Məhkəmə qərarları › İş №2(106)-707/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-707/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-707/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(053)-1170/2023 saylı qətnaməsindən (hakim Samir Quliyev) cavabdehin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.500 manat məbləğində borcun, 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Cavabdeh ilə dostunun vasitəsilə tanış olmuşdur. 22 oktyabr 2021-ci il tarixdə Cavabdeh onun yanına gəlib pula ehtiyacı olduğunu deyərək, ona 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Həmin 3000 manat pulu borc olaraq şəxsi problemlərini həll etmək üçün istəmişdir. Cavabdeh pulu iki ay müddətində qaytaracağına söz vermişdir. O da, cavabdehə inanıb, ona 3000 manat pulu borc olaraq vermişdir. Bu barədə cavabdeh ona yazılı qəbz təqdim etmişdir. Bundan sonra cavabdeh qeyd olunan məbləği qaytarmamış və bir müddət telefon zənglərinə cavab verməmiş, hətta telefonu bağlı olmuşdur. Sonradan Cavabdeh 22 dekabr 2022-ci il tarixdə bir daha onlara gələrək böyük problemlərlə üzləşdiyini və yaxınlarda bankdan yüksək məbləğdə kredit götürərək bütün çətinliklərini həll edəcəyini və eyni zamanda borcunu da qaytaracağını söz vermişdir. Cavabdeh bir daha əlavə olaraq ona 2500 manat verməyini xahiş etmiş, o cavabdehə əvvəl verdiyi pulun batmaması üçün yenə də sadəlöhflük edib, inananraq 2500 manat məbləğində pulu ona vermişdir. Bu barədə cavabdeh yenə də ona yazılı qəbz təqdim etmişdir. Bununla da cavabdehin ona ümumilikdə 5500 manat borcu yaranmışdır. Lakin cavabdeh yenə də onu aldadaraq aldığı pulu qaytarmamışdır. Dəfələrlə cavabdehə sifariş göndərsə də, zənglər etsə də heç bir nəticəsi olmamışdır. Məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı "sələmçilik” fəaliyyəti ilə məşğul olur. Pula ehtiyacı olduğundan iddiaçıdan deyil onun anası Adilə xanımdan ilkin olaraq 2021-ci ildə cəmi 1.000 manat məbləğində pul götürmüşdür. Həmin pul məbləği kartına köçürülmüşdür. Qəbz isə onunla Muxtar arasında yazılmışdır. Məcburiyyətdən borc almış, qəbzə 3.000 manat yazmış və imzalamışdır. Aralarında belə razılaşma olmuşdur ki, hər ay 150 manat faizlə borcunu qaytarmalıdır. İki ay ödəniş etmiş, borcunu ödəyə bilmədiyi üçün 14 ay sonra ikinci dəfə 2.500 manat pulu aldığı barədə qəbz yazıb imzalamışdır. Söz verir ki, borclu olduğu 1.000 manat məbləğində pulu 2024-cü ilin may ayından sonra hissə-hissə ödəyəcəkdir. Eyni zamanda bildirmişdir ki, etdiyi ödənişlərlə bağlı əlində yazılı sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Neftçala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(053)-1170/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5.500 (beş min beş yüz) manat məbləğində pulun, habelə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu kimi ödənilmiş 75 (yetmiş beş) manat 40 (qırx) qəpiyin (cəmi 76) (yetmiş altı) manatın 75 (yetmiş beş) manatlıq hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qismən- cavabdehdən 4800 manat pulun tutulması hissəsində ləğv olunmasını, həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin ayrılıqda iki dəfə pulun verilməsinin təsdiqi kimi istinad etdiyi qəbzlər arasında xeyli müddət fərq var və ilk qəbzdən sonra ikinci qəbz 14 ay keçikdən sonra yazılmışdır. İddiaçı özü etiraf edir ki, birinci qəbzdən sonra cavabdeh qeyd olunan məbləği qaytarmamış, bir müddət telefon zənglərinə cavab verməmiş, hətta telefonu bağlı olmuşdur. Belə olan halda, 14 ay sonra iddiaçının cavabdehə təkrar olaraq pul verməsi barədə sübut qismində ikinci qəbzi təqdim etməsi işin hallarına və tərəflərin münasibətinə uyğun gəlmir. İşdən müəyyən olunduğu kimi, tərəflərin hər hansı yaxınlıq və ya qohumluq münasibəti olmamışdır. Belə olan halda, nəyə görə 14 ay müddətində heç bir məbləğ ödəməyən cavabdehə yenidən pul versin? Tamamilə əksinə, işin real halları ondan ibarətdir ki, sonradan tərəflər arasında razılıq əldə edilmiş, cavabdeh tərəfindən yeni (ikinci) qəbz imzalanmışdır. Bu qəbz borcun verilməsi məqsədilə deyil, guya tərəflərin arasında faizlər hesablanmaqla qalıq borcun məbləğini əks etdirən mücərrəd müqavilə niyyətilə yazılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739 və 882-ci maddələrinin məzmunundan da göründüyü kimi, borc müqaviləsi və borcun etirafı ilə bağlı müqaviləsi eyniləşdirilməməlidir. Məhkəmə isə həmin maddi hüquq normalarını mübahisəyə səhv tətbiq etmişdir. Əgər cavabdehin iddiaçıya 5500 manat borcu qalmışdısa, o zaman nəyə görə yazılan ikinci qəbzdə yekun borc olaraq 5500 manat göstərilməmişdir? Göründüyü kimi, məhkəmənin həmin nəticəsi əsassız və qanunsuzdur. Beləliklə, bu tələbin tam təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur, iddia istinad edilən hüquq normalarına əsasən rədd edilməli idi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin 4800 manat pulun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, mahiyyətcə qətnaməni qismən 4800 manat pulun tutulmasına dair hissədə mübahisələndirmişdir. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli "qəbz” də göstərilir ki, ünvan 2 ünvanında yaşayan, hazırda ünvan 3ci bölüyündə döyüş maşın komandiri vəzifəsində xidmət edən Cavabdeh pula ehtiyacı olduğu üçün Ağcabədi rayonu, H.Əliyev prospekti, ev 145 -də yaşayan İddiaçı 3.000 manat borca pul almış, aldığı borcu 2 ay müddətində qaytaracağına söz vermişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli "qəbz” də göstərilir ki, 1989-cu il mart ayının 27-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş və həmin ünvanında yaşayan, hazırda ünvan 5ü bölüyündə döyüş maşın komandiri vəzifəsində işləyən Cavabdeh pula ehtiyacı olduğu üçün Ağcabədi rayonu, H.Əliyev prospekti, ev 45 də yaşayan İddiaçı 2.500 manat borc pul götürmüş, götürdüyü 2.500 manat borc pulu 2 ay müddətinə ödəyəcəyinə söz vermişdir. Həm iddiaçı tərəfin, həm də cavabdehin bildirdiklərindən görünür ki, "qəbzlər”də göstərilən "ünvan 2 ünvanında yaşayan Cavabdeh” sözləri, "xx.xx.2021” rəqəmləri, "3000 manat” sözləri, "xx.xx.2022-ci il”, "2500 manat” sözləri habelə cavabdehin mobil telefon nömrəsi olan "***-***-**-**” və "***-***-**-**” nömrəsi cavabdehin özü tərəfindən (öz xətti ilə) yazılıb. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan borc olaraq iki əlyazma qəbz üzrə 5500 manat pul almışdır. İddiaçı cavabdehdən 5500 manat borcunu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Tərəflərin izahatlarından cavabdehin iddiaçıya borc verməsi təsdiq edilir. Eyni zamanda iş materiallarında borc məbləğinin verilməsinə dair cavabdeh tərəfindən imzalanmış qəbzlər vardır. Hazırda cavabdeh qətnaməni 4800 manat pulun tutulmasına dair hissədə mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmişdir, belə ki, məhkəmənin ayrılıqda iki dəfə pulun verilməsinin təsdiqi kimi istinad etdiyi qəbzlər arasında xeyli müddət fərq var və ilk qəbzdən sonra ikinci qəbz 14 ay keçikdən sonra yazılmışdır. İddiaçı özü etiraf edir ki, birinci qəbzdən sonra cavabdeh qeyd olunan məbləği qaytarmamış, bir müddət telefon zənglərinə cavab verməmiş, hətta telefonu bağlı olmuşdur. Belə olan halda, 14 ay sonra iddiaçının cavabdehə təkrar olaraq pul verməsi barədə sübut qismində ikinci qəbzi təqdim etməsi işin hallarına və tərəflərin münasibətinə uyğun gəlmir. İşdən müəyyən olunduğu kimi, tərəflərin hər hansı yaxınlıq və ya qohumluq münasibəti olmamışdır. Belə olan halda, nəyə görə 14 ay müddətində heç bir məbləğ ödəməyən cavabdehə yenidən pul versin? Tamamilə əksinə, işin real halları ondan ibarətdir ki, sonradan tərəflər arasında razılıq əldə edilmiş, cavabdeh tərəfindən yeni (ikinci) qəbz imzalanmışdır. Bu qəbz borcun verilməsi məqsədilə deyil, guya tərəflərin arasında faizlər hesablanmaqla qalıq borcun məbləğini əks etdirən mücərrəd müqavilə niyyətilə yazılmışdır. Cavabdeh şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh şikayətində tərəflər arasında razılığa uyğun olaraq əlavə qəbzin imzalandığını bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının təqdim etdiyi qəbzlərin cavabdeh tərəfindən imzalanması mübahisələndirilmir. Belə olan halda da iddiaçının mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddianı sübut etməsi şübhə doğurmur. Bu halda da əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh isə bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda da, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 4800 manat olmaqla bu məbləğ 5000 manatdan azdır. Buna görə də, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(053)-1170/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar