Məhkəmə qərarları › İş №2(106)-703/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-703/2023

01.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-703/2023 01.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)27/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Hacıqabul şəhəri, H.Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının altında yerləşən 12 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində aparılmış hər hansı tikintinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və 12 kv.m torpaq sahəsinin ona verilməklə bütün xərclərin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Hacıqabul rayon şöbəsində keçirilən auksionda 03 saylı protokola əsasən satın alığı “TXMOFƏM”-nin 5 saylı çörək mağazasını satın almış, bu barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən alqısatqı müqaviləsinə əsasən ona satılmışdır. xx.xx.2005-ci il tarixdə ona Azərbaycan Respublikası X1 Qərarına əsasən H.Əliyev küçəsində yerləşən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən özəlləşdirilmiş 5 saylı çörək mağazasının altındakı 12 kv.m torpaq sahəsi ayrılmış və bu barədə ona şadətnamə verilmişir. O, həmin küçədə yerləşən 5 saylı çörək mağazasını altındakı 12 kv.m torpaq sahəsində fundament tökdürsə də, tikinti işlərini tamamlamamışdır. Bunun üstündən bir neçə il keçdikdən sonra həmin yerdə Cavabdeh tərəfindən tikili olduğunu görüb, ona həmin torpaq sahəsinin ona məxsus olduğunu demiş və torpaq sahəsindən çıxmasını tələb etmişdir. Cavabdeh ona həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Hazırda cavabdehhələdə ona aid olan torpaqdan qanunsuz istifadə edir. O, dəfələrlə şifahi olaraq cavabdehə qanunsuz olaraq torpaqdan çıxmasını xahiş etsə də, cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, Dövlət əmlakının satılması haqqında şəhadətnaməyə əsasən 5 saylı çörək mağazasının filialı İddiaçı mülkiyyətində olmuşdur. Həmin mağaza sonradan sökülsə də, onun altındakı 12 kv.m torpaq sahəsi sonradan cavabdeh tərəfindən zəbt edilmişdir və qeyd olunan topraq sahəsi cavabdehin çəkdiyi hasarın içərisində qalır. Odur ki, iddianın təmin edilərək, cavabdehin iddiaçıya məxsus 12 kv.m torpaq sahəsindən çıxarılması, barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə olan ev anası Rəfiqə Quliyevaya məxsusdur. Həmin torpaq sahəsi və evə dair sənədlər 1942-ci ildən babasından qalan sənədlərdir. İddiaçıda həmin torpaq sahəsi ilə əlaqəli heç bir sənəd yoxdur. Onlar iddiaçı ilə bir ailə kimi olmuşlar, həmin torpaq sahəsində olmuş 5 saylı mağazanın filialı olan taxtadan tikilmiş butka 1990-cı illərin sonlarına kimi fəaliyyət göstərmişdir. Sonradan həmin butka sökülmüşdür. 2008-ci ildə oranı hasara alaraq təmir etdirmişdir. İddiaçının mübahisəli torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıqabul rayon Bələdiyyəsinin sədri X5 izahatında göstərdi ki, bələdiyyə tərəfindən çörək mağazası üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. Lakin, 2005-ci ildə həmin torpaq sahəsinə dair bələdiyyə ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmamışdır və həmin torpaq sahəsi hazırda da bələdiyyənin mülkiyyətindədir. Həmin vaxt torpaq sahəsinin üzərində taxtadan butka olmuşdur. Həmin butka 5 saylı çörək mağazasının filialı kimi fəaliyyət göstərmişdir. Butkanın yerləşdiyi 12 kv.m torpaq sahəsi iddiaçıya satılmamışdır. Sadəcə torpaq üzərində olan avadanlıq iddiaçıya satılmışdır. Sonradan həmin butka sökülmüş və əraziyə hasar çəkilmişdir. Hasar çəkilən zaman həmin torpaq sahəsində mağaza olmamışdır. Odur ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 2(071)27/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Z.Hüseynov), İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5,178.1, 135.4, 203.1, 560.1 Torpaq Məcəlləsinin 4cü maddəsinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Əliyeva X4 Rayon Məhkəməsinin 2(071)27/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Hacıqabul Rayon Məhkəməsinin 2(071)27/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Hacıqabul Rayon Məhkəməsinin 2(071)27/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146-cı maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 144-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. (144.1). Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir (144.2). Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir. (144.3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 4-cü maddəsinə əsasən Əmlak və ya qeyri əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilər. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)27/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş “Müəssisənin (obyektin) alqı-satqısı” barədə 10 may 2005-ci il tarixli, 1330 nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən 06 may 2005-ci ildə Hacıqabul rayon şöbəsində keçirilən auksionda 03 nömrəli protokola əsasən İddiaçı Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı (avadanlıq şəklində) köhnə əskinaslarla 352000 manata (AZM) satılmışdır. İş materiallarında olan “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” 23 may 2005-ci il tarixli, 003824 saylı şəhadətnamədən görünür ki, Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı (avadanlıq) İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, Hacıqabul rayon bələdiyyəsinin torpaq və tikinti üzrə mütəxəsisi M.Cahangirov tərəfindən İddiaçı Hacıqabul şəhər Heydər Əliyev küçəsində ayrılacaq torpaq sahəsinin planı tərtib edilmiş və həmin plan Hacıqabul rayon Bələdiyyəsinin sədri R.Ə.Qasımov tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən İddiaçı Hacıqabul şəhər Heydər Əliyev küçəsində tikiləçək ticarət mağazasının layihəsi verilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı verilmiş 24 sentyabr 2007-ci il tarixli, 01-39/MT nömrəli tikinti aparılmasına dair icazə vəsiqəsindən görünür ki, İddiaçı özəlləşdirdiyi çörək mağazasını sökərək yerində yeni milli memarlıq üslubunda ticarət mağazasının tikintisinə Memarlıq və Tikinti şöbəsinin layihəsi əsasında tikinti quraşdırma işləri görülməsinə icazə verilmişdir. İş materiallarında olan X1 01 sentyabr 2005-ci il tarixli, 08 saylı qərarı ilə Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialının altında yerləşən 9,12 kv.m torpaq sahəsi İddiaçı köhnə əskinaslarla 20000 manata (AZM) satılması qərara alınmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan 0,0012 kv.m torpaq sahəsi alqı-satqı predmetidir və satılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli 10/7372 saylı ekspert rəyindən müəyyən edilir ki, İddiaçı iddia etdiyi Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 12 kv.m torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən hasarlanaraq həyətyanı torpaq sahəsi kimi istifadə edilir. İddiaçı iddia etdiyi Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı şçörək mağazasının altında yerləşən 12 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd yoxdur. Lakin, iş materiallarında texniki sənədlər (X1 01 sentyabr 2005-ci il tarixli tikinti aparılmasına dair icazə vəsiqəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hacıqabul rayon şöbəsinin rəyi) və 5 saylı çörək mağaza filialının avadanlığının satılması haqqında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dövlət əmlakının fiziki və hüquqi şəxslərə verilmiş şəhadətnaməsi təqdim olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən 06 may 2005-ci ildə Hacıqabul rayon şöbəsində keçirilən auksionda 03 nömrəli protokola əsasən İddiaçı 10 may 2005-ci il tarixli, 1330 nömrəli alqısatqı müqaviləsi ilə Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı avadanlıq şəkilində satılmışdır. Sonradan X1 01 sentyabr 2005-ci il tarixli, 08 saylı qərarı ilə Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialının altında yerləşən torpaq sahəsinin İddiaçı satılması qərara alınmış, lakin bələdiyyə ilə iddiaçı arasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Mübahisəli torpaq sahəsi üzərində olan 5 saylı şörək mağazasının fililalı (avadanlıq) əvvəllər taxta materialdan inşa edilmiş köşk şəklində olmuş və sonradan sökülmüşdür. Hazırda həmin avadanlıq faktiki olaraq mövcud deyildir. Həmin yerdə iddiaçı yeni tikinti aparılması ilə bağlı lazımi icazələr alsa da, torpaq sahəsi üzərində hər hansı tikinti işləri aparmamışdır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Hazırda iddiaçı cavabdehin həmin torpaq sahəsini zəbt etdiyini iddia edərək, torpaq sahəsinin zəbtdən azad edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 4-cü maddəsinə əsasən Əmlak və ya qeyri əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilər. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı satılmış Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı (avadanlıq) taxta materialdan inşa edilmiş köşk şəklində olmuş və təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmadığından qanunvericiliyini tələbləri baxımından həmin əşya daşınmaz əşya hesab edilir. Lakin, işin faktiki hallarından görünür ki, həmin əmlak sonradan sökülmüş (kimin tərəfindən söküldüyü müəyyən deyil və iddiaçı bu halı mübahisələndirmir) və həmin əmlak hazırda fiziki cəhətdən mövcud deyil. İddiaçının iddia etdiyi torpaq sahəsinin isə X1 01 sentyabr 2005-ci il tarixli, 08 saylı qərarına əsasən iddiaçıya satılması və dəyərinin ödənilməsi nəzərdə tutulsa da, bələdiyyə ilə iddiaçı arasında həmin torpaq sahəsinə dair sonradan alqı-satqı müqaviləsi bağlanmamış, torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun olmasına dair sənəd alınmamışdır. Hazırda həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı bir mötəbər sənədi nə birinci instansiya məhkəməsinə nə də apelyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 144-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. (144.1). Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir (144.2). Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir. (144.3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İddiaçı apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etməmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, o, hazırki iddianı irəli sürərkən tələbinin əsasını ona satılmış Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı (avadanlıq) taxta materialdan inşa edilmiş köşkün mövcud olması və köşkün yerləşdiyi mübahisəli torpaq sahəsinə alğı-satqı əsasında alması ilə izah etmişdir. Halbuki iddiaçı nəzərə almamışdır ki, əmlak və ya qeyri əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilər. Həmçinin daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yalnız bu halda iddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Lakin iş materiallarından bu hal öz təsdiqi tapmır. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Hacıqabul Rayon Məhkəməsinin 2(071)27/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)27/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar