Məhkəmə qərarları › İş №2(106)-652/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-652/2023

15.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-652/2023 15.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sabirabad “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı torpaq üzərində vərəsəlik hüququnun bərpası barədə iddia ərizəsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-283/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: ünvan 1ində yerləşən ümumi sahəsi 30,1 kv.m olan fərdi yaşayış evi və 0,1999 ha torpaq sahəsi mərhum X8 mülkiyyətində olmuş, sonuncu xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. O, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 30,1 kv.m olan fərdi yaşayış evini və 0,1999 ha torpaq sahəsini miras qoymuşdur. Safura Rəsulova sağlığında vəsiyyətnamə əsasında sözügedən əmlakı qardaşı oğlu və iddiaçının əri olan X15 vəsiyyət etmişdir. X22 xx.xx.2015-ci il tarixldə ölmüş və onun arvadı İddiaçı xx.xx.2018-ci il tarixdə miras əmlakın ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X26, Hilal, Sənubər, Sənəm və Gülsənəm adlı beş övladı olmuşdur. 4 övladın ərizəsi əsasında X9 xx.xx.2018-ci il tarixdə miras əmlakın ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı həmin şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Sabirabad “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı ünvan 1ində yerləşən 0,1999 ha torpaq sahəsinin ½ hissəsinə X9 Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində verilmiş 28 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras torpaq sahəsinin tam olaraq vəsiyyətnamə üzrə vərəsə tərəfindən qəbul edilmiş hesab olunması, miras torpaq sahəsi üzərində vərəsəlik hüququnun bərpası və həmin mirasa dair tam olaraq onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayon “Asan Xidmət” notariat kontorunun ona verdiyi 16 iyul 2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, 17 iyun 2006-cı il tarixdə vəfat etmiş (şəhadətnamədə ölüm tarixi səhvən 2016-cı il kimi göstərilmişdir) X23 vəsiyyətnamə üzrə vərəsəsi xx.xx.2015-ci ildə ölmüş əri X10 əvəzinə Quruzma kəndində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan ½ hissədə pay ayrılmışdır. Miras qoyan Safurə Rəsulovanın vəfatından sonra mübahisəli torpaq sahəsi mərhum əri vəsiyyətnamə üzrə vərəsə X22 tərəfindən qəbul edilmiş, o həmin torpaq sahəsindən istifadə etmiş və həmin mirasa sahiblik etmişdir. Miras qoyan mərhum X11 qanun üzrə vərəsələri olan övladları X19, X16, X2, X12 və X3 2006-cı ildə vəfat etmiş analarından qalmış mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmədikləri və miras əmlaka sahiblik etmədikləri və ya əmlakı idarə etmədikləri üçün miras əmlakı bu günə qədər faktiki qəbul etməmişlər. Buna baxmayaraq “Asan Xidmət” notariat kontoru tərəfindən qanun üzrə vərəsə X9 da miras qalmış torpaq sahəsinin 1/2 hissəsinə dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Hesab edir ki, vərəsəlik şəhadətnaməsi əsasında X9 mirasdan ½ payın verilməsi əsassız və qanunsuzdur. Ona görə də Əlif Rəsulovun adına verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli, mübahisə edilən miras torpaq sahəsi üzərində tam mülkiyyət hüququna dair ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məhkəmə qətnamə qəbul etməlidir. Qeyd edir ki, vərəsələrdən Əlif Rəsulov anasının ölümündən 4 il sonra mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair Sabirabad rayon Məhkəməsinə müraciət etmşidir. Sabirabad rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(056)-543/2010 saylı qətnaməsi ilə 17 iyun 2006-cı il tarixdə vəfat etmiş X13 mirasının–Sabirabad rayonunun Quruzma kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsə kimi X19 tərəifndən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Mərhum əri X10 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq təmin edilmiş, Sabirabad rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, ərizəçi X6 iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardadda ərizəçinin dediklərinə istinad edərək göstərilir ki, miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməmişdir. Vərəsə kimi vərəsəlik şəhadətnaməsi almaq üçün Sabirabad rayon Dövlət notariat kontoruna müraciət etmiş, notariat kontorunda bildirilmişdir ki, mirasın qəbul edildiyi müddət buraxıldığından bu barədə məhkəməyə müraciət edilməlidir. Hüquqi savadsızlığı, kənddə yaşaması o və digər vərəsələr qanunları bilmədiklərindən anaları vəfat edəndən sonra 3 ay ərzində mirasın qəbulu üçün notariusa müraciət etməmişlər. Bundan başqa qərardadda mərhum Qismət Əliyevin və ərizəçi Əlif Rəsulovun izahatlarına istinadən göstərilir ki, “Qismət Əliyev izahatında mirası faktiki olaraq qəbul etdiyini və ona vəsiyyət olunan mübahisə olunan həyətyanı torpaq sahəsində istixanalar tikməklə kənd təsərrufatı bitkiləri əkib-becərdiyini göstərmişdir. Bu fakt, yəni torpaq sahəsində istixananın Əliyev Qismət tərəfindən tikilərək orada kənd təsərrüfatı məhsullarının əkib-becərməsi apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı verdiyi izahatında ərizəçi Əlif Rəsulov tərəfindən etiraf edilmişdir”. Qanunun imperativ normalarının məzmunundan da görünür ki, altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin birinci dəfə mirasın qəbulu müddətini buraxdığı üçün Sabirabad rayon notariat kontorundan rədd cavabı almış X24 ikinci dəfə Sabirabad “Asan Xidmət” notariat kontoruna müraciət edərək mübahisə predmeti olan X7 miras qalmış torpaq sahəisnə ½ pay hüququ ilə qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi almışdır. Ona görə də X9 verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdehlər Cavabdeh1 və Sabirabad regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-283/2022 nömrəli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) İddiaçı cavabdehlər Cavabdeh1 və Sabirabad regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı ünvan 1ində yerləşən 0,1999 ha. torpaq sahəsinin ½ hissəsinə X9 Sabirabad regional “Asan Xidmət” mərkəzində notariat ofisində verilmiş 28 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras torpaq sahəsinin tam olaraq vəsiyyətnamə üzrə vərəsə tərəfindən qəbul edilmiş hesab olunması, miras torpaq sahəsi üzərində vərəsəlik hüququnun bərpası və həmin mirasa dair tam olaraq onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Sabirabad regional “Asan Xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. İş materialında olan Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X25 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonunda vəfat etmişdir. İş materialında olan Sabirabad regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X8 əmlakının (ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 30,1 kv.m olan fərdi yaşayış evi və 0,1999 ha torpaq sahəsi) ½ hissəsinə X6 vərəsəlik hüquqları tanınmışdır. İş materialında olan Sabirabad “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X14 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2016-cı (əslində ölüm tarixi xx.xx.2006, vərəsəlik şəhadətnaməsində səhvən 2016-cı il göstərilmişdir) il tarixdə vəfat etmiş X8 xx.xx.2003-cü il tarixli vəsiyyətnaməyə əsasən, vəsiyyət üzrə vərəsəsi X22 idi, lakin onun xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras əmlakın (ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 30,1 kv.m olan fərdi yaşayış evi və 0,1999 ha torpaq sahəsi) ½ hissəsi üzərində onun arvadı İddiaçı vərəsəlik hüquqları tanınmışdır. İş materialında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,1999 ha torpaq sahəsi və ümumi sahəsi 30,1 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi X6 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, ½ hissəsi açıq saxlanılmışdır. İş materialında olan xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X19 xx.xx.2018-ci il tarixdə Sabirabad rayonunda vəfat etmişdir. İş materialında olan doğum haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, ata qrafasında X19 göstərilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı miras əmlakın nə Əlif Rəsulov, nə digər birinci növbəli vərəsələr tərəfindən qəbul edilməməsini iddia etsə də, bu hallar nə iş materialları ilə, nə də iddiaçının istinad etdiyi məhkəmə qərarları ilə öz təsdiqini tapmamışdır. Digər tərəfdən həmin məhkəmə qərarları ilə hər hansı preyudisial əhəmiyyətə malik olan hallar da məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, miras qoyan Safura Rəsulovanın birinci növbəli vərəsələri onun vəfat etdiyi vaxt mübahisəli miras əmlakda yaşamışlar. Eyni zamanda nəzərə alsaq ki, Əlif Rəsulov miras qoyanın övladı, hazırki iddia tələbi üzrə iddiaçı isə miras qoyanın qardaşı oğlu olan mərhum Qismət Əliyevin həyat yoldaşıdır, Əlif Rəsulov tərəfindən mirasın faktiki olaraq qəbul edilməməsi ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. İddiaçı, Əlif Rəsulovun adına verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin əsası kimi Ə.Rəsulovun miras əmlakı qəbul etmək üçün 6 aylıq müddətin ötürülməsini və mirası faktiki olaraq qəbul edilməməsini göstərmişdir. Qanunvericilik nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir və məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında uzun müddət miras əmlakla bağlı mübahisə olmuş və iddiaçıya xx.xx.2018-ci il tarixdə miras əmlakın ½ hissəsinə dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu hal özü-özlüyündə onu göstərir ki, iddiaçının miras əmlakın digər ½ hissəsinə Əlif Rəsulovun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xəbəri və məlumatı olmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən Əlif Rəsulovun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia 2 il 9 ay keçdikdən sonra qaldırılmışdır. Məhkəmə hesab etmişdir ki, bu tələb 1 il müddət keçdikdən sonra məhkəməyə verildiyindən həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1147.1, 1159.1, 1243, 324, 354.1, 354.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, o, Əlif Rəsulovun miras əmlakı 6 ay ərzində qəbul etməməsini sübut edə bilməmişdir. İş materialında olan məhkəmə aktlarından məlum olur ki, Əlif Rəsulov məhz buraxılmış müddətin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnamədə həmin məhkəmə aktına istinad etsə də hüquqi qiymət verməmişdir. Eyni zamanda, məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə buraxılmış müddəti iddia müddəti kimi yox, kəsici müddət kimi qiymətləndirmiş və həmin əsasla iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddianı əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir, lakin qətnamədə həmin əqdin məhz əhəmiyyətsiz əqd olmasını təsdiq edən heç bir əsaslandırma yoxdur. Hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi bir əqd olaraq mübahisə edilən əqddir. Əhəmiyyətsiz əqd deyil. Ona görə də kəsici müddətin tətbiq edilməsi yolverilməzdir. Digər tərəfdən iddia ərizəsində təkcə əqdin etibarsızlığı deyil, digər tələblər də var. Ona görə də məhkəmə təkcə əqdin etibarsızlığına deyil, digər iddia tələblərinə də hüquqi qiymət verərək iddia müddətinin kəsici müddət olub-olmamasına qiymət verməli idi. Digər tərəfdən məhkəmənin mövqeyinə görə, Əlif Rəsulova qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vaxtını bildiyim üçün müddətin axını məhz ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi andan başlamalı idi. Məhkəmə qeyd edilən halı yalnız Əlif Rəsulova vərəsəlik hüququ haqqında şəhadətnamənin 2 il 9 ay öncədən verilməsi faktı ilə əsaslandırmağa cəhd edir, lakin bunu hansı əsasla bilməli olduğunu əsaslandırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, nümayəndəsinin torpaq sahəsinə baxış keçirilməsi barədə vəsatəti təmin olunsaydı, məlum olardı ki, oradakı tikili yaşamaq üçün yararlı vəziyyətdə olmamışdır. Ona görə də həmin tikiliyə reyestrdən çıxarış verilə bilməzdi. Habelə məhkəmə baxışı zamanı nümayəndəsi əvvəllər tərəflər arasında olan və iş üçün xüsusi əhəmiyyət kəsb edən məhkəmə aktlarını tələb edərək iş materialına əlavə edilməsini xahiş etmişdir. Həmin məhkəmə aktlarında Əlif Rəsulov tərəfindən yazılmış ərizədə və digər sənədlərdə təsdiq edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi hazırda yaşadıqları evlə-torpaq sahəsi ilə bitişikdir. Həmin torpaq sahəsi tərəfimizdən qəbul edilmiş, Əlif Rəsulov və digər vərəsələr tərəfindən ümumiyyətlə qəbul edilməmişdir. Məhkəmə həmin vəsatəti də əsassız olaraq rədd etmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-652/2023 saylı, 10 aprel 2023-cü il tarixli Qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 2(056)-283/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 aid hissədə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Sabirabad Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı “torpaq üzərində vərəsəlik hüququnun bərpası tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata Cavabdeh1 aid hissdə xitam verilmiş, İddiaçı cavabdeh Sabirabad Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı iddiasına mahiyyəti üzrə baxılması davam etdirilməsi qərara alınmışdır. c) Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdeh Sabirabad regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi, üçüncü şəxslər Cavabdeh1, X29, X20, X21, X1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Sabirabad regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunun xüsusi notariusu F.Qurbanov ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası yuxarıda göstərilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası; 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1256. Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və bilməlki olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan cox olmayaraq uzada bilər. Mirasın qıbulundan notariatda orqanında rəsmiləşdirilməlidir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qısmən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa. Hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əssas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri odur ki, iddiaçı Əlif Rəsulovun miras əmlakı 6 ay ərzində qəbul etməməsini sübut edə bilməmişdir. İş materialında olan məhkəmə aktlarından məlum olur ki, Əlif Rəsulov məhz buraxılmış müddətin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnamədə həmin məhkəmə aktına istinad etsə də hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi adlanan Vİ fəslinin 99-cu bəndinin 4-cü yarımbəndinə əsasən, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Qeyd olunan təlimatdan göründüyü kimi, Əlif Rəsulovun yaşayış sahəsində təkcə qeydiyyatda olması ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsasdır. Bundan əlavə, iş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(102)-01/15 nömrəli qərarına əsasən, 2012-ci ildə notariat kontoru iddiaçının mərhum həyat yoldaşına da eyni əsasla, yəni mirasın qəbul edilməsi üçün müddətin buraxılması əsası ilə şəhadətnamə verilməsindən imtina etmişdir. Apellyasiya şikayətinin digər dəlilinə əsasən, məhkəmə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddianı əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir, lakin qətnamədə həmin əqdin məhz əhəmiyyətsiz əqd olmasını təsdiq edən heç bir əsaslandırma yoxdur. Hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi bir əqd olaraq mübahisə edilən əqddir. Əhəmiyyətsiz əqd deyil. Ona görə də kəsici müddətin tətbiq edilməsi yolverilməzdir. Digər tərəfdən iddia ərizəsində təkcə əqdin etibarsızlığı deyil, digər tələblər də var. Ona görə də məhkəmə təkcə əqdin etibarsızlığına deyil, digər iddia tələblərinə də hüquqi qiymət verərək iddia müddətinin kəsici müddət olub-olmamasına qiymət verməli idi. Digər tərəfdən məhkəmənin mövqeyinə görə, Əlif Rəsulova qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vaxtını bildiyi üçün müddətin axını məhz ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi andan başlamalı idi. Məhkəmə qeyd edilən halı yalnız Əlif Rəsulova vərəsəlik hüququ haqqında şəhadətnamənin 2 il 9 ay öncədən verilməsi faktı ilə əsaslandırmağa cəhd edir, lakin bunu hansı əsasla bilməli olduğunu əsaslandırmamışdır. İddiaçıya xx.xx.2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə onun miras əmlakdan ½ hissədə pay alması qeyd olunmuşdur. Kollegiya, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı miras əmlakın digər ½ hissəsinə Əlif Rəsulova qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən məlumatlı olmuşdur. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: -iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; -iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, nümayəndəsinin torpaq sahəsinə baxış keçirilməsi barədə vəsatəti təmin olunsaydı, məlum olardı ki, oradakı tikili yaşamaq üçün yararlı vəziyyətdə olmamışdır. Ona görə də həmin tikiliyə reyestrdən çıxarış verilə bilməzdi. Habelə məhkəmə baxışı zamanı nümayəndəsi əvvəllər tərəflər arasında olan və iş üçün xüsusi əhəmiyyət kəsb edən məhkəmə aktlarını tələb edərək iş materialın əlavə edilməsini xahiş etmişdir. Həmin məhkəmə aktlarında Əlif Rəsulov tərəfindən yazılmış ərizədə və digər sənədlərdə təsdiq edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi hazırda yaşadıqları evlə-torpaq sahəsi ilə bitişikdir. Həmin torpaq sahəsi tərəflərindən qəbul edilmiş, Əlif Rəsulov və digər vərəsələr tərəfindən ümumiyyətlə qəbul edilməmişdir. Məhkəmə həmin vəsatəti də əsassız olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin göstərilən dəlilləri formal mülahizələrə əsaslanmış, onu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1- ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya şikayətinin digər dəlili olaraq göstərilmişdir ki, prosessual hüquq normaları da pozulmuşdur. Məhkəmə kollegiyası bu dəlil barədə qeyd edir ki, hansı prosessual hüquq normalarının pozulması konkret olaraq sadalanmamışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi nəzərindən və mahiyyəti üzrə düzgün həll olunduğundan, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən və apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşıdığından apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, hazırki mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-283/2022 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-283/2022 nömrəli qətnaməsi, cavabdeh Sabirabad “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tam formada təqdim olunduğu gündən 2(iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar