Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-711/2023 17.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt edilmiş torpaqdan çıxarılma tələbinə dair mülki işi üzrə iddiaçılar işə baxan məhkəmə sədrinə etirazına yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt edilmiş torpaqdan çıxarılmasını xahiş etmişdir. 17 fevral 2023-cü il tarixdə iddiaçıların işə baxan məhkəmə sədrinə yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsаslаndırılmışdır ki, iddia ərizələri İmişli Rayon Məhkəməsinin hakimi Qurban Hacıyevin icraatındadır. Məhkəmə baxışı xx.xx.2023-cü il tarixə saat 10.35-ə təyin edilmişdir. Sədrin cavabdehlə yaxın dostluq əlaqəsi olduğuna görə məhkəmə gedişində qarşı tərəflə səmimi və istiqamətverici danışığına görə, həmçinin cavabdeh torpağın təyinatını dəyişsə belə xüsusi qərardad çıxarıb prokurorluğa göndərilmədiyi üçün hesab edirlər ki, hakim bu işə baxa bilməz. Ona görə də MPM-in 19.2.3-cü və 22.5 ci maddəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinin hakiminə və məhkəmə sədrinə tam tərkibdə etiraz edirlər. Onların iştirakı olmadan etiraza baxılmasının təmin edilməsini, iddiaçılar yazılı etirazın baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə və mülki işin baxılması üçün başqa rayon məhkəməsinə göndərilməsini xahiş etmişlər. İmişli Rayon Məhkəməsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt edilmiş torpaqdan çıxarılma barədə iddiasına dair mülki işə baxan məhkəmə sədrinə etiraz məsələsinə baxılması üçün iddiaçılar tərəfindən verilmiş etiraz mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir, 19.1.1 O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2 O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3 O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4 o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5 o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6 o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7 onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa 21-ci maddəyə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 22.5-ci mаddəsinə əsаsən, əgər etirаz birinci instаnsiyа məhkəməsində işə bаxаn məhkəmə sədrinə, yаxud təktərkibli məhkəmənin hаkiminə edilmişsə, bu hаldа etirаz bаxılmаq üçün аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. 23.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin bütün hakimlərinə ayrıayrılıqda və yа təktərkibli məhkəmənin hаkiminə edilmiş etirаz və yа özü-özünə etirаz təmin edilmişsə, bu hаldа iş аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən bаşqа birinci instаnsiyа məhkəməsinə verilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının; 2.2-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. 2.4. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə hüququna mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsində tərkibi müəyyən olunmuş işdə iştirak edən şəxslər, cinayət məhkəmə icraatında isə Azərbaycan Respublikası CPM-nin 7.0.18-ci maddəsinə əsasən cinayət prosesinin istənilən iştirakçısı habelə Azərbaycan Respublikası İPM-in 27-ci maddəsində dairəsi müəyyən edilmiş inzibati məhkəmə icraatının iştirakçıları malikdir. Məhkəmə aktları hüquqlarına və mənafelərinə toxunmayan digər şəxslərin hakimə (məhkəmə tərkibinə) etiraz etməsinin hüquqi əsası yoxdu Həmin Qərarın 5.3-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. 5.4. Etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Hakim (məhkəmə tərkibi) bu barədə qərardadı Azərbaycan Respublikası MPMnin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər. 5.5. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır. Hakimin qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas dedikdə, hakimin iş üzrə bu və ya başqa tərəflə, yaxud onların qohumları ilə dostluq münasibətində və ya əksinə, qərəzli mövqedə olması və başqa hallar nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş heç bir şübhə mövcud deyildir. Belə ki, İmişli Rayon Məhkəməsinin işə baxan hakiminin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslı şübhə müəyyən olunmur. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş etiraz təmin edilməsin və mülki iş baxılması üçün İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-711/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-711/2023
17.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver