Məhkəmə qərarları › İş №2(106)-673/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-673/2025

02.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-673/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı "avtomobilə vurulmuş zərərin alınıb verilməsi" tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: "avtomobilə vurulmuş zərər" tələbi Şirvan şəhəri, 02 oktyabr 2025-ci il X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "avtomobilə vurulmuş zərərin alınıb verilməsi" tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e- 2(017)-87/2024 saylı qətnaməsindən (hakim: Etibar Quliyev) cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Kollgiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra iddiaçı, yaxud MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, işçi tərəfindən işəgötürənə vurulmuş 45.200 manat məbləğində maddi ziyanın və dövlət rüsumuna görə ödənilmiş 225,6 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də “Sürücü” vəzifəsində işə qəbul olunmuş və müxtəlif hüquqi və ya fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqavilələrinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitələri ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. Eyni zamanda cavabdehlə Cəmiyyət arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. İşin faktiki halı belə baş vermişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məxsus DAF FTX F105 markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı dartıcı və Krone markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Kürdəmir rayon, Atakişili kəndi ərazisində hərəkətdə olarkən MAN markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı dartıcı və Lecitrailer markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yük qoşqulu avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə Cəmiyyətə 45.200 manat zərər dəymişdir. Hadisə Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Elnur Cəfərov tərəfindən araşdırılmışdır. Cavabdeh araşdırma zamanı verdiyi izahatında da qeyd etmişdir ki, o, nəqliyyat vasitəsini idarə edərkən sükan arxasında yatmışdır. Araşdırmanın yekunu olaraq sürücü barəsində təqsir müəyyənləşmiş və inzibati pozuntu barədə ******* saylı qərar qəbul edilmişdir. Qərara əsasən cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Xidməti vəzifələrini yerinə yetirən zaman cavabdeh tərəfindən İddiaçı MMC-yə 45.200 manat miqdarında maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən həmin ziyanın əvəzi tam həcmdə ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində iddiaçıya məxsus “DAF FTX F105” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı dartıcıya maddi zərər dəymişdir. İddiaçı dartıcıya vurulmuş ziyanın məbləğini çox şişirtmişdir. Ona görə də iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil1 da iddianın qismən təmin edilməməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyinə əsasən, 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45.000 manat (qırx beş min manat) müəyyən olunur. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti 45.000 manat olmuş 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45.200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqnostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(017)- 87/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilərək, cavabdehdən maddi ziyana görə 45.000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 225,6 manat məbləğində pul alınaraq iddiaçı MMC-yə verilməsi qət edilmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti vermiş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1591/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat. Qətnamədən cavabdeh (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iş üzrə iddiaçının öz mənafeyinə uyğun əldə edilmiş birtərəfli və formal sübutlara əsaslanmış, avtomaşına vurulmuş zərərin əsl məbləğini müəyyən etmək üçün zəruri araşdırma və tədqiqat aparmamış, nətcədə isə cavabdeh tərəfin üzərinə ağır pul öhdəliyi qoyulmuşdur. Bir sözlə, zərərin məbləği birtərəfli, yəni yalnız iddiaçı tərəfin xeyrinə şişirdilməklə müəyyən edilmiş, bu zaman cavabdeh tərəfin hüquqlarına və qanuni mənafeyinə ümumiyyətlə əhəmiyyət verilməmiş, həmin hüquq və mənafelər müdafiə edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları, o cümlədən ekspert rəyində məsələnin mahiyyəti ilə bağlı halları nəzərə almamış, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyində 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45.200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmədiyi, sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyərinın müəyyən edilə bilməsi birmənalı olaraq göstərilsə də, həmin rəyi qətiyyən nəzərə almamış, onu iddiaçının xeyrinə yozmuşdur. İş üzrə zərərin həqiqi məbləğini müəyyən etmək üçün təyin edilmiş ekspertiza düzgün aparılmamış, ekspert özü hər hansı bir tədqiqat və araşdırma aparmadan yalnız iddiaçı tərəfin təqdim etdiyi qüsur aktına əsaslanmış, məhkəmə tərəfindən qoyulmuş suallara kifayət qədər aydın cavab verilməmişdir. Lakin məhkəmə kollegiyası bu hala əhəmiyyət verməmiş, yalnız həmin rəyə əsaslanmışdır. Apellyasiya instansiyasında icraat zamanı zərərin həqiqi məbləğinin müəyyən edilməsi üçün əlavə ekspertiza (o cümlədən məhkəmə-əmtəəşünaslıq ekspertizası) təyin edilməsi barədə tərəflərindən vəsatət verilsə də, məhkəmə kollegiyası həmin vəsatəti təmin etməmişdir. Bu hal şübhəsiz ki, məhkəmə iclasının audio yazısında da öz əksini tapmışdır. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 405/2025-saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1591/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti vermiş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur.

1. Məhkəmə iclasında cavabdeh tərəfindən iddianın qismən qəbul edildiyi, ziyanın məbləğinin isə çox şişirdildiyi bildirilsə də, məhkəmə həmin etirafın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfin formal olaraq təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktına əsaslanmışdır ki, həmin aktda da İddiaçı MMC-yə məxsus olan “DAF FTXF 105 yük” markalı 99 JC713 dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən zərərin məbləği 45200 manat müəyyən edilmişdir.

2. Qeyd edilməlidir ki, sözügedən nəqliyyat vasitəsinin və onun sıradan çıxmış hissələrinin hadisədən sonrakı görüntülərini əks etdirən fotoşəkillər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Habelə göstərilən nəqliyyat vasitəsinin təmirini aparan cəmiyyət tərəfindən də tərtib edilmiş qüsur aktına həmin hallarla bağlı heç bir fotoşəkil əlavə edilməmişdir. Bunlar məhkəmənin istinad etdiyi sübutların qeyri-mötəbər olduğunu, yəni əsaslı olmadığını təsdiq edir və bütün bu hallar öz növbəsində cavabdehin qeyd etdiyi kimi zərərin şişirdildiyinə dəlalət edir.

3. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyində bilavasitə qeyd edilmişdir ki, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının təyinat üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45000 manat (qırx beş min manat) müəyyən olunur. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti 45000 manat olmuş 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. Lakin məhkəmə göstərilən rəyə əhəmiyyət verməmiş, həmin rəydə göstərilən qaydada ziyanın məbləği müəyyən edilməli olduğu halda heç bir tədbir görməyib əlavə araşdırma aparmamış, yalnız maraqlı tərəfin təqdim etdiyi formal “qüsur aktı” ilə kifayətlənmişdir.

4. Cavabdehin bidirdiyinə görə “İşəgötürən” qismində olan İddiaçı MMC “İşçi”yə (yəni cavabdehə) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlardan olan 8 (səkkiz) saatlıq “iş vaxt”nın və 16 saatlıq “istirahət vaxt”nın müddətini pozmuş, cavabdeh sürücü qismində bir ünvandan digər ünvana yuk daşıdıqdan sonra gecə saatlarında digər daşımaya cəlb edilmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ciil tarixli TSF********** saylı və "xxxx" ASC tərəfindən verilmiş A**********saylı xx.xx.2022-ci il tarixli qaimə-fakturalardan görünür ki, cavabdeh sürücü qismində ona həvalə edilmiş yükü eyni gündə Bərdə rayonuna çatdırdıqdan sonra gecə saatlarında digər daşımaya cəlb edilmiş, istirahət etmədiyinə görə maşını idarə edən zaman onu yuxu basmış və bunun nəticəsində qəza törətmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları:

Kollegiyanın əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir avtomobilə dəymiş ziyan çox şişirdilmişdir. Hesab edir ki, avtomobilə dəymiş ziyan təxminən 15000-17000 manat civarında ola bilər. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Kollegiyanın sonuncu iclasında göstərmişdir ki, ekspertizanın sonuncu rəyi ilə tanış olmuşdur. Prinsip etibarilə Rəyə hər hansı etirazları yoxdur. Apellyasiya şikayətinin dəlilləri üzrə müvafiq qərar qəbul edilməsinə etirazı yoxdur. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin Kollegiyanın sonuncu iclasında göstərmişdir ki, ekspertizanın sonuncu rəyi ilə tanış olmuşdur. Qeyd etmişdir ki, Rəydə amortizasiya xərclərinin müəyyən edilməsində 90% qüsur mövcuddur. Lakin hazırkı işin artıq 2 ildən çox davam etməsini nəzərə alaraq işin bundan sonra da uzanmasını istəmirlər və bu üzdən də verilmiş sonuncu Rəyə həra hansı etiraz etmirlər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin şəxsən iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Azərbaycan Respublikasının Əməkil Məcəlləsi. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 199 (1-ci hissənin “ç” bəndi). İşçi qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200 (1-ci hissə). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202 (1-ci hissə). İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 202 (2-ci hissə). İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə 205 (2-ci hissə). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Maddə 206 (1-ci hissə). Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən zərərin tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 40 manat miqdarda inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş AD 860897 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən zərərin məbləği 45200 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyindən görünür ki, 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45000 manat (qırx beş min manat) müəyyən olunur. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti 45000 manat olmuş 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 003/2022 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, sonuncu sürücü vəzifəsinə götürülmüşdür. İş materiallarına əlavə edilmiş 003/2022 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh Cəlil oğlu arasında xx.xx.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Apellyasiya baxışında Kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq Rəy alınaraq işə əlavə edilmişdir. Belə ki, 20 avqust 2025-ci il tarixli, 51/08-25 saylı "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1-ci suala cavab: İddiaçı MMC-nin qarajında 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kimi təqdim olunan detallar (hissələr) istifadəyə yararsız metal qırıntısı hesab edilmiş və 2500 (iki min beş yüz manat) dəyərində qiymətləndirilmişdir. Digər detalların harada olduğunu, istifadə olunub-olunmadığını müəyyən etmək mümkün olmamışdır. 2-ci suala cavab: Qiymətləndirilən nəqliyyat vasitəsinin qəza tarixinə, yəni 2022-ci il üçün istismara yararlı, işlək vəziyyətdə bazar dəyəri 44880 AZN müəyyən edilmışdır. 3-cü suala cavab: Dartıcının faktiki olaraq mövcud olmadığı üçün belə müayinənin (dartıcının avtoservis şəraitində sökülməsi, onun hissələrinin diaqnostika olunması) təkrar aparılması mümkün deyildir. Ona görə də ixtisaslaşmış "xxxx" MMC şirkəti tərəfindən xx.xx.2022-ci il tarixində aparılmış müayinənin nəticələri və qəzadan sonra çəkilmiş fotoşəkillər nəzərə alınaraq 9 (doqquz) adda hissə, detal və aqreqat zədələnmiş hesab edilmişdir. Nəqliyyat vasitəsinin bütün digər detallarının zədələnmədiyi qənaətinə gəlindiyi üçün onların dəyəri 31375 AZN qiymətləndirilmişdir. Zədələnmiş hesab edilmiş 9 (doqquz) adda hissə, detal və aqreqatın dəyəri 13505 AZN təşkil edir. 4-cü suala cavab: Dartıcının faktiki olaraq mövcud olmadığı və təkrar müayinənin (dartıcının avtoservis şəraitində sökülməsi, onun hissələrinin diaqnostika olunması) aparılması mümkün olmadığı üçün ixtisaslaşmış "xxxx" MMC şirkəti tərəfindən xx.xx.2022ci il tarixində aparılmış müayinənin nəticələri və qəzadan sonra çəkilmiş fotoşəkillər nəzərə alınaraq 9 (doqquz) adda hissə, detal və aqreqatların dəyişdirilməli olduğu qəbul edilmişdir. Rama və ön bufer təmir olunacaqdır. Yeni detalların, hissələrin və aqreqatların quraşdirılması xərcləri 3300 AZN, zədələnmiş hissələrin, detal və aqreqatların təmiri xərcləri 6350 AZN müəyyən edilmişdir. Dartıcının təmiri ilə bağlı xidmətlərin ümumi dəyəri 9650 AZN müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin bütün digər detallarının zədələnmədiyi qənaətinə gəlindiyi üçün onların dəyəri 31375 AZN qiymətləndirilmişdir. Zədələnmiş hesab edilmiş 9 (doqquz) adda hissə, detal və aqreqatın dəyəri 13505 AZN təşkil edir. 5-ci suala cavab: Dartıcının faktiki olaraq mövcud olmadığı və təkrar müayinənin (dartıcının avtoservis şəraitində sökülməsi, onun hissələrinin diaqnostika olunması) aparılması mümkün olmadığı üçün ixtisaslaşmış "xxxx" MMC şirkəti tərəfindən xx.xx.2022ci il tarixində aparılmış müayinənin nəticələri və qəzadan sonra çəkilmiş fotoşəkillər nəzərə alınaraq, a) Dartıcının qalıq bərpa dəyəri (2022-ci ilin iyul ayına) - 44880 AZN b) Dartıcının təmiri ilə bağlı xidmətlərin ümumi dəyəri - 9650 AZN c) Zədələnmiş və istifadəyə yararsız hesab edilmiş hissə, detal və aqreqatların dəyəri 13505 AZN müəyyən edilmişdir. d) Zərərin ümumi məbləği 23155 AZN müəyyən edilmişdir. Qəzadan sonra qiymətləndirmə tarixinə, yəni 14 avqust 2025-ci il tarixinə nəqliyyat vasitəsindən qalan rama hissəsinin ləğvetmə dəyəri 2500 AZN təşkil edir. Qəza nəticəsində zədələnmiş və digər hissə və aqreqatları identifikasiya etmək və texniki ziyyəti haqqında, o cümlədən nəqliyyat vasitəsinin faktiki yürüşü haqqında məlumat almaq mümkün olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək, iddianı qismən təmin etmişdir. İddiaçı qətnamə ilə razılaşmış, cavabdeh tərəf isə qətnamədən narazı qalmış və onu mübahisələndirmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili

1. Mübahisəli avtomobilə dəymiş zərərin məbləğinin həddindən çox şişirdilməsindən,

2. Nəqliyyat vasitəsinin təmirini həyata keçirən cəmiyyət tərəfindən tərtib edilmiş qüsur aktına dəymiş ziyanla bağlı heç bir fotoşəkil əlavə edilməməsindən, həmin qüsur aktının qeyri-mötəbər olmasından,

3. Mübahisəli nəqliyyat vasitəsinin yəhərli dartıcısının avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra onun qalıq dəyərinin müəyyən edilməməsindən,

4. Cavabdehin əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlardan olan 8 (səkkiz) saatlıq “iş vaxt”nın əvəzinə istirahət etmədən 16 saatlıq iş rejimində işləməsinə cəlb edilməsindən ibarət olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi apellyasiya şikayətinin 1, 2, və 3-cü dəlillərinin araşdırılması üzrə Kollegiya tərəfindən üzrə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq Rəy alınaraq işə əlavə edilmişdir. Belə ki, 20 avqust 2025-ci il tarixli, 51/08-25 saylı "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Dartıcının qalıq bərpa dəyəri (2022-ci ilin iyul ayına) - 44880 AZN . Dartıcının təmiri ilə bağlı xidmətlərin ümumi dəyəri - 9650 AZN, Zədələnmiş və istifadəyə yararsız hesab edilmiş hissə, detal və aqreqatların dəyəri 13505 AZN müəyyən edilmişdir. Ümumiyyətlə mübahisəli nəqliyyat vasitəsinə dəyən zərərin ümumi məbləği 23155 AZN olması müəyyən edilmişdir. Apellyasiya şikayətinin - cavabdehin iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlardan olan 8 (səkkiz) saatlıq “iş vaxt”nın əvəzinə istirahət etmədən 16 saatlıq iş rejimində işləməsinə məcbur edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ciil tarixli TSF********** saylı və "xxxx" ASC tərəfindən verilmiş A**********saylı xx.xx.2022-ci il tarixli qaimə-fakturalarla cavabdeh sürücü qismində ona həvalə edilmiş yükü eyni gündə Bərdə rayonuna çatdırdıqdan sonra gecə saatlarında digər daşımaya cəlb edilməsi cavabdehin iddiaçı tərəfindən daşımaya məcbur edilməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə natamam araşdırma aparmış, əvvəki ekspert rəyində mübahisəli nəqliyyat vasitəsinin yəhərli dartıcısının avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra onun qalıq dəyərinin müəyyən etməli olsa da bunu etməmiş, bununla da nəqliyyat vasitəsinə dəymiş real zərəri aydınlaşdırmamışdır. Kollegiyanın iclası zamanı Cavabdeh avtomobilə dəymiş ziyanın çox şişirdildiyini qeyd etmiş və həmin avtomobilə dəymiş ziyanın təxminən 15000-17000 manat civarında ola bilməsini göstərmişdir. Kollegiyanın iclası zamanı həm iddiaçı həm də cavabdeh tərəf təyin edilmiş sonuncu rəylə tanış olduqlarını və onunla razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(017)-87/2024 saylı qətnaməsi Cavabdeh 45000 (qırx beş min) manat məbləğində pulun və 225,60 dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməli və Cavabdeh vurulmuş zərər kimi 23 155 ( iyirmi üç min yüz əlli beş) manat pul vəsaiti, həmçinin 225.60 manat dövlət rüsumunun 112.80 manat hissəsi alınaraq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 112.80 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir. “X2” MMC tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı MMC tərəfindən ekspertizanın keçirilməsi üçün ilkin olaraq qiymətləndiriciyə 440 manat ödəniş edilmişdir. (440+79.20=519.20 manat) Buna görə də Ekspertizanın keçirilməsi üçün nəzərdə tutulmuş 880 manat müqavilə qiyməti və 158.40 manat ƏDV olmaqla, ümumilikdə 1038.40 manat pulun 79.20 manatı İddiaçı MMC-dən və 519.20 manatı isə Cavabdeh tutularaq “X2” MMC- yə ödənilməlidir. (Vöen: **********, Bank: "xxxx" ASC, Nəsimi filialı, Vöen: **********, m/h AZ03NABZ********************, h/h: AZ08İBAZ********************, Kod: 805614, SWİFT Bik: İBAZAZ2X) Həmçinin apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 112.60 manat rüsumun yarısı olan 56.30 manatı cavabdehin özünə aid edilməli, 56.30 manatı isə İddiaçı MMC-dən alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti mübahisələndirilən hissədə 5000 manatdan çoxdur. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(017)-87/2024 saylı qətnaməsi Cavabdeh 45000 (qırx beş min) manat məbləğində pulun və 225,60 dövlət rüsumunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh vurulmuş zərər kimi 23 155 ( iyirmi üç min yüz əlli beş) manat pul vəsaiti, həmçinin 225.60 manat dövlət rüsumunun 112.80 manat hissəsi alınaraq İddiaçı MMC-yə ödənilsin, dövlət rüsumunun 112.80 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilsin. Ekspertizanın keçirilməsi üçün nəzərdə tutulmuş 880 manat müqavilə qiyməti və 158.40 manat ƏDV olmaqla, ümumilikdə 1038.40 manat pulun 79.20 manatı İddiaçı MMCdən və 519.20 manatı isə Cavabdeh tutularaq “X2” MMC- yə ödənilsin. (Vöen: **********, Bank: "xxxx" ASC, Nəsimi filialı, Vöen: **********, m/h AZ03NABZ********************, h/h: AZ08İBAZ********************, Kod: 805614, SWİFT Bik: İBAZAZ2X) Həmçinin apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 112.60 manat dövlət rüsumunun yarısı olan 56.30 manatı cavabdehin özünə aid edilsin, 56.30 manatı isə İddiaçı MMC-dən alınaraq Cavabdeh verilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar