Məhkəmə qərarları › İş №2(106)-661/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-661/2025

18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-661/2025 18.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2075/2019 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Qeyd olunan mülki iş üzrə məhkəmənin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı əsasında, qətnamədən apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. X4 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə şikayət ərizəsi verərək məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini və xx.xx.2019-cu il tarixli 2(049)- 2075/2019 saylı məhkəmə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə qəbul edilərək mahiyyəti üzrə baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 saylı qətnaməsindən apellyasiya şikayətini bilavasitə X4 özü vermiş olmasa da, onun hazırki şikayət ərizəsi məzmun baxımından xx.xx.2019-cu il tarixli qərardadın mübahisələndirilməsinə yönəldiyindən həmin ərizə məhkəmənin qeyd olunan qərardadından verilmiş şikayət kimi hesab edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2075/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayətin qaytarılması qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2075/2019 saylı qərardadından şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli 2(049)-2075/2019 saylı Qərardadının ləğv edilməsini və İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)- 2075/2019 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun şəkildə baxılaraq qanunauyğun prosessual hərəkətlərin icrasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 269-cu maddəsinin imperativ (məcburi) tələblərinə əməl etmək əvəzinə həmin qanun normasini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, vətəndaş (iddiaçı) İddiaçı Mirzəğa oğlunun apellyasiya şikayətinin vaxtında Şirvan Apellyasiya Məhkəməsinə ümumiyyətlə göndərilməməsi və əgər hətta geri qaytarılmışdırsa bu barədə nə İddiaçı nə də ki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi ona vaxtında zəruri məlumatın təqdim edilməməsi nəticəsində onun cavabdehlə birgə mülkiyyətlərində olan və hazırki bazar dəyəri təxminən 80000 (səksən min) manat olan daşınmaz əmlaklarımızın pay bölgüsü barədə iddia tələbibin verilməsinin qarşısı süni şəkildə və onun iradəsindən asılı olmayaraq alınmasını, həmçinin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qaytarılması ilə onun məhkəməyə müraciət etmə hüququnun kobud şəkildə pozulması ilə bərabər onunda Azərbaycan Respublikası Konstitusiyasının 60cımaddəsində təsbit edilmiş hüquqlarının məhkəmə müdafiəsi hüququnun, həmçinin İnsan Hüquqlarının Müdafiəsi Haqqında Konvensiyanın 6 maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulduğunu məhkəmə bilərəkdən və ya bilmədən nəzərdən qaçırmışdır.Halbuki, Lənkəran Rayon Məhkəməsinin2(049)-2075/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə vaxtı-vaxtında Şirvan Apellyasiya Məhkəməsinə göndərilsə idi və iş üzrə obyektiv, tam və hərtərəfli apellyasiya araşdırması aparılaraq iş üzrə obyektiv, istənilən qanuni və əsaslı məhkəmə qərarı çıxarılmış olsaydı, o həmin məhkəmənin nəticəsindən məlumatlı olar və vaxtında öz daşınmaz əmlaklarının ona çatası hissəsi ilə bağlı məsələlər üzrə zəruri hüquqi addımlarını atardı. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2075/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)- 2075/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2075/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Mülki prosessual qanunvericiliyin qeyd olunan müddəalarının məzmunundan göründüyü kimi, qəradaddan şikayət verildiyi halda, məhkəmə həmin şikayəti ya təmin edərək sonrakı prosessual hərəkətləri yerinə yetirir, yaxud həmin şikayəti aidiyyəti üzrə yuxarı instansiya məhkəmələrinə göndərir. Qanunvericilikdə məhkəmə qərardadlarından şikayət vermək hüququ ümumi məfhum kimi “işdə iştirak edən şəxslər” və “qərardadın bilavasitə aid olduğu digər şəxslər” olaraq müəyyən edilmişdir. “Qərardadın bilavasitə aid olduğu digər şəxslər” ifadəsində həmin şəxslər, habelə, onların şikayət verə biləcəkləri qərardadların dairəsi “bilavasitə aid olduğu” sözləri ilə dəqiq müəyyən edilmiş, ancaq burada həmin şəxslərin hansı halda bu qərardadlardan şikayət vermək hüququnun yarandığı dəqiq qeyd edilməmişdir. Həmin müddəada qeyd edilən “işdə iştirak edən şəxslər” ifadəsi isə proses iştirakçılarının məhkəmənin konkret iş üzrə zahirən bütün qərardadlarından şikayət vermək hüququnu ehtiva etdiyi mənasına gəlsə də, əslində, istər işdə iştirak edən şəxslər, istərsə də qərardadın bilavasitə aid olduğu digər şəxslər iş üzrə bütün qərardadlardan deyil, yalnız onların hüquq və mənafelərinə toxunan qərardadlardan şikayət vermək hüquqlarına malikdirlər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslərin verdiyi şikayətlə əlaqədar məhkəmə tərəfindən çıxarılan qərardaddan şikayət verə biləcək şəxslərin dairəsi qanunvericilikdə dəqiq müəyyən edilməmişdir. Eyni zamanda, həmin qərardaddan, qərardadın bilavasitə aid olduğu şəxsdən başqa digər şəxs(lər) tərəfindən şikayət verildikdə, məhkəmə tərəfindən yerinə yetirilməli olan sonrakı prosessual hərəkətlərin nədən ibarət olması da qanunvericilikdə bilavasitə tənzimlənməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinin məzmunundan göründüyü kimi, hər bir şəxs özünün hüquq və azadlıqlarını, maraqlarını qorumaq üçün məhkəmə müdafiəsindən qanunla müəyyən edilmiş qaydada istifadə etmək hüququna malikdir. Burada məhkəmə müdafiəsindən qanunla müəyyən edilmiş qaydada istifadə etmək hüququna malik olmaq, hüququ pozulmuş şəxsin aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnu ehtiva edir. Qeyd olunan hüquq normasının tələbləri baxımından, hazırki şikayəti verən şəxs X4 xx.xx.2019- cu il tarixli 2(049)-2075/2019 saylı məhkəmə qətnaməsindən başqa şəxs tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması nəticəsində hüquqları pozulan və ya maraqlarına toxunulan şəxs hesab edilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, mülki prosessual qanunvericiliyin ümumi prinsipləri nəzərə alınmaqla, həmin qərardaddan şikayət vermək hüququna yalnız qərardadla hüquqlarına və mənafelərinə toxunulan şəxs (hazırki vəziyyətdə həm işdə iştirak edən, həm də qərardadın bilavasitə aid olduğu şəxs olaraq, apellyasiya şikayəti geri qaytarılmaqla hüquq və mənafeyinə toxunulan şəxs), habelə, qanunla və ya müqavilə ilə həmin şəxsin hüquqlarını həyata keçirməyə səlahiyyəti olan şəxs(lər) malik ola bilərlər. Bu qəbildən olan qərardadlar nəinki həmin səlahiyyətlərə malik olmayan şəxslər tərəfindən, mənafelərinə toxunmadığı halda, hətta işdə iştirak edən digər şəxslər tərəfindən də mübahisələndirilə bilməz və qeyd edilən qərardadlardan verilən şikayətlər isə geri qaytarılmalıdır. Məhkəmə aktlarından şikayət vermək bu hüquqa malik olan şəxslərin müstəsna hüququ olmaqla, bir şəxsin verdiyi şikayət digər şəxs(lər)in həmin məhkəmə aktına verilə biləcək etirazlarını əhatə etmir və hər bir şəxs tərəfindən müstəqil olaraq verilir. Hazırki işdə X4 cavabdehin tərəfində üçüncü şəxs qismində işə cəlb edilmiş şəxs olaraq həmin iş üzrə məhkəmə aktlarından müstəqil olaraq şikayət vermək hüquqlarına malik olsa da, hazırda İddiaçı adından onun hüquqlarını həyata keçirməyə qanunla və ya müqavilə ilə səlahiyyəti olan şəxs olmadığından və məhkəmənin xx.xx.2019-cu il tarixli 2(049)-2075/2019 saylı qərardadının bilavasitə aid olduğu şəxs olmadığından həmin qərardaddan onun verdiyi şikayətə mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2075/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2075/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar