Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-713/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsi ilə bağlı mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-054/2023 saylı, 24 yanvar 2023cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialını göstərməklə ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1977-ci ildən 23 avqust 1993-cü ilə kimi Cəbrayıl rayon Mehdili kənd orta məktəbinin bufetində satıcı işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuş, xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbinin bufetində satıcı işləmişdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 1993-cü ildə yaşadığı Cəbrayıl rayonundan ailə üzvləri ilə birlikdə çıxmışdır. O, Cəbrayıl rayon Dövlət Arxivinə əmək kitabçasının və yaxud arxiv arayışının verilməsi barədə müraciət etmiş, Dövlət Arxivindən verilmiş arayışda Cəbrayıl rayon X18 sənədlərinin işğal zonasında qaldığı göstərilmişdir. Ərizəçi 10 yanvar 1994-cü ildən 30 dekabr 2004-cü ilədək Sumqayıt şəhəri Təmir Tikinti Təchizat idarəsində rəngsaz işləmişdir və onun bu barədə əmək kitabçası var. Ərizəçi maraqlı şəxsə pensiya təyinatı üçün əmək kitabçası və digər sənədlərlə müraciət etmiş və həmin orqandan rəsmi cavab verilmişdir ki, 01 sentyabr 1977-ci ildən 23 avqust 1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd orta məktəbinin bufetində satıcı işləməsi əmək kitabçasında qeyd olunmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Ərizəçinin 01 sentyabr 1977-ci ildən 23 avqust 1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbinin bufetində satıcı işləməsini həmin vaxtlar həmin məktəbdə müəllim işləyən şahidlər də təsdiq edə bilərlər. Hüquqi əhəmiyyəti olan bu faktın müəyyən edilməsi ərizəçinin sosial sığorta stajının bərpası üçün əhəmiyyət kəsb edir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-054/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) ərizə təmin edilmiş, ərizəçi İddiaçı 01 sentyabr 1977-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Cəbrayıl rayon Mehdili kənd orta məktəbinin bufetində “satıcı” vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-054/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən narazı qalan maraqlı şəxs apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Lakin sözügedən filial tərəfindən rəsmi şəkildə 1977-ci ildən 1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd orta məktəbinin müəllimi bufetində satıcı işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Daha sonra ərizəçi 1977-ci ildən 1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd orta məktəbinin bufetində satıcı işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(072)-054/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. İddiaçı ərizəsində 1977-ci ildən 1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd orta məktəbinin bufetində satıcı işlədiyini, lakin Cəbrayılın işğal olunmasına görə işlədiyini sübuta yetirə bilmədiyindən məhkəməyə müraciət etdiyini bildirmişdir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyi dövrlərə aid əmək kitabçası mövcud olmadığı halda, şahid qismində dindirilmiş X14, X15 və X3 məxsus əmək kitabçası vardır. Digər tərəfdən, məlum olduğu kimi Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixində işğal olunmuşdur. Lakin şahid qismində dindirilmiş X3 məxsus əmək kitabçasında isə Cəbrayıl rayon X.Rüstəmov adına kənd məktəbində xx.xx.1994-cü il tarixində müəllim təyin olunmasına dair qeyd mövcuddur. Şahid qismində dindirilmiş X10 məxsus əmək kitabçasında 1978-ci ildə işə qəbul edilməsinə dair qeyd olsa da, əmək kitabçasının doldurulma tarixi 2002-ci ilə təsadüf etmişdir. Həmçinin, digər şahid X3 məxsus əmək kitabçasında 1968-ci ildə işə qəbul edilməsinə dair qeyd olsa da, əmək kitabçasının doldurulma tarixi 2004-cü ilə təsadüf etmişdir. Bu səbəblərdən Cəbrayıl Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(072)-054/2023 nömrəli qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyi dövrlərə aid əmək kitabçası mövcud olmadığı halda, şahid qismində dindirilmiş X15, X14 və X3 məxsus əmək kitabçası var. Birinci instansiya məhkəməsi qeyd olunan şahidlərin adına sözügedən məktəb tərəfindən əmək kitabçası verildiyi halda, əmək kitabçası onların özlərində olduğu, həmçinin əmək kitabçasında sözügedən dövrlərə dair qeydlərin öz əksini tapdığı halda, onlarla bir məktəbdə işləmiş ərizəçiyə məxsus həmin əmək kitabçasında həmin qeydlərin mövcud olmaması faktına hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin iclasında maraqlı şəxsin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onu müdafiə etdiyini bildirdi və onun təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında ərizəçi İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, onun təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE ******** seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixində Cəbrayıl rayonunun Quycaq kəndində doğulmuşdur. İş materiallarında olan AA 089668 seriya nömrəli vəsiqənin surətindən görünür ki, X1 rayonundan məcburi köçkün kimi qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 saylı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məktubda qeyd edilmişdir ki, xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrlər əmək kitabçasının surətində qeyd olunmadığından sığorta stajına əlavə edilməmişdir. İşdəki ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X11 xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək Təmir Tikinti Təchizatı İdarəsində rəngsaz vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçiyə hüquqi əhəmiyyəti olan işləməsi faktının müəyyən edilməsi ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazımdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Belə ki, iş materiallarında olan Cəbrayıl Rayon Dövlət Arxivindən İddiaçı verilmiş 27 sentyabr 2022-ci il tarixli, 80 nömrəli arxiv arayışından görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixində işğal olunan zaman Cəbrayıl Rayon X18 arxiv sənədləri işğal zonasında qalmışdır. Məhkəmə kollegiyası bildirir ki, işğal nəticəsində lazımi arxiv sənədlərinin işğal zonasında qalması, eləcə də, hərbi əməliyyatlar nəticəsində yaşadığı ərazidən məcburi köçkün düşmüş ərizəçinin onun işlədiyi dövrləri təsdiq edən əmək kitabçasını özü ilə götürə bilməməsi onun hüquqlarının təmin edilməsinə mane olan hallar kimi çıxış edə bilməz. Odur ki, məhkəmə kollegiyası ərizəçinin xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd orta məktəbinin bufetində satıcı işləməsi faktını təsdiq edən sənədləri məhkəmədənkənar qaydada əldə edə bilməməsi ilə bağlı mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası işğal zamanı ərizəçinin əmək kitabçasını özü ilə götürə bilməməsini həmin dövrün reallıqlarına uyğun olmaqla, ağlabatan hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndində həmçinin qeyd edilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli, 2(072)-054/2023 saylı birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda iştirak edən şahid X14 çıxış edərək ərizəçini tanıdığını, ərizəçinin onun keçmiş iş yoldaşı olduğunu, özünün xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işlədiyini, İddiaçı da xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək həmin məktəbin bufetində satıcı işlədiyini bildirmişdir. İşdə surəti olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-889/2015 saylı, 23 oktyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X8 xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbində müəllimə işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan X8 adına açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1978-ci il tarixində Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Onun əmək kitabçasında sonrakı qeyd xx.xx.1994-cü ilə aid olmaqla, həmin tarixdə Cəbrayıl rayon V.İsmayılov adına Çərəkən kənd orta məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli, 2(072)-054/2023 saylı birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda iştirak edən şahid X15 çıxış edərək ərizəçini tanıdığını, onun keçmiş iş yoldaşı olduğunu, özünün 1979-cu ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbində fizika müəllimi vəzifəsində işlədiyini, İddiaçı da xx.xx.1977-ci ildən xx.xx.1993-cü ilədək həmin məktəbin bufetində satıcı işlədiyini bildirmişdir. İşdə surəti olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-282/2011 saylı, 06 oktyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X9 1973-1975-ci illərdə Cəbrayıl rayon M.Hüseynzadə adına kolxozda kolxozçu işləməsi və 1979-1993-cü illərdə Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbində fizika müəllimi işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli, 2(072)-054/2023 saylı birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda iştirak edən şahid X4 çıxış edərək ərizəçini tanıdığını, onun keçmiş iş yoldaşı olduğunu, özünün xx.xx.1963-cü ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbində fizika-riyaziyyat müəllimi vəzifəsində işlədiyini, İddiaçı da xx.xx.1977ci ildən xx.xx.1993-cü ilədək həmin məktəbin bufetində satıcı işlədiyini bildirmişdir. İş materiallarında olan X2 adına açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1963-cü il tarixində Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbində fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Onun əmək kitabçasında sonrakı qeyd xx.xx.1994-cü ilə aid olmaqla, həmin tarixdə Cəbrayıl rayon X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. Şahid ifadələri ilə bağlı qeyd edilməlidir ki, həmin şahidlərin adına olan əmək kitabçalarında, eyni zamanda Cəbrayıl Rayon Məhkəməsinin 06 oktyabr 2011-ci il və 23 oktyabr 2015-ci il tarixli qətnamələrində onların ərizəçinin Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbinin bufetində satıcı işləməsi faktının müəyyən edilməsini tələb etdiyi illərdə onunla birgə işləməsi faktı təsdiq edilir. Belə ki, ərizəçinin xx.xx.1977-cü ildən xx.xx.1993cü ilə kimi Cəbrayıl rayon Mehdili kənd tam orta məktəbinin bufetində satıcı işlədiyi müddətdə X8 (xx.xx.1978-xx.xx.1993), X9 (1979-1993) və X2 (xx.xx.1963-xx.xx.1993) ərizəçi ilə birlikdə həmin müəssisədə çalışması müəyyən edilir. Maraqlı şəxs apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dinlənilmiş şəxslərin əmək kitabçalarının doldurulma tarixi ilə onların işləməsi barədə qeydlərin olduğu tarixlər fərqlənir. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarından göründüyü kimi, şahid qismində dindirilmiş şəxslər də işğal zamanı əmək kitabçalarını götürə bilməmiş, işğal tarixinədək olan dövrdə işləmələri faktını məhkəmə qaydasında təsdiq etdirə bilmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası şahidlərin əmək kitabçalarının doldurulma tarixi ilə onların işləməsi barədə qeydlərin tarixinin üst-üstə düşməməsi barədə maraqlı şəxsin apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Bundan başqa, maraqlı şəxs apellyasiya şikayətində Cəbrayıl rayonunun xx.xx.1993cü il tarixində işğal olunmasına baxmayaraq, şahid qismində dindirilmiş X3 məxsus əmək kitabçasında onun Cəbrayıl rayon X.Rüstəmov adına kənd məktəbində xx.xx.1994-cü il tarixdə müəllim təyin olunmasına dair qeydin mövcudluğunu bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, işğal dövründə digər dövlət müəssisələri kimi işğal zonasında yerləşmiş əksər məktəblər də müxtəlif şəhərlərdə yenidən təşkil olunaraq fəaliyyətini davam etdirmişdir. Maraqlı şəxs bu cür formal mülahizə ilə çıxış etsə də, Cəbrayıl rayon X.Rüstəmov adına kənd məktəbinin Cəbrayıl rayonunun işğalından sonra öz fəaliyyətini davam etdirməməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, maraqlı şəxsin şahidlərin əmək kitabçaları ilə bağlı şübhələrini əks etdirən dəlilləri formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinin müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, ərizəçinin tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilməklə iş üzrə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan hüquq normalarını tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-054/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-054/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-713/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-713/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver