Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-663/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X6, X7, X2 və Cavabdeh1 qarşı «fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi» barədə iddia ərizəsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(056)-30/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərəflər doğma qardaşdırlar. Ataları vəfat etdikdən sonra ondan miras qalan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qanun üzrə vərəsəliklə iddiaçının mülkiyyətinə keçmiş və nəticədə tərəflər arasında məhkəmə mübahisələri başlamışdır. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, 3 saylı fərdi yaşayış evi əvvəllər ata evi olmuş və sonradan vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun qardaşları, digər cavabdehlər X9, X7 və X8, onun qardaşı Cavabdeh2 ailə üzvləridir. Qardaşlarıcavabdeh xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 1993-cü ildən həmin evdən köçüb getmiş və hazırkı vaxtadək özünə məxsus digər yaşayış sahəsində yaşayır, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 isə 1997-ci ildən ailəsi-X9, X10 və X8 ilə birlikdə həmin evdən köçüb getmiş və hazırkı vaxtadək özünə məxsus digər yaşayış sahəsində yaşayırlar. Cavabdehlər ona məxsus fərdi yaşayış evində yaşayış yeri üzrə pasport qeydiyyatında olsalar da, faktiki olaraq uzun müddətdir ki, həmin evdən köçüb getmişlər və özlərinə məxsus evdə yaşayırlar. Cavabdehlərin onun mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, 3 saylı fərdi yaşayış evində qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquqlarını pozur və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məruz qoyur. Bu səbəbdən də cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus evdən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, onun valideynlərindən miras qalmış Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, 3 saylı fərdi yaşayış evindən 1997-ci ildə ailəsi-X9, X10 və X8 ilə birlikdə köçüb getsə də, lakin İddiaçı həmin evi qanunsuz olaraq özəlləşdirdiyindən hesab edir ki, onun həmin evə pay hüququ olduğundan iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sabirabad Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(056)-30/2022 nömrəli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin edilmiş, Cavabdeh2, X3, X4, X1 və Cavabdeh1 Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, 3 saylı evdən istifadə hüququ itirilmiş hesab edilərək, bu hüquqlara xitam verilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Sabirabad rayon Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 224 №-li arayışdan, Sabirabad rayon Kürkəndi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan və xx.xx.2021-ci il tarixli aktdan, həmçinin Cavabdeh2 izahatından aydın olur ki, cavabdehlərdən Cavabdeh1 1993-cü ildən Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, 3 saylı evdə qeydiyyatda olsa da, həmin evdən köçüb getmiş və hazırda Suqovuşan kəndində ailəsi ilə birlikdə ailəsinə məxsus evdə yaşayır, digər Cavabdeh2 isə 1997-ci ildən ailəsi ilə birlikdə qeydiyyatda olduğu mübahisəli evdən köçüb getmiş və hazırda özünə məxsus Sabirabad şəhəri, H.Əliyev pr. 104 saylı evin 18 saylı mənzilində yaşayırlar. Göründüyü kimi, müvafiq dövlət orqanlarının verdiyi arayışlarla cavabdehlərin mübahisəli Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, 3 saylı evdə qeydiyyatda olsalar da, daimi olaraq özlərinə məxsus digər evdə (mənzildə) yaşamaları faktı təsdiq olunmuşdur. Göstərilən hallar isə ona dəlalət edir ki, cavabdehlər mübahisəli evdən könüllü olaraq daimi yaşamaq üçün özlərinə məxsus başqa yaşayış sahəsinə köçmüşlər və bununla da onların mübahisəli evə mövcud olmuş istifadə hüquqları elə həmin köçdükləri vaxtdan 2000-ci ildən itirilmişdir. Cavabdehlər iddiaçının evinə qeydiyyata düşdükdən sonra özləri başqa yerdə ev əldə etdiklərindən, onların mübahisəli evdə ev şəraitində yaşamaq ehtiyacı və evdən istifadə hüququnun əsasları aradan qalxmışdır. Məhkəmə, onu da nəzərə alır ki, cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalması notariat əməliyyatları ilə bağlı formalaşmış mövcud təcrübəyə əsasən iddiaçının öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırılmasına səbəb ola bilər. Məhkəmə işin araşdırılmış və müəyyən olunmuş hallarına, həmçinin yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdehlər mübahisəli evdən könüllü olaraq daimi yaşamaq üçün özlərinə məxsus başqa yaşayış sahəsinə köçdüyü üçün və bununla da, onların mübahisəli evdən istifadə ehtiyacları və əsasları aradan qalxdığı səbəbindən, iddia tələbi təmin edilməli və bununla da cavabdehlərin Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, 3 saylı evdən istifadə hüququ onların həmin evdən köçüb getdikləri vaxtan itirilmiş hesab edilərək, onların istifadə hüququna xitam verilməlidir. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş mənzil Məcəlləsinin 53, 123, 60, 87-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, eyni mübahisə predmeti barəsində tətbiq edilmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-421/2015 nömrəli qərarı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-75/2015 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və halhazıra qədər hüquqi qüvvəsini itirməmişdir. Belə olduğu halda iş üzrə İddiaçı adına eyni miras əmlakı üzrə verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış onun konstitusiya və digər qanunlarda göstərilən hüquqlarını pozmuşdur. Maddi hüquq norması kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və prosessual hüquq norması olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 6.1, 9.1, 14,1, 88, 218.1, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək Sabirabad Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(056)-30/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Sabirabad Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(056)-30/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər X9, X10, X8 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən yuxarıda göstərilən şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Tətbiq edilən hüquq: 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli qərarı: «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı dövlət reyestrindən xx.xx.2020-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, (yeni qaydalarla AZ 5400 Sabirabad şəhəri, H.Əliyev prospekti ev 706) ev 6-cı dalan, ev 3 üvnaında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 81 kv.m. fərdi yaşayış evi tam payla xüsusi mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır. İş materialında olan Sabirabad rayon İcra Hakimiyyəti başçısının Sabirabad şəhər ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 924¹-li arayışda qeyd olunur ki, İddiaçı, X11, Cavabdeh2, X9, X10, X8 və Əliyev X5 şəhəri, H.Əliyev prospekti, 6-cı dalan, ev 3 üvnaında fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materialında olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad rayon Mənzil- İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 224¹-li arayışda qeyd olunur ki, Cavabdeh2 ailəsi - X9, X10 və X8 ilə birlikdə Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, ev 3-də qeydiyyatda olsalar da, lakin 2007-ci ildən həmin evdə yaşamırlar. Həmin şəxslər Sabirabad şəhəri, H.Əliyev pr. 104 saylı evin 18 saylı mənzilində yaşayırlar. İş materialında olan Sabirabad rayon Kürkəndi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əliyev X5 şəhəri H.Əliyev prospekti dalan 6, ev 3-də qeydiyyatda olmasına baxmayaraq 1993-cü ildən Kürkəndi kənd İƏD-si üzrə Nümayəndəliyin Suqovuşan kəndində ailəsi ilə birlikdə ailəsinə məxsus evdə yaşayır. İş materialında olan X14, X12 və X13 tərəfindən tərtib edilmiş və onların imzaları, həmçinin Sabirabad rayon Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, 3 saylı evdə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, X9, X10 və X8 uzun illərdir həmin evdə yaşamırlar. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlili – qanuni qüvvəsini almış və hazırda hüquqi qüvvəsini itirməyən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-421/2015 nömrəli qərarı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-75/2015 nömrəli qətnaməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2981/2019 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(106)-141/2015 nömrəli (vərəsəlik hüququ barədə şəhadətnamənin etibarsız sayılması barədə) qərarı ləğv edilməklə sözügedən miras əmlaka İddiaçı verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında sonuncuya verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanuni qüvvəsi geri qayıtmışdır. Bununla da sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi əsasında cavabdehin iddia tələblərinə dair yuxarıda qəbul edilmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)- 421/2015 nömrəli qərarı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)- 75/2015 nömrəli qətnaməsi əhəmiyyətini itirmişdir. Belə ki, İddiaçı verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olduğu halda onun əsasında verilmiş çıxarışın ləğvi və daha sonra çıxarışın ləğvi əsasında Cavabdeh2 yaşayış sahəsinə və 0,03 ha torpaq sahəsinə ½ hissə paya mülkiyyət hüququnun tanınması mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(056)-30/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-663/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-663/2023
25.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver