Məhkəmə qərarları › İş №2(106)-739/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-739/2024

24.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-739/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, digər Cavabdeh2 nümayəndələri Nümayəndə və Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3396/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 ailə üzvləri ilə birlikdə Masallı rayonu, Qəriblər kəndində yerləşən **********88-10301 reyestr nömrəli, 03 noyabr 2008-ci il tarixli Çıxarışla iddiaçıya məxsus evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü ildə Masallı rayonunda anadan olmuşdur. Hazırda Masallı rayonunun Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayır. Qəriblər kəndində özünə məxsus fərdi yaşayış evi var. Evin iddiaçının mülkiyyətində olması barədə DƏDRX-nin 8 saylı Ərazi İdarəsindən **********88-10301 reyestr nömrəli, 03 noyabr 2008-ci il tarixli Çıxarış verilmişdir. Evdə iddiaçı, arvadı Zərqələm, oğlu Baloğlan, gəlini Nərmin və nəvəsi Zara ilə birlikdə yaşayırdılar. Böyük oğlu İmamyar ayrı təsərrüfatdır. Onu 12 ildən çoxdur ki, təsərrüfatdan ayırmışdır. Ayırmasına baxmayaraq, müvəqqəti olaraq İmamyar, gəlini Türkan, nəvələri Zəhra və Dərya iddiaçının evində yaşayırlar. Oğlu İmamyarla gəlini Türkan arasında ailə münasibətlərindən irəli gələn narazılıqlar olmuş, münasibətləri pozulmuş, işləri Masallı rayon Polis şöbəsində və Masallı Rayon Məhkəməsindədir. Oğlu və onun ailəsi iddiaçıya və arvadına öz mülkiyyətlərində rahat yaşamağa imkan vermirlər. Dəfələrlə evindən çıxmalarını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, gəlini Türkan iddiaçının acığına İmişli rayonundan olan atasını, anasını və qardaşını iddiaçının evinə salmışdır. Onların əməlində cinayət tərkibi olduğundan onlar barəsində Masallı RPŞ-yə şikayətlər etmişdir. Cavabdehlər iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqdadırlar. İddiaçı və arvadı qoca və xəstə adamlardır. Oğlunun qaynatası, qaynanası və qaynı evinə basqın edərək evində iddiaçının sakitliyini pozmuşlar. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-3396/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailə üzvləri (övladları) ilə birlikdə mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Masallı rayonu, Qəriblər kəndində yerləşən evdən çıxarılmaları qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-3396/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçının oğlu ilə 2014-cü ilin sentyabr ayında toy edərək onun Masallı rayonu, Qəriblər kəndində yerləşən evinə gəlin köçmüşdür. Nikahlarını 01 iyun 2016-cı ildə rəsmiləşdirmişlər və birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Zəhra və xx.xx.2018-ci il təvəllüdlü Dərya adlı uşaqları anadan olmuşdur. O, 10 ildən çoxdur ki, həmin evdə yaşayır, uşaqları həmin evdə böyümüş və hazırda orada yaşayırlar. Onların yaşamağa başqa yeri yoxdur. Lakin məhkəmə bunu nəzərə almamışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3396/2023 saylı qətnaməsinə əsasən, onun evdən çıxarılması qət olunmuşdur, həmin qətnamə qanunsuz və ədalətsizdir, buna görə də ləğv olunmalıdır. Məhkəmə Mülki Məcəllənin 152-ci və 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddələrinin tələblərini pozmuşdur. Belə ki, işdən görünür ki, o, 2014-cü ildə mübahisəli mənzilə gəlin köçmüş, evin hüquqi rejimi isə 2008-ci ildə müəyyən edilmişdir. O, hazırkı vaxtadək həmin evdə yaşayır və iddiaçı heç vaxt ona evdən istifadə ilə bağlı etiraz etməmişdir. Demək ki, iddiaçı susaraq onun evdən istifadə hüququnun yaranmasına etiraz etməmişdir. Onun istifadə hüququ yaranmışdır, çünki o, artıq həmin evdə qeydiyyatdadır və yaşayır. İstifadə hüququna xitam verilməsinin Mülki Məcəllədə yalnız bir yolu nəzərdə tutulmuşdur, lakin hakim qanunu pozaraq istifadə hüququna xitam vermədən onun evdən çıxarılmasını qət etmişdir. Belə olan halda onun həmin evə dair istifadə hüququ saxlanmışdır. Məhkəmə azyaşlı uşaqlarla birgə onun evdən çıxarılmasını qət etmişdir, məhkəmə fikirləşmir ki, 10 ildir ki, bir ünvanda yaşayan, qeydiyyatda olan və yaşamağa başqa yeri olmayan iddiaçının ailə üzvləri, yəni nəvələri və gəlini harda yaşayacaqlar, məhkəmə üçün həmin hallar maraqlı deyildir. Məhkəmə qərar qəbul edərkən ədalətli olmalı və uşaqların həyatı nəzərə alınmalıdır. Uşaqlar hazırkı qətnamə ilə küçədə yaşamalıdırlar, belə qərarlar Konstitusiyaya ziddir və yaşamaq hüququnun pozulmasıdır. İddiaçının mülkiyyət hüququna önəm verildiyi qədər onun və uşaqlarının yaşamaq hüququna da qiymət verilməli və onların yaşayış yeri təmin olunmalıdır. O, gəlin köçərkən ayrılacağını fikirləşmədiyi üçün iddiaçı ilə hər hansı saziş də bağlamamış, lakin buna baxmayaraq onun istifadə hüququ yaranmışdır. Məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə sübutları qanuni araşdırmamış, sübutların tədqiqi pozulmuş və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ədalətli qətnamə qəbul etməmişdir. Məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış və sübutlarla faktiki hallara birgə hüquqi qiymət verməmişdir. İddiaçı tərəf tələbini təsdiq etmədiyi halda məhkəmə iddiaçının tələbini təmin etmişdir. Məhkəmə prosesləri çəkişmə prinsipi əsasında aparılmamışdır. Məhkəmə onun həmin evə nə vaxt köçməsini, hüquq münasibətlərinin hansı tarixdə yaranmasını, evin hüquqi rejiminin 2008-ci ildə yaranmasını və onun yaşamağa başqa yerinin olmadığını nəzərə almamış və aydınlaşdırmamışdır. Məhkəmə evin iddiaçının mülkiyyətində olmasını müəyyən etsə də, onun evdən çıxarılması üçün əsasların nədən ibarət olmasını sübut edə bilməmişdir. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir, belə ki, o, mübahisəli evə 2014-cü ildə köçmüş və fasiləsiz olaraq hazırkı vaxtadək orada yaşayır, həmin evdə qeydiyyatdadır və artıq istifadə hüququ yaranmışdır. İstifadə hüququna xitam verilməsinin yalnız bir yolu qanunla müəyyən edilmişdir. Lakin məhkəmə qanunsuz olaraq onu evdən çıxarmışdır. Cavabdeh2 apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən yazılı qaydada etiraz verilmiş, etirazda apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, Cavabdeh2 artıq 10 ildir ki, mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa başlamışdır. Cavabdeh2 həmin evə köçərkən notarial qaydada hər hansı razılaşma imzalanmasa da, onun evə köçməsinə dair İddiaçı şifahi razılığı olmuşdur. Onun uşaqları da həmin evdə doğulmuşdur. Ona görə də hesab edir ki, Cavabdeh2 həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Lakin məhkəmə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, qızı Cavabdeh2 2014-cü ildə mübahisəli evə gəlin köçüb orada yaşamağa başlamış və uşaqları da orada doğulub böyümüşdür. Ona görə də hesab edir ki, qızı yenə də həmin evdə yaşamalıdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bildirdi ki, mübahisəli fərdi yaşayış evi atası İddiaçı xüsusi mülkiyyətindədir, atası da hazırda öz evində rahat yaşamaq istəyir. Eyni zamanda, onun özünə məxsus da ayrıca torpaq sahəsi mövcuddur və hazırda həmin torpaq sahəsində tikinti işlərinə başlayaraq özü üçün ev inşa etmək istəyir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, oğlu İmamyar və gəlini Türkan onun evində yaşamış olsalar da, onların yaşamasına sadəcə müvəqqəti icazə vermişdir. Oğlu İmamyarın da adına ayrıca torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsində ev inşa edərək orada yaşaya bilərlər. Amma hazırda mübahisəli ev onun özünün şəxsi mülkiyyətində olduğuna görə, o, cavabdehlərin həmin evdən çıxarılmasını istəyir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdehlərdən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlərdən yalnız Cavabdeh2 apellyasiya şikayəti verdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsasında ona aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* seriya nömrəli, **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Masallı rayonu, Qəriblər kəndində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 58,4 kv.m yaşayış, 149,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə 03 noyabr 2008-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi ilə bağlı DƏDRX-nin Cəlilabad rayon ərazi idarəsi tərəfindən 31 oktyabr 2008-ci ildə daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda iş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh2 iddiaçının gəlini, Cavabdeh1 isə iddiaçının oğludur. Cavabdeh2 apellyasiya şikayətində mübahisəli evə 2014-cü ildə gəlin köçdüyünü bildirmiş, apellyasiya şikayətinin əsas dəlili kimi həmin fərdi yaşayış evindən istifadə hüququnun yaranmasına istinad etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin məzmununa və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Cavabdeh2 İddiaçı ailə üzvü hesab edilmir. Belə ki, Cavabdeh2 (gəlin) iddiaçının (qaynata) Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd edilən kateqoriya qohumlarına aid olmamaqla yanaşı, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarında da gəlinin qaynatasından özünün saxlanılmasını tələb etmək hüququ nəzərdə tutulmamışdır. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Cavabdeh2 hazırda apellyasiya şikayətində Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, Cavabdeh1 MM-in 228.5-ci maddəsi çərçivəsində atası (iddiaçı) ilə bərabər mübahisəli fərdi yaşayış evindən istifadə etmək və öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin evə köçürmək ixtiyarına malik olsa da, o, birinci instansiya məhkəməsində aparılan icraat çərçivəsində iddia tələbini qəbul etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. MM-in 228.5-ci maddəsində Cavabdeh1 ailə üzvü kimi (arvadı) Cavabdeh2 köçürülməsinə (evdən istifadəsinə) isə yalnız mülkiyyətçinin (iddiaçının) razılığı ilə, yəni MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşma ilə yol verilir. Hazırda isə Cavabdeh2 mübahisəli evdə yaşamasına dair qeyd olunan qaydada iddiaçının təsdiqlənən razılığı müəyyən edilmir. Bundan başqa, Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranmasını əsaslandırarkən mübahisəli fərdi yaşayış evində qeydiyyatda olmasına istinad etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də aydın olduğu kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bu baxımdan Cavabdeh2 apellyasiya şikayətinin həmin dəlili də əsaslı hesab edilə bilməz. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh2 (gəlinin) İddiaçı (qaynataya) məxsus olan fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Gəlinin bir müddət qaynataya məxsus olan evdə yaşaması isə onun həmin evdən istifadə hüququnun yaranmasına əsas verən hal kimi çıxış etmir. Məhkəmə kollegiyası bildirir ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi İddiaçı Cavabdeh2 qarşı hazırkı iddiası əsaslıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (Q.İbadovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Qeyd edilən müddəalardan da göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçı hazırkı iddia ərizəsini irəli sürmək üçün subyektiv hüquqa malik olmuş, birinci instansiya məhkəməsi isə haqlı olaraq Cavabdeh2 münasibətdə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlərin hər ikisinin fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi təmin edildiyinə görə onların yetkinlik yaşına çatmayan uşaqlarının da onlarla birlikdə yaşamalı olması səbəbindən mübahisəli evdən çıxarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya şikayətinin başqa yaşayış yerinin olmaması ilə bağlı dəlilinə dair məhkəmə kollegiyası bildirir ki, Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamış olduğundan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ona münasibətdə tətbiq olunması mümkün deyil. Bundan başqa, onun başqa yerinin olmaması da hazırkı iddianın ona münasibətdə təmin edilməməsi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-3396/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-3396/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar