Məhkəmə qərarları › İş №2(106)-703/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-703/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-703/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilməmiş icarə haqqının tutulması, dəymiş ziyanın ödənilməsi, əmlakın qaytarılması və ya onun dəyərinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1260/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan Astara şəhəri, Səməd Vurğun küçəsi 128-də yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən dəymiş zərərə görə 3600 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası 2015-ci ildə notariat qaydasında mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsi 128-də yerləşən qeyri-yaşayış sahəsini ona bağışlamışdır. Bundan sonra iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsini qardaşı Cavabdeh icarəyə vermiş və bildirmişdir ki, icarə haqqını anasına versin. İcarə haqqı olaraq aylıq 100 manat məbləğində pul onlar tərəfindən razılaşdırılmışdır. Sonradan iddiaçı vətəndaşı olduğu Rusiya Federasiyasına qayıtmışdır. Anası tərəfindən iddiaçıya bağışlanılan qeyri-yaşayış sahəsi 22 dekabr 2021-ci il tarixli Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan öz mülahizəsinə görə həmin qeyriyaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir. Lakin cavabdeh qeyri-yaşayış sahəsini könüllü boşaltmadığı üçün həmin hüquqlarını həyata keçirə bilmir. Bu baxımdan cavabdehin qanunsuz sahibliyində olan qeyri-yaşayış sahəsini geri tələb etməkdə haqlıdır. Bundan başqa, cavabdeh qeyri-yaşayış sahəsini hər ay 100 manat ödəməklə icarəyə götürsə də, heç bir vaxt icarə haqqı ödəməmiş və cavabdehin təqsiri üzündən ona 3600 manat məbləğində zərər dəymişdir. İddiaçı cavabdehə şifahi şəkildə qeyri-yaşayış sahəsindən çıxmasını və ödənilməyən icarə haqlarını ödəməsini bildirsə də, cavabdeh hərəkətsizlik göstərməkdə davam edir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Sonradan iddiaçı X3 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan Astara şəhəri, Səməd Vurğun küçəsi 128-də yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilməyən icarə haqlarına görə 15600 manat pulun tutulması, qeyri-yaşayış sahəsinin təmirinə vurduğu ziyanın məbləğinin və həmin qeyri-yaşayış sahəsində cavabdehə təhvil verilmiş və halhazırda mövcud olmayan əmlakların eyni keyfiyyətdə olan əmlaklar şəklində qaytarılması və ya əmlaklarının dəyərinin hesablanaraq kompensasiya şəklində iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra cavabdeh ona qarşı nalayiq hərəkətlərini etməkdə davam etmişdir. Belə olan halda iddiaçı ona etdiyi icarə haqlarına və qeyri-yaşayış sahəsinə və əmlaklara vurduğu ziyanı güzəşt etməməyi qərara almışdır. Belə ki, iddia ərizəsində qeyri-yaşayış sahəsini cavabdehə 2015-ci ildən icarəyə verdiyini qeyd etmişdir. Qeyri-yaşayış sahəsini tələb edən anadək həmin sahə 8 il cavabdehin icarəsində olmuşdur və yaxın qohumlarının təkidi ilə güzəşt edərək əvvəlki 3 ilin icarə haqqı olan 3600 manatı dəymiş zərər kimi qeyd edərək ona ödənilməsini bildirmişdir. Cavabdeh doğma qardaşı olduğundan dəymiş zərərin böyük hissəsini ona güzəşt etmişdi. Əsl reallıqda qardaşı cavabdehin ona yuxarıda qeyd etdiyi 3 il icarə haqqından əlavə, 5 il də aylıq 200 manat olmaqla, cəmi 15600 manat icarə haqqı borcu var. Bundan əlavə, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini tam təmirli vəziyyətdə, bir neçə soyuducunu saz vəziyyətdə, qab-qacaq olmaqla restoran fəaliyyətinə uyğun lazım olan əşyalarla ona təhvil vermişdir. Hal-hazırda qeyri-yaşayış sahəsinin təmirinin vəziyyəti o qədər bərbaddır ki, ora daxil olmaq mümkün deyil, soyuducular işlək vəziyyətdə deyil, qab-qacaq və digər lazımlı əşyalar yoxdur. Cavabdeh tərəfindən götürülən əşyaların qaytarılması və ya istifadə nəticəsində sıradan çıxan əşyaların eyni keyfiyyətdə olan əşya ilə əvəz olunması və ya ziyanın məbləğinin məhkəmə tərəfindən müəyyənləşdirilərək kompensasiya şəklində iddiaçıya ödənilməklə həllini tapmalıdır. Qeyri-yaşayış sahəsinin təmirinə vurduğu ziyanın məbləğini isə mütəxəssis dəvət etməklə müəyyənləşdirmək olar. Astara Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(018)-1260/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh iddiaçı X1 mülkiyyətində olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 dekabr 2021-ci il olan çıxarışda qeyd edilən, ünvan 1 ünvanında yerləşən 105,5 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılması, həmin 105,5 kvadrat metr qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı X2 təhvil verilməsi, iddia tələbinin 15600 manat ziyan hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(018)-1260/2023 saylı qətnaməsinin rədd edilmiş hissəsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(018)- 1260/2023 saylı qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilməli və tam təmin olunmalıdır. Məhkəmə dəymiş ziyana görə icarə müqaviləsini, aylıq icarə haqqına dair sənədləri məhkəməyə təqdim edə bilmədiyinə əsaslanaraq iddianın dəymiş ziyana aid hissəsini rədd etmişdir. İlk öncə aylıq icarə haqqına dair sənədlər aralarında qohumluq (cavabdeh doğma qardaşıdır) münasibətinə görə tərtib olunmamış və qohumluq münasibətlərinə etimad olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəməyə icarə haqlarının onun tərəfindən ödənilməsinə dair sənəd sayılan haqq-hesab dəftərini təqdim etmişdir. Bununla da cavabdeh etiraf etmişdir ki, aralarında şifahi icarə müqaviləsi bağlanmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən tərəflər arasında icarə müqaviləsi bağlanıbsa, icarə haqlarının ödənilməsi barədə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmənin yazılı icarə müqaviləsinə dair tələbinə cavab olaraq bildirir ki, qanunvericilikdə icarə müqaviləsinin yazılı bağlanmasına dair imperativ norma mövcud deyil. Yalnız “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin müddəa isə torpaqların icarəyə verilməsi barədə müqavilələrə aiddir. MM-in 394-cü maddəsində də daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə verən müqavilənin notariat qaydasında təsdiqlənməli olduğu göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun tarixli Qərarında şərhi verildiyi kimi, daşınmaz əmlakın icarə hüququ əşya hüquqlarına aid deyil. Odur ki, həmin hüquqlara əşya hüquqlarına tətbiq olunan qaydaların, o cümlədən müqavilənin notariat orqanında təsdiq edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məcburiyyətinin şamil edilməsi yalnız MM-də və digər qanunvericilik aktlarında bu barədə birbaşa tələb olduğu hallarda mümkündür. Belə ki, MM-in 329.2-ci maddəsində açıq şəkildə bildirilir ki, əqdlər həm şifahi, həm də yazılı şəkildə bağlana bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi də daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən etmir. Belə ki, həmin maddə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun ümumi hüquq sahəsinə daxil olan normativhüquqi akt olduğundan, həmin qanunvericilik aktının müddəaları mülki mübahisənin maddi-hüquqi əsası kimi çıxış edə bilməz. İcarə müqaviləsi bağlandığı andan etibarən tərəflərin bu müqavilə üzrə hüquq və öhdəlikləri yaranmış olur. Qanunvericilikdə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasının mümkünlüyünün nəzərdə tutulması isə müqavilə üzrə hüquqların və öhdəliklərin reyestrdə qeydə alındıqdan sonra yarandığı mənasına gəlmir. Belə bir qeydiyyat eyni zamanda, icarədən irəli gələn tələb hüququnu əşya hüququna çevirmir. Bu cür qeydiyyat icarə hüququnu üçüncü şəxslərə açıqladığı kimi, icarəyəgötürənin icarə müqaviləsindən irəli gələn tələb hüququnun hamıya qarşı, o cümlədən əmlak üzərində əşya hüququ əldə edən şəxslərə qarşı da irəli sürülməsinin mümkünlüyünü təmin edir. Yuxarıda qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, MM-də icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyildir, sahəvi qanunvericilik olan “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsi isə yalnız xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi zamanı icarəyəverən və icarəçi arasında notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanmasını tələb edir. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə isə notarial təsdiqli müqavilənin bağlanmasına zərurət yoxdur. Yuxanda qeyd olunanların əsaslılığı Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2- (102)-211/2023 və xx.xx.2023-cü il tarixli, 2-2(102)-42/2023 saylı qərarlarında aşkar şəkildə görünür. Əlavə olaraq, Astara Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(018)-1260/2023 saylı qətnaməsində maddi hüquq normaları sadəcə sadalanmışdır. Belə ki, iş üzrə qətnamə çıxarılsa da, faktiki olaraq işə mahiyyəti üzrə baxılmamışdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin müddəalardan göründüyü kimi, əqdin qanunvericilikdə onu tənzimləyən normalarda birbaşa bağlanma forması göstərilməyibsə, şifahi şəkildə bağlana bilər. Cavabdehlə aralarında olan müqavilənin şərtləri razılaşdırıldığından icarə müqaviləsi bağlanmış sayılır. Birinci instansiya məhkəməsində pozulmuş insan və vətəndaş hüquqlarının bərpası üçün iddiaçıya dəymiş ziyan təmin olunmamış, bununla da Konstitusiyanın 71-ci maddəsində göstərilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəyə ədalətli və açıq araşdırma hüququ prinsipləri nöqtəyi nəzərindən baxmamış və hüquqlarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi sadəcə qanuni əsası olmayan sübuta əsaslanaraq qərar qəbul etmişdir. Amma məhkəmə öz qətnaməsini sübutlarla əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə ümumiyyətlə şərait yaratmamışdır. İş üzrə faktlar və hallar araşdırılmamışdır. Birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün ümumiyyətlə araşdırma aparmamışdır. Bununla həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına da maneə yaradılmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsindən görünür ki, o, digər tələblərlə yanaşı, cavabdehin qeyri-yaşayış sahəsinin təmirinə vurduğu ziyanın məbləğinin və həmin qeyri-yaşayış sahəsində cavabdehə təhvil verilmiş və hal-hazırda mövcud olmayan əmlakların eyni keyfiyyətdə olan əmlaklar şəklində qaytarılması və ya əmlaklarının dəyərinin hesablanaraq kompensasiya şəklində iddiaçıya ödənilməsi barədə də qətnamə qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə tələbə hər hansı hüquqi qiymət verilməmişdir. Buna baxmayaraq, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin 15600 manat ziyan hissəsində təmin edilməməsi nəticəsinə gəlmişdir. Bundan əlavə, iddiaçının apellyasiya şikayətinin dəlillərindən də görünür ki, onun apellyasiya şikayəti icarə haqqına dair tələbin təmin edilməməsinin ləğvinə və həmin hissədə iddia tələbinin təmin edilməsinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, ünvan 2 ünvanında istifadədə olan 0,01083 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105,5 kvadrat metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında 22 dekabr 2021-ci ildə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış binası ilə bağlı 17 dekabr 2021-ci ildə texniki pasport tərtib edilmişdir. İş materiallarının 34-cü vərəqində olan birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli yazılı izahatında Cavabdeh qeyd etmişdir ki, iddiaçı onun doğma qardaşıdır. Hazırda mübahisə obyektinə çevrilmiş qeyri-yaşayış sahəsi anasına məxsus olmuş, anası 2015-ci ildə notariat qaydasında bu sahəni qardaşının mülkiyyətinə vermiş, 2021-ci ilin dekabrında daşınmaz əmlakın dövlət reyestrində həmin qeyri-yaşayış sahəsi qardaşının adına mülkiyyət hüququnu təsdiq edən çıxarışla rəsmiləşdirilmişdir. X6 uzun illər Rusiya Federasiyasında yaşamışdır. Onunla şifahi razılıq əsasında qeyri-yaşayış sahəsinin istifadəsinə görə aylıq 100 manat pul verməli idi. Qardaşının iddia ərizəsində qeyd etdiyi icarə müqaviləsi deyilən sənədi görməmişdir və belə bir müqavilənin mövcudluğundan xəbəri yoxdur. Ona görə də şifahi olaraq razılıq əsasında hər ay qardaşına verməli olduğu 100 manat pulu əvvəl atasına, onun ölümündən sonra isə anasına vermişdir. Ondan əlavə, o, ata-anasının qayğısına qalmış, qardaşı Rusiya Federasiyasında yaşadığı müddətdə ata-anasına sahib çıxmış, onlara hər ay verdiyi 100 manatdan əlavə ürəklərindən keçəni etmişdir. Lakin qardaşı X5 2-3 ay bundan qabaq qayıtdıqdan sonra ona qarşı icarə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi iddiası ilə hücum çəkmiş, guya onun mövcud olmayan icarə müqaviləsi üzrə ödənilməyən 3600 manat borcunun olduğunu bildirərək onu təcili ödəməsini tələb etmişdir. O, belə bir borcu olmadığını, şifahi razılığa görə hər ay ödəməli olduğu 100 manatı ata-anasına verdiyini söyləsə də, iddiaçı bunu qəbul etməmiş və aylıq 400 manat haqq tələb etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda apellyasiya icraatı çərçivəsində iddia tələbinin sadəcə 15600 manat icarə haqqı ilə bağlı hissəsinə baxılır. İddiaçı həmin 15600 manat məbləğində ödənilməmiş icarə haqqının yaranma əsasını belə izah edir ki, mübahisəli qeyri-yaşayış sahəsi 8 il cavabdehin icarəsində olmuşdur, cavabdehin ona 5 il hər ay 200 manat olmaqla, cəmi 12000 manat, 3 il isə hər ay 100 manat olmaqla, cəmi 3600 manat, ümumilikdə isə 15600 manat ödənilməmiş icarə haqqı borcu var. İddiaçı ilk tələbində cavabdehin cəmi 3600 manat (3 il hər ay 100 manat olmaqla) məbləğində icarə haqqı borcu olduğunu bildirsə də, sonradan iddia tələbinin həcmini artırmış, cavabdehin 5 il ərzində hər ay 200 manat olmaqla, əlavə 12000 manat, yəni ümumilikdə 15600 manat icarə haqqı borcu olduğunu bildirmiş, tələbin həcmini artırmasının səbəbini isə iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra da cavabdehin ona qarşı nalayiq hərəkətlər etməkdə davam etməsi və özünün cavabdehə icarə haqqına etdiyi güzəştləri etməmək qərarına gəlməsi ilə izah etmişdir. Hazırda icarə obyekti kimi mübahisə predmeti olan əmlak qeyri-yaşayış sahəsidir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli yazılı izahatında qardaşı iddiaçı ilə aralarında olan şifahi razılığa görə mübahisəli qeyriyaşayış sahəsindən istifadəyə görə qardaşına ayda 100 manat ödəməli olduğunu qəbul etmişdir. Buradan aydın olur ki, tərəflər arasında şifahi qaydada da olsa, icarə münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlə şifahi razılaşdıqları 100 manat məbləğində icarə haqqını cavabdeh anasına verməli idi. Cavabdeh də məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı izahatında qeyd edir ki, o, həmin məbləği əvvəlcə atasına, o vəfat etdikdən sonra isə anasına ödəmişdir. Göründüyü kimi, tərəflərin razılaşması icarə haqqının cavabdeh tərəfindən valideynlərinə verilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında yazılı qaydada bağlanan və notariat qaydasında təsdiqlənən icarə müqaviləsi olmasa da, cavabdehin də etiraf etdikləri nəzərə alınaraq onlar arasında həqiqətən də ayda 100 manat icarə haqqının şifahi qaydada razılaşdırıldığı müəyyən olunur. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, iddiaçının 5 il üçün aylıq 200 manat icarə haqqına dair tələbi əsaslı deyil, icarə haqqının məbləğinin 200 manat müəyyən edilməsinə dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, cavabdeh isə bu halı inkar etmişdir. Belə ki, “İcarə haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə görə, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə görə, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki qanunvericilik tərəflərə birbaşa olaraq icarə müqaviləsinin yazılı formada bağlanması tələbini qeyd etməmiş olsa da, MM-in 144.1-ci maddəsindən də göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri obyekti kimi hazırkı mübahisəli qeyri-yaşayış sahəsinə dair sərəncam verilməsi barədə yazılı müqavilə bağlanmalı və o, notariat qaydasında təsdiqlənməli idi. Konstitusiya Məhkəməsinin Plenumu “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Hazırda isə göründüyü kimi, iddiaçı həqiqətən də icarə haqqının 5 il üçün aylıq 200 manat məbləğində müəyyən edilməsi ilə bağlı sübutetmə tələbinə riayət etməmişdir. Ona görə də tərəflər arasında icarə haqqının 100 manat həddində razılaşdırıldığı işin hallarına uyğundur. İddiaçı 8 il üçün icarə haqqını tələb etsə də, cavabdeh həmin müddətdə icarə haqlarını iddiaçı ilə razılaşmalarına uyğun olaraq, əvvəlcə, atasına, onun vəfatından sonra isə anasına verdiyini bildirmişdir. İddiaçı şifahi razılaşmalarına uyğun olaraq cavabdeh tərəfindən valideynlərinə hər hansı ödənişin edilməməsini təsdiq edən hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Hazırda iddiaçı 15600 manat icarə haqqına dair hissədə öz tələbinin əsasını təşkil edən halları təsdiq edə biləcək mötəbər sübutlar təqdim etməmiş, birinci instansiya məhkəməsi bu hala düzgün hüquqi qiymət vermiş, həmin hissədə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(018)-1260/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar