Məhkəmə qərarları › İş №2(106)-650/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-650/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-650/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əmlakları ilə birlikdə evdən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 98,9 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh əmlakı ilə birdlikdə məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində 0,19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 98,9 kv.metrdən ibarət fərdi yaşayış evindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmiş, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh şikayət vermiş, Kürdəmir Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, şikayət verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin cavabdeh tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Kürdəmir Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Kürdəmir Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar