Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-705/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(017)-17/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunmaması barədə Ağcabədi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2(017)-17/2024 saylı qərardadından (hakim E.Quliyev) İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olmaqla Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən 4.6625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(017)-17/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4.6625 ha torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 2.91 ha hissəsindən, Cavabdeh1 istifadəsində olan 1.75 ha hissəsinin 0.16 ha hissəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması, aparılmış tədqiqatın dəyərini təşkil edən 132 manat məbləğində ekspertiza xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərcinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınara Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xəbərnaməyə əsasən qətnamə 14 oktyabr 2024-cü ildə İddiaçı təqdim olunmuşdur. 11 fevral 2025-ci ildə İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmə tərəfindən onun yaşadığı ünvana göndərilsə də ona təqdim edilməmiş, qətnamənin poçta nə vaxt daxil olmasından xəbəri olmamış və heç bir sənədə imza etməmişdir. Özü astma bronxit xəstəsidir. Xəstəliyi ilə bağlı daima müalicə olunur və bu səbəbdən əsasən Bakı şəhərində yaşayır. Bu səbəbdən də qətnaməni şəxsən əldə etməmişdir. Qətnamənin göndərildiyini bu günlərdə bilmişdir. Qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti vermək istəyir. Üzrsüz səbəbdən ötürülmüş müddətin bərpasını istəyir. Ağcabədi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2(017)-17/2024 saylı qərardadına əsasən İddiaçı qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət prosessual müddətin buraxılmasının bərpasına dair vəsatətlə oxşar məzmunda əsaslandırılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(017)-17/2024 saylı qərardadı ilə İddiaçı verdiyi şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2025-ci il tarixli 2(106)- 705/2025 saylı qərardadı ilə şikayətə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılması qərara alınmış, iş üzrə məhkəmə baxışı 7 aprel 2025-ci il tarixinə təyin olunmuşdur. Sədrlik edən hakim Tale Kərimovun Türkiyə Respublikası Ali Məhkəməsinə (Yarğıtay) 5 aprel - 11 aprel aralığında nəzərdə tutulan səfəri ilə əlaqədar məhkəmə iclasının vaxtı dəyişdirilərək 2 aprel 2025-ci il tarixinə saat 09:40-a təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. Məhkəmədə Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə şikayətin əsassız olmasından dolayı təmin olunmamasını xahiş edib izahatında göstərdi ki, tərəflərindən Ağcabədi Rayon Məhkəməsində hazırki iş üzrə iddiaçı və ailə üzvlərinə qarşı “torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia qaldırılmışdır. 3 ay ərzində həmin işə baxılmış, hazırki iş üzrə iddiaçı və ailə üzvləri bütün məhkəmə iclaslarında iştirak etmişlər. Hər məhkəmə baxışında hazırki qətnaməni əsas gətirərək verdiyimiz iddianın əsassız olmasını bildirmişlər. İddiaçının qətnaməni almamasından, səhhəti ilə bağlı zamanında şikayət verə bilməməsindən ibarət arqumentləri tam əsassızdır, buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb yoxdur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmədə iştirak etməmişlər, kollegiya şikayətə onların iştirakı olmadan baxılmasını mümkyn hesab etmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin olmadığını əsas gətirərək ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.2-ci madəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda iddiaçıya münasibətdə qətnamə 14 oktyabr 2024-cü il tarixində qeydiyyat ünvanında təqdim olunması ilə rəsmi qaydada verilmiş hesab edildiyindən, şikayət vermə müddətinin axımı da həmin gündən hesablanır və 14 noyabr 2024-cü il tarixində bitmiş olur. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti 11 fevral 2025-ci il tarixdə, qanunla müəyyən olunan prosessual müddət 2 ay 27 gün ötürülməklə verilmiş, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması xahiş edilmişdir. Vəsatət qətnamənin poçt vasitəsilə vaxtında verilməməsi, astma xəstəsi olması ilə əlaqədar qeydiyyat ünvanında deyil, Bakı şəhərində yaşaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna, buraxılmış prosessual müddətin bərpasının əsasını təşkil edə bilməz. Əvvəla ona görə ki, qətnamə birinci instansiya məhkəməsi tərəfindən sifarişli poçt göndərişi ilə iddiaçının rəsmi qeydiyyat, iddiasında yazışmaların aparılması üçün göstərdiyi ünvana göndərilmiş və həmin ünvanda təqdim edilmişdir. Bundan başqa iddiaçı tərəfindən vəsatətə əlavə olunan ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışlar 2016-2023-cü illərə aiddir. Qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsi üçün müəyyən olunan dövrdə iddiaçının səhhəti ilə bağlı stasionar tibb müəssisəsində müalicə alması, yaxud digər üzürlü səbəblərin mövcud olması işdə müəyyən olunmur. Əksinə iddiaçı və ailə üzvləri Ağcabədi Rayon Məhkəməsinin icraatında olan “torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə məhkəmə iclaslarında dəfələrlə iştirak etmişlər. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2(017)-17/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-705/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-705/2025
02.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver