Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-679/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdelər Cavabdeh1 və Cavabdeh2 qarşı "ümumi birgə mülkiyyətdə olan "Xarxatan Kərpic” İstehsal Kooperativinin üzərində payların müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(049)-833/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, "Xarxatan Kərpic" İstehsal Kooperativi üzərində nizamnamə kapitalına uyğun olaraq onun 4/10, cavabdehlər X2 və Cavabdeh2 hər birinin isə 3/10 hissədə paylarının müəyyən edilməsi və həmin əmlakın naturada bölünməsi barədə (50.000 manat dəyərində əmlakın cavabdehlər tərəfindən götürülüb özgəninkiləşdirilməsi xüsusatı nəzərə alınmaqla) qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olmaqla orada yaşayır. Həmin kənddə yerləşən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5 Qeydiyyatı üzrə Lənkəran Bölgə şöbəsində 30 mart 1999-cu ildə U-5/275 saylı arayışla "Göyərçin” Kooperativi uçota alınmışdır. 30 dekabr 2004-cü ildə "Göyərçin" Kooperativinin adı dəyişdirilərək "Xarxatan Kərpic” İstehsal Kooperativi adlandırılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞDQ üzrə Lənkəran Bölgə şöbəsində onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adlarına ümumi mülkiyyət hüququ ilə uçota alınmışdır. "Xarxatan Kərpic” İstehsal Kooperativi kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tədarükü və satışı, o cümlədən heyvandarlıq, qoyunçuluq, quşçuluq, əkinçilik, çayçılıq, arıçılıq, bitkiçilik təsərrüfatlarının təşkili, kənd təsərrüfatı təyinatlı müxtəlif xidmətlərin göstərilməsi, kərpic istehsalı və alqı-satqısı məqsədi ilə təsis edilmişdir və 1999-cu ildən hazırkı vaxtadək fəaliyyət göstərir. Son dövrlərədək Kooperativin digər payçıları (cavabdehlər) ilə onun arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı problem olmasa da, 30 aprel 2022-ci ildə ona məxsus kərpic sexindən 50.000 manat dəyərində avadanlıqların oğurlanmasından sonra öz payının məhkəmə qaydasında müəyyən edilərək naturada ayrılması qərarına gəlmişdir (oğurluq hadisəsinin törədilməsi ilə bağlı tərəfindən müvafiq qurumlara şikayətlərlə müraciət edilmişdir). "Xarxatan Kərpic" İstehsal Kooperativinin nizamnaməsində hər bir təsisçinin payı müəyyən edilmişdir. Belə ki, nizamnamənin 5.4-cü bəndinə əsasən Kooperativin nizamnamə kapitalı 10 paydan ibarətdir və təsisçilər arasında onun 4 payı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin isə 3 payı müəyyən olunmuşdur. 30 aprel 2022-ci ildə ona məxsus kərpic sexindən 50.000 manat dəyərində avadanlıqların oğurlanmasından sonra müraciəti əsasında Lənkəran ŞRPŞ-nin İB-də araşdırma aparılmış və 30 may 2022- ci il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Aparılan araşdırma zamanı qaynı Nümayəndə2 izahatında göstərmişdir ki, "... Zavodun 12-13 min civarında Qaz idarəsinə, 1.400 manat İşıq idarəsinə, 4.000 manat Vergilər Nazirliyinə, 3.600 manat isə fəhlələrə borcu vardır. Həmin bu borcları ödəmək məqsədilə zavoddakı köhnə dəmir materialları satmaq qərarına gəlmişlər. Anası və ortancıl qardaşı Cavabdeh1 razılığı ilə dəmir materialları satın alan şəxslərə 1.600 manata satmışlar. Həmin pulla zavodun xərclərini ödəmişlər. Hazırda kərpic zavodu anası Cavabdeh2 məxsusdur. Özünün zavodda heç bir payı yoxdur. Lakin anasının vardır. O, da anasının istəyi ilə zavodda olan dəmir materialları satmışdır.” Göründüyü kimi, qaynını Nümayəndə2 polis şöbəsində aparılan araşdırma zamanı ‘‘Xarxatan Kərpic” zavodundan avadanlıqların aparıldığını etiraf etmiş və bunu ona cavabdehlərin apşırdığını bildirmişdir. Məhz bu baxımdan hesab edir ki, cavabdehlərə məxsus ümumilikdə 6/10 hissə paydan aparılan avadanlıqların dəyəri çıxılmalıdır. Çünki onların qanunsuz hərəkətləri ilə ona maddi ziyan vurulmuşdur. Qaynı Nümayəndə2 izahatında satılan dəmir materiallarının zavodun borclarına xərcləndiyini bildirsə də, bu pul zavodun ehtiyacları üçün xərclənməmişdir. Həmçinin qeyd edir ki, izahatda satılan avadanlıqlar və onların dəyəri düzgün göstərilməmişdir. elə ki, satılan avadanlıqların ümumi dəyəri 50.000 manatdan çoxdur. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə qiyməti təxminən 10.000 manat olan bir ədəd komplekt kolxoz presi, bir ədəd 30 000 manat dəyərində 535 markalı kərpic presləyən komplekt lent elevatoru, bir ədəd 8000 manat dəyərində kərpic kəsən aparat və 2000 manat dəyərində elevator rolikləri və elektro matorlar götürülmüşdür. Lakin törədilən əməlin cinayət olmadığı qənaətinə gəlindiyi üçün polis şöbəsində cinayət işinin başlanması rədd edilmişdir. Əməldə cinayət tərkibi olmasa belə hesab edir ki, götürülmüş malların qiyməti cavabdehlərin ziyanına nəzərə alınmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə o, və ailə üzvləri arasında hazırki işdən əlavə də əmlakla əlaqədar mübahisələr olmuşdur. Hazırda Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun icraatında əri Nümayəndə1 və oğlu X3 cavabdehlərə qarşı ümumi birgə mülkiyyətlərində olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və bu torpaq sahələrinin naturada bölünməsi ilə bağlı məhkəmə mübahisəsi davam etməkdədir. Cavabdehlərlə birlikdə ümumi əmlaka sahiblik və ondan istifadə olunması, həmçinin bu əmlaka sərəncam verilməsi ilə bağlı hüquqlarının həyata keçirilməsində ciddi maneələr yarandığından ‘‘Xarxatan Kərpic" İstehsal Kooperativi üzərində X5 Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyata alınmaqla təsdiq edilmiş nizamnamə üzrə payların müəyyən edilməsi və nizamnamə kapitalında göstərildiyi kimi 4/10 hissə payımın (40 %) müəyyən edilərək ayrılması, həmçinin cavabdehlər tərəfindən götürülmüş malların qiymətinin nəzərə alınması zəruridir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. “Xarxatan Kərpic” İstehsal Kooperativi ilə bağlı mübahisənin həll edilməsi üçün onun üzərində nizamnamə kapitalına uyğun olaraq payların müəyyən edilməsi və tərəflər arasında naturada bölünməsi zəruridir. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “Xarxatan-kərpic” İstehsalat kooperativi Lənkəran rayonu, Xarxatan kəndində yerləşir, həmin kooperativin yerləşdiyi torpaq sahəsinə və üzərində olan tikililərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı iddiaçı hazıradək müəyyən səbəblərdən əldə edə bilməmişdir və onda bu barədə hüquqmüəyyənedici sənədlər yoxdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışında iddia tələbini müdafiə edərək, bildirmişdir ki, iş materiallarına əlavə edilmiş “Xarxatan Kərpic” İstehsalat koperativinin nizamnaməsində kooperativin payçılarının payı dəqiq müəyyən edilmişdir. Həmçinin Lənkəran rayonu, Şağlaser bələdiyyəsindən məhkəməyə təqdim edilmiş arayışdan da müəyyən edilir ki, “Xarxatan-kərpic” zavodu Lənkəran rayonu, Xarxatan kəndində yerləşir və ərazisi 0,66 hektardır. Lakin həmin torpaq sahəsinə və kooperativin digər əmlakına dair İddiaçı hazıradək müəyyən problemlər səbəbindən mülkiyyət hüququnu müəyyən sənədləri əldə edə bilməmişdir. Eyni zamanda nizamnamə və auditor rəyi olduğu təqdirdə ekspertin rəy verməkdən imtinası qanuna uyğun deyil və təqdim edilmiş mütəxəssis rəyi əsasında məhkəmə qərarının qəbul edilməsi əsaslı ola bilməz. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən, onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(049)-833/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları bilavasitə tədqiq etməmiş, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş, həqiqətə nail olmaq üçün düzgün araşdırma aparmamışdır. Lənkəran Rayon Məhkəməsi təkcə ekspertin imtina xarakterli məktubunu əsas götürmüş və faktiki halları aydınlaşdırmadan yekun qərar qəbul etmişdir, halbuki həmin faktiki halların müəyyən edilməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb etmişdir. Birinci instansiya məhkəməsi ekspertiza keçirməməklə sübutları əldə etməmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etmişlər. Cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi X5 Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiqlənmiş “Xarxatan Kərpic” İstehsalat kooperativinin nizamnaməsindən görünür ki, həmin nizamnamənin 5.4-cü maddəsində kooperativin nizamnamə kapitalının 600.000 manat təşkil etdiyi və həmin kapitalın 10 paydan ibarət olaraq, təsisçilər arasında İddiaçı - 4 pay, Cavabdeh1 - 3 pay və Cavabdeh2 - 3 pay olduğu qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında təyin edilmiş mühəndis texniki və əmtəəşünaslıq ekspertizasına dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 02 noyabr 2023-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatda qeyd edilmişdir ki, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin müvafiq mütəxəssis rəyi və Lənkəran rayonu Xarxatan kəndində yerləşən “Xarxatan Kərpic” İstehsal Kooperativinin texniki pasport sənədi Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.” Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 13 noyabr 2023cü il tarixli "məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatda qeyd edilmişdir ki, "məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, qərarda qeyd edilən avadanlıqların alınması, istismar müddəti, texniki göstəriciləri və s. barədə məlumat verilməsi xahiş edilmiş, lakin həmin vəsatət hal hazıradək təmin edilməmişdir və bu səbəblərlə görə 2(049)-833/2023 №-li iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır”. Məhkəmə tərəfindən tərəflər mülki iş üzrə mühəndis-texniki ekspertizasının aparılması üçün tədqiqat obyektlərinə keçiriləcək baxışın yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-2İ-3-43/2-3634/2023 mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, "Lənkəran rayonunun Xarxatan kəndində yerləşən "Xarxatan Kərpic” İstehsal Kooperativinin istifadəsində olan torpaq sahəsinə və üzərində tikililərə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən, eləcə də mövcud baza məlumatlarında "Xarxatan Kərpic” istehsal Kooperativinin istifadəsində olan torpaq sahəsinə və üzərində tikililərə dair məlumatlar mövcud olmadığından, həmin torpaq sahəsinin və üzərində tikililərin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Buna görə də sualları cavablandırmaq mümkün olmamışdır. "Xarxatan Kərpic” İstehsal Kooperativinin istifadəsində olan torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin və üzərində tikililərin naturada koordinatları müəyyən edilmişdir, (torpaq sahəsi və üzərində tikililər rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir).” Lənkəran rayonu, Şağlaser bələdiyyəsindən təqdim edilmiş 107 saylı xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini X4 həmin kənddə yerləşən "Xarxatan-kərpic” zavodunun səhmdarlarından biridir və həmin zavodun ərazisi 0,66 hektardır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”-nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 19-cu bəndində qeyd edilmişdir ki, Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 19 dekabr 2022-ci il tarixli, 6 nömrəli qərarında qeyd edilmişdir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına aşağıdakı redaksiyada əlavə və dəyişikliklər edilsin: 2.1.19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözləri əlavə edilsin. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə kooperativin üzvləri arasında payların müəyyən edilməsi ilə əlaqədardır. Belə olan halda da, qanunvericilikdə həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırkı mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Lənkəran Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(049)-833/2023 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-679/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-679/2024
18.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver