Məhkəmə qərarları › İş №2(106)-749/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-749/2025

01.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-749/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin direktor müavini Cavabdeh qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(056)-2377/2024 saylı qətnaməsindən (hakim S.Allahverdiyev) iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin direktor müavini Cavabdeh qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, məktəbin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 13 dekabr 2023-cü il tarixli 70 saylı əmrinin ləğv olunması, əvvəlki təsərrüfat müdiri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 20 dekabr 2018-ci il tarixdən Sabirabad rayon, M.Müşfiq adına 4 saylı tam orta məktəbin təsərrüfat müdürü vəzifəsində işləyir. 13 dekabr 2023 tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bildirir ki, işlədiyi müddət ərzində bir işçi kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək müdriyyət tərəfindən heç bir irad, töhmət almamışdır. Artıq 6 idir ki, həmin məktəbdə çalışır. Bu səbəbdən də onunla 4 nömrəli tam orta məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Cavabdeh tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli əmri qanunsuz və əsassız hesab edir. Belə ki, 6 dekabr 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixə kimi Sabirabad rayon Mərkəzi Xəstəxanasında TTTYS tərəfindən “Mədə bağırsaq disfunksiyası” diaqnozu əsasında tibbi yardım göstərilməklə ev şəraitində müalicə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdeh qismində cəlb edilmiş Sabirabad rayon, M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavabdeh 3 sentyabr 2024 və 5 sentyabr 2024 tarixlərində ərizə ilə (işin 26 və 28-ci vərəqləri) məhkəməyə müraciət edərək iddiaya cavab verməli şəxs olmaması əsası ilə iddiaçıya əsil cavabdehin cəlb olunması zərurəti izah olunmaqla, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununda izahat verməklə təmin olunmasını xahiş etmiş, cavabdehin əsl cavabdehlə əvəz olunması üçün əsasların olmadığını (işin 36-cı vərəqi protokol) bildirmişdir. İddiaçı tərəfindən Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin iş üzrə cavabdeh qismində cəlb olunması üçün əsasların olmadığı bildirilərək iddiasına verildiyi kimi baxılmasına təkid edilməsinə rəğmən, Sabirabad Rayon Məhkəməsi tərəfindən iddiaya cavabdeh Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbə qarşı yönəldilmiş bir tələb kimi baxılmış və 14 oktyabr 2024-cü il tarixli 2(056)-2377/2024 saylı qətnamə ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Bunyadov X1 şəhəri, M.Müşviq adına 4 nömrəli tam orta məktəbinin direktor müavini Cavabdeh 13 dekabr 2023-cü il tarixli, 70 nömrəli əmri ilə işdən azad olunsa da, hər hansı üzrlü səbəblər olmadan Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan bir aylıq müddəti ötürmüş və müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini 7 gün sonra bilmiş (xəbər tutmuş), bundan sonra dərhal hüquqi məsləhətə əsasən iddiasını hazırlayıb Şirvan İnzibati Məhkəməsinə təqim etmişdir. Həmin iddia uzun müddət məhkəmənin icraatında olmuş və daha sonra məsələyə rayon məhkəməsində baxılmalı olması bildirilmişdir. Bu baxımdan iddia ərizəsi geri qaytarılmış və müvafiq olaraq Sabirabad Rayon Məhkəməsinə müraciət olunması tövsiyyə edilmişdir. Bundan sonra mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Cavabdeh olaraq iddiaçının göstərdiyi dəlili, yəni 6 dekabr 2023-cü ildən 12 dekabr 2023cü il tarixinədək Sabirabad rayon Mərkəzi Xəstəxanası tərəfindən “Mədə bağırsaq disfunksiyası” diaqnozu ilə tibbi yardım göstərilməklə ev şəraitində ambulator müalicədə olmasını təkzib edəcək hər hansı sübut təqdim olunmamışdır. Ümumiyyətlə cavabdeh məhkəmədə iştirak etməmişdir. Bundan başqa, işçinin işdən azad olunması barədə əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Yəni, əmrdə əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğvedilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Məhkəmə tərəfindən düzgün araşdırma aparılmamış, sübutlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, qətnamə prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada əsaslandırılmışdır. Hələ də, əmək kitabçasını və son haqq-hesabı iddiaçı almamışdır. Həmkarlar ittifaqının iclası əgər keçirilibsə nə üçün iddiaçı dəvət olunmamış, bu barədə ona xəbərdarlıq edilməmişdir. Hansı üzrlü səbəbə görə iştirakı qeyd olunmayıb? Bülleten və s. məsələlər araşdırılmışdırmı və ya xəstəxanaya müraciəti ilə bağlı hansı sənəd təqdim olunmuşdur? Bütün bu hallar araşdırılmayan hallardır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh Sabirabad şəhəri, M.Müşfiq adına 4 nömrəli tam orta məktəbinin direktor müavini Cavabdeh məhkəmədə iştirak etməmişdir və kollegiya Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə müvafiq olaraq cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddiasının təminini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və onun vəkili, eyni zamanda nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. İş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən olunur. Əmək kitabçasının notariat qaydada təsdiq olunan surətinə əsasən: İddiaçı 20 dekabr 2018-ci il tarixli 86/2 nömrəli əmrlə Sabirabad şəhəri, M.Müşfiq adına 4 nömrəli tam orta məktəbə təsərrüfat müdiri vəzifəsinə təyin olunmuş; məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini Cavabdeh 13 dekabr 2023-cü il tarixli 70 nömrəli əmri ilə əmək vəzifəsini kobud şəkildə pozması əsası ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən 2 may 2024-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər, 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər, 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar, 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun, 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, 385.1-cı maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia tələbi üzrə cavabdeh qismində Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin direktor müavini Cavabdeh cəlb edilməsinə rəğmən, birinci instansiya məhkəməsi tərəfindən həmin tələbə Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbə qarşı yönələn bir tələb kimi baxılmaqla, yuxarıda sadalanan prosessual hüquq normalarının pozuntusuna yol verlmişdir. Cavabdeh qismində cəlb edilmiş məktəbin direktor müavini Cavabdeh hazırki iddiaya cavab verə bilən şəxs deyildir. Odur ki, qeyd olunan əsasla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın ona cavab verməli olan şəxsə qarşı yönəldilməməsi əsası ilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(056)-2377/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin direktor müavini Cavabdeh qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar