Məhkəmə qərarları › İş №2(106)-662/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-662/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-662/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işi üzrə Açar sözlər: borc tələbi X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 15050 manat məbləğində borc pulun və əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pulun, cəmi 20050 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh müxtəlif vaxtlarda ondan nisyə olaraq 3950 manat dəyərində mebel, 3000 manat dəyərində ev əşyaları, həmçinin ayrıayrılıqda 3800 manat və 4300 manat borc pul almışdır. Hazırda cavabdehin ona ümumilikdə 15050 manat borcu vardır. O şəhid ailəsidir, əri 1993-cü ildə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Dəfələrlə cavabdehdən borclu olduğu pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin əlavə olaraq 5000 manat məbləğində pulu əldən çıxmış fayda kimi tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddianı qismən qəbul etmiş, izahatında göstərmişdir ki, İddiaçı yaxından tanımışdır. Son illər ondan ayrı-ayrı vaxtlarda mebel, ev əşyaları və pullar almışdır. Beləliklə İddiaçı cəmi 13450 manat borcu yaranmışdır. Həmin məmləğdən 4660 manatını İddiaçı ödəmiş, qalan məbləği isə imkanı olmadığından ödəyə bilməmişdir. İddiaçı 13450 manat dəyərində götürdüyü mebel, ev əşyaları və nəqdi pul barədə sənədlər yazıb vermiş, lakin onun vermiş olduğu sənədin birində “ 15.X.2019. əlavə olaraq Rənadan 1000 manat borc aldım.” sözləri, dıgər sənəddə olan “+100 manat” sözləri sonradan yazılıb onun verdiyi sənədlərə əlavə edilmiş, həmçinin digər sənəd olan “34050” rəqəmindəki “4” rəqəmi sonradan “9” rəqəmi kimi düzəldilmişdir. On görə də həmin düzəlişlərin edilməsinin aydınlaşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 14950 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 162 manat pulun 81 manatı İddiaçı, 81 manatı Cavabdeh alınıb X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya olan borcu barədə tərtib edilmiş sənəddə İddiaçı tərəfindən aşkar şəkildə, özünün xeyrinə düzəlişlər edilmişdir. Həmin sənəddə boş olan yerdə 1000 manat və digər boş qalan yerdə isə 100 manat əlavə borcunun olduğu yazılmışdır. Həmçinin əsas borc məbləği olan 13.450 manat sözündə “4” rəqəmi sonradan “9”rəqəmi olaraq dəyişdirilmişdir. İddiaçı ona ödədiyi 4.660 manat pul vəsaitini etiraf etməməklə, aralarında tərtib edilmiş sənədə qanunsuz müdaxilə edərək 1000 manat, əlavə olaraq 100 manat və əsas borc məbləği olan 13.450 manat sözündə "4” rəqəmini sonradan “9” rəqəmi edərək 500 manat, ümumilikdə 6260 manatı əsassız olaraq əldə etməyə çalışır. Məhkəmə isə bütün bunları aydınlaşdırmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş saxta sənədlər, iddia tələbinin təmini üçün yetərli sübutların olmaması və təkrar ekspertiza tələb olduğu halda bunların edilməməsi tələbin sübut edilməməsinə əsasdır. İddiaçı ona satdığı eyni əşyaların tələbi barədə bacısı X1 qarşı da iddia irəli sürmüş və Xəzər Rayon Məhkəməsi onun iddia tələbini təmin etmişdir. O hətta həmin məhkəmə iclasında iştirak etmişdir. Neftçala Rayon Məhkəmə iclasında cəmi bir dəfə iştirak etmiş, sənədlərdə saxtakarlıq edilməsi və ekspertiza keçirilməsi barədə mövqe bildirmişdir. Lakin sonradan ona məhkəmə iclası barədə heç bir məlumat verilməmişdir. Məhz bu səbəblərdən və həm də savadsızlığına görə məhkəmə qətnaməsi barədə Neftçala Rayon Məhkəməsinə məlumat verə bilməmişdir. O həmçinin öncədən bilə bilməzdi ki, məhkəmə eyni bir əşya barədə iki şəxsə qarşı iddianı təmin edə bilər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh X8 prosessual müddəti qəsdən və üzrsüz səbəblərdən ötürmüşdür. Lakin məhkəmə onun prosessual müddətini əsassız va üzrsüz olmasına baxmayaraq bərpa etmişdir. Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(053)-24/2022 saylı Qətnaməsi ilə onun iddiasının haqlı olması təsdiq olunmuş və 20050 manat pul tələbinin 14950 manat hissəsini təmin etmiş, qalan hissada təmin edilməmişdir. Hal-hazırda cavabdeh əsassız şəkildə apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini tələb etmişdir. Lakin onun bu şikayəti əsassızdır. Belə ki, cavabdehin şikayətindəki işin hallar hissəsi tamamilə qondarma va əsassızdır. Xəzər rayon Məhkəməsində olan iş cavabdehin maraqlarına toxunmur va ona aidiyyati yoxdur, yəni ki, cavabdeh həmin qətnaməyə əsaslana bilməz. Borcun isə təsdiqini tapması elə cavabdehin özü tərəfindən məhkəmə zamanı yazılmış ərizələrdən görünür. Belə olduğu halda məhkəmə cavabdehin etiraflarını və mübahisə ilə bağlı digər sübutları əsas götürərək qərar çıxarmışdır. Lakin cavabdeh bir başa Azərbaycan Dövlətinin adından çıxarılan va Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanan bu qətnaməni və prosessual hərəkətlərin qeyri-qanuni olmasını israrla müdafiə edir və bildirir, bu isə ağlabatan deyildir. Həmçinin qeyd etmək istəyir ki, o şəhid ailəsidir, dövlət şəhid ailələrinə göstərdiyi qayğıya baxmayaraq, bəzi belə cəmiyyətin dələduz fərdləri öz pis əməllərindən əl çəkmir, hətta artıq onlar kimi insanları da, aldatmaqdan utanmırlar. Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-24/2022 saylı Qətnaməsi tam əsaslıdır və apellyasiya şikayəti təmin edilməməlidir. Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(053)-24/2022 sayli Qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etməklə qətnaməni mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda məişət əşyaları və borc pul götürmüşdür. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan Cavabdeh xx.xx.2021-ci il tarxdə özünün xətti ilə yazdığı ərizəsindən görünür ki, onun İddiaçı 13450 manat borcunun olmasını etiraf etmişdir. Həmçinin o həmin borcdan iddiaçıya 4660 manat pul ödəniş etdiyini bildirmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 4/1850- 5/1454 nömrəli rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 10-cu səhifəsina tikilmiş ərizənin üzərində olan "39050” rəqəmlərindəki "9" rəqəminin yerinde "4" rəqəmi olmuş, sonradan əlavə cizgiler artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. 2. Təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 12-ci səhifəsinə tikilmiş ərizədəki "+100 manat” sözü sonradan kağız üzərinə əlavə edilmişdir. 3. Təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 13-cü səhifəsinə tikilmiş ərizənin üzərində olan “15.X.2019 əlavə olaraq Rənadan 1000 manat borc aldım" cümləsində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Məhkəmə - xətşünaslıq ekspertizası üzrə: 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-ci vərəqində olan ərizədə "Barc Aldım" yazıları qarşısındakı "4200 manat + 100 manat”, cəmi yazısının qarşısındakı "4300 man." yazıları və ərizənin sonudaki "Tel. 070322 27-74 rəqəmli yazılar öz aralarında - Eyni bir Şexs tərəfindən icra olunmuşdur. 2.1 Ekspertizaya təqdim edilmiş mülki işin 12-ci vərəqində olan ərizədəki yazılar ilə həmin ərizədə olan "Barc Aldım” yazıları qarşısındakı "4200 manat + 100 manat", "cəmi:" yazısının qarşısındakı “4300 man.” yazıları və ərizənin sonudakı "Tel: *** *** ** **" rəqəmli yazıları öz aralarında - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur. 2.2 Ekspertizaya təqdim edilmiş mülki işin 13-cü vərəqində "ƏRZƏ X10..." sözləri ilə başlayıb, "...oktyabir 2019" sözləri ilə bitən yazılar ilə həmin ərizədə “15.X.2019 əlavə olaraq Rənadan 1000 manat borc aldım." yazılar öz aralarında - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan X5, Veteranları və X11 Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarxli ŞA № 017099 saylı vəziqənin surətindən görünür ki, İddiaçı Şəhid ailəsi statusu almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki halları düzgün müəyyən edilsə də, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə hissəvi düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq qətnamənin borc məbləğinin tutulması hissəsində dəyişdirilməli və həmin borc məbləği 13450 manat müəyyən edilməlidir. Belə ki, cavabdeh məhkəmə iclasında yazılı ərizə yazaraq iddiaçıya 13450 manat borcunun olmasını etiraf etmişdir. O, həmin ərizədə həmçinin qeyd etmişdir ki, 13450 manat borcdan iddiaçıya 4660 manat ödəniş etmişdir. Lakin o, məhkəməyə 4660 manat pulun iddiaçıya ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı 14950 manat həddində təmin edərkən hansı sübutlara istinad etməsini əsaslandırmamışdır. Ümumiyyətlə qətnamədən məhkəmənin hansı əsasla 14950 manat pulun tutulması qənaətinə gəlməsi anlaşılan deyil. Həmçinin məhkəmə işdə olan və vaxtı ilə cavabdeh tərəfindən yazılması bildirilən qəbzləri sübut kimi qəbul etməmişdir. Çünki, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həmin qəbzlərdə düzəlişlər edilib. Belə olan halda həmin qəbzlərin mötəbərliyi şübhə doğurur. Göründüyü kimi hazırki tələb üzrə iddianın qiyməti 5000 manatdan çox olduğundan prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı borc məbləğinin tutulması hissəsində dəyişdirilsin və həmin borc məbləği 13450 (on üç min dörd yüz əlli) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar