Məhkəmə qərarları › İş №2(106)-686/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-686/2024

18.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-686/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaqdan çıxarılma X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(036)-68/2023 saylı (hakim Ülvi Qənbərov) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, JN 027A saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılaraq mülkiyyətinə qəsd edən qanuazidd hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,İmişli rayonunda torpaq islahatı aparılarkən İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə daimi yaşayış yeri olan İmişli rayonunun Xoşçobanlı kəndi ərazisində onun ailə üzvlərinin mülkiyyətinə 0,59 ha həyətyanı torpaq sahəsi verilmiş və hüquqi statusu JN- 027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə təsdiq olunmuşdur. JN 027A saylı planda sərhədləri göstərilmiş həmin torpaq sahəsi həmkəndlisi Cavabdeh məxsus olan həyətyanı torpaq sahəsi ilə yanbayan yerləşir və biri birindən 4 metr enində şor kanalla ayrılır. 2022-ci ilin fevral ayında Cavabdeh İmişli SSİ-ə məxsus olan traktorla həmin şor kanalı dolduraraq ona məxsus olan həyətyanı sahəsi 15-16 metr enində və 40-45 metr uzunluqda zəbt etmişdir. Ona görə də, ona məxsus olan JN 027A saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılaraq mülkiyyətinə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması barədə iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində yaşayır və aparılmış torpaq islahatı nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 132 saylı planda yeri göstərilmiş 0,60 ha həyətyanı torpaq sahəsindən istifadə edir. Onun istifadəsində olan həyətyanı torpaq sahəsini həmkəndlisi İddiaçı məxsus olan həyətyanı torpaq sahəsindən ayıran şor kanalın keçdiyi ərazi mülkiyyətində olan torpaq sahəsinin tərkibinə daxildir. Həmin şor kanal vaxtilə atası tərəfindən çəkilmiş və lazım olmadığından onun tərəfindən doldurulmuşdur. İmişli Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(036)-68/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, İddiaçı ümumi mülkiyyət hüququ ilə məxsus olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-553/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş planda paralel ştrixlərlə işarələnmiş 243,0 kv/m hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınıb onun özünə verilməsi və həmin torpaq sahəsindən əsassız istifadəyə yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması, iş üzrə aparılmış ekspertiza xərcini təşkil edən 25,0 (iyirmi beş) manatın İddiaçı və 25,0 (iyirmi beş) manatın Cavabdeh tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. İslahat aparılan zaman JN 132 saylı planda yeri göstərilmiş 0.60 ha həyətyanı torpaq onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin vaxtdan indiyə kimi həmin torpaqdan o, istifadə edir. Qeyd edir ki, onun həyətyanı torpaq sahəsini iddiaçının torpaq sahəsindən ayıran şor kanalın keçdiyi ərazi mülkiyətində olan torpaq sahəsinin tərkibinə daxildir. Həmin şor kanal vaxtilə atası tərəfindən çəkilmişdir və hazırda lazım olmadığından mən həmin şor kanalı doldurmuşdur. Ona görədə hesab edir ki, qəbul olunmuş qətnamə əsasız olduğundan ləğv olunmalıdır. Sözügedən torpaq sahəsi iddiaçının dediyi kimi həqiqətən ona məxsus idisə niyə indiyə qədər torpaq sahəsini ondan tələb etmirdi? c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etirazda apellyasiya şikayətinin təmin edilməməsi və İmişli Rayon Məhkəməsinin 2(036)68/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh kollegiyanın iclasında göstərmişdir ki, iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etməmişdir. Ekspert onun iştirakı olmadan torpağa baxış keçirmişdir. Mübahisəli yer əvvəllər xəndək yeri olmuş və o özü sonradan həmin yeri doldurtdurmuşdur. Buna görə də qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni və tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətindədir. İşdə olan İmişli RİHB-nin Murğuzallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 570 nömrəli arayışa əsasən nümayəndəliyin 1 saylı təsərrüfatbaşına kitabının 16-cı səhifəsində Cavabdeh adına İmişli rayonunun Xoşçobanlı kəndində 0,82 ha həyətyanı torpaq sahəsi vəüzərində 1955-ci ildə inşa edilmiş fərdi yaşayış evi qeydiyyata alınmışdır. İşdə olan İmişli RİHB-nin Murğuzallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 190 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı və Cavabdeh məxsus olan İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən həyətyanı torpaq sahələri biri-birindən ayıran 1980-cı ildə çəkilmiş beton pilitələrdən ibarət sərhəd indiyədək dəyişmədən olduğu kimi qalmışdır. Cavabdeh həyətyanı torpaq sahəsinə aid olan hissədən uzun illərdən bəri keçən kanal doldurularaq onun həyətyanı sahəsinə birləşdirilmişdir. İşdə olan İmişli RİHB-nin Murğuzallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 15 nömrəli arayışda göstərilmişdir ki, torpaq islahatı aparılarkən tərtib edilmiş adlı siyahıda Cavabdeh adına İmişli rayonunun Xoşçobanlı kəndində 0,60 ha qanuni və 0,48 ha zəbt olunmuş həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Hal-hazırda Cavabdeh və onun ailə üzvlərinin istifadəsində 1,67 ha torpaq sahəsi olsa da, adına heç bir hüquqmüəyyənedici sənəd yoxdur. İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin 243,0 kv/m hissəsi və həmin torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi arasından keçən şor kollektor Cavabdeh tərəfindən doldurularaq cəmi 715,0 kv/m torpaq sahəsi onun həyətyanı sahəsinə birləşdirilmişdir. İşdə olan Xoşçobanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı məlumatda göstərilmişdir ki, İddiaçı və Cavabdeh məxsus olan İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən həyətyanı torpaq sahələri biri-birindən ayıran beton pilitələrdən ibarət sərhəd indiyədək dəyişmədən olduğu kimi qalmışdır. İddiaçı həyətyanı sahəsi ilə sərhəddən keçən Cavabdeh istifadəsində olan şor kollektor pozularaq onun həyətyanı sahəsinə birləşdirilmişdir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli3-21-3-45/2-553/2023 saylı Mütəxəssis rəyinə əlavə edilmiş plana əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin paralel ştrixlərlə işarələnmiş 243,0 kv/m hissəsi Cavabdeh istifadəsindədir. Cavabdeh doldurduğu şor kollektorun keçdiyi cəmi 715,0 kv/m torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş 0,59 ha həyətyanı torpaq sahəsinə daxil deyil. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-3-16/2-6975 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin paralel ştrixlərlə işarələnmiş 243,0 kv/m hissəsi Cavabdeh istifadəsindədir. İddiaçı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq, iddianı qismən əsaslı hesab etmişdir. Cavabdeh qətnaməni tam mübahisələndirir. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində işin düzgün araşdırılmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(036)-68/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar