Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-656/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin e-2(020)-1838/2023 saylı, 29 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 10081,77 manat məbləğində ziyanın, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ********** saylı VÖEN ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ona məxsus mağazalarda ərzaq mallarının topdan və pərakəndə satışını həyata keçirir. 02 may 2022-ci ildə cavabdeh ilə qanuna müvafiq şəkildə əmək müqaviləsi bağlayaraq, onu Horadiz qəsəbəsində yerləşən marketə “market müdiri” vəzifəsinə işə qəbul edərək, maddi məsul şəxs təyin etmişdir. Cavabdeh ilə əmək müqaviləsi ilə eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. İşlədiyi dövrdə cavabdehə satış məqsədi ilə mallar verilmişdir. Market müdiri kimi əmək vəzifələrini kobud şəkildə pozduğuna və işinə məsuliyyətsiz yanaşdığına görə 25 iyul 2022-ci il tarixli, 01 nömrəli əmrlə cavabdehə töhmət verilmişdir. Töhmət verildikdən sonra da cavabdeh işinə yenidən məsuliyyətsiz yanaşmış, marketdə işləri düzgün qurmamışdır. Buna görə də onun əmək fəaliyyətinin yoxlanılması məqsədilə 25 avqust 2022-ci il tarixli, 32 nömrəli əmrlə komissiya yaradılmışdır. Cavabdehin market müdiri işlədiyi Horadiz qəsəbəsində yerləşən marketdə komissiya tərəfindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, satış məqsədi ilə cavabdehə verilmiş mallardan 10081,77 manat dəyərində mal yerində yoxdur, əksikdir. Komissiya üzvləri tərəfindən tərtib olunmuş yoxlamanın nəticəsi barədə aktda cavabdehin market müdiri işlədiyi Horadiz marketdə 10081,77 manat dəyərində malın yerində olmaması, əksik olması, 10081,77 manat dəyərində əksik malın market müdiri Cavabdeh tərəfindən mənimsənilməsi, bununla da onun tərəfindən sahibkar iddiaçıya ziyan vurulması və onun iddiaçıya 10081,77 manat borcunun olması faktı öz əksini tapmışdır. Yoxlamadan sonra cavabdeh işə çıxmamış, intizam qaydasını pozmuş, sahibkar iddiaçıya vurduğu 10081,77 manat dəyərində ziyanı sahibkara ödəməkdən yayınmışdır. Cavabdehin bu hərəkətləri sahibkar tərəfindən müvafiq aktlarla aktlaşdırılmış, 30 sentyabr 2022-ci il tarixli, 9K/65/2022 saylı əmrlə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin ona vurduğu ziyanın nəticəsi olaraq iddiaçı da mal aldığı şirkətlərə olan borcunu ödəməkdə çətinlik çəkir, sahibkarlıq fəaliyyətində ciddi problemlər yaranmışdır. Cavabdehə 10081,77 manat məbləğində borcunu ödəməsi barədə dəfələrlə müraciət etsə də, sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirərək, borcunu ödəməkdən yayınmışdır. Bununla bağlı, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya prosesi zamanı da cavabdeh borcunu ödəməklə bağlı razılığa gəlməmişdir. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının mediatoru Cəmil Cəmilli tərəfindən mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq cavabdeh ilə tam maddi məsuliyyət müqaviləsi bağlanmışdır. Əmək Məcəlləsinin 202-ci maddəsində ziyanın məbləğinin müəyyən edilməsi qaydası qeyd olunmuşdur. Belə ki, həmin maddədə qeyd olunur ki, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Sahibkar kimi iddiaçıya dəymiş ziyanın məbləği Əmək Məcəlləsinin 202-ci maddəsinin tələbinə əsasən ziyan vurulan vaxtda malların mövcud olan bazar qiymətləri ilə hesablanmışdır. Cavabdehin ona vurduğu ziyan onun tam maddi məsuliyyət daşıdığı hallarda vurulduğundan, ziyanın məbləği onun orta aylıq əmək haqqından çox olduğundan ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2(020)-1838/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 10081,77 manat məbləğində pulun və 100 manat mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(020)-1838/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin tələblərinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda a) saxlanılmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müaqavilə bağladıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Mülki işin materiallarından da göründüyü kimi, işçinin – Cavabdeh qanunazidd hərəkətlərinin nədən ibarət olması məlum deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə, maddi məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin eyni zamanda hər üçünün – o cümlədən də a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda, b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, c) təqsirkarın qanunazuidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda – bu üç şərtin mövcud olması tələb olunur. Bu isə o deməkdir ki, maddi məsuliyyət işçinin üzərinə o vaxt qoyulur ki, ziyanın həqiqətən vurulduğu aşkar edilsin, təqsirkarın əməli qanuna zidd olsun, təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun. Bu halların cavabdehin əməlində mövcud olub-olmaması məsələsi məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçinin işəgötürənə vurduğu ziyana görə bir aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıması halına da heç bir əhəmiyyət verilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarının 1-ci bəndinin tələbinə görə, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən də borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Lakin mülki işin materiallarına əlavə edilmiş 10081,77 manat məbləğində maddi ziyanın vurulmasını təsdiq edən hər hansı bir hüquqi sənədin olmaması da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Təqdim etdiyi “Mandarin” supermarketin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli və icraçı direktor İddiaçı tərəfindən təsdiq edilmiş cədvəllərdən də göründüyü kimi plan heç bir vaxt yerinə yetirilməmiş, plandan geri qalma halları həmişə mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinin tələbinə görə, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Mülki işin materiallarından da göründüyü kimi, cavabdehin işə girdiyi vaxtdan işdən çıxdığı vaxta kimi barəsində ziyanın vurulması halları olmamışdır. Bu barədə iş materiallarına hər hansı bir sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə görə, əmək hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarın tələbinə görə, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində, 192-ci maddəsinin 2-ci hissəsində, eləcə 194-cü maddəsinin 1-ci hissəsində maddi məsuliyyətinin yaranmasının əsas şərti kimi təqsir mövcud olmalıdır. Cavabdehin təqsirinin nədən ibarət olması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə tərəfindən yalnız iddia ərizəsi qətnaməyə köçürülməklə kifayətlənilmişdir. İş materiallarından da göründüyü kimi, cavabdehdən Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən və "xxxx" MMC-yə məxsus olan “Mandarin” marketdə işlədiyinə görə 10081,77 manat məbləğində ziyanı və 100 manat mediasiya xərcini tələb edən fiziki şəxs İddiaçı Füzuli rayonu, Horadiz şəhəri, Xanlar, ev-52 ünvanında yerləşən Füzuli rayonu Vergilər şöbəsində fiziki şəxs kimi qeydiyyatdadır. Bu isə o deməkdir ki, fiziki şəxs kimi Füzuli rayonu Vergilər şöbəsində qeydiyyatda olan İddiaçı cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur. Ona qarşı iddia yalnız "xxxx" MMC-nin adından qaldırıla bilərdi. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmişdir. Əvvala, bu barədə audio yazısının olmaması bunun əyani sübutudur. Belə ki, vurulmuş ziyana görə tələb olunan 10081,77 manat pul yalnız siqaretlərlə bağlı olan məsələdir. Bu halın araşdırılması üçün hər hansı bir sübut tələb olunmamışdır, yəni qaimə-fakturalarda market müdiri kimi Cavabdeh hər hansı bir sənəddə imzasının olub-olmaması məsələsinə ümumiyyətlə heç bir əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərini pozmaqla işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisələndirilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırmamışdır. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(020)-1838/2023 saylı qətnaməsinin qəbul edildiyi vaxt maddi məsuliyyətin yaranması şərtlərinin mövcud olub-olmaması, qanunazidd hərəkətlərinin nədən ibarət olması, təqsirin formaları, “Mandarin” marketin açarının tam maddi məsul olmayan direktora yaxın ikinci bir şəxsdə də olması, “Mandarin” marketin qapılarının əksər hallarda ikinci bir şəxs tərəfindən açılması kimi hallar, həmçinin “Mandarin” marketdə fəaliyyət göstərən kamera görüntülərinin iş materiallarına əlavə edilməməsi kimi hallar, ziyanın yalnız siqaretlərdən ibarət olması və Cavabdeh heç bir vaxt siqaret çəkən olmaması kimi hallar, həmçinin iş mteriallarına əlavə edilmiş bütün sənədlərin möhürsüz olması, “Mandarin” marketin konkret olaraq kimə məxsus olması, həmin “Mandarin” marketdə satılmış mallara görə verginin hansı VÖEN-in adından ödənilməsi, işəgötürənin kim olması, fiziki şəxs İddiaçı “Mandarin” marketə görə iddia qaldırmaq hüququnun olubolmaması kimi, məhkəməyə təqdim olunmuş bütün sənədlərdə işəgötürənin konkret olaraq kim olması, 31 mart 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək olan dövr ərzində X1 qeydiyyatı aparılmış vatsap yazışmalarından məlum olan Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən “Mandarin” marketin qapılarının həmişə işdə olduğu vaxtlarda cavabdehin və mühafizənin iştirakı ilə bağlanılması, Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən “Mandarin” marketin qapılarının 31 mart 2022-ci ildən 28 iyun 2022-ci il tarixinədək təqdim etdiyi vatsap yazışmalarından məlum olan halın – mühafizəçinin iştirakı olmadan İddiaçı göstərişi əsasında Anar adlı şəxs tərəfindən açılması, cavabdeh tərəfindən heç bir vaxt marketin qapılarının səhər vaxtlarında açılması hallarının olmaması, Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən “Mandarin” marketdə həmişə kameralar işlək vəziyyətdə olmasına baxmayaraq, iş materallarına hər hansı bir kamera görüntüsünün əlavə edilməməsi, marketdəki kameraların 2022-ci ilin aprel-may aylarında təmir işləri gedən vaxtlarda məqsədli şəkildə söndürülməsi, 2022-ci ilin may ayının 21-də cavabdehin anasının vəfat etməsi səbəbinə görə və 22 iyul 2022-ci il tarixində uşağının doğulması səbəbindən marketdə işdə olmaması, “Mandarin” marketə malların qaiməfaktura əsasında qəbul edilməsi, malların təhvil-təslim edilməsinə, o cümlədən də Beyləqan rayonu, 1-ci Şahsevən kəndində tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Mal köhnə Sayılarında” qeyd edilmiş siqaretlərin qaimə-faktura əsasında cavabdeh tərəfindən qəbul edilməsi və ya təhvil-təslim edilməsi hallarının olmaması, “Mandarin” marketin qapılarının səhər saatlarında açıldığı vaxtlarda cavabdehin harada olmasını əks etdirən telefon əhatə dairəsinin yoxlanılmaması, heç bir vaxt siqaret çəkən olmaması, dövlət rüsumunun ödənilməməsi, “Komissiyanın təşkil olunması barədə” 25 avqust 2022-ci il tarixli, 33 nömrəli əmrlə işlədiyi marketdə yoxlama zamanı onun iştirakının təmin olunmaması, daha doğrusu işə əlavə edilmiş həmin tarixli əmrdə adının belə olmaması, yoxlamanın nəticəsi barədə fiziki şəxs İddiaçı tərəfindən təsdiq edilmiş və fiziki şəxs İddiaçı, müdir müavini X4 və mağaza müdiri X2 tərəfindən imzalarla təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda cavabdeh kimi onun iştirakının təmin olunmaması kimi hallar hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(020)-1828/2023 saylı qətnaməsinin qəbul edildiyi vaxt market müdirinin vəzifə təlimatlarının nədən ibarət olmasına dair hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Qətnamə qəbul edilərkən mülki işin materiallarına əlavə edilmiş tam maddi məsuliyyət haqqında müqavilənin bağlanıldığı yerin məlum olmadığı, müqavilənin tarixinin sonradan qələmlə yazılması, müqavilədə qeyd edilmiş maddi dəyərlilərin nədən ibarət olması, müqavilənin ikinci nüsxəsinin maddi məsul şəxs kimi qələmə verilən Cavabdeh verilməsini təsdiq edən hər hansı bir qeydin müqavilədə olmaması, tam maddi məsuliyyət haqqında müqavilənin möhürsüz olması, hər hansı bir möhürlə təsdiqlənməməsi, maddi sərvətlərin, görüləcək işlərin yerinin məlum olmaması, o cümlədən də tam maddi məsuliyyət haqqında müqavilənin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və normativ hüquqi aktların tələblərinə uyğun olmayaraq tərtib olunmasına, daha doğrusu, həmin müqavilənin etibarsız sayılmasına heç bir əhəmiyyət verilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(020)-1838/2023 saylı qətnaməsinin qəbul edildiyi vaxt cavabdehin kassir, anbardar, təsərrüfat müdiri və daşınma ekspeditoru kimi vəzifələr daşımadığı da nəzərə alınmamışdır. Qətnamənin qəbul edildiyi vaxt “Mandarin” marketə gələn malların qaimə-fakturalar əsasında anbardar tərəfindən qəbul edilməsi və onun tərəfindən hesabatının aparılmasında cavabdehin hər hansı bir sənəddə imzasının olmaması kimi hallar ümumiyyətlə araşdırılmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, əvvəllər işlədiyi “Mandarin” marketdə market müdiri vəzifəsində çalışmış olsa da, marketə gələn malları qəbul edən şəxs o olmamışdır. Həmin marketdə işləməyə başlayanda və market ona təhvil veriləndə marketdə hansı məbləğdə və hansı adda malların olması ilə bağlı hər hansı sənəd tərtib olunmamış, hər hansı hesablama aparılmamışdır. Onun özü də marketdə olan heç bir malı götürüb mənimsəməmişdir. İddiaçı sadəcə onu borcla yükləməyə çalışmışdır. Ona görə də onun iddiaçıya ziyan vurması ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı fərdi sahibkardır və bir neçə yerdə malların satışını həyata keçirən marketləri var. Belə marketlərdən biri də Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Həmin marketə market müdiri vəzifəsinə Cavabdeh təyin edilmişdir. Lakin sonradan o, işində məsuliyyətsizliyə yol verdiyinə görə əvvəlcə ona töhmət verilmiş, töhmətin nəticəsi olmadığına görə sonradan o, işdən çıxarılmışdır. Cavabdeh işdən çıxarılarkən marketdə olan mallar sayılmış və müəyyən edilmişdir ki, marketdəki malların sayında əksiklik var. O, verilmiş suallara cavab olaraq bildirdi ki, market cavabdehə təhvil verilərkən orada olan malların siyahısını özündə əks etdirən və Cavabdeh imzası ilə təsdiq olunmuş hər hansı sənəd yoxdur. Lakin market cavabdehə təhvil verilərkən orada hansı malların olması barədə iddiaçının məlumatı olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi Cavabdeh fiziki şəxs olan işəgötürən İddiaçı ilə 02 may 2022-ci il tarixində əmək müqaviləsi bağlayaraq həmin tarixdən mağazada “Market müdiri” vəzifəsində işləməyə başlamış, bu barədə bildiriş 03 may 2022-ci ildə sistemə daxil edilmişdir. İşdə surəti olan 02 may 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən İddiaçı ilə işçi (market müdiri) Cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə bağlamış, Cavabdeh tam məsuliyyətlə ona etibar edilmiş maddi dəyərlilərin, qaimə-fakturada göstərilmiş maddi dəyərlilərin qorunmasını, ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmaq və eyni zamanda heç bir halda ziyan gətirməmək vəzifələrinin yerinə yetirilməsini öz boynuna götürmüşdür. Müqavilə işçi və işəgötürən tərəfindən imzalanmışdır. İşdəki 25 iyul 2022-ci il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə mağazadakı qeyri-etik davranışları və məsuliyyətsizliyi ilə əlaqədar Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə uyğun olaraq mağaza müdiri Cavabdeh inzibati tənbeh – töhmət elan edilmişdir. İşdəki 25 avqust 2022-ci il tarixli, 32 nömrəli əmrdən görünür ki, həmin əmrlə fiziki şəxs İddiaçı məxsus mağazada market müdiri vəzifəsində işləyən Cavabdeh həmin mağazada işlədiyi dövr üzrə əmək fəaliyyətinin yoxlanılması ilə əlaqədar aşağıdakı tərkibdə komissiyanın təşkil edilməsi qərara alınmışdır: Komissiya sədri İddiaçı, üzvlər “Fiziki şəxs İddiaçı”na məxsus marketin müdir müavini X4 və “Fiziki şəxs İddiaçı”na məxsus marketin müdiri X2. İşdəki İddiaçı, müdir müavini X4 və mağaza müdiri X2 tərəfindən imzalanmış yoxlamanın nəticəsi barədə 30 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, “Fiziki şəxs İddiaçı”na məxsus mağazada müdir vəzifəsində işləyən Cavabdeh əmək fəaliyyətinin yoxlanılması barədə 30 avqust 2022-ci il tarixində aparılmış sayım zamanı məlum olmuşdur ki, 21 avqust 2022-ci il tarixindəki sayım düzgün aparılmış və 10081,77 manat məbləğində məhsul kəmi məbləği bir daha öz təsdiqini tapmışdır. Lakin həmin kəm məbləği cəmiyyətə ödəməkdən bir daha yayınmışdır. Bununla da, Cavabdeh cəmiyyətə məxsus 10081,77 manat məbləğində məhsulun vəsaitini mənimsəmişdir. İşdəki İddiaçı, müdir müavini X4 və mağaza müdiri X2 tərəfindən imzalanmış 02 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, “Fiziki şəxs İddiaçı”na məxsus mağazada müdir vəzifəsində işləyən Cavabdeh 02 sentyabr 2022-ci ildə işə çıxmamış, onunla əlaqə yaratmağa cəhd edən əməkdaşlara cavab verməmiş və 10081,77 manat pul vəsaitini ödəməkdən yayınmışdır. İşdəki İddiaçı 30 sentyabr 2022-ci il tarixli, 9K/65/2022 saylı əmrindən görünür ki, “Mağazalar” bölməsində “market müdiri” vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30 sentyabr 2022-ci il tarixindən xitam verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2(020)-1838/2023 saylı qətnaməsi ilə qarşılıqlı şəkildə təhlil edərək belə qənaətə gəlir ki, məhkəmə həqiqətən də iş üzrə hər hansı araşdırma aparmadan, təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən iş üzrə qətnamə qəbul etmiş, iddia ərizəsinin məzmununu qətnaməyə köçürməklə onu əsaslandırmağa çalışmışdır. İddia ərizəsinin məzmununun olduğu kimi qətnaməyə köçürülməsini isə qətnamənin əsaslandırıcı hissəsində 3-cü vərəqin sondan 2ci və 3-cü abzasları birbaşa olaraq təsdiq edir. Belə ki, həmin səhifənin sondan 3-cü abzasında “Bildirirəm ki, sahibkar kimi mənə dəymiş ziyanın məbləği 202-ci maddənin tələbinə əsasən ziyan vurulan vaxtda mal(lar)ın mövcud olan bazar qiymətləri ilə hesablanmışdır” şəklində, eləcə də, sondan 2-ci abzasında “Cavabdeh mənə vurduğu ziyan onun tam maddi məsuliyyət daşıdığı hallarda vurulduğundan, ziyanın məbləği onun orta aylıq əmək haqqından çox olduğundan ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşam” şəklində qeyd edilmiş cümlələrdən görünür ki, məhkəmə qətnaməsi əsaslandırılmamış, iddia ərizəsinin məzmunu qətnaməyə köçürülmüşdür. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilini əsaslı hesab edir. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı fiziki şəxs olaraq fərdi sahibkarlıqla məşğuldur və işəgötürən kimi cavabdehi öz marketində “market müdiri” vəzifəsinə təyin etmiş, onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. Sonradan cavabdehin fəaliyyətindən razı qalmadığına görə ona əvvəlcə töhmət verilmiş, daha sonra fəaliyyətinin yoxlanılması qərara alınmış və bunun üçün komissiya təşkil olunmuşdur. Komissiya cavabdehin fəaliyyətini yoxlayarkən sayım aparmış və 10081,77 manat məbləğində malın cavabdeh tərəfindən mənimsənildiyini müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi məhz tam maddi məsuliyyət haqqında müqavilə çərçivəsində əksikliyi müəyyən edilmiş 10081,77 manat məbləğində məhsulun dəyərinin cavabdehdən tutulması ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini ona tətbiq edilməli olan hüquq normalarına uyğun qiymətləndirmədən düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin iddiaçının hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik olmamasına dair dəlili ilə bağlı bildirir ki, əmək müqaviləsi bağlanması ilə bağlı bildirişdən də göründüyü kimi, cavabdehin işəgötürəni kimi məhz fiziki şəxs olaraq İddiaçı çıxış etmiş, cavabdehlə tam maddi məsuliyyət haqqında müqaviləni də işəgötürən olaraq məhz iddiaçı imzalamışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının hazırkı tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olduğunu bildirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, qanunverici Əmək Məcəlləsinin 191.2-ci maddəsində işçinin və ya işəgötürənin vurduqları ziyana görə maddi məsuliyyətinin yaranmasını eyni zamanda mövcudluğu tələb olunan 3 şərtdən asılı etmişdir. Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandığı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İddiaçı cavabdehin fəaliyyətinin yoxlanılması zamanı komissiya tərəfindən 10081,77 manat dəyərində məhsulun çatışmadığının müəyyən edildiyini və həmin məbləğdə vəsaitin cavabdeh tərəfindən mənimsənildiyini, bununla da ona 10081,77 manatlıq ziyan vurulduğunu və buna görə cavabdehin tam maddi məsuliyyət daşıdığını bildirmişdir. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Əmək Məcəlləsinin 200.2-ci maddəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunur ki, işəgötürənin və işçinin birbirinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, ziyan dedikdə hazırkı halda iddiaçı olan işəgötürənin əmlakında cavabdehin qanunazidd hərəkətləri nəticəsində müəyyən azalmanın əmələ gəlməsi başa düşülməlidir. Göründüyü kimi, ziyanın həqiqətən mövcud olub-olmamasının, yəni ziyanın həqiqiliyinin müəyyən edilməsi üçün iddiaçı tərəfindən cavabdehə mağazanın hansı vəziyyətdə təhvil verilməsi və həmin təhvil verilmə zamanı mağazada hansı adda və hansı qiymətdə məhsulun verilməsi müəyyən edilməlidir. Əmək Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 192.2-ci maddəsindən də göründüyü kimi, maddi ziyanın məbləğini və onun vurulduğunu sübut etmək vəzifəsi hazırda iddiaçının (işəgötürənin) üzərinə düşür. Lakin iddiaçı ziyanın həqiqiliyini təsdiq edən, mağazanın cavabdehə hansı vəziyyətdə təhvil verilməsini və həmin zaman mağazada hansı adda və hansı qiymətdə məhsulun olmasını özündə əks etdirən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş 31 avqust 2022-ci il tarixli mal köhnə sayıları adlı siyahıda ümumi ziyan məbləğinin 10081,77 manat göstərilməsinə və müxtəlif siqaret məhsullarının adlarının qeyd edilməsinə baxmayaraq, mağazanın təhvil verilərkən ilkin vəziyyəti iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, ziyanın həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi də marketin cavabdehə təhvil verilərkən orada olan malların siyahısını özündə əks etdirən və cavabdehin də imzası ilə təsdiq edilmiş hər hansı sənədin olmadığını bildirmişdir. O, market cavabdehə təhvil verilərkən orada hansı malların olması barədə iddiaçının məlumatı olduğunu qeyd etsə də, məhkəmə kollegiyası bildirir ki, ziyanın həqiqiliyinin müəyyən edilməsi üçün iddiaçının şifahi və dəqiqliyinin müəyyən edilməsi mümkün olmayan məlumatları mötəbər qəbul edilə bilməz. Bundan başqa, 02 may 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə cavabdehin ona etibar edilmiş maddi dəyərlilərə görə məsuliyyət daşıması qeyd edilsə də, ona məhz hansı maddi dəyərli məhsulun etibar edildiyi qeyd edilməmiş, bununla bağlı, cavabdeh tərəfindən də imzalanmış hər hansı siyahı təqdim edilməmişdir. Qeyd edilənləri və Əmək Məcəlləsinin 191.2-ci maddəsini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, cavabdehin (işçinin) iddiaçı (işəgötürən) qarşısında maddi məsuliyyətinin yaranması üçün mövcudluğu eyni zamanda tələb olunan şərtlərdən ziyanın həqiqətən vurulması faktı müəyyən edilmədiyindən və həmin faktın müəyyən edilməsi üçün iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən, cavabdehin iddiaçıya qarşı maddi məsuliyyətinin mövcudluğundan danışmaq olmaz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona zərərin vurulmasını və zərərin məhz cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutların təqdim edilibedilməməsinə düzgün hüquqi qiymət verməmiş, iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin iddiaçı qarşısında maddi məsuliyyətinin yaranması öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən tələb edilən 100 manat mediasiya xərcinə dair hissədə də iddia təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2(020)-1838/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-656/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-656/2024
03.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver