Məhkəmə qərarları › İş №2(106)-649/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-649/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-649/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Ərizəçi tikilinin sahiblik və istifadədə olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)3438/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Gərmətük kənd H.Aslanov adına sovxozun 01 iyul 1992-ci il tarixli 43 nömrəli əmri ilə ona satılmış, həmin sovxozunun ərazisində avtomaşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün ayrıılmış 0.10 ha torpaq sahəsində yerləşən keçmiş “Ruslan” maşın təmiri koperativinin binasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1958-ci il tarixdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. “Gərmətük” tərəvəzçilik sovxozunun ərazisində avtomaşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Lənkəran şəhər X1 Rəyasət Heyətinin 07 oktyabr 1992-ci il tarixli, 16 nömrəli qərarına əsasən Lənkəran aqrar sənaye kombinatının 29 may 1992-ci il tarixli 1/552 nömrəli, “Gərmətük” tərəvəzçilik sovxozunun 14 may 1992-ci il tarixli rəyi və aktı nəzərə alınmaqla, “Gərmətük” tərəvəzçilik sovxozunun nəzdində və ərazisində maşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün istifadə edilməyən torpaq sahəsində 0.10 ha ayrılmış, ayrılmış sahənin planı təsdiq edilmişdir. Buna uyğun olaraq Gərmətük kənd H.Aslanov adına sovxozun 01 iyul 1992-ci il tarixli 43 nömrəli əmri ilə sovxozun nəzdində və ayrılan torpaq sahəsində yerləşən balans dəyəri 12362 man 23 qəpik olan “Ruslan” maşın təmiri kooperativinin binası Gərmətük qəsəbə sakini Ərizəçi, yəni ona satılmışdır. Buna müvafiq olaraq əmlakın 12362 man 23 qəpik olan dəyəri tərəfindən ödənilmişdir. Həmçinin sovxoz tərəfindən əmlakın altında yerləşən 0.10 ha torpaq sahəsi 25 il müddətinə, yəni 2014cü ilədək ona icarəyə verilmişdir. Bu barədə arxivdən əldə olunan müvafiq smeta sənədləri məhkəməyə təqdim olunur. Bir sözlə 30 ildən artıq heç bir etiraz olmadan sözügedən əmlak və onun yerləşdiyi torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Bu müddət ərzində vergi və digər ödənişlər tərəfindən həyata keçirilmişdir. Yuxarıda qeyd etdiyi hallar arxiv sənədləri və qəbzlərlə tam təsdiq olunur və ərizəyə əlavə olunur. Həmin vaxtdan da hal-hazıradək həmin əmlakdan öz mülkiyyəti kimi istifadə etmişdir. Hazırda isə həmin əmlakla bağlı hüquqlarını dövlət qeydiyyatına aldırmaq istəyir. Bununla əlaqədar o, ilk öncə DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları ərazini müayinə etdikdən sonra bu barədə akt tərtib etmiş və ona izah etmişlər ki, həmin qeyri-yaşayış sahəsinin ona məxsus olması faktını məhkəmə qaydasında tanındıqdan sonra onu adına dövlət qeydiyyatına ala bilərlər. Ona görə də, faktı başqa qaydada təsdiq etdirmək qeyri-mümkün olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)3438/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qətnaməsi (T.Məmmədov) ilə, ərizənin təmin edilməsi, Gərmətük kənd H.Aslanov adına sovxozun 01 iyul 1992-ci il tarixli 43 nömrəli əmri ilə Ərizəçi satılmış, Lənkəran rayonunun Gərmətük qəsəbəsində həmin sovxozunun ərazisində avtomaşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsində yerləşən keçmiş “Ruslan” maşın təmiri kooperativinin binasının həmin tarixdən Ərizəçi sahiblik və istifadəsində olması faktı müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəçinin ərizəsinin mahiyyətindən müəyyən edilir ki, o, “Gərmətük” tərəvəzçilik sovxozunun ərazisində avtomaşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Lənkəran şəhər X1 Rəyasət Heyətinin 07 oktyabr 1992-ci il tarixli, 16 nömrəli qərarına əsasən Lənkəran aqrar sənaye kombinatının 29 may 1992-ci il tarixli 1/552 nömrəli, “Gərmətük” tərəvəzçilik sovxozunun 14 may 1992-ci il tarixli rəyi və aktı nəzərə alınmaqla, “Gərmətük” tərəvəzçilik sovxozunun nəzdində və ərazisində maşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün istifadə edilməyən torpaq sahəsində 0.10 ha ayrılmış, ayrılmış sahənin planı təsdiq edilmişdir. Buna uyğun olaraq Gərmətük kənd H.Aslanov adına sovxozun 01 iyul 1992-ci il tarixli 43 nömrəli əmri ilə sovxozun nəzdində və ayrılan torpaq sahəsində yerləşən balans dəyəri 12362 man 23 qəpik olan “Ruslan” maşın təmiri kooperativinin binası Gərmətük qəsəbə sakini Ərizəçi, yəni ona satılmışdır. Buna müvafiq olaraq əmlakın 12362 man 23 qəpik olan dəyəri tərəfindən ödənilmişdir. Həmçinin sovxoz tərəfindən əmlakın altında yerləşən 0.10 ha torpaq sahəsi 25 il müddətinə, yəni 2014cü ilədək ona icarəyə verilmişdir. Bu barədə arxivdən əldə olunan müvafiq smeta sənədləri məhkəməyə təqdim olunur. Bir sözlə 30 ildən artıq heç bir etiraz olmadan sözügedən əmlak və onun yerləşdiyi torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Göründüyü kimi ərizəçi bu faktın müəyyən edilməsini həmin əmlak və əmlakaın yerləşdiyi 10 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınması üçün lazım olması ilə əlaqələndirir. Kollegiya bununla bağlı qeyd edir ki, Gərmətük kənd H.Aslanov adına sovxozun 01 iyul 1992-ci il tarixli 43 nömrəli əmri ilə ona satılmış, həmin sovxozunun ərazisində avtomaşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsində yerləşən keçmiş “Ruslan” maşın təmiri kooperativinin binasının ona, yəni Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilə bilməz. Çünki bu fakt yəni “Ruslan” maşın təmiri kooperativinin binasının ona, yəni Ərizəçi məxsus olması faktı artıq 01 iyul 1992-ci il tarixli 43 nömrəli çıxarışa əsasən sovxozun nəznində və ayrılan torpaq sahəsində yerləşən balans dəyəri 12362 man 23 qəpik olan “Ruslan” maşın təmiri kooperativinin binası Gərmətürk qəsəbə sakini Ərizəçi satılması və 03 iyul 1992-ci il tarixdə alınması ilə müəyyənləşdirilmişdir. Maraqlarına toxunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi haqı olaraq verdiyi apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Gərmətük kənd H.Aslanov adına sovxozun ərazisində avtomaşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsində yerləşən keçmiş “Ruslan” maşın təmiri kooperativinin binasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi, həmin əmlakın dövlət qeydiyyatına alınması üçün əsas ola bilməz, çünki həmin binanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və onun üzərində yerləşən binanın da, torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi əmlak obyekti kimi qeydiyyata alınmalı olduğundan, ərizəçi ilk növbədə icarəsində olan torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada alğı-satqı müqaviləsi əsasında alınması, daha sonra isə torpaq sahəsi və onun üzərində yerləşən binanın dövlət qeydiyyatına alınması mümkün ola bilər. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 13.7-ci maddəsinə əsasən Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Məcəllənin: 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Yuxarıda qeyd olunan prosessual hüquq normaların mənasından da görünür ki, 0.10 ha torpaq sahəsində üzərində yerləşmiş “Ruslan” maşın təmiri kooperativin sahiblik və istifadədə olunması faktı Ərizəçi məxsusdur. Bu fakt artıq 01 iyul 1992-ci il tarixli 43 nömrəli çıxarışa əsasən sovxozun nəznində və ayrılan torpaq sahəsində yerləşən balans dəyəri 12362 man 23 qəpik olan “Ruslan” maşın təmiri kooperativinin binası Gərmətürk qəsəbə sakini Ərizəçi satılması və 03 iyul 1992-ci il tarixdə alınması ilə müəyyənləşdirilmişdir. Mülkiyyət hüquqi isə yalnız daşınmaz əşyanın yerləşdiyi sahənin yəni 0.10 ha torpaq sahəsinin ərizəçi tərəfindən qanuna müvafiq əldə edildikdən sonra ərizəçinin torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə mülkiyyət hüququ yaranır. Qeyd edildiyi kimi, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Belə olan halda hazırkı tələb üzrə məhkəmə qaydasında hər hansı bir faktın müəyyən edilməsi mümkün deyildir. Belə ki, tələb olunan faktın müəyyən edilməsi artıq mövcuddur. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, bu tələb xüsusi icraat qaydasında baxılmalı olmadığı halda, birinici instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə Lənkəran Rayon Məhkəməsinin 2(049)3438/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qətnaməsi prosessual hüquq normaları pozulmaqla çıxarıldığından ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)3438/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Gərmətük kənd H.Aslanov adına sovxozun 01 iyul 1992-ci il tarixli 43 nömrəli əmri ilə ona satılmış, həmin sovxozunun ərazisində avtomaşınlara texniki xidmət və kommersiya mağazasının tikintisi üçün ayrıılmış 0.10 ha torpaq sahəsində yerləşən keçmiş “Ruslan” maşın təmiri koperativinin binasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar