Məhkəmə qərarları › İş №2(106)-698/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-698/2023

03.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-698/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(056)- 1964/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonunun Qaragüney kəndində yerləşən iddiaçıya və ailə üzvlərinə məxsus fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 66 ildir, Sabirabad rayonunun Qaragüney kəndində yaşayır, yaşadığı ev ata evidir. Yaşadığı evi öz əməkləri və valideynlərinin köməyi ilə inşa etmişlər. O, ailə üzvləri və mərhum X2 bu evdə birlikdə yaşamışlar. X2 vəfat etdikdən sonra mərhumun ərindən həmin evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmır və artıq iddiaçını öz evinə buraxmır. Hal-hazırda iddiaçı övladları ilə çarəsizdir, evsiz qalmışlar. Cavabdeh evdən çıxmadığına görə o, həmin həyətdə olan daxmada yaşayır. Çünki cavabdehlə onun bir evdə yaşaması mümkün deyil. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1964/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)-1964/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə sübuta əsaslanmayan izahatı əsasında qətnamə qəbul etmiş, qanun üzrə vərəsəliklə bağlı müddəaları tətbiq etməmişdir. Aydın şəkildə görünür ki, mübahisəli fərdi yaşayış evi miras əmlakdır. Mirasın qəbulu və cavabdehin hansı hüquqi əsasla evə girərək yaşaması faktı vərəsəlik baxımından araşdırılmamışdır. Məhkəmə qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh çıxış edərək bildirdi ki, o, evdən çıxmağa razıdır və iddianı qəbul edir. Mübahisəli evə 2005-ci ildə arvadı Səkinə Əliyeva ilə birgə köçmüş, lakin həmin evdə xoşbəxtlik tapmamışdır. Belə ki, arvadı uzun sürən ağır xəstəlikdən sonra xx.xx.2021-ci ildə vəfat etmişdir. Onların birgə nikahdan uşaqları olmamışdır. Mübahisəli ev onun arvadının ata yurdu olmuşdur. Hazırda özünün 60-a yaxın yaşı var və özü üçün kirayə ev tutmuşdur. O bildirir ki, 3-5 il ömrü qalmış olsa belə, bu illəri həmin evdə keçirmək istəmir. Bu səbəbdən də iddianı qəbul edir. O, məhkəmə tərəfindən ona hüquqları və iddianın qəbul edilməsinin nəticələri izah edilsə də, təkidlə iddianı qəbul etdiyini bildirir. Odur ki, o, iddianın etiraf olunmasının təsdiq edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməsi və evdən çıxmağa razı olması barədə yazılı ərizəsini məhkəmə kollegiyasına təqdim etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin və cavabdehin iddianın qəbulu haqqında yazılı ərizəsinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İşdəki Sabirabad rayon Qaragüney kənd icra nümayəndəliyinin təsərrüfat kitabından 457 nömrəli çıxarışdan görünür ki, təsərrüfat sahibi İddiaçı Sabirabad rayonu, Qaragüney kəndində fərdi yaşayış evi var. İşdəki Torpağın mülkiyyətə verilməsinə dair JN-294F nömrəli, 90911005 kodlu Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1998-ci il tarixli, 8-5/1-1 saylı qərarı ilə Sabirabad rayonunun Qaragüney kəndində yerləşən 0,20 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin iclasında yazılmış ərizədən görünür ki, o, İddiaçı ona qarşı fərdi yaşayış yerinin boşaldılması tələbinə dair iddiasını qəbul edir və evdən çıxmağa razıdır. Ərizəni Cavabdeh imzası ilə təsdiq etmişdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 6.6-cı bəndində göstərilir ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən iddia etiraf edilmiş, iddianın etiraf edilməsi barədə cavabdehin aydın ifadə olunan mövqeyi yazılı ərizədə əks olunmuş, cavabdehə iddianı etiraf etməsinin nəticələri izah edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməsinə mane olan hər hansı hal müəyyən edilmədiyindən, iddianın etiraf edilməsi təsdiq olunmalıdır. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh qəti olaraq həmin evdən çıxacağını və artıq orada yaşamaq istəmədiyini, həmin evin ona xoşbəxtlik gətirmədiyini bildirmişdir. Məhkəmə kollegiyası MPM-in 191.3-cü maddəsi baxımından belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu, məhkəmə kollegiyası tərəfindən təsdiq edildiyindən, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və MPM-in 191, 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(056)-1964/2022 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Əliyev X3 mülkiyyətə verilməsinə dair JN-294F nömrəli, 90911005 kodlu Şəhadətnamə əsasında İddiaçı mərhum anası X1 mülkiyyətindəki Sabirabad rayonunun Qaragüney kəndində yerləşən 0,20 hektar torpaq sahəsində olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar