Məhkəmə qərarları › İş №2(106)-70/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-70/2024

24.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-70/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X15 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarma və torpağın ona təhvil verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(020)-76/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona məxsus və mülkiyyətində olan 3.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(020)-76/2021 saylı qətnaməsi ilə (hаkim Seyfəli Seyfullayev) iddianın təmin edilməsi, Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə JN0007 saylı kod 60708018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsinin 0,64 ha hissəsindən Cavabdeh1 və 2,38 hissəsindən isə Cavabdeh2 çıxarılmaları, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçıya törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikаyəti vеrərək iddianın rədd edilməsini, həmin mübahisəli torpaq sahəsinin onun daimi istifadəsində və mülkiyyətində olması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda istifadə etdiyi torpaq sahəsi Dövlət Aktı əsasında ona verilmiş və sərhədləri də Aktdakı cizgilərlə tam olaraq uyğun gəlir. Beyləqan Rayon Məhkəməsi tərəfindən məhkəmə ekspertizası keçirilsəydi, onun tərəfindən istifadə olunan torpaq sahəsinin Dövlət Aktı ilə müəyyənləşdirilmiş sərhədlər daxilində yerləşdiyi aydın olardı. Odur ki, apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi və həmin mübahisəli torpaq sahəsinin cavabdehin daimi istifadəsində və mülkiyyətində olması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya baxışında 15 sentyabr 2021-ci il və 18 may 2022-ci il tarixli qərardadlar əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizaları üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfində məhkəməyə ünvanlanmış 26 iyun 2022-ci il tarixli məktubda qeyd olumuşdur ki, iddiaçının və cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi konturun faktiki vəziyyəti ilə Beyləqan rayonu Yuxarı Aran qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi arasında uyğunsuzluq olmaqla həmin konturda faktiki vəziyyətdə torpaq çatışmazlığının olduğu müəyyən edilmişdir. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquq müəyyənedici sənədlərlə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Həyata keçirilən tədbirlər başa çatdıqdan sonra mütəxəssis rəyinin verilməsi məsələnin həllinə baxılacaqdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2(106)-121/2022 saylı qətnaməsi ilə (hakim Samir Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və mülki işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi onun mülkiyyət hüququnun məzmununa zidd qərar qəbul edərək, heç bir ekspertiza rəyi olmadığı halda, iddiaçının subyektiv fikirləri əsasında tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi barədə əsassız nəticəyə gəlmişdir. İşdə olan yeganə sübut mütəxəssis rəyidir ki, bu rəydə mütəxəssis iddiaçının deməsi əsasında müəyyən iddiaçıdan əvvəlki pay torpağı almış subyektin istifadəsində olan torpaq sahəsinin sərhəddindən ölçmə işlərinə başlamış, fiziki olaraq torpaq həcmini müəyyən etmişdir. Halbuki, həmin ölçmə nəticəsində onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi Dövlət Aktında göstərilən konturdan çıxaraq tamamilə başqa bir kontura düşür. Bu hal ona dəlalət edir ki, həmin ərazidə torpaq çatışmazlığı vardır. Mütəxəssis isə bu hala qiymət verməmiş, məhkəmə isə sosial ədaləti bərpa etmək əvəzinə, iddianı təmin etməklə onun və ailə üzvlərinin mülkiyyət hüququnu pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2(106)-121/2022 saylı qətnaməsi - mübahisələndirilən, yəni Cavabdeh2 qarşı iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işin mübahisə olunmayan hallarına görə Beyləqan rayon AİK-nın 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 3.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və onun 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilib və JN-0007 saylı 04 yanvar 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. Həmçinin işin mübahisə olunmayan hallarına görə 18 sentyabr 2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə və 18 sentyabr 2020-ci il tarixli çıxarışa əsasən Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 3.3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 və onun 3 nəfər ailə üzvlərinin adlarına qeydə alınıb. Hazırda iddiaçı, onun və ailə üzvlərinin mülkiyyətində olan 3.87 ha torpaq sahəsinə dair sənədlərin heç bir orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyini, lakin həmin torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni olaraq zəbt edildiyini, dəfələrlə torpaq sahəsinin geri qaytarılmasını tələb etsə də, cavabdehlərin hər dəfə müxtəlif bəhanələr gətirərək bundan imtina etdiklərini göstərib, cavabdehlərin ona və ailə üzvlərinə məxsus olan 3.87 ha torpaq sahəsindən çıxarılmalarını və həmin torpaq sahəsinin ona təhvil verilməsini iddia edir. Cavabdeh2 isə Beyləqan rayon AİK-nın 01 noyabr 1998-ci il tarixli 57 saylı qərarı ilə Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 3.3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verildiyini, 18 sentyabr 2020-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun və ailə üzvlərinin adlarına qeydə alındığını, torpaq sahəsindən uzun illərdi ki, istifadə etdiklərini, həmin torpaq sahəsinin özünə aid olduğunu bildiyini, mübahisəli torpaq sahəsindən istifadə etməklə bağlı iddiaçıya heç bir maneçilik törətmək fikrində olmadığını göstərib, iddia etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşıb qeyd etmişdir ki, cavabdehlər çıxarılmaları tələb olunan torpaq sahəsinin iddiaçıya məxsus olmasını mübahisələndirmiş, məhkəmə tərəfindən bununla əlaqədar olaraq tikinti-texniki ekspertizası təyin edilmiş, həmin torpaq sahəsinə mütəxəssislərin iştirakı ilə baxış keçirilərək rəy verilmiş və nəticədə iddiaçının mülkiyyətinə verilmiş 3.87 ha torpaq sahəsinin 0,64 ha hissəsinin Cavabdeh1, 2.38 hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işə əlavə edilmiş 19 aprel 2021-ci il tarixli 57 saylı mütəxəssis rəyi ilə əsaslandırmışdır. Apellyasiya baxışında məhkəmə kollegiyasının 15 sentyabr 2021-ci il və 18 may 2022-ci il tarixli qərardadları ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizaları üzrə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq mütəxəssis rəyləri təqdim edilmədiyi üçün Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmiş və bu imtina “Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işlərinin başa çatmaması, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmaması ilə əlaqələndirilmişdir. Əvvəla, işin mübahisə olunmayan hallarına görə 3.87 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin, 3.3993 ha torpaq sahəsi isə Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Sonuncu ilk gündən sözügedən mütəxəssis rəyi ilə razılaşmadığını, özünə və ailə üzvlərinə məxsus olan torpaq sahəsindən istifadə etdiyini göstərib iddiaya etiraz etmişdir. Mülki Prosessual Məcəllənin 97.1, 102.1 və 102.2-ci maddələrinin mənasına görə məhkəmə mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza; ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza; əsassızlığına ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi sözügedən mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edib birinci instansiya məhkəməsinin mübahahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşarkən həmin mütəxəssis rəyinin kifayət qədər aydın və tam olmamasını nəzərə almamış, ümumiyyətlə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan 3.3993 ha torpaq sahəsinin, iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan 3.87 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini aydınlaşdırmamış, xüsusi bilik tələb edən bu suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib əsaslandırılmış rəy almamış, Cavabdeh2 çıxarılması qət edilən 2.38 ha torpaq sahəsinin, 18 sentyabr 2020-ci il tarixli Çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin sərhədləri daxilinə düşüb-düşmədiyini dəqiqləşdirməmiş, başqa sözlə Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3.3993 ha torpaq sahəsinin naturada koordinatlarını müəyyən etməmiş, iddianı Cavabdeh2 münasibətdə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, işin yuxarıda müəyyən edilmiş halları üzrə, habelə onun və ailə üzvlərinin 3.3993 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını poza biləcək nəticəyə gəlmişdir. Belə ki, işdə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin, həqiqətən iddiaçının iddia etdiyi 3.87 ha, o cümlədən Cavabdeh2 çıxarılması qət edilən 2.38 ha torpaq sahələri ilə üst-üstə düşmədiyini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Halbuki, Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq, mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Apellyasiya insitansiyası məhkəməsi sözügedən normanın tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etsə də, həmin normanın tələblərinə uyğun olaraq iddiaçının Cavabdeh2 qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsini şərtləndirən halların olub-olmaması, 2.38 ha torpaq sahəsinin sonuncunun və ailə üzvlərinin qanuni mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsi, üst-üstə düşüb-düşməməsi ilə bağlı işin hallarını lazımi şəkildə araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 etiraz ərizəsinin dəlilləri, habelə onun və ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin kordinatları üzrə heç bir araşdırma aparmadan, yalnız ehtimallara əsaslanaraq iddiaçının iddia etdiyi 2.38 ha torpaq sahəsinin Cavabdeh2 olunun və ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin kütləsinə aid olmaması və onun sərhədlərindən kənarda yerləşməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iş üzrə müvafiq ekspertiza təyin edilməklə, Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin sərhədləri, koordinatları yerində müəyyən olunmalı, iddiaçının iddia etdiyi 2.38 ha torpaq sahəsinin həmin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi aydınlaşdırılmalı və yalnız bundan sonra iddiaçının Cavabdeh2 qarşı hazırki iddiasının əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. İşdə olan: Torpağa Mülkiyyət Hüququna dair JN-0006 KOD 60708018 saylı Dövlət Aktından görünür ki, Beyləqan rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli 57 nömrəli qərarı ilə X18 və onun ailə üzvləri – X10, Cavabdeh1, X11 və X2 mülkiyyətinə 4,25 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X18, X5, Cavabdeh1, X12 və X2 ümumi birgə mülkiyyətində Beyləqan rayonunun Yuxarı Aran kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,2491 ha torpaq sahəsi vardır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2, X16, X6 və X7 ümumi birgə mülkiyyətində Beyləqan rayonunun Yuxarı Aran kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,3993 ha torpaq sahəsi vardır. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sonuncu ekspert rəyi ilə razıdır. Belə ki, onun istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsi arasında digər şəxslərin mülkiyyətində olan torpaq sahələri mövcuddur. O, öz mülkiyyətində olan torpaq sahəsini istifadə edir. İddiaçını Dövlət aktı əsasında iddia qaldıraraq həmin torpaq sahəsindən çıxarmışlar. İddiaçının mülkiyyətində olan torpaq sahəsindən hal-hazırda başqa şəxslər istifadə edir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, ekspert rəyi ilə razı deyil. Ancaq onun mülkiyyətində olan mübahisəli torpaq sahəsindən hazırda Ülkər və Təyyar adlı şəxslər istifadə etməkdədir. Həmin şəxslərə qarşı iddia qaldırmaq isə hazırkı mübahisə üzrə yenidən illərlə məhkəmələrdə olması deməkdir. Bu müddətdə isə həmin şəxslər oranı əkib-becərməklə ona ziyan vuracaqlar. Apellyasiya şikayətinin təmin edilməməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdır. Əlavə olaraq qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsindən başqa şəxslər tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(020)-76/2021 saylı qətnaməsi mübahisələndirilən – İddiaçı mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsinin 2,38 hissəsindən Cavabdeh2 çıxarılmasının təmin edilməsi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)- 868/2023 tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarma və torpağın ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspertiza rəyi alınanadək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. 18 sentyabr 2023-cü il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarma və torpağın ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İşə baxılan zaman müəyyən edilmişdir ki, Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində yerləşən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı məxsus 24 oktyabr 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onun və onun ailə üzvləri – X13, X14, X8 və İddiaçı mülkiyyətinə 3,8698 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspertiza rəyi alınanadək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/2334 saylı ekspert rəyi məhkəməyə daxil olmuş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/8639 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 oktyabr 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 3.8698 ha (JN 007 nömrəli Dövlət aktına əsasən) torpaq sahəsinin X3 X4 (TEKUİS-də) qeyd edilən ərazisinin bütünlüklə digər şəxslərin istifadəsində olduğu, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18 sentyabr 2020-ci il qeydiyyat tarixli **********5 qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin üzvlərinin mülkiyyətində olan 3.3993 ha (JN 004 nömrəli dövlət aktına əsasən torpaq sahəsinin X3 X4 (TEKUİS-də) qeyd edilən koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilərkən həmin torpaq sahəsinin 1.22 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə edildiyi, qalan 2.1793 ha hissəsinin digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilir. Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha (JN 004 nömrəli Dövlət aktına əsasən) torpaq sahəsinin X3 X4 (TEKUİS-də) qeyd edilən koordinatlara uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətdə olan 3.8698 ha (JN 004 nömrəli Dövlət aktına əsasən) torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən olunmuşdur. X3 X4 (TEKUİS-də) qeyd edilən koordinatlara uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 3.8698 ha (JN 007) torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilmədiyi və həmin torpaq sahəsinin adları iddia tələbində və qərardadda qeyd edilməyən digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Buna görə də, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239-cu maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli qərarında əksini tapan göstərişləri rəhbər tutaraq hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək, diqqətə çatdırır ki, Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin X3 X4 (TEKUİS-də) qeyd edilən koordinatlara uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətdə olan 3.8698 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi , TEKUİS-də qeyd edilən koordinatlara uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 3.8698 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilmədiyi və həmin torpaq sahəsinin adları iddia tələbində və qərardadda qeyd edilməyən digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan X3 uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X3 uçotu işləri aparılmış və həmin məlumatlar X3 uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilmədiyi üçün qətnamə qanuni və əsaslı sayıla bilməz. Beləliklə, cavabdehlər tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın Cavabdeh2 aid hissədə təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(020)-76/2021 saylı qətnaməsi mübahisələndirilən – İddiaçı mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsinin 2,38 hissəsindən Cavabdeh2 çıxarılmasının təmin edilməsi hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4951 saylı ekspert rəyinə görə 50 (əlli) manat, xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2334 saylı ekspert rəyinə görə 50 (əlli) manat və xx.xx.2024-cü il tarixli 10/8639 saylı ekspert rəyinə görə 50 (əlli) manat, cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı Nadir oğlundan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, digər məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(020)-76/2021 saylı qətnaməsi mübahisələndirilən – İddiaçı mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsinin 2,38 hissəsindən Cavabdeh2 çıxarılmasının təmin edilməsi hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4951 saylı ekspert rəyinə görə 50 (əlli) manat, xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2334 saylı ekspert rəyinə görə 50 (əlli) manat və xx.xx.2024-cü il tarixli 10/8639 saylı ekspert rəyinə görə 50 (əlli) manat, cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı Nadir oğlundan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar