Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-648/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(073)-373/2023 saylı qərardadından cavabdehin hüquqi varisi X8 tərəfindən verilmiş şikayətə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxıb müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0.12 ha pay torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək, ilk iddianın rədd olunmasını və sözügedən torpaq sahəsindən ötrü 1993-cü ildə X4 verdiyi 12000 (on iki min) manat pulun torpaq sahəsi geri qaytarıldığı təqdirdə alınıb ona verilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qalib Paşayev) ilk iddia təmin edilmiş, qarşlıqlı iddia təmin edilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Cavabdeh yenidən verdiyi apellyasiya şikayəti isə Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh 21 may 2024-cü il tarixdə vəfat etmiş və onun hüquqi varisi - arvadı X1 Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək, müddətin üzrlü hesab edilərək bərpa olunmasını, qətnamənin ləğv edilərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadı ilə X8 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra X8 10 sentyabr 2024-cü il tarixli qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, işdə olan poçt xəbərnaməsinə əsasən X1 Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadını 04 oktyabr 2024-cü ildə almış, ondan şikayət isə yalnız 21 gün sonra verilmişdir. Habelə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir. X8 04 noyabr 2024-cü il tarixli qərardaddan şikayət vermiş və məhkəmənin 05 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardad isə onunla əsaslandırılmışdır ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 sentyabr 2024-cü qərardaddan şikayət verilmə müddətinin hansı üzrlü səbəblərdən ötürülməsini göstərməmiş və buraxılmış prosessual müddəti bərpasına dair vəsatət təqdim etməmişdir. X8 qeyd olunan qərardadın əsassız olduğunu qeyd edərək ləğv olunması ilə bağlı şikayət vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 28 yanvar 2024-cü il tarixli qərardadı ilə X8 tərəfindən verilmiş şikayət və buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin təmin edilməyərək iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərardadın ləğvinə səbəb ola biləcək hər hansı əsas yoxdur – müddət bərpa vəsatətində sadəcə buraxılmış müddətin bərpası xahiş edilmiş, həmin müddətin hansı üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı fakt və ya sübut təqdim edilməmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Habelə Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə MPM-də işdə iştirak edən şəxslərin hüquq və vəzifələri dəqiq müəyyənləşdirilməklə, mülki mühakimə icraatında müvafiq prosessual qaydalar əsasında tənzimlənir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, 04 noyabr 2024-cü il tarixli qərardadla X3 şikayəti geri qaytarılmış və bu zaman əsas olaraq şikayət vermə müddətinin 11 gün ötürüldüyü qeyd edilmişdir. Şikayət məhkəmənin 05 dekabr 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış və əsaslandırma 04 noyabr 2024-cü il tarixli qərardadla eynilik təşkil edir. Belə ki, 05 dekabr 2024-cü il tarixli qərardadda 04 noyabr 2024-cü il tarixli qərardaddan deyil, 10 sentyabr 2024-cü il tarixli qərardaddan şikayət verilərkən müddətin buraxılması halı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, 04 noyabr 2024-cü il tarixli qərardad 14 noyabr 2024-cü il tarixdə alınmış və şikayət vaxtında – 22 noyabr 2024-cü il tarixdə verilmişdir. Ancaq məhkəmə yalnız əvvəlki qərardaddakı eyni halları təkrarlamışdır. Bundan başqa, MPM-in 269-cu maddəsinin tələbinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, X8 tərəfindən birinci instansiya məhkəməsinə 04 noyabr 2024-cü il tarixli qərardaddan şikayət verilsə də, yekunda məhkəmə MPM-in 269-cu maddəsinə uyğun hər hansı qərar qəbul etməyərək, 05 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət yenidən geri qaytarılmış və eyni məzmunda əsaslandırma aparılmışdır. Məhkəmə tərkibi əlavə olaraq, nəzərə çatdırır ki, iş materiallarına əsasən X8 qətnamə hüquq və vəzifələrinə toxunan şəxs olaraq da qeyd edilmişdir. Bu baxımdan, MPM-in 364-cü maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. MPM-in 399-cu maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə tərkibi qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, tərkib hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərardadından X8 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(073)-373/2023 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin iş üzrə 04 noyabr 2024-cü il tarixli qərardadından X8 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-648/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-648/2025
13.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver