m həyətyanı torpaq sahəsinin 1399.24 kv.m hissəsi, 7.44 kv.m inşa olunmuş yarımçıq tikilinin yerləşdiyi ərazi də daxil olmaqla İmişli rayon Aqrar İslahat Komissiyasının 20 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış və Beyləqan rayon şöbəsinin X12 kitabında 25 may 2009-cu il tarixli 46 nömrə ilə uçota alınmış A Nömrəli 136419 nömrəli Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan koordinatlara əsasən, 1998.17 kv.m həyətyanı torpaq sahəsinin ərazisində yerləşir. Eyni zamanda müəyyən olunmuşdur ki, X7 tərəfindən inşa olunmuş tikililər İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin ərazisində yerləşmir. Beləliklə, ekspert rəyinə görə İddiaçı faktiki istifadəsində 14912,36 kv.m sahə vardır. Onun mülkiyyətində olan 1399.24 kv.m hissəsi cavabdeh tərəfindən faktiki istifadə olunur. İddiaçının mülkiyyətində olan sahədə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin 7.44 kv.m hissəsi də yerləşir. Kollegiya ekspert rəyini sübut mənbəyi kimi qəbul edir və hesab edir ki, iddiaçının mülkiyyətində olan sahədən cavabdeh çıxarılmalı və iddiaçının ərazisində olan və cavabdeh tərəfindən inşa edilmiş tikili isə sökülməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsi hissəsində dəyişdirilməli, iddiaçıya məxsus 1998.17 kv.m həyətyanı torpaq sahəsinin 1399.24 kv.m hissəsindən cavabdeh çıxarılmalı və həmin sahədə inşa olunmuş yarımçıq tikilinin 7.44 kv.m hissəsi onun hesabına sökülməli, qətnamə qalan hissədə dyişdirilmədən saxlanılmalıdır. Cavabdeh tərəf dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏTETDİ: Cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(036)-956/2022 nömrəli qətnaməsi qismən– cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsi hissəsində dəyişdirilsin. İddiaçı məxsus 1998.17 kv.m həyətyanı torpaq sahəsinin 1399.24 kv.m hissəsindən cavabdeh X5 çıxarılsın və həmin sahədə inşa olunmuş yarımçıq tikilinin 7.44 kv.m hissəsi onun hesabına sökülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar