Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-717/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(041)-936/2023 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-936-2023 saylı 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 qarşı iddiası təmin olunaraq, İddiaçı Cavabdeh3 ilə birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Kürdəmir rayonunun Sor- Sor kəndində yerləşən iki mərtəbəli, 2 otaqlı evin cehiz və şəxsi əşyaları olan otağına məcburi qaydada köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpa edilməsi barədə vəsatət əlavə olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 qarşı evə köçürülmə tələbinə dair 2(041)-936-2023 saylı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Maraqlı şəxs ərizəsi təmin edilməmiş, Maraqlı şəxs 2(041)-936-2023 saylı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyi üçün qaytarılmışdır. Maraqlı şəxs daxil olmuş şikayətində Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini, apellyasiya şikayətinə baxılması üçün mülki işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda onun xüsusi mülkiyətində olan evə köçürülmə tələbi ilə müraciət etmiş və məhkəmənin 22 avqust 2023-cü il tarixli, qətnaməsi ilə İddiaçı mənim xüsusi mülkiyyətində olan evə köçürülmüşdür. Məhkəmənin 22 avqust 2023-cü il tarixli, 2(041)-936/2023 saylı qətnaməsi birbaşa onun konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını pozduğu üçün o, həmin qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Lakin formal mülahizələri rəhbər tutan məhkəmə onun Konstitusiya ilə qorunan hüquqlarını kobud şəkildə pozaraq, apellyasiya şikayəti vermək üçün müddətin bərpası və mülki işin Şirvan Apelyasiya Məhkəməməsinə göndərilməsi barədə ərizəsini təmin etməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(041)-936/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(041)-936/2023 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 15.4-cü maddəsinə görə, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. MPM-in 357.2.-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3.-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 363.1.1.-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(041)-936/2023 saylı qərardadından göründüyü kimi, birinci instansiya məhkəməsi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmış, lakin həmin şikayətə bağlı şəkildə təqdim edilmiş prosessual müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Halbuki qeyd edilməlidir ki, apellyasiya şikayətinə dair müddətin bərpası barədə ərizə həmin şikayətlə funksional və hüquqi əlaqəyə malik olmaqla, ondan asılı xarakter daşıyır. Bu səbəbdən, əgər birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaq qərarına gəlmişdirsə, bu halda onun tərkib hissəsi və ilkin hüquqi əsas kimi çıxış edən müddətin bərpası barədə ərizənin də geri qaytarılmalı idi. Əks təqdirdə, prosessual müddətin bərpası barədə ərizəyə mahiyyəti üzrə baxılması, dolayısı ilə apellyasiya şikayətinin də qəbul olunması və məzmun üzrə araşdırılmasına zəmin yaradır ki, bu da prosessual hüquq normalarının sistematik və məqsədyönlü tətbiqi baxımından ziddiyyətli nəticə doğurur. Eyni zamanda MPM-in 133.3.-cü maddəsinin tələbindən də görünür ki, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Bu isə bir daha göstərir ki, müddətin bərpası barədə ərizə, ondan asılı olan konkret prosessual hərəkət - apellyasiya şikayəti ilə ayrılmaz əlaqədədir və müstəqil hüquqi əhəmiyyət daşımır. Belə olan halda, əgər birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarırsa, bu şikayətlə birgə təqdim olunan və yalnız onun baxılması üçün hüquqi əsas yaratmağa xidmət edən müddətin bərpası barədə ərizənin də geri qaytarılması zəruri idi. Əks halda, müddətin bərpası ərizəsinə mahiyyəti üzrə baxmaq, dolayısı ilə apellyasiya şikayətinin də qəbul olunduğu mənasını daşıyır ki, bu da MPM-in 133.3-cü maddəsinin sistematik və məqsədyönlü tətbiqinə ziddir. Kollegiya onu da izah edir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-936-2023 saylı 22 avqust 2023-cü il tarixli qətnaməsinin onun maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs apellyasiya şikayəti təqdim etməklə yanaşı, həm də iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasına dair əsaslandırılmış ərizə ilə məhkəməyə müraciət etməli idi. Maraqlı şəxs məhkəmə qərardadı ilə maraqlarına toxunan şəxs qismində tanındıqdan sonra onun vermiş olduğu apellyasiya şikayətinə baxılması mümkündür. Həmçinin Kollegiya qeyd edir ki, Kürdəmir Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(041)- 936/2023 saylı qərardadının nəticə hissəsində olan yanlışlıqlar da birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(041)-936/2023 saylı qərardadı ləğv olunmalı və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində irəli sürülən mövqelərin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (Maraqlı şəxs Kürdəmir Rayon Məhkəməsinin 2(041)-936/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti və prosessual müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması) birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(041)-936/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-717/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-717/2025
16.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver