Məhkəmə qərarları › İş №2(106)-644/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-644/2023

11.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-644/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X17 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, Cavabdeh, İddiaçı və üçüncü şəxs X5 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı mərhum X7nun adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabının 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi, İddiaçı ödədiyi 100 manat məbləğində dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi 200 (iki yüz) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli, 02 saylı Qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi (iddiaçının və cavabdehin valideynləri- X18 və X6 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7nun adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydə alınmış fərdi yaşayış evinə köçürülməsi, əlavə olaraq cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, o, xx xxxxxx 1973-cü ildə Saatlı rayonunun Qara Nuru kəndində valideynlərinə məxsus yaşayış evində anadan olmuşdur. X7 24 dekabr 2012-ci ildə, anası X8 03 yanvar 2020-ci ildə vəfat etmişdir. O, X3 ilə birlikdə mərhum X7nun adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatdadırlar. Cavabdeh doğma qardaşıdır. Cavabdeh, həmin evdə qeydiyyat olmadan yaşamasına baxmayaraq, bir nəfər qadını da həmin evə köçürməklə qanunsuz olaraq həmin evdə yaşayır. Hazırda cavabdeh ona evə köçərək yaşamağa imkan vermir. Bu səbəbdən kirayə evdə yaşamaq məcburiyyətindədir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, iddiaçı əvvəllər, həqiqətən də mübahisəli olan evdə yaşamışdır. Lakin sonradan iddiaçı onunla və bacısı ilə yola getmədiyindən iddiaçını evdən çıxarmışlar. Həmçinin iddiaçının zərərli vərdişləri də vardır. Birinci instansiya məhkəməsində üçüncü şəxs X12 Cavabdeh izahatına uyğun izahat verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, mübahisəli ev və həmin evin yerləşdiyi həyətyanı sahə cavabdehin mülkiyyətində deyildir. Bundan başqa birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarının tələblərini nəzərə almamışdır. X2 həyətyanı torpaq sahəsi üzərində olan mülkiyyət hüququ pozulmuşdur. İzahatlar Apellyasiya baxışına iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, İddiaçı doğma qardaşıdır. İddiaçı əvvəllər, həqiqətən də, mübahisə predmeti olan evdə yaşamışdır. Lakin sonradan iddiaçı, cavabdeh və bacısı ilə yola getmədiyindən iddiaçını evdən çıxarmışlar. Həmçinin iddiaçının zərərli vərdişləri də vardır. İddiaçı evi bacısının torpağı üzərində tikmişdir. İddiaçının onlarla yaşamalarına razı deyillər. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, xx xxxxxx 1973-cü ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuşdür. Mərhum X7 24 dekabr 2012-ci ildə, mərhum anası X8 03 yanvar 2020-ci ildə vəfat etmişdir. X3 ilə birlikdə mərhum atalarının adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatdadırlar. Cavabdeh doğma qardaşıdır. Cavabdeh, həmin evdə qeydiyyatı olmadan yaşamasına baxmayaraq, bir nəfər qadını da həmin evə köçürməklə qanunsuz olaraq həmin evdə yaşayır. Hazırda cavabdeh qeyd etdiyi evə köçərək yaşamağa imkan vermir. Bu səbəbdən də kirayə evdə yaşamaq məcburiyyətində qalmışdır. Üçüncü şəxs X12 cavabdehin izahatına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı və Cavabdeh qardaşdır. İşin hallarından görünür ki, iddiaçıların köçmək istədikləri ünvan 1 ünvanda yerləşən ev iddiaçıların valideynləri tərəfindən inşa edilmişdir. Yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli fərdi yaşayış evi, iddiaçı və cavabdehin valideynlərinə məxsus torpaq sahələrində inşa edilmişdir. X1 24 dekabr 2012-ci il tarixdə, X4 03 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Saatlı rayon İHB-nın Saatlı rayon Qara Nuru kənd İƏD tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 1068 saylı arayışından görünür ki, İddiaçı hazırda Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda mərhum X7ndan qalan evdə X3 ilə birlikdə qeydiyyatdadır. İddiaçı tələbində atasından qalan evə köçürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsaslanmışdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddənin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Cavabdeh tərəf apellyasiya şikayətində nə mübahisəli ev, nə də həmin evin yerləşdiyi həyətyanı sahənin cavabdehin mülkiyyətində olmadığını, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarının tələblərini nəzərə almadığını qeyd etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının izahatından görünür ki, o, valideynlərinə məxsus evdə doğulmuş, orada yaşamışdır. Həmin ev onun daimi yaşayış yeridir. Onun evdə istifadə hüququ olmuşdur. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman (01 oktyabr 2009-cu il tarixədək) qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçının daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi, ayrıca təsərrüfata malik olması müəyyən edilmir. Beləliklə, iddiaçının valideynlərinə məxsus evdə yaşaması, bacısı Zülfünazla eyni yaşayış sahəsinə malik olması da ona dəlalət edir ki, o, qeydiyyatda olduğu evdə ailə üzvü kimi yaşamış, onun mübahisəli evdən istifadə hüququ olmuşdur. O, həmin evdə pasport qeydiyyatındadır. Mübahisəli tikili onun daimi yaşayış yeridir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya hesab edir ki, İddiaçı əvvəldən tikilidə istifadə hüququ olmuş, hazırda da bu hüququ mövcuddur, çünki iddiaçının daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində (rəsmi qeydə alınmış) başqa yaşayış sahəsinə köçməsi iş materiallarından müəyyən olunmur, nə də bu barədə mübahisə tərəfləri heç bir sübut təqdim edə bilməmişlər. Ona görə onun valideynlərindən qalan yaşayış evinə köçürülməsindən imtina oluna bilməz. Cavabdeh etirazında iddiaçının, bacısı və onunla yola getmədiyini, həmçinin zərərli vərdişləri olduğunu qeyd etsə də, lakin bu hal iddiaçının yaşayış evinə köçürülməsindən imtina edilməsi üçün əsas deyil. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, İddiaçı mərhum X7na məxsus, Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabının 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(055)-63/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar