Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-702/2023 10.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(049)-246/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Separadi kəndində yerləşən xx.xx.2022-ci il tarixli, 4Ə-1627 reyestr nömrəli bağışlama müqaviləsi əsasında əldə etdiyi 0,13 ha həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Cavabdeh2 və onun oğlu Cavabdeh1 tərəfindən sənədləşmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılmasına, torpaq sahəsinin yerində müayinə edilməsinə şərait yaradılmasına və ödənilən dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul ediməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(049)-3555/2022 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Həmin tarixli bildirişlə tərəflərə 28 noyabr 2022-ci il tarixə, saat 11:30-a təyin edilmiş hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, həmin iclasda iddiaçı və cavabdehlər iştirak etmiş, məhkəmə hazırlıq iclası 20 dekabr 2022-ci il tarixə, saat 11:50-yə təxirə salınmışdır. Həmin tarixli bildirişlə tərəflərə bu barədə məlumat verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, həmin iclasda iddiaçı iştirak etmiş, məhkəmə hazırlıq iclası 11 yanvar 2023-cü il tarixə, saat 12:20-yə təxirə salınmışdır. Həmin tarixli bildirişlə tərəflərə bu barədə məlumat verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, həmin iclasda iddiaçı və cavabdehlər iştirak etmiş, iddianın məhkəmə baxışı iclasına çıxarılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə baxışı 07 fevral 2023-cü il tarixə, saat 10:50-yə təyin edilmişdir. Qərardadın surəti 13 yanvar 2023-cü il tarixli məktubla tərəflərə göndərilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda iddiaçı iştirak etməmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(049)-246/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Murad Aslanov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş baxılmamış saxlanılmış, tərəflərə məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv oluna biləcəyi izah edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qərardadı əsaslandırarkən Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə istinad etmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(049)-246/2023 saylı qərardadının ləğv edilməsini və işin yenidən baxışa təyin edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin baxılmamış saxlanılmasında səhvə yol vermiş, MPM-in 259.0.7-ci maddəsini düzgün tətbiq etməmişdir. Hazırkı iş üzrə Lənkəran Rayon Məhkəməsinin istər birinci çağırışı üzrə iclasında, istərsə də sonrakı məhkəmə iclaslarında iştirak etmiş və bu hal məhkəmə iclasının protokolunda da öz əksini tapmışdır. İddiaçı sonuncu məhkəmə iclasında da iştirak etmiş, lakin məhkəmə iclas katibinin səhvi ucbatından iclas baş tutmamışdır. Ümumiyyətlə, hazırkı iş üzrə ərizənin baxılmamış saxlanması üçün heç bir hüquqi əsas olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(049)-246/2023 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(049)-246/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin baxılması üçün 7 gün müddətində mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 246/2023 saylı, 07 fevral 2023-cü il və 14 fevral 2023-cü il tarixli qərardadları ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materialları ilə müəyyən edilir ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin 4 iclası baş tutmuş, həmin iclaslardan üçün hazırlıq iclası, biri isə baxış iclası olmuşdur. Məhkəmənin hazırlıq iclasları 28 noyabr 2022-ci ildə, 20 dekabr 2022-ci ildə, 11 yanvar 2023-cü ildə, baxış iclası isə 07 fevral 2023-cü ildə keçirilmişdir. İş materiallarında olan və yuxarıda da qeyd edilmiş məhkəmə hazırlıq iclaslarının protokollarından göründüyü kimi, iddiaçı həmin iclaslarda iştirak etmişdir. Bu isə onu göstərir ki, iddiaçı nəinki məhkəmənin ilk çağırışına, eləcə də ikinci və üçüncü çağırışlarına da gəlmişdir. Lakin birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsini düzgün tətbiq etməmiş, ərizənin baxılmamış saxlanılması üçün iddiaçının məhz məhkəmənin birinci çağırışına gəlməmiş olmasının tələb olunmasını düzgün qiymətləndirməmişdir. İddiaçı məhkəmənin birinci çağırışına gəlmiş olduğundan, MPM-in 259.0.7-ci maddəsinin tətbiq edilərək ərizənin baxılmamış saxlanılması üçün əsaslar hazırkı iş üzrə yaranmamışdır. Odur ki, şikayət təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-246/2023 saylı, 07 fevral 2023-cü il və 14 fevral 2023-cü il tarixli qərardadları ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə geri göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-246/2023 saylı, 07 fevral 2023-cü il və 14 fevral 2023-cü il tarixli qərardadları ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-702/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-702/2023
10.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver