Məhkəmə qərarları › İş №2(106)-742/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-742/2023

22.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-742/2023 22.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehlərin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)-1522/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)-1522/2022 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)- 1522/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la ailə qurmuş və birgə yaşadıqları müddətdə övladları olmuşdur. 22 ildən çox cavabdehlərlə sözügedən yaşayış evində yaşayaraq təsərrüfatı idarə etmişlər. Sonradan cavabdehlər heç bir əsası olmadan onu evdən çıxarmışlar. Onun da başqa yerdə yaşamağa yeri yoxdur. Gəlin köçüb yaşadığı həmin evdə yaşamaq istəyir. Odur ki, onu Salyan rayonu Arbatan kəndində yerləşən 2 mərtəbəli 4 otaqdan ibarət və Cavabdeh2 adına olan evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə həmin evə gəlin köçmüş, 22 il həmin evdə yaşamışdır. Uşaqları həmin evdə doğulmuşdur. Gəlin köçərkən apardığı gəlinlik cehizləri hazırda da həmin evdədir. Həmin evdə yaşadığı zaman əri ilə birlikdə işləyib təsərrüfat aparmış, həmin evi təmir etdirmişlər. Yaşamağa başqa yeri yoxdur. Hal-hazırda işin hallarından görünür ki, o və övladları onların doğulub boya-başa çatdığı evlərinə bu günə kimi həsrət qalıblar. Hal-hazırda hüquqları pozulmuşdur. Eyni zamanda əmlakıın sahibliyini itirmişdir. Qeyd edir ki, cavabdehlər onu evdən qovub çıxarmışlar. O, özü öz evini tərk etməmişdir. Həmin evə təsərrüfatbaşı kitabında qeydiyyata düşmüşdür. Məcbur olub qohumlarının evində yaşayırlar. Onun bütün cehizləri və digər əmlakı həmin evdədir və yaşamağa başqa yeri yoxdur. İddaçı cavabdehlərin ailə üzvüdür. Bu halı cavabdehlər də işə baxılan zaman inkar etməmişlər. İddiaçı məhkəmədə izahatında 22 il müddətində mübahisəli evdə yaşadığını, halhazırda uşaqlarının hamısının (dördünün də) ataları ilə qaldığnı bildirmişdir. Onun başqa yerdə yaşamağa yerinin olmadığını, 31 may 2021-ci ildə həmin evdən çıxdığını, atası və qardaşları ilə Salyan rayonunun Arbatan kəndində atasının evində birgə yaşadıqlarını bildirmişdir. Hal-hazırda o, həmin mübahisələndirilən evdə yaşamaq istəmir və əslində Salyan rayonunun Arbatan kəndində yerləşən ev üçün çəkdiyi xərcin ödənilməsini tələb edir. Cavabdeh1 məhkəməyə izahat verərək qeyd etmişdir ki, 31 may 2021-ci ildə İddiaçı onun xəbəri olmadan evdən çıxıb öz atasıgilə getmişdir. Əvvəllər də dəfələrlə onun evdən qaçıb getməsi halı yaşanmışdır. Onun evə köçməsinə etiraz edir. Uşaqlara baxmamış və onları ac-susuz saxlamışdır. Habelə, o, özünün evinin olmadığını, mübahisələndirilən evin isə atasının olduğunu, onun 1 maşını və 1 də torpaq sahəsinin olduğunu bildirmiş, həmçinin iddiaçı ilə onların birgə nikah dövründə 12 ha torpaq sahəsi olmuşdur. Özü dəfələrlə gedib iddiaçını evlərinə gətirmək istəyib, lakin o, evə gəlməkdən imtina etmiş, hətta iddiaçının kiçik qardaşı tərəfindən ona qarşı hədə-qorxu və zorakılıq edilmişdir. Daha sonra oğlu Mirabdulla əmisi Rasimlə gedib iddiaçını evlərinə gətirmək istəyəndə onları da qovublar. İddiaçının mübahisəli evdə onlarla birlikdə yaşamasını nə mülkiyyətçi olan atası Cavabdeh2, nə özü, nə də uşaqları istəyir. Cavabdeh2 məhkəmədə izahat verərək göstərmişdir ki, mübahisəli ev onun mülkiyyətindədir. O, iddiaçının həmin evə köçməsinə razı deyildir. Atasının 7 otaqlı evi var və 2 ildən artıq müddətdir ki, orada yaşayır. İddiaçı Cavabdeh1 ilə nikahları pozulandan sonra onların uşaqları da atası ilə qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)-1522/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 oktyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, Salyan rayonu Arbatan kəndində yerləşən sahəsi 276,5 kv m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına 26 oktyabr 2022-ci il tarixdə rəsmiləşdirilmişdir. İşdə olan Salyan Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında 16 iyun 2000-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Mirzeynəb Məmmədovanın və xx.xx.2007-ci il təvəllüdlü Mirtamam Məmmədovanın ataları Cavabdeh1 yanında saxlanılmaları qət edilmişdir. İşdə olan Salyan rayon Qeydiyyat şöbəsindən Cavabdeh1 verilmiş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsi əsasında İddiaçı və Cavabdeh1 arasında nikahın pozulması 29 mart 2023-cü il tarixdə 46 nömrə ilə Salyan rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan Salyan RİHB-nin Arbatan KİƏDN-nin 07 iyun 2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı Salyan rayonu Arbatan kəndində yerləşən sahəsi 276,5 kv m. olan fərdi yaşayış evində qeydiyyatdadır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdən göründüyü kimi, Salyan rayonu Arbatan kəndində yerləşən sahəsi 276,5 kv m. olan fərdi yaşayış evi 26 oktyabr 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində iş üzrə cavabdeh X1 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın - Salyan rayonu Arbatan kəndində yerləşən sahəsi 276,5 kv m. olan fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması Cavabdeh2 həmin mübahisəli evə məhz həmin andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən tərəflərin razılığı ilə yanaşı, eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin 26 oktyabr 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınması üzrə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)- 1522/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)-1522/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)-1522/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar