Məhkəmə qərarları › İş №2(106)-731/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-731/2024

24.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-731/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, cavabdehlərdən Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı, X15, Məmədova Hicran Şamil oğlu, X9 qanuni nümayəndəsi Qanuni nümayəndə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilməklə “əmlak” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(071)-30/2024 saylı qətnaməsindən (hakim Z.Hüsyenov) cavabdehlərdən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı, X15, Məmədova Hicran Şamil oğlu, X9 qanuni nümayəndəsi Qanuni nümayəndə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilməklə “əmlak” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə ailəsinə verilmiş və JN 195A; KOD 91006018 nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara məxsus 0.06 ha həyətyanı sahə və fərdi yaşayış evindən, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı il tarixli 01 saylı qərarı ilə ailəsinə verilmiş JN 0296; KOD 91006005 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən 5.92 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və əmlakların boşaldılması, mübahisə predmeti olan torpaq sahələri və fərdi yaşayış evinin üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə o cümlədən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən plan və ölçü, texniki sənələrin tərtibi, mərzçəkmə işlərinin aparılmasına maneəçilik törədən hərəkətlərin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Məmmədov Şamil Əlipənah oğlu ilə 28 oktyabr 1987 -ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, Hacıqabul rayonu, Navahi kəndində yerləşən evə gəlin köçərək orada yaşamışdır. Həmin nikahdan X13 və Məmmədov Hicran Şamil oğlu adlı uşaqları olmuşlar. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə ailəsinə 0.06 ha həyətyanı sahə, fərdi yaşayış evi və bağçılıq təsərrüfatı ilə bağlı torpaq sahəsi verilmiş, buna dair JN 195A; KOD 91006018 nömrəli Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirərək orada yaşamışlar. Lakin, qaynı Cavabdeh1 evlərinə zorla girərək onları ordan çıxarmışdır. Bundan başqa, Azərbaycan Respublikasında aqrar islahat aparılan zaman Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı il tarixli 01 saylı qərarı ilə ailəsinə 5.92 ha torpaq sahəsi verilmiş, buna dair JN 0296; KOD 91006005 nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həyat yoldaşı 06 may 2021-ci ildə ürək xəstəliyindən vəfat etmişdir. Yas mərasimi bitdikdən sonra o həyat yoldaşından qalmış miras əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almaq üçün müvafiq icra hakimiyyətinə müraciət edib. Lakin, həmin orqan torpaq sahəsi və fərdi yaşayış evinə dair mübahisənin olmasını və ölçü (mərz) işlərinin aparılmasının qeyri-mümkün olmasını bəhanə gətirərək mülkiyyət hüquqlarını təsdiqləyən çıxarışı verməkdən imtina edib və mübahisənin olması əsası ilə məhkəməyə müraciət edilməsini tövsiyyə edib. Onlara ayrılmış torpaq sahəsi və yaşadığı fərdi yaşayış evindən cavabdehi çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçı onun qardaşı Şamil Məmmədovla ailə həyatı quraraq atası tərəfindən Şamil üçün inşa edilmiş fərdi yaşayış evinə gəlin gəlmişdir. Onların nikahından iki uşaqları doğulmuşdur. İddiaçı onun atası və anası ilə yola getmədikləri üçün həmin evdən ayrılmışlar. Həmin ev atası Əlpənah Məmmədov tərəfindən Şamil Məmmədov üçün tikilmişdir. İddiaçı gəlin gələrkən ev tam hazır vəziyyətdə olmuşdur. Sonradan həmin evin yerləşdiyi torpaq sahəsi qardaşı Şamilə verilmişdir. İddiaçı və onun ailə üzvləri tərəfindən həmin evin tikintisinə hər hansı formada xərc çəkilməmişdir. İddiaçı və ailə üzvləri evi tərk etdikdən sonra atası Əlpənah Məmmədov həmin evi kürəkəninin atasına satmışdır. Buna görə də həmin evdə kürəkəni və onun ailə üzvləri yaşayır. Bu səbəbdən hesab edir ki, iddiaçının həmin evi tələb etməsi əsassızdır. Bundan başqa, iddiaçı ilə onun ailə üzvlərinə həqiqətən də Nəvai kəndi ərazisində kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsini o heç vaxt zəbt etməmiş, orada hər hansı əkin işləri aparmamışdır. Həmin torpaq sahəsinin kimin tərəfindən əkilib-becərilməsini də bilmir. Çünki, onun özünün başqa bir torpaq sahəsi var və o, yalnız öz torpaq sahəsində əkin işləri aparır və onun torpaq sahəsi ilə iddiaçının ailə üzvlərinə verilmiş torpaq sahələri arasında kifayət qədər uzun məsafə var. Hacıqabul Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(071)-30/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə mərhum Məmmədov Şamil Əlipənah oğluna verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh3 çıxarılması və əmlakların boşaldılması, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən plan və ölçü, texniki sənədlərin tərtibi, mərzçəkmə işlərinin aparılmasına maneçilik edən hərəkətlərin törədilməsinin Cavabdeh1 Əlpənah oğlu, Cavabdeh3 və Cavabdeh2 qadağan edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsasızdır və hüquqlarının kobud pozuntusu ilə, maddi və prosessual hüquq normalarnın pozulması və işin faktiki hallarına uyğun olmaması ilə müşahidə olunduğundan ləğv edilməlidir. Məhkəmədə mübahisə predmetinə çevrilmiş Hacıqabul rayon Nəvai kəndi ərazisində yerləşənn torpaq sahəsi və onun üzərində inşaa edilmiş fərdi yaşayış evi 1987-ci ildə atası X5 məxsus olmuşdur. Atasının 8 övladı olmuş və hamısı həmin evdə böyüyüb başa çatmışlar. Sonradan həmin ev Məmmədov Şamil Əlipənah oğlunun istifadəsinə verilmişdir. Bu faktı iş materiallarına əlavə edilmiş Navahi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi təfərindən məhkəməyə verilmiş “Təsərrüfatbaşına kitabından çıxarış”da öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş Navahi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi təfərindən məhkəməyə verilmiş “Təsərrüfatbaşına kitabından çıxarış”dan görünür ki, həqiqətən məhrum Məmmədov Şamil Əlipanah oğluna məxsus 85 nömrəli təsərrüfat Hacıqabul rayonu, Nəvahi kəndində yerləşir. Kəndin təsərrüfat kitabında qeyd olunur ki, ev 1987-ci ildə tikilmiş, ümumi sahəsi 60 kv.metr, yaşayış sahəsi 40 kv.metr olan fərdi yaşayış evi Nəvahi kənd inzibati ərazi dairəsi üzərə nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabın 2-ci səhifəsində 85 saylı şəxsi hesabında qeydə alınmışdır. Məmmədov Şamil Əlipənah oğlu 1987-ci ildə İddiaçı ilə ailə həyatı qurmuş və onlar Məmmədov Əlipənaha məxsus 40 kv.metr yaşayış sahəsindən ibarət köhnə tikili olan evə köçüb yaşamışlar. Onların iki övladları olmuşdur: Məmmədov Hicran və Məmmədova Sona. Sonradan həmin evin yerləşdiyi topraq sahəsi Hacıqabul rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 14 saylı Qəararı ilə Navahi kəndində Məmmədov Şamil Əlipanah oğlunun adına 0.06 ha. torpaq sahəsi kimi qeyd edilməsinə baxmayaraq, Məmmədov Şamil Əlipanah oğlu həmin torpaq sahəsində hər hansı bir ev inşa etməmişdir. İddiaçı ilə ailə quranda, onlar atasına məxsus evdə yaşamışlar. 1993-cü ildə Məmmədov Şamil Əlipənah oğlu ilə İddiaçı arasında münasibətlər pisləşdiyindən ayrılmışlar və İddiaçı atası evinə köçüb getmiş, Məmmədov Şamil yeni ailə quraraq Nəvahi kəndindən çıxıb getmişdir. Qardaşının Gülnarə ilə ailə həyatı 6 il çəkmişdir. Həmin müddətdə nə Şamil, nə də Gülnarə atasının tikdiyi evdə heç bir tikinti işləri görməmişlər. O zaman Şamil Gülnarə ilə nikahı pozduqdan sonra Tovuz rayonuna getmiş və orada ailə quraraq yaşamışdır. Ona görə də torpaq sahəsini istifadə edə bilmirdi. Belə ki, Məmmədov Şamil Əlipənah oğluna Hacıqabul rayonu X8 qərarı ilə ona ayrılmış 0.06 ha torpaq sahəsini 3500 ABŞ dolları pulun müqabilində satmışdır. Sonradan qız övladı X18 Muxtarovla evlənmiş və bir müddət sonra mübahisəli evə köçüb yaşamışlar. Evin bütün kommunal xidmətləri Məmmədov Cavidin adınadır. Məmmədov Şamil torpaq sahəsini aldığı 3500 ABŞ dolları müqabilində X10 70 illik müddətinə, 15 iyul 2009-cu ildə AR-İ № 075061 saylı baş etibarnamə vermişdir. Bir daha qeyd edir ki, mübahisəli torpaq sahəsindən və evdən İddiaçı 1993-cü ildən istifadə etməmiş və yaşamamışdır. Məmmədova X6 Rayon Məhkəməsinə müraciət edərək güya, torpaq sahəsi və 1987-ci ildə Məmmədov Əlipənah tərəfindən inşa edilmiş evin Məmmədov Şamilin olması adı ilə vərəsə olduğunu qeyd etmiş və birgə nikah dövründə inşa edilmiş evə köçürülməsini xahiş etmişddir. İddiaçı atası X7 tərəfindən tikilmiş evə heç bir aidiyyati yoxdur. Bu fakt onunla təsdiq edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı ev tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsi onunla əsaslanmışdır ki, iddiaçı məhkəmə iclasında iddiasını əsaslandıra bilməmiş və mübahisəli evin ona məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli qətnaməsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinnin Şirvan Ərazi İdarəsinin arxiv sənədləri araşdırılmış, İddiaçı Səddar qızının və Məmmədov Şamil Əlipənah oğlunun adlarına Daşınmaz əmlakın dövlət reyestrində heç bir daşınmaz əmlak qeydə alınmamışdır. Qeydiyyatda olduqları Hacıqabul rayonu Nəvahi kəndində yerləşən yaşayış evi X2 adına 1988-ci ildə Səlyan Rayonlararası Texniki İnventrlşdırma Bürosu təəfindən 910-6/3970 inventar saylı texniki Pasport sənədi ilə təmin olunmuşdur”. Ona görə hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin mübahisəli iş üzrə qəbul edilmiş qətnaməsi mübahisə predmetinə çevirilmiş evdən çıxarılması hissəsində əsasızdır və ləğv edilməlidir. Hazırda həmin ev atasının vərəsələrinə, ona və bacı-qardaşlarına məxsusdur. İddiaçının mübahisə predmetinə çevirdiyi evə hər hansı bir formada subyektiv hüququ yoxdur və həmin hissəsdə iddia tələbi əsasızdır. Torpaq sahəsi barədə isə qeyd edir ki, qardaşının adına olmuş ölçüdə torpaq sahəsini isə onlar başqa torpaq sahəsi ilə əvəz edə bilərlər. Məhkəmənin iş üzrə gəldiyi nəticə əsasız olmaqla yanaşı qeyri obyektivdir. Belə ki, iddiaçının tələb etdiyi əmlakın evə dair hissəsi vərəsəlik kütləsinə heç bir aidiyyati yoxdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmədən sonra mübahisəli ev boşaldılsa da, İddiaçı təhvil verilməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı, digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər və kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayəti üzrə mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Şamil Əlipənah oğlu ilə X4 nikahı xx.xx.1987-ci il tarixdə rəsmi qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir; “Torpağın mülkiyyətə verilməsinə dair” JN-195A, KOD 91006018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə Məmmədov Şamil Əlipənah oğlunun mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir; “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0296, KOD 91006005 nömrəli şəhadətnamənin surətindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı il tarixli, 01 saylı qərarı ilə Məmmədov Şamil Əlipənah oğlunun, İddiaçı, X11 və Məmmədov Hicran Şamil oğlunun mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 5.92 ha kənd təsərrüfatı istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Şamil Əlipənah oğlu xx.xx.2021-ci il tarixdə ürəyin dəqiqləşdirilməmiş kəskin şemik xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 159 nömrə ilə qeyd edilmişdir; İddiaçı müraciətlərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********35 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-335/2023 nömrəli cavab məktublarından görünür ki, onun həyat yoldaşı Məmmədov Şamil Əlipənah oğlunun adına Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsinə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Hacıqabul rayonu, Navahi kəndində yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılmasına 13 saylı Şirvan Ərazi İdarəsinin Hacıqabul rayon şöbəsinin mütəxəssisinə şərait yaradılmamış və sözügedən əmlakla bağlı digər şəxslə aralarında mübahisəli halın olması aşkarlanmışdır. 13 saylı Şirvan Ərazi İdarəsinin və ya Hacıqabul rayon şöbəsinin mütəxəssisinə (mühəndis və texniklərinə) sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə hüquqlarının qeydiyyata alınması məsələsinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Cavabdeh1 və onun ailə üzvlərinin birgə mülkiyyətinə Hacıqabul rayonu, Navahi kəndi ərazisində 17.6924 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir; “Torpağın mülkiyyətə verilməsinə dair” JN-198A, KOD 91006018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir; Fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh1 yaşadığı evin yerləşdiyi torpaq sahəsi bir-birindən ayrı olmaqla, yaxın ərazidə yerləşirlər; Navahi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə verilmiş “Təsərrüfatbaşına kitabdan çıxarış”dan görünür ki, həqiqətən də mərhum Məmmədov Şamil Əlipənah oğluna məxsus 85 nömrəli təsərrüfat Hacıqabul rayonu, Navahi kəndində yerləşir. Həmin təsərrüfatda 1987-ci ildə tikilmiş, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 40 kv.m olan fərdi yaşayış evi Navahi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabın 2-ci səhifəsində 85 saylı şəxsi hesabında qeydə alınmışdır; Navahi kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən JN-195A, KOD 91006018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi Məmmədov Şamil Əlipənah oğluna məxsusdur. Hazırda orada Cavabdeh3 və onun həyat yoldaşı Məmmədova (Muxtarova) Təranə Famil qızı yaşayırlar; Navahi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 19 nömrəli sorğuya cavab məktubundan görünür ki, mərhum Məmmədov Şamil Əlpənah oğlu 85 nömrəli təsərrüfatda qeydiyyatda olmuşdur və bu təsərrüfatda ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 40 kv.m olan fərdi yaşayış evi vardır. Mərhum Məmmədov Şamil Əlpənah oğlu bu təsərrüfatda 2006-cı ilə qədər ailəsi ilə birgə yaşamışdır. Halhazırda həmin təsərrüfatda Cavabdeh3 ailəsi ilə birlikdə yaşayır; Navahi kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hacıqabul rayonu, Navahi kəndində Məmmədov Şamil Əlipənah oğluna məxsus 296 nömrəli dövlət aktına əsasən 5.92 ha, hal-hazırda azalma ilə 5.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan və torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0296, KOD 91006005 nömrəli şəhadətnamə əsasında torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və Hacıqabul rayonu, Navahi kəndi ərazisində yerləşən 5.7911 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, mərhum Məmmədov Şamil Əlipənah oğlunun, Məmmədov Hicran Şamil oğlu və X11 mülkiyyət hüquqları qeydə alınmışdır; “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamələrdən görünür ki, Hacıqabul rayonu, Navahi kəndində yerləşən ümumi sahəsi 5.7911 ha olan torpaq sahəsindən mərhum Məmmədov Şamil Əlipənah oğluna məxsus hissədən arvadı – İddiaçı ¼ hissədə, oğlu – Məmmədov Hicran Şamil oğlu ¼ hissədə, qızı – X13 ¼ hissədə pay almışlar, xx.xx.2009-cu il təvəllüdlü X12 münasibətdə ¼ hissədə pay açıq saxlanılmışdır; Hacıqabul rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Səddar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı ev tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında iddiasını əsaslandıra bilməmiş və mübahisəli evin ona məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 13 Saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Nümayəndə3 ifadəsində bildirmişdir ki, o, reyestr xidmətində inventarlaşdırma üzrə mühəndis vəzifəsində işləyir. İddiaçı Hacıqabul rayonu, Navahi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib çıxarış verilməsi barədə ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsi qəbul edilmiş və o, mühəndis kimi evə baxış keçirilib çertyojun çəkilməsi üçün cəlb edilmişdir. Buna əsasən o, İddiaçı və onun qızı ilə birlikdə evə baxış keçirmək üçün getmişlər. Qeyd edilən ünvana çatdıqda, orada Cavabdeh1 və digər şəxslər qapıda onları qarşılamış və içəri girib baxış keçirmələrinə mane olmuşlar. Evin texniki pasportunun hazırlanması üçün baxış keçirilməsi zəruri idi. Evin yerləşdiyi torpaq sahəsi baza qeydlərində Şamil Məmmədovun adına olduğuna görə, torpaq sahəsinin üzərində yerləşən evə dair mülkiyyət hüququ da Şamil Məmmədovun adına qeydə alınacaqdır. Lakin, evə baxış keçirilməsinə imkan yaradılmadığından, ölçü işlərinin aparılması mümkün olmamışdır. Mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə Şamil Məmmədov 1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və birgə nikahlarından iki uşaqları – Hicran Məmmədov və Sona Məmmədova doğulmuşlar. Ailə həyatı qurduqları vaxtdan onlar Şamil Məmmədovun atası Əlpənah Məmmədov tərəfindən onlar üçün inşa edilmiş mübahisə predmeti olan fərdi yaşayış evində yaşamışlar. Həmin dövrdə qeyd edilən fərdi yaşayış evi və altındakı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmamışdır. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsi Məmmədov Şamil Əlipənah oğlunun mülkiyyətinə verilmişdir. Məmmədov Şamil Əlipənah oğlu və ailə üzvləri 2006-cı ilədək həmin evdə yaşamışlar. Sonrakı dövrdən başlayaraq həmin evdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yaşayırlar. Bundan başqa Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı il tarixli 01 saylı qərarı ilə Məmmədov Şamil Əlipənah oğlu, İddiaçı, X13 və Məmmədov Hicran Şamil oğlunun mülkiyyətinə 5.92 ha kənd təsərrüfatı istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Daha sonra, Hacıqabul rayonu Navahi kəndi ərazisində yerləşən və faktiki sahəsi 5.7911 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, mərhum Məmmədov Şamil Əlipənah oğlunun, Məmmədov Hicran Şamil oğlu və X11 mülkiyyət hüquqları qeydə alınmışdır. Məmmədov Şamil Əlipənah oğlu 06 may 2021-ci il tarixdə ölmüş və Hacıqabul rayonu, Navahi kəndində yerləşən ümumi sahəsi 5.7911 ha olan torpaq sahəsindən mərhum Məmmədov Şamil Əlipənah oğluna məxsus hissədən arvadı - İddiaçı ¼ hissədə, oğlu - Məmmədov Hicran Şamil oğlu ¼ hissədə, qızı - X13 ¼ hissədə pay almışlar, 14 iyun 2009-cu il təvəllüdlü X12 münasibətdə ¼ hissədə pay açıq saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 215.3.2-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyətinə malikdir. İşin müəyyən olunan hallarına əsasən mübahisəli fərdi yaşayış evinin inşa olunduğu 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum əri Şamil Məmmədovun mülkiyyətində olmuşdur. İddiaçı mərhum əri Şamil Məmmədovun birinci növbə vərəsəsi olaraq, miras açıldıqdan sonra birgə mülkiyyətdə olan pay torpaq sahəsinin mərhumdan miras qalmış hissəsinə münasibətdə mirası qəbul etmişdir. Belə olan halda o və digər vərəsələr mərhumdan miras qalmış bütün əmlakları (o cümlədən torpaq sahəsi və qanuni gözləntisi olan fərdi yaşayış evini) vərəsəlik qaydasında qəbul etmiş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh apellyasiya şikayətində mübahisənin obyektini təşkil edən fərdi yaşayış evinə dair qanuni qüvvəyə minmiş Hacıqabul Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli qətnaməsinə istinad etmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı Səddar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki mübahisənin obyektini təşkil edən evin cavabdehlərdən alınaraq ona verilməsi tələbini irəli sürmüş, iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evin ona məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan hissədə haqlı olaraq hesab etmişdir ki, hazırki mülki iş üzrə iddianın əsası əvvəlki mülki işdəkindən fərqlidir. Belə ki, əvvəlki mülki işdə iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olmasını əsas gətirsə də, hazırki mülki işdə o, mübahisəli evin mərhum əri Şamil Məmmədova məxsus olmasını əsas gətirir və həmin evi mərhum ərindən miras qalmış əmlak kimi cavabdehlərdən tələb edir. İddiaçının mərhum ərindən miras qalmış mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsi həmin əmlaklar üzərində hər hansı bir hüquqlara malik olmayan şəxslər tərəfindən məhdudlaşdırılması yolverilməz olduğundan, cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərdən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(071)-30/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar