Məhkəmə qərarları › İş №2(106)-673/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-673/2024

04.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-673/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyi (İB) Lənkəran X12 İdarəsinə qarşı (Qİİyə) işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və ərizə blankın etibarsızlığı tələbinə dair mülki iş üzrə Açar sözlər: işə bərpa, məcburi işburaxma üçün əmək tələbi və ərizə blankın etibarsızlığı X14 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin (İB) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyi (İB) Lənkəran X12 İdarəsinə qarşı (Qİİyə) işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı ərizə blankın etibarsızlığı tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(049)-76/2024 saylı qətnaməsindən (hakim Rəşad Məmmədov) cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Lənkəran RQİİ-yə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən imzalanmış ərizə blankının etibarsız hesab edilməklə Lənkəran RQİİ-nin Nümayəndə2 işdən çıxarılmasına dair 06 iyun 2023-cü il tarixli 14- 22-10/3-1K-129/2023 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildən Bİləsuvar Qaz İstismar İdarəsində işləyir. 2015-ci ildən isə Lənkəran RQİİ-nin Biləsuvar xidmət sahəsində çilingər, 2019-cu ildən isə idarənin Biləsuvar rayonu üzrə təmir bərpa və satış xidmətində xidmət rəisi işləmişdir. İşlədiyi müddət ərzində heç bir töhmət və cəza almamış, əksinə mükafatlandırılmışdır. 06 iyun 2023-cü il tarixdə Biləsuvar rayonunda işə olarkən idarə rəisi Namiq Məmmədov gəlib bildirmişdir ki, səndən şikayət var, işdən çıxma barədə ərizə yaz. Onu təhdid etdikdən sonra o da məcburiyyət qarşısında qalıb işdən çıxarılma barədə ərizə yazmışdır. Səhərisi gün, yəni 07 iyun 2023-cü il tarixdə o Lənkəran RQİİ-yə ərizə yazaraq Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən işdən azad olunma ilə bağlı ərizəsini geri götürdüyünü və etibarsız hesab olunmasını bildirmişdir. Ərizəsi 12 iyun 2023-cü il tarixdə Lənkəran RQİİ tərəfindən alınmışdır. Lakin buna baxmayaraq 12 iyun 2023-cü il tarixdə ona məlum olmuşdur ki, cavabdeh təşkilat qanunsuz olaraq onu ərizə verdiyi tarixdn, yəni xx.xx.2023- cü ildən işdən azad etmişdir. Bununla bağlı mediasiyaya müraciət etmiş, cavabdeh təşkilat mediasiyaya gəlməmişdir. Barəsində verilmiş xx.xx.2023-cü il tarixi 14-2-2-10/3-1K- 129/2023 №-li əmri qanusuz və əsassızdır. Cavabdeh təşkilat onun əmrində Əmək Məcəlləsinin 69-cu maddəsiinin 3-cü bəndinə istinad etməklə xitam vermişdir. Cavabdeh təşkilat bir təqdim ayı xəbərdarlıq müddətini gözləmədən onu işşdən azad etmişdir. İdarənin rəhbəri ona hədə qorxu gələrək onu işdən azad etmişdir. O işdən çıxarılarkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İşin məhkəməyə hazırlanması prosesində cavabdeh təşkilat sübut kimi Nümayəndə2 tərəfindən xx.xx.2023-cü il tarixdə işdən çıxma ilə bağlı guya onun tərəfindən yazılmış ərizəsinin surətini təqdim etdi. Ərizə vətəndaşın iradə ifadəsi olmaqla onun tərəfindən yazılmalı və imzalanmalıdır. Cavabdeh təşşkilat tərəfindən təqdim edilmiş F,Məhərrəmov tərəfindən imzalanmış ərizə nümunəsinə baxarkən görünür ki, Nümayəndə2 tərəfindən yazılmış ərizə deyil, tipoqrafiyada çap edilmiş ərizə blankdır. Belə ki, blankın aşağısından görünür ki, bu blank harada nəşr olunub, neçənci ildə nəşr olunub, dəyişikliklər nə vaxt olmuşdur. İdarə müdiri haradan bilir ki, məhz 06 iyun 2023-cü il tarixdə Nümayəndə2 işdən çıxa barədə ərizə yazacaq. Odur ki, özü ilə Lənkəran şəhərindən bu ərizə blankını gətirmişdir. Həmin blankın əsasında da səhərisi günü, yəni 07 iyun 2023-cü il tarixdə Nümayəndə2 təcili işdən çıxarılır. Cavabdeh etirazın dəlillərində göstərir ki, 2023-cü ilin iyun ayında Ə.Əliyev adlı şəxs onlara şiakyət etmişdir ki, Nümayəndə2 şikayətçini aldatmışdır. Bununla bağlı Nümayəndə2 irad bildirilərək, qanunvericiliyin tələbi ona izah edilmiş, lakin heç bir hədə-qorxu gəlinməmiş və təhdid olunmamışdır. Cavabdeh iddiaya qarşı etirazında dolayısı da ola təsdiq etmişdir ki, həqiqətən iddiaçıya göstərilən tarixdə «irad bildirilərək, qanunvericiliyin tələbi ona izah edilmişdir». Lakin göstərilən iradın və qanunvericliyin tələbinin hansı formada izah olunmasını göstərməmişdir. Həqiqətən də F.Məhərrəmodan Ə.Əliyev adlı şəxs Biləsuvar RPŞ-nə şikayət vermiş və araşdırma zamanı tərəflər arasında borc mübasihəsi olduğundan, Biləsuvar RPŞ-nin 12 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Nümayəndə2 müdiriyyətin təhdidi altında, ona hədə-qorxu gələrək iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edilməsi hazırda təqdim edilmiş ərizə blankı və cavabdehin təqdim etdiyi etirazla öz təsdiqini tapır. Buna görə də Nümayəndə2 tərəfindən imzalanmış ərizə blankı etibarsızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Lənkəran RQİİ-nin nümayəndəsi Nümayəndə1 iddiaya qarşı yazılı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı yazılı etirazda və məhkəmə iclasında verdiyi izahatında cavabdeh Lənkəran RQİİ-nin nümayəndəsi Nümayəndə1 iddiaya qarşı etiraz onunla əsaslandırmışdır ki, iddia tələbini tamamilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış 21 yanvar 2015-ci il tarixli, 441 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə Lənkəran X12 İdarəsinin 06 iyun 2023-cü il tarixli 14-2-2-10/3-1K-129/2023 saylı əmri qanuni və əsaslıdır. İddiaçı iddia tələbinin və iddia ərizəsində göstərdiklərinin əsassız olması İddiaçı 06 iyun 2023-cu il tarixdən tutduğu vəzifədən azad olunması ilə əlaqədar Lənkəran X12 İdarəsinin rəisi Namiq Məmmədova ünvanladığı 06 iyun 2023-cü il tarixli ərizə ilə, İddiaçı xx.xx.2023- cü il tarixdə imza edərək onunla bağlanmış Əmək Müqaviləsinin ləğv edilməsi haqqında əmrlə tanış olmaqla, əmək kitabçasını «əmək kitabçasının və onun içliyinin hərəkətlərinin uçotu» kitabına imza edərək təhvil alması və "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq Lənkəran RQİİ Biləsuvar Xidmət Sahəsinə təhkim edilmiş Biləsuvar rayon sakini X9 xx.xx.2023-cü il tarixli Lənkəran RQİİ-nə ünvanladığı müraciətlə sübuta yetirilir. Belə ki, Lənkəran RQİİ-nin Biləsuvar rayonu üzrə Xırmandalı Təmir-bərpa və satış xidmətinin rəisi İddiaçı 06 iyun 2023-cü il tarixdə Lənkəran X12 İdarəsinin rəisi Namiq Məmmədova ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə 06 iyun 2023-cü il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İddiaçı 07 iyun 2023-cü il tarixli ərizə ilə Lənkəran X12 İdarəsinə müraciət edərək 06 iyun 2023-cü il tarixdə əsəbi olduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işdən azad olunma ilə bağlı ərizəsini geri götürməklə etibarsız hesab etdiyini bildirmişdir. İddiaçı bildirilmişdir ki, idarəyə şəxsən təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində (qeydiyyat nömrəsi 14-2-2-10/3-7-407 /2023, qeydiyyat tarixi xx.xx.2023) şəxsi təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq ərizəsində işdən çıxarılmasını tələb etdiyi gün (xx.xx.2023-cü il), 14-2-2-10/3-1K-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı həmin gün Əmək Müqaviləsinin ləğv edilməsi haqqında əmrlə tanış olmuş, əmək kitabçasını «əmək kitabçasının və onun içliyinin hərəkətlərinin uçotu» kitabına imza etməklə təhvil almışdır. İddiaçı izah edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin tələblərinə uyğun olaraq işçi əmək müqaviləsinin ləğv olunması barədə işəgötürənə təqdim etdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə xəbərdarlıq müddəti (bir ay) bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmə barədə işəgötürənə yeni ərizə ilə müraciət edə bilər. Lakin F.S.Məmmədov əmək münasibətlərini dayandırmaq istədiyi barədə idarəyə təqdim etdiyi məlum ərizəsində işdən çıxmaq istədiyi günü - yəni, xx.xx.2023-cü il tarixi konkret olaraq göstərdiyinə görə əmək müqaviləsinin ləğv olunması üçün nəzərdə tutulmuş 1 ay xəbərdarlıq müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin tələblərinə uyğun olaraq ona şamil olunmur. Ona görə də indiki halda əmək müqaviləsinin ləğv olunması barədə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız sayılması barədə xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etdiyi qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qüvvəsi olmadığına görə geri götürülə və ya etibarsız hesab edilə bilməz və onun bu səbəbdən işə bərpasının mümkün olmaması ona izah edilmişdir. Bundan əlavə, "xxxx" MMC ilə əmək müqaviləsi bağlanılaraq Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsinə təhkim edilmiş Biləsuvar rayon sakini X4 RQİİ-yə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Biləsuvar Xidmət Sahəsinin Xırmandalı Təmir-bərpa və satış xidmətinin keçmiş rəisi İddiaçı tərəfindən aldadıldığını bildirmişdir. Vətəndaş müraciətində İddiaçı onu SOCAR-da daimi işə təyin edəcəyi vədini verməklə etibarından sui-istifadə edərək 3000(üç min) manat pul aldığını, lakin vədinə əməl etmədiyini, dəfələrlə verdiyi pulu geri tələb etməsinə baxmayaraq bu günə qədər cəmi 2050 manat pulunu qaytardığını bildirmişdir. Bununla əlaqədar olaraq İddiaçı irad bildirimiş, qanunvericiliyin tələbi ona izah edilmiş, iddia ərizəsində göstərildiyi kimi İdarənin rəhbərliyi tərəfindən heç bir hədə-qorxu ilə təhdid olunmamışdır. İddiaçı İdarənin rəhbərliyi tərəfindən hədə-qorxu ilə təhdid olunması şər və böhtandır. Vətəndaşın müraciətinin araşdırılmasının polisin səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq həmin ərizə xx.xx.2023-cü il tarixli 14-2-2-102-986/2023 saylı məktubla Biləsuvar Rayon Polis Şöbəsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(049)-76/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X1 X12 İdarəsinin 06 iyun 2023-cü il tarixli, 14-2-2-10/3- 1K-129/2023 №-li əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X1 X12 İdarəsinin Biləsuvar rayonu üzrə Xırmandalı Təmir bərpa və satış xidmətinin rəisi vəzifəsinə bərpa edilməsi, İddiaçı 06 iyun 2023-cü il tarixdən əvvəlki işinə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə, yəni «xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən imzalanmış ərizə blankının etibarsız hesab edilməsi» hissəsində rədd edilməsi, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli olan 100 (bir yüz) manatın Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X1 X12 İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı 06 iyun 2023-cü il tarixdə Xırmandalı Təmirbərpa və satış xidmətinin rəisi vəzifəsində işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalatBirliyinin Lənkəran X12 İdarəsinin rəisinə ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə 06 iyun 2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Həmin gün o, işlədiyi müəssisənin rəhbərinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bir gün sonra 07 iyun 2023-cü il tarixdə o, həmin müəssisənin rəhbərinə müraciət edərək, 06 iyun 2023-cü il tarixdə işdən könüllü azad edilməsi ilə bağlı verdiyi ərizəsinin qüvvədən düşməsini xahiş etmişdir. Həmin ərizənin məzmunundan görünür ki, İddiaçı işdən azad edilməsi haqqında olan 06 iyun 2023-cü il tarixli ərizəsini özü ona heç bir hədə-qorxu və təzyiqlər göstərilmədən yazmışdır. Çünki, məhkəmə araşdırması zamanı da onun iddia ərizəsində göstərdiyi hallar təsdiqini tapmadığı üçün həmin tələbi rədd edilmişdir. Buradan sual olunur ki, əgər İddiaçı qeyd olunan ərizənin ona hədə-qorxu və təzyiqlər göstərilməsi nəticəsində yazıldığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyi halda, necə olur ki, məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X1 X12 İdarəsinin 06 iyun 2023-cü il tarixli, 14-2-2-10/3-1K-129/2023 saylı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edir? Hesab edir ki, məhkəmə bu nəticəyə gələrkən qanunun normalarını düzgün tətbiq etməmişdir. Çünki, yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinn 4-cü hissəsinə əsasən, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Lakin məhkəmə qətnamə qəbul edərkən qanunun qeyd olunan normalarına istinad etməklə iddia tələbini rədd etmək əvəzinə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində AzərbaycanRespublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin bütün bəndlərini qeyd etməklə sonda təkcə Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq qətnamə qəbul etmiş və iddiaçının iddia tələbini təmin etmişdir. Hesab edir ki, məhkəmənin qanunvericiliyin qeyd olunan normasına uyğun qətnamə qəbul edərək iddia tələbinin təmin edilməsi düzgün deyildir. Çünki, İddiaçı işdən çıxmağı barədə ərizə yazarkən ərizəsində işdən azad edilməsinin gününü qeyd etdiyinə görə onunla bağlanmış əmək müqaviləsi də qanunvericiliyin tələbinə əsasən həmin gün də ləğv edilmişdir. Lakin yuxarıda qeyd etdiyim kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə istinad etməklə İddiaçı iddia tələbinin təmin etməsi düzgün deyildir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Lakin işin hallarından görünür ki, İddiaçı bir işçi kimi təşkilatı bir təqvim ayı qabaqcadan xəbərdar etməklə əmək müqaviləsinə xitam verilməsi barədə yazılı ərizə yazmamışdır ki, sonra da həmin xəbərdar müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə bilsin. Göründüyü kimi məhkəmənin qətnamə qəbul edərkən istinad etdiyi hallar faktiki olaraq mövcud olmadığı halda məhkəmə mövcud olmayan hallara istinad etməklə, İddiaçı iddia tələbini təmin etmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin hazırki iş üzrə iddiaçı məhkəməyə “Azəriqaz”İB-nə qarşı verdiyi iddia tələbi ilə bağlı iddia ərizəsində qeyd etdiklərinin mövcudluğunu təsdiq edən hər hansı bir sübut təqdim etmədiyi halda, məhkəmə tərəfindən “Azəriqaz”İB-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin “3” bəndinə əsasən xitam verilməklə işdən azad edilməsinin qanunsuz və əsassız olmasının əsasları araşdırılmadan və qətnamədə qeyd etmədən iddia tələbini təmin etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsində görə əmək müqavilələrini ləğv etmək hüququ işəgötürənin hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, işəgötürən dedikdə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin üçüncü hissəsi). Qanunun tələbinə görə, işəgötürən qismində əmri verən şəxs mülkiyyətçi və ya hüquqi şəxsin rəhbəri olmaya bilər. Əmək Məcəlləsinin 188-ci maddəsində intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi müəyyən edilərək göstərilir ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Qanunun tələbinə görə, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Həmin maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: İddiaçı Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədova ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdən öz təşəbbüsü ilə tutduğu Biləsuvar rayon Xırmandalı təmir bərpa və satış xidməti 12 dərəcəli xidmət rəisi vəzifəsindən azad edilməsini xahiş etmişdir. Lənkəran RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-10/3-1K-129/2023 №-li əmrindən və əmək kitabçasının surətindən görünür ki, İddiaçı SOCAR-ın X2 Biləsuvar rayonu ürə Xırmandalı Təmir bərpa və satış xidmətinin rəisi vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin təşəbbüsü ilə işdən azad edilmişdir. X9 Lənkəran RQİİ-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, fevral ayı 2022-ci il tarixdə Biləsuvar XS üzrə Xırmandalı TB və SX-nin rəisi İddiaçı onu və Biləsuvar rayonu Təmir Bərpa xidmətinə işçi kimi işə düzəltmək üçün 3000 manat pul ondan almış və 2-3 aya işə düzəldəcəyinə vəd vermişdir. Bu pulun 2050 manatını qaytarmış, qalan pulunu isə qaytarmamışdır. Lənkəran RQİİ-nin Biləsuvar RPŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi MMC tərəfindən əmək müqaviləsi bağlanılaraq Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsinə təhkim edilmiş Bİləsuvar rayon sakini X17 müraciət edərək Biləsuvar Xidmət sahəsinin Xırmandalı Təmir-bərpa və satış xidmətinin keçmiş rəisi İddiaçı tərəfindən aldadıldığını bildirmişdir. Vətəndaşın müraciətində İddiaçı onu SOCAR-da daimi işə təyin etdirəcəyi vədini verməklə etibardan sui istifadə edərək 3000 manat pul adlığını, lakin vədinə əməl etmədiyini, dəfələrlə verdiyi ulu geri tələb etməsinə baxmayaraq 2050 manat pulun qaytarıldığını bildirmişdir. Buna görə də müraciət araşdırılması üçün Biləsuvar RPŞ-nə göndərilmişdir. Lənkəran RQİİ-nin 2015-2025-ci illər üzrə Əmək kitabçasının uçotu kitabından çıxarışdan görünür ki, əmək kitabçası xx.xx.2023-cü il tarixdə İddiaçı təhvil verilmişdir. İddiaçı Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədova ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən poçt qəzbindən və xəbərnamədən görünür ki, 2012-ci il tarixdən X8 İdarəsində, 2015-ci ildən isə Lənkəran RQİİ-nin Biləsuvar xidmət sahəsində çilingər, 2019cu ildən isə Lənkəran RQİİ-nin Biləsuvar rayonu üzrə təmir bərpa və satış xidmətində xidmət rəisi işləmişdir. İşlədiyi müddət ərzində heç bir töhmət almamışdır. Daim mükafatlandırılmışdır. xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonunda ondan işdən çıxma ilə bağlı ərizə verilməsi tələb olunmuş, o da əsəbi olduğundan həmin ərizəni vermişdir. Hazırda həmin ərizəsindən imtina edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4cü maddəsinə əsasən işdən azad olunma ilə bağlı ərizəsini geri götürməklə etibarsız hesab edir. Ərizə xx.xx.2023-cü il tarixdə Biləsuvar poçt şöbəsinə təhvl verilmiş, xx.xx.2023-cü il tarixdə isə Lənkəran RQİİ-nin əməkdaşı N.Əhmədova adlı şəxs tərəfindən qəbul olunmuşdur. Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı X5 HK-1/1011 №-li, 12 iyul 2023-cü il tarixli qərarından görünür ki, Biləsuvar rayonu, Ağayrı kəndində yaşayan X9 xx.xx.2023-cü il tarixdə Biləsuvar RPŞ-yə Fəxrəddin adlı şəxsin işə düzəltmək adı ilə ondan 3000 manat pul alması barədə ərizəsi üzrə araşdırma aparılmış və cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır. Onunla qohumluğu, dostluğu, düşmənçiliyi olmamış, hər hansı tabeliçik münasibətləri olmamışdır. 2015-ci ilin fevral ayından Lənkəran RQİİ-də insan resursları şöbəsində kadr sahəsində işə qəbul, işdən azad olunması, əmrlərin hazırlanması ilə məşğul olur. Ərizələr hazır blank deyil, sadəcə xətlənmiş kağızlardır. Fəhlə heyəti çoxdu, ona görə tez və rahat yazılsın deyə xətlənir. Bu həmin sənəd əməkdaşlara təqdim edilir. Əməkdaşlar isə onu özləri doldururlar. xx.xx.2023-cü il tarixdə İddiaçı gəldi idarəyə blank istədi və o da həmin blankı təqdim etmişdir. İş fəaliyyəti ərzində onu 1-2 dəfə görmüşdür. O gəldi, ərizəsini yazdı və əmək kitabçasını ona təqdim etmişlər. Onun hansı vəziyyətdə ərizəsini yazdığı yadında deyil, çünki həmin vaxtdan çox müddət keçmişdir. Lakin onun iddia ərizəsini oxuduğu üçün işdən çıxma tarixi yadına düşmüşdür. İddiaçı hər hansı şəxs tərəfindən hədə qorxu gəlinməyib, bunun şahidi də olmamış, heç bu barədə eşitməmişdir. İşdən çıxdıqdan sonra İddiaçı hər hansı ərizəsi ona daxil olmamış, bu barədə onun məlumatı yoxdur. Bütün müraciətlər ümumi şöbəyə gəlir, ümumi şöbədən aidiyyəti şəxslərə təqdim edilir. N.Əhmədova adlı şəxs idarədə işləmişdir, onun adı Nərgiz Əhmədovadır. Nərgiz Əhmədova hazırda idarədə işləmir. İşin hallarından müəyyən edilir ki, iddiaçı işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və ərizə blankın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya iddianı qismən əsaslı hesab edərək, qismən təmin etmişdir. Cavabdeh tərəf qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir. Mülki Prosessual Məcəllənin mülki prosessual hüquq qabiliyyətini müəyyən edən 48ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-ci il 30 iyul tarixli Qərarında əmək münasibətləri baxımından qeyd etmişdir ki, hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filial və nümayəndəlikləri əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləridirlər. Bu cür yanaşma Əmək Məcəlləsinin və onun tənzimlədiyi əmək hüquq münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. Belə ki, mülki hüquq münasibətlərində hüquqi şəxs hər hansı müqavilənin bərabər hüquqlu subyekti olaraq istənilən tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Göründüyü kimi hazırkı işdə iddiaçı cavabdeh Azərqaz İB-nə qarşı iddia qaldırmalı olduğu halda iddiaya cavab verməli olmayan «Azəriqaz» İstehsalat Birliyi (İB) Lənkəran X12 İdarəsinə qarşı iddia tələbi irəli sürmüşdür. Kollegiya hesab edir ki, «Azəriqaz» İstehsalat Birliyi (İB) Lənkəran X12 İdarəsi iddiaya cavab verməli olmayan şəxsdir. Mülki Məcəllənin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə cavabdeh hüquqi şəxsin X15 İdarəsi olsa da, işəgötürən X15 İdarəsi yox “Azəriqaz” İstehsal Birliyi olmalı idi. Buna görə də, iddiaçı iddianı X12 İdarəsinə qarşı yox “Azəriqaz” İstehsal Birliyinin özünə qarşı qaldırmalı idi. Yuxarıda şərh edilənlərə əsasən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(049)-76/2024 saylı qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh «Azəriqaz» X6 X12 İdarəsinə qarşı işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və ərizə blankın etibarsızlığı tələbinə dair mülki tələbinə dair iddiası rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq «Azəriqaz» İstehsalat Birliyinə ödənilməlidir. Hazırkı tələb üzrə iddia qiymətləndirilməyən iddia olduğundan, hazırkı qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(049)-76/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh «Azəriqaz» X6 X12 İdarəsinə qarşı işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və ərizə blankın etibarsızlığı tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq «Azəriqaz» İstehsalat Birliyinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar