Məhkəmə qərarları › İş №2(106)-65/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-65/2024

03.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-65/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X17 və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində İmişli Bələdiyyəsi cəlb edilməklə “torpaq sahəsində qanunsuz aparılmış tikilinin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və qanuni sahibinə qaytarılması” tələbinə dair iddiası əsasında mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(036)-2090/2022 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində İmişli Bələdiyyəsi cəlb edilməklə “torpaq sahəsində qanunsuz aparılmış tikilinin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və qanuni sahibinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid İmişli şəhəri, Xəzər küçəsinin arxasında, çala adlanan ərazidən ona ayrılmış, 05 dekabr 2008-ci il tarixdə 494 nömrə ilə İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsində qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz aparılmış yarımçıq tikilinin sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid İmişli şəhəri, Xəzər küçəsinin arxasında, çala adlanan ərazidən həyətyanı 0.10 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün “Kapital Bank” hesabına 200 manat vəsait ödəmişdir. Bələdiyyə ilə aralarında torpağın alğı-satqsına dair akt tərtib olunmuş, həmin akt İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsində 05 dekabr 2008-ci il tarixdə 494 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin qeyd olunan torpaq sahəsinin mülkiyyətə alınması barədə İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəyi də vardır. Ona ayrılmış torpaq sahəsinin 0.06 ha hissəsi cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq fərdi yaşayış sahəsi tikilmişdir. Tikili yarımçıq vəziyyətdə qalmış, qalan 0.03 ha torpaq sahəsi isə boşdur. Cavabdehin torpaqla bağlı hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı X7 tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, torpaq sahəsinin dörd dönmə yerində onun tərəfindən dəmir boru basdırılaraq, ərazisi daşınma torpaq kütləsi hesabına hamarlanmışdır. Cavabdeh torpaq sahəsinin boş qalmasından və hüdudlarının çəpərlənməməsindən istifadə edərək bir müddət bundan qabaq ərazini zəbt etmiş və daş hasarla çəpərə alaraq üzərində fərdi yaşayış evi inşa etməyə başlamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İmişli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə X10 fərdi yaşayış evinin tikintisi məqsədilə İmişli şəhəri, S.Bəhlulzadə küçəsi yaxınlığında 500 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış və qabaqcadan haqqı ödənilərək alqı-satqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi İmişli bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin təsdiq etdiyi plana əsasən İmişli şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən Şirə zavodunun yaxınlığındakı çala ərazisində təhkim olunmuş və ötən müddət ərzində əldə edənin sahibliyində olmaqla, daşınma torpaq kütləsi hesabına hamarlanmışdır. İmişli şəhəri, S.Bəhlulzadə küçəsi yaxınlığında yerləşən 500 kv.metr həyətyanı torpaq sahəsini dörd il bundan qabaq X6 4200.00 manata almış və ərazini daş hasarla çəpərə alaraq üzərində fərdi yaşayış evi inşa etməyə başlamışdır. İddiaçı satılmış torpaq sahəsi həmin yaşayış massivinin digər ərazisində yerləşir və X10 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı özünə məxsus olan torpaq sahəsinin yerini düzgün təyin edə bilmədiyi üçün ona qarşı iddia qaldırmışdır. Ona məxsus olan həyətyanı torpaq sahəsinin sənəd üzrə eni 25 metr (küçə tərəfdən yolboyunca), uzunluğu isə 20metr olduğuna baxmayaraq, faktiki olaraq küçə tərəfdən yolboyunca 26 metr enində olması həmsərhəd torpaq sahəsinin sahibi tərəfindən daş hasarla çəpərlənməsi nəticəsində 6.0 metr enində və 25 metr uzunluqda torpaq sahəsinin ona məxsus olan torpaq sahəsinə qatılması nəticəsində əmələ gəlmişdir. Həmin hissə zəbt olunmamışdır və qanuni sahibi tərəfindən tutulmasına heç bir maneçilik yoxdur. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş İmişli Bələdiyyəsinin nümayəndəsi X12 izahatında göstərmişdir ki, İddiaçı məxsus olan həyətyanı torpaq sahəsinin zəbt olunması barədə məsələ bələdiyyənin torpaq komissiyası (Səmədov Etibar Xanalı oğlunun sədrliyi ilə) tərəfindən yerində araşdırılarkən İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə İmişli şəhəri, Xəzər küçəsi yaxınlığındakı çala adlanan ərazidə ayrılmış 1000 kv.metr həyətyanı torpaq sahəsinin 578.0 kv.metr hissəsinin həmsərhəd torpaq sahəsinin sahibi Cavanşir Abbasov tərəfindən zəbt edilərək öz həyətyanı sahəsinə qatıldığı və iki yerə bölünərək X8 və X9 adlış şəxslərə satıldığı müəyyən edilmişdir. Ərazi X8 və X9 tərəfindən hasara alınmış və üzərində fərdi yaşayış evi tikilmişdir. İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(036)-2090/2022 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı ayrılmış planda (M1:2000; 50mx 20m (küçə tərəfdən yolboyunca ) ) yeri təyin edilmiş 1000 kv.metr ha həyətyanı torpaq sahəsi Cavabdeh faktiki surətdə sahiblik etdiyi həyətyanı torpaq sahəsinin ərazi hüdudlarından kənarda olduğundan və onun tərəfindən zəbt olunmadığından, iddia tələbi əsassızdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözü gedən qətnamə ilə razı deyil. Məhkəmə işi düzgün araşdırmamış, qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, İmişli Bələdiyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi məqsədi ilə İmişli şəhəri, Xəzər küçəsi yaxınlığında 1000 kv/m həyətyanı torpaq sahəsi ayrılmış və qanunamüvafiq sənədlər əsasında təhvil verilmişdir. Bundan sonra həmin sahədə müəyyən işlər görərək torpağnın dörd bir yanına müvafiq nişanlar vurmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh heç bir hüquqi əsas olmadan qeyri qanuni olaraq ona məxsus torpaq sahəsini zəbt edərək hasarlayıb və orada fərdi yaşayış evi tikir. Birinci instansiya məhkəməsi sözü gedən iş üzrə hərtərfli araşdırma aparmadan qanunsuz qərar qəbul etmişdir. Sözü gedən torpaq sahəsini tam qanuni sənədlərlə alsa da, məhkəmə sənədlərini nəzərə almamış və iddianı təmin etməmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinə heç bir baxış keçirmədən qeyri qanuni qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya apelyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək, təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş İmişli Bələdiyyəsi nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil olunmamış və nümayəndənin gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş İmişli Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı iclas prokolundan Çıxarışın surətinə əsasən İmişli şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün bələdiyyəyə məxsus olan İmişli şəhəri, Xəzər küçəsinin arxasında, çala adlanan ərazidə yerləşən boş torpaq sahəsindən alqı-satqı yolu ilə 1000 kv/m ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır; «Torpaqların alqı-satqısına dair» Aktın surətinə əsasən müəyyən edilir ki, İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən bələdiyyə ərazisindən 1000 kv/m torpaq sahəsi İmişli bələdiyyəsi tərəfindən İddiaçı satılmış və İddiaçı bələdiyyənin hesabına 200.0 manat ödəmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İmişli bələdiyyəsi tərəfindən İddiaçı satılması nəzərdə tutulan 1000 kv/m torpaq sahəsi İmişli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, alqı-satqı predmetini təşkil edir və 2-ci qiymət zonasına daxildir; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş 316 saylı arayışda göstərilmişdir ki, İmişli bələdiyyəsi tərəfindən İddiaçı satılması nəzərdə tutulan 1000 kv/m torpaq İmişli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, ilk dəfə satılır; Akta əlavə edilmiş İmişli bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən təsdiq edilmiş plana (1:2000 miqyasda) əsasən İmişli bələdiyyəsi tərəfindən İddiaçı satılmış 1000 kv/m həyətyanı torpaq sahəsinin İmişli şəhəri ərazisində yeri və ölçüləri şərti olaraq təyin edilmişdir (50mx 20m (küçə tərəfdən yolboyunca ) ); İmişli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı iclas prokolundan Çıxarışın surətinə əsasən İmişli şəhər sakini X10 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyəyə məxsus olan İmişli şəhəri, S.Bəhlulzadə küçəsi yaxınlığında yerləşən boş torpaq sahəsindən alqı-satqı yolu ilə 500 kv/m ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır; «Torpaqların alqı-satqısına dair» Aktın surətinə əsasən müəyyən edilir ki, İmişli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarına əsasən bələdiyyə ərazisindən 500 kv/m torpaq sahəsi İmişli bələdiyyəsi tərəfindən X2 və X13 bələdiyyənin hesabına 100.0 manat ödəmişdir; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İmişli bələdiyyəsi tərəfindən X1 nəzərdə tutulan 500 kv/m torpaq sahəsi, İmişli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, alqı-satqı predmetini təşkil edir və 2ci qiymət zonasına daxildir; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İmişli bələdiyyəsi tərəfindən X1 nəzərdə tutulan 500 kv/m torpaq İmişli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, ilk dəfə satılır; Akta əlavə edilmiş İmişli bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən təsdiq edilmiş plana (1:2000 miqyasda) əsasən İmişli bələdiyyəsi tərəfindən X2 500 kv/m həyətyanı torpaq sahəsinin İmişli şəhəri ərazisində yeri və ölçüləri şərti olaraq təyin edilmişdir (25mx20m (küçə tərəfdən yolboyunca)); İddiaçı İmişli Bələdiyyəsi tərəfindən cavabdehlər X8 və X4 qarşı İmişli Rayon Məhkəməsinə 15 iyul 2021-ci ildə verilən iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlər tərəfindən qanusuz aparılan tikinti işlərinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı bələdiyyəyə müraciət edərək bildirmişdir ki, İmişli bələdiyyəsindən 2007-ci ildə alqı-satqı yolu ilə aldığı köhnə Şirə zavodunun sol tərəfində, S.Şirəliyev küçəsində yerləşən 1000 kv/m torpaq sahəsi X8 və X9 tərəfindən zəbt edilmişdir. Həmin əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdehlər İmişli rayonunun Kürdmahmudlu kənd sakinləridir və həmin torpaq sahəsini Cavanşir Abbasov adlı şəxsdən alaraq, hasar çəkib, fərdi yaşayış evi inşa etmişlər. İddia ərizəsinə qoşma olaraq əlavə edilmiş İmişli bələdiyyəsinin 17 iyun 2021-ci il tarixli aktından görünür ki, bələdiyyə əməkdaşları tərəfindən İddiaçı müraciəti əsasında Cavanşir Abbasova məxsus Köhnə Şirə zavodunun sol tərəfində Araz və Teymur adlı şəxslərə satdığı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin Araz və Teymur adlı şəxslər Cavanşir Abbasovdan aldıqları torpaq sahəsində deyil, İddiaçı məxsus torpaq sahəsinin üzərində hasar çəkib, ev tikmişlər. Yerində lahiyə plan ölçü aparılan zaman məlum olmuşdur ki, onlar əlavə olaraq qonşulara məxsus Araz 246.2 kv/m., Teymur isə 332 kv/m. torpaq sahəsini zəbt etmişlər. İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(036)-1941/2021 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsasında aparılan araşdırma zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin və İmişli Bələdiyyəsinin mütəxəsisləri cəlb edilməklə, aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmiş və ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur: 1) İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid İmişli şəhəri, Xəzər küçəsinin arxasında, çala adlanan ərazidən İddiaçı ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 2) İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə bələdiyyəyə məxsus olmaqla şəhərin S.Bəhlulzadə küçəsinin yaxınlığında boş torpaq sahəsindən X10 ayrılmış 500 kv.metr torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin? 3) Qeyd edilən torpaq sahələrinin koordinatları, döngə nöqtələrinin üst-üstə düşübdüşməməsi müəyyən edilsin? 4) Cavabdeh tərəfindən İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə bələdiyyəyə məxsus olmaqla şəhərin S.Bəhlulzadə küçəsinin yaxınlığında boş torpaq sahəsindən X10 ayrılmış 500 kv.metr torpaq sahəsindən istifadə edilib-edilməməsi müəyyən edilsin? 5) İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid İmişli şəhəri, Xəzər küçəsinin arxasında, çala adlanan ərazidən İddiaçı ayrılmış 1000 kv.metr torpaq sahəsinin bütövlükdə, yaxud hissəvi olaraq hansı hissədə Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən faktiki istifadə edilibedilməməsi müəyyən edilsin? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli 3-16-16/2-10/8137 saylı ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışdır: İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İmişli şəhəri, Xəzər küçəsinin arxasında, İmişli bələdiyyəsinə aid, çala adlanan ərazidən İddiaçı ayrılmış 1000 kv.metr torpaq sahəsinin sərhədləri ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmaqla İmişli bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş yerquruluşu planında olan istinad nöqtələrindən istifadə etməklə plan üzərindəki ölçü göstəricilərinə əsasən, döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir; İmişli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə İmişli şəhəri Səttar Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli bələdiyyəsinə aid boş torpaq sahəsinin ərazisindən X10 ayrılmış 500 kv.metr torpaq sahəsinin sərhədlərini İmişli bələdiyyəsi tərəfindən təsdiq olunmuş yerquruluşu planında olan istinad nöqtələrindən istifadə etməklə plan üzərindəki ölçü göstəricilərinə əsasən, döngə nöqtələrinin koordinatları müəyyən etmək üçün ölçmə işləri aparılmışdır; İmişli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə şəhərin Səttar Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə aid boş torpaq sahəsinin ərazisindən X10 ayrılmış 500 kv.metr torpaq sahəsinin yerqruluşu planı tərtib olunsa da, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmili rayon şöbəsi tərəfindən deyil, ancaq İmişli Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur; İmişli bələdiyyəsinin 30 noyabr 2007-cİ il tarixli 11 saylı qərarı ilə şəhərin Səttar Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli bələdiyyəsinə aid boş torpaq sahəsinin ərazisindən X10 ayrılmış 500 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir; İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İmişli şəhəri Xəzər küçəsinin arxasında, çala adlanan ərazidən İddiaçı Pəhiivan oğluna ayrılmış 1000 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. Qeyd olunan 1000 kv.metr torpaq sahəsinin 584 kv.metr hissəsi X9, 416 kv.metr hissəsi isə X3 tərəfindən istifadə olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir;Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir; 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İddiaçının ona ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması aparılmış araşdırmanın nəticəsi olaraq təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(036)-2090/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırki apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İsmayıl Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar