Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-74/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(050)-137/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 nömrəli qərarı ilə onun mülkiyyətində olan 0.49 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyi üçün alınıb ona verilməsi, cavabdehin zəbt etdiyi torpaq sahəsində inşa etdiyi qeyri-qanuni tikilinin sökülməsi ilə torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 22 dekabr tarixli 170 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair Kod 80508038 JN-102 saylı Dövlət aktı ilə mülkiyyətinə 0.49 ha hektar paybəlli torpaq sahəsi verilmişdir. Övladı Bağırov Səxavət Alkişi oğlu həmin torpaq sahəsini tanıtmaqdan ötrü Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinə müraciət edərkən məlum olmuşdur ki, həmkəndlisi Cavabdeh həmin torpaq sahəsini zəbt edərək qeyri-qanuni ev və başqa tikililər aparmışdır. Bununla bağlı 22 may 2020-ci il tarixdə həmin torpaq sahəsi ərazisində ölçü aparılan zaman cavabdeh tərəf bilərəkdən mübahisə yaradaraq ölçü işlərinin aparılmasına mane olmuşdur. Gələn nümayəndələr də həmin tarixdə bu barədə Akt tərtib etmişlər. Bu da ondan irəli gəlmişdir ki, Cavabdeh atası Firudin Bəşirov həmin dövr ərzində uzun müddət kəndin aktivlərindən olmaqla yanaşı Yelağac kəndinin Bələdiyyə sədri olmuşdur. Hazırda imkanları genişdir. Onların həmin torpaq sahəsinə qanuni sənədləri olmasına baxmayaraq, torpaqlarını geri ala bilmirlər. Məcburiyyət qarşısında qalıb hüquqlarının bərpası üçün məhkəməyə müraciət edərək cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbi ilə Masallı Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Həmçinin, cavabdeh onların mülkiyyətinə verilmiş torpaq sahəsini qanunsuz zəbt etdiyindən həmin torpaqdan məcbur çıxarılmalıdır. Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(050)-137/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Səlimov) İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddiası təmin edilməyərək, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat Dövlət Xəzinədarlıq və mütəxəssis rəyinin dəyərinə görə 311 (üç yüz on bir) manat Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı tərəfindən Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(050)- 137/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməklə iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sonda iddia tələbini təmin etməsə də, həmin arqumentə, yəni mülkiyyətində olan torpaqdan məhrum olmağına hüquqi qiymət verməmişdir. Halbuki, pay torpağını yerində komissiya tərəfindən ona tanıtdırılarkən məhz cavabdeh mübahisə yaratmış, buna imkan verməmişdir. Birinci instansiya məhkəməsi isə pay torpağının harada yerləşməsini araşdırmadan həmin torpağın cavabdeh tərəfindən zəbt olunmamasına dair nəticəyə gəlmişdir. İş materialında olan ekspert və mütəxəssis rəylərində Masallı rayonu Yelağac kəndinin kompleks yerqruluşu layihəsi ilə natura arasında uyğunsuzluğun mövcud olması, bu uyğunsuzluğun uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağı göstərilmişdir. Göründüyü kimi, mütəxəssis və ekspert mübahisəli ərazi ilə bağlı faktik olaraq rəy verməmişdir. Pay torpağının ona yerində tanıtdırılması zamanı isə məhz cavabdeh buna imkan verməmişdir. Bu barədə yuxarıda göstərilən akt tərtib edilmişdir. Eləcə də, məhkəmə qərarı əsasında mütəxəssislərin yerində ölçü işləri aparması cavabdehə məxsus tikililərin olduğu əraziyə düşməklə məhz o, buna imkan vermədiyindən ölçü işlərinin aparılması imkansız olmuş və bu bardə müvafiq aktlar tərtib etmişlər. Həmin xüsusatlar isə bir daha sübut edir ki, ona məxsus mübahisəli ərazidə cavabdehə məxsus tikililər olmaqla ərazi onun istifadəsindədir. Birinci instansiya məhkəməsi sübut kimi təqdim etdiyi sənədlərə, o cümlədən torpağının yerində tanıtdırılması ilə bağlı 20 may 2020-ci il tarixli akta heç bir hüquqi qiymət verməmişdir. Halbuki, həmin akt ilə iddia tələbi, yəni mübahisələndirdiyi ərazidə ölçü işləri aparılarkən məhz cavabdehin buna maneə olması təsdiq olunur. Eləcə də, mütəxəssislərin məhkəmə qərarı əsasında da həmin ərazidə bir neçə dəfə ölçü işləri aparmasına cavabdehin maneə olması bir daha torpağının onun qanunsuz sahibliyində olmasını göstərir. Birinci instansya məhkəməsi isə bu xüsusata, ümumiyyətlə, hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin sübut növü kimi istinad etdiyi mütəxəssis və ekspert rəylərində isə həm onun, həm də cavabdehin mülkiyyətində olan torpaqların yerində koordinatlarının müəyyən edilməsi qeyd edilsə də, Masallı rayonu Yelağac kəndinin kompleks yerqruluşu layihəsi ilə natura arasında uyğunsuzluq mövcud olması, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə (təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr Xəritələrinin hazırlanmasından sonra mümkün olacağı göstərilmişdir. Rəydən görünür ki, rəqəmsal kadastr xəritələri hazırlanandan sonra qoyulmuş suallara cavab veriləcəkdir. Belə xəritələrin hazırlanması isə 2016-cı ildən başlansa da, yekunlanmamış və 5 ildən artıq davam edən bu prosesin hələ neçə ilə davam edəcəyi də qeyri-müəyyəndir. Belə çıxır ki, bu müddət ərzində kim istəsə, kiminsə torpağını zəbt edə bilər. Mütəxəssis kimi Cəlilabad LTİ-nin eyni mövqedən çıxış etdiyi bir neçə mülki iş üzrə "xxxx" MMC tərəfindən müvafiq rəylər verilmiş və həmin işlər üzrə obyektiv qərarlar qəbul edilmişdir. Bu isə hazırkı iş üzrə obyektivliyin təmin edilməsi üçün mütəxəssisin dəyişilməsi zəruriliyinin olmasını göstərir. Lakin birinci instansiya məhkəməsi həmin xüsusata diqqət yetirməmişdir. Mütəxəssis və ekspert qarşısında onunla cavabdehin torpaqlarının yerində müəyyən edilməsi, həmin torpaqların üst-üstə düşüb-düşməməsi, ona məxsus torpaqda tikili inşa edilib-edilməməsi, tikili inşa edilmişdirsə, torpağının hansı hissəsində və hansı ölçüdə tikililərin olması ilə bağlı suallar qoyulmuşdur. Payıbəlli torpaq sahəsin müvafiq koordinatları vardır və həmin koordinatları yerində müəyyən etmək də mümkündür. Mütəxəssis və ekspert də rəylərində bu koordinatları müəyyən etdiklərini qeyd etmişlər. Əgər müəyyən etmişlərsə, həmin koordinatlar daxilində tikilinin olub-olmasını qeyd etməkdən hansı səbəbdən çəkinmişlər? Həmin xüsusata qiymət verilməməsi isə rəylərin natamam olmasını göstərir. Lakin işə baxan məhkəmə rəylərdə olan bu qüsura qiymət verməmişdir. Bundan başqa, ekspert rəyindən aydın olur ki, orada yalnız mütəxəssis rəyinə istinad edilmiş, ekspert tərəfindən heç bir araşdırma aparılmamışdır. Halbuki, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Mübahisəli torpaq sahəsi üzrə ekspert tədqiqatı aparılmadan faktiki halların müəyyən edilməsi barədə ekspert rəyi ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə zidd olmaqla tam hesab edilə bilməz. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Heydərov, Tale Kərimov və İsmayıl Əhmədov) 30 noyabr 2021-ci il tarixli 2(106)-3340/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(050)-137/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli 2(106)-3340/2021 saylı qətnaməsindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(102)-2332/2022 saylı qərarı ilə qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli 2(106)-3340/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların və ya səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(050)- 137/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İş materiallarında olan JN-102 kod 80508038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 nömrəli qərarı ilə Bağırov Əlikişi Balakişi oğluna, Qurbanova Targül Şirəli qızına, Bağırov Fərhad Alkişi oğluna, Bağırov Rüstəm Alkişi oğluna, Bağırova Vəsiyyə Alkişi qızına, Bağırova Aidə Alkişi qızına 0.49 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-107 kod 80508038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 nömrəli qərarı ilə Bəşirov Firuddin Soltan oğluna, Sadıqova Sufeyrə Orucəli qızına, Bəşirova Ülkər Firuddin qızına, Bəşirova Sahilə Firuddin qızına, Bəşirova Amaliya Firuddin qızına, Cavabdeh Firuddin oğluna, Bəşirov Sədrəddin Firuddin oğluna, Bəşirova Gülüzar Firuddin qızına, Bəşirov Əməddin Firuddin oğluna 0.74 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 may 2021-ci il tarixli C-095 saylı mütəxəssis rəyindən görünür ki, Masallı rayonu Yelağac təsərrüfatının Kompleks yerquruluşu layihəsınə əsasən JN-102 nömrəli Torpağın mülkiyyət huququna dair Dovlət Aktı ilə iddiaçı Bağırov Alıkişi Balakişi oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.49 ha kənd təsərrufatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə yerində baxış keçirilməklə koordınatları müəyyən edilmişdir. Masallı rayonu Yelağac təsərrüfatının Kompleks yerquruluşu layihəsinə əsasən JN-107 nömrəli Torpağın mülkiyyət huququna dair Dövlət Akt ilə Cavabdeh Firuddin oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə baxış keçirməklə koordınatları müəyyən edilmişdir. Masallı rayonu Yelağac kəndinin kompleks yerquruluşu layihəsi ilə natura arasında uyğunsuluqlar mövcuddur. Rəyə əlavə olunmuş planda uygunsuzluq göstərilmişdır. Mövcud xəritə materıalları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 iyul 2021-ci il tarixli 10/1892 saylı ekspert rəyindən görünür ki, Masallı rayonu Yelağac təsərrüfatının Kompleks yerquruluşu layihəsınə əsasən JN-102 nömrəli Torpağa mülkiyyət huququna dair Dovlət Aktı ilə iddiaçı Bağırov Alıkişi Balakişi oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.49 ha kənd təsərrufatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə yerində baxış keçirilməklə koordınatları müəyyən edilmişdir. Masallı rayonu Yelağac təsərrüfatının Kompleks yerquruluşu layihəsinə əsasən JN-107 nömrəli Torpağın mülkiyyət huququna dair Dövlət Akt ilə Cavabdeh Firuddin oğlu və və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə baxış keçirməklə koordınatları müəyyən edilmişdir. Masallı rayonu Yelağac kəndinin kompleks yerquruluşu layihəsi ilə natura arasında uyğunsuluqlar mövcuddur. Rəyə əlavə olunmuş planda uygunsuzluq göstərilmişdır. Mövcud xəritə materıalları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/1816 nömrəli ekspert rəyindən görünür ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə (JN-102 kod 80508038 nömrəli) Bağırov Əlikişi Balakişi oğluna, Qurbanova Targül Şirəli qızına, Bağırov Fərhad Alkişi oğluna, Bağırov Rüstəm Alkişi oğluna, Bağırova Vəsiyyə Alkişi qızına və Bağırova Aidə Alkişi qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0.49 hektar torpaq sahəsinin və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə (JN-107 kod 80508038 nömrəli) Bəşirov Firuddin Soltan oğluna, Sadıqova Sufeyrə Orucəli qızına, Bəşirova Ülkər Firuddin qızına, Bəşirova Sahilə Firuddin qızına, Bəşirova Amaliya Firuddin qızına, Cavabdeh Firuddin oğluna, Bəşirov Sədrəddin Firuddin oğluna, Bəşirova Gülüzar Firuddin qızına və Bəşirov Əməddin Firuddin oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0.74 hektar torpaq sahəsinin naturada hüdudları müəyyən edilmiş, həmin torpaq sahələrinin faktiki olaraq üst-üstə düşmədiyi və Cavabdeh Firuddin oğlunun iddiaçı Bağırov Əlikişi Balakişi oğluna məxsus torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Buna görə də, məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair” 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(050)- 137/2021 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 14 aprel 2023-cü il tarixli 10/1816 nömrəli ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(050)-137/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/1816 nömrəli ekspert rəyinə dair çəkilmiş 50 (əlli) manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-74/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-74/2023
11.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver