Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-701/2024 15.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon Balaxanı bələdiyyəsinə və Bakı şəhər Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının cavabdeh ilə birgə nikahdan doğulmuş və himayəsində yaşayan yetkinlik yaşına çatmayan uşaqları 05 mart 2006-cı il təvəllüdlü X2 və 07 avqust 2007-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1ında yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, həmin evdən və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 60 manat pulun və dövlət rüsumu kimi ödədiyi 40 manat pulun, ümumilikdə 100 manat pulun cavabdehdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə 05 iyun 2005-ci ildə el adəti ilə toyu olmuş və onlar faktiki nikaha daxil olmuşlar. Birgə nikahdan onların 05 mart 2006-cı ildə Zəhra, 07 avqust 2007-ci ildə Elvin adlı iki uşaqları doğulmuşdur. Uşaqlar hal-hazırda iddiaçının himayəsində və yanında yaşayırlar. Cavabdeh ilə nikahlarını 29 mart 2006-cı ildə rəsmiləşdirmişlər. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2248/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 05 iyun 2005-ci ildə el adəti ilə toyu olduqdan sonra o, cavabdehin özünün də yaşadığı valideynlərinin evinə gəlin köçmüşdür. Sonradan iddiaçının atasının da maddi yardımı ilə (hazırkı ünvanı) ünvan 1ında Bakı şəhər Sabunçu rayon Balaxanı bələdiyyəsinin 30 sentyabr 2005-ci il tarixli qərarı ilə 200 kv.m torpaq sahəsi cavabdehə ayrılmışdır. Bundan sonra, həmin torpaq sahəsinin üzərində ev inşa etmişlər və onlar (iddiaçı, cavabdeh və uşaqları) həmin evə köçmüşlər, nikahlarını pozulanadək orada yaşamışlar. Evin sənədləri bələdiyyə sənədləridir və cavabdehin adınadır. Torpaq sahəsini cavabdehlə faktiki nikahda olanda əldə etmişlər. Bunu sübut edən toy diskləri və şahidləri var. Evi isə rəsmi nikah dövründə əldə etmişlər. Nikahları pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Cavabdeh isə arada həmin evə də gəlib qalır, müxtəlif ünvanlarda yaşayır. İddiaçının bütün cehiz əmlakları, paltarları, uşaqlarının paltarları hal-hazırda həmin evdədir. Cavabdeh dəfələrlə onları evdən qovmuş, müxtəlif vaxtlarda kommunal idarələrə şikayətlər edərək suyun, qazın və işığın verilişini dayandırmışdır. Çünki sayğaclar onun adınadır. Sonradan iddiaçının şikayətləri və müraciətləri əsasında suyun, qazın, işığın verilişi bərpa edilmişdir. Cavabdeh onları dəfələrlə evdən qovduğuna görə iddiaçı müvəqqəti olaraq Bakı şəhərində yaşayan qohumlarına sığınmışdır. Çünki uşaqları Bakı şəhərində təhsil alırlar. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Murad Aslanov) İddiaçı Cavabdeh qarşı Bakı şəhər Sabunçu rayon Balaxanı bələdiyyəsini və Bakı şəhər Sabunçu rayon Zabrat bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən maneələrin aradan qaldırılması tələbinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iş üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 40 manat dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmış, iddiaçıya izah edilmişdir ki, yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi özünün və yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1ında yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən törədilmiş maneələrin aradan qaldırılmasıdır. Göründüyü kimi, iddiaçının tələbi daşınmaz əmlaka dair sahibliyin və istifadənin həyata keçirilməsi ilə bağlı maneənin aradan qaldırılmasıdır. Hüquq ədəbiyyatında maneənin aradan qaldırlması ilə bağlı iddialar neqator iddia hesab edilir ki, bu növ iddialar da daşınmaz əmlakla bağlı olduğu halda daşınmaz əmlakın yerləşdiyi yer üzrə mübahisələndirilə bilər. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə verdiyi iddia ərizəsi hakim Murad Aslanovun icraatına verilmiş və məhkəmənin 2(049)-979/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməklə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə qərardad qəbul edərkən qərardadı onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydaları pozulmuş, iddia aidiyyəti üzrə əmlakın yerləşdiyi yer üzrə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilməli olduğu halda, cavabdehin yaşayış yeri üzrə Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Həmin qərardad qanunsuz və əsassız olmaqla aşağıda qeyd edilənlərə əsasən ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. MPM-in 39-cu maddəsinin 1-ci bəndindən də göründüyü kimi, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçının isə verdiyi iddia ərizəsi üzrə iddia tələbi həmin evə köçürülməsi ilə əlaqədardır. Belə olan halda isə iddia tələbi MPM-in 39-cu maddəsi ilə deyil, həmin Məcəllənin 35-ci maddəsinin 1-ci bəndində göstərilən aidiyyət üzrə məhkəməyə verilməlidir. Cavabdeh Aslanov X1 şəhəri, S.Bayramov küçəsi, ev 2-də qeydiyyatda olduğundan həmin iddia ərizəsi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Beləliklə bir daha aydın olur ki, iddia ərizəsi qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmiş, MPM-in 149-cu və 151.1-ci maddələrinin tələbinə tam cavab verməklə həmin Məcəllənin 35-ci maddəsinin tələbinə uyğun olaraq Lənkəran Rayon Məhkəməsində baxılmalıdır. Belə olan halda həmin iddia ərizəsinin geri qaytarılması barədə qərardad ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməklə sonrakı prosessual hərəkətlər edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının tələbi onun cavabdeh ilə birgə nikahdan doğulmuş və himayəsində yaşayan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1ında yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsindən və həmin evdən və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasından ibarətdir. Göründüyü kimi, əvvəllər mübahisəli evdə yaşamış iddiaçının tələbi əslində mübahisəli evdən istifadə ilə bağlı yaradılmış maneələrin aradan qaldırılmasına yönəlmişdir. Bu hal isə hazırkı tələbin MPM-in 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar kateqoriyasına aid edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçının tələbi yalnız evə köçürülmə ilə əlaqədar olmayıb, həm də evdən və digər yardımçı sahələrdən istifadə hüququnun həyata keçirilməsindən ötrü cavabdeh tərəfindən edilən maneələrin də aradan qaldırılmasını özündə əks etdirir. MPM-in 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; 3) sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, hazırkı iddiaya daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur və məhkəmə MPM-in 152.1.3-cü maddəsinə istinad edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(049)-979/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-701/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-701/2024
15.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver