Məhkəmə qərarları › İş №2(106)-665/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-665/2024

01.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-665/2024 01.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Xocavənd Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(069)-9/2024 saylı qərardadından İddiaçı3 nümayəndəsi və vəkili olan Vəkil2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 arasında 20 iyun 2014-cü il tarixdə Ağcabədi Notariat Kontorunda bağlanılmış Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli, **********40216 saylı reyestr nömrəli, AA 003780 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-1968/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-in 6 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, Xocavənd Rayon Məhkəməsində 2(069)-9/2024 saylı mülki işə baxılmasına etiraz edir. Belə ki, özü Ağcabədi rayonu, Ağabəyli kəndində yaşadığı üçün Beyləqan rayonuna gedib-gəlməsi çətindir. Ona görə də, mülki işi baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(069)-9/2024 saylı (Hakim: İlqar Əliyev) qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı3 nümayəndəsi və vəkili olan Vəkil2 tərəfindən şikayət verilmişdir. Xocavənd Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(069)-9/2024 saylı (Hakim: İlqar Əliyev) qərardadı ilə, İddiaçı3 nümayəndəsi və vəkili olan Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməyərək Xocavənd Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(069)- 9/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 28 fevral 2024-cü il tarixdə daxil olmuş və iddiaçının vəkili tərəfindən verilmiş şikayətə 01 mart 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə vəsatətin təmin edilməməsini, cavabdeh Sadıqov X2 rayonu, Muğanlı kəndində qeydiyyatda olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçının vəkili tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Ağcabədi rayon Ağabəyli kəndi ərazisində yerləşir. İddiaçı3 və digərlərinin qeyd olunan alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunmasma dair iddiası həmin torpaq sahəsi barədə bağlanılmış qanunsuz alqı-satqı müqaviləsi və çıxarışın ləğv olunmasmı tələb etməklə, iddia tələbi onlara məxsus daşınmaz əşyanın cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsinə yönəlmişdir ki, qanunverici bu halda müstəsna aidiyyət normalarmı tənzimləyən MPM-nin 39-cu maddəsinin tətbiqini nəzərdə tutur. Belə olan halda, hazırkı mülki işə Ağcabədi rayon məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi vəsatəti müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, vəsatət əsassızdır. Belə ki, iş materiallarında olan Beyləqan RPŞ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sadıqov X2 rayonu, Muğanlı kəndində qeydiyyatdadır. Ona görə də məhkəmə cavabdehin qeydiyyatda olduğu yeri əsas götürməklə verilmiş vəsatəti rədd etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işdən görünür ki, Sadıqov X2 rayonu, Muğanlı kəndində qeydiyyatda olduğundan Ağcabədi Rayon Məhkəməsi tərəfindən düzgün olaraq iş baxılması üçün aidiyyəti olaraq Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı3 nümayəndəsi və vəkili olan Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(069)-9/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar