Məhkəmə qərarları › İş №2(106)-75/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-75/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-75/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, cavabdeh Ziyadov Maqsud Bəyəli oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Ziyadov Maqsud Bəyəli oğlu və Cavabdeh2 Maqsud oğluna qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin buraxılması və inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(049)- 1918/2022 saylı qətnaməsindən cavabdeh Ziyadov Maqsud Bəyəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(049)-1918/2022 saylı qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddianın təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Lənkəran rayonu Moğonojba kəndində yerləşən 600 m2 torpaq sahəsinin 356 m2 hissəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin hissədə inşa edilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər Ziyadov Maqsud Bəyəli oğlu və Cavabdeh2 Maqsud oğlundan 10 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin cavabdehlər Ziyadov Maqsud Bəyəli oğlu və Cavabdeh2 Maqsud oğlundan tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh Ziyadov Maqsud Bəyəli oğlu Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(049)-1918/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh Ziyadov Maqsud Bəyəli oğlu və Cavabdeh2 Maqsud oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu Moğonojba kəndində yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılmaları, ona təhvil verilməsi, cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şürük kəndində yaşayır. Lənkəran rayonu Moğonojba kəndi ərazisində 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bu barədə adına xx.xx.2021-ci il tarixli çıxarış da verilmişdir. Qeyd olunan 0,20 hektar torpaq sahəsi qanuni əsasla onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onun mülkiyyətində olsa da, iş üzrə cavabdehlər həmin torpaq sahəsini qanunsuz zəbt edərək istifadə edirlər. O, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət edərək adına çıxarış alarkən gəlib onun torpaq sahəsini ona göstərdilər və bir daha məlum oldu ki, ona məxsus torpaq sahəsini cavabdehlər zəbt edərək öz torpaq sahəsi kimi istifadə edirmişlər və orada qanunsuz tikinti işləri aparırmışlar. O, onlara qanunsuz zəbt etdikləri torpaq sahəsini buraxmasını tələb etdikdə isə onlar qanunsuz olaraq zəbt etmiş olduqları torpaq sahəsini buraxmaq istəməmişlər. O, bələdiyyənin sədri olduğu üçün əsassız olaraq cavabdehlər yuxarı orqanlara şikayət edir. Cavabdehlər onun tələbinə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərini davam etdirirlər. Cavabdehlərin bu qanunsuz və özbaşına hərəkətlərindən o, müxtəlif orqanlara şikayət etmiş, araşdırma apardıqdan sonra ona yaranmış mübahisə ilə əlaqədar bu barədə birinci instansiya məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. İndinin özündə də dəfələrlə cavabdehlərə qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsinin buraxılması barədə iradlar etsə də, cavabdehlər öz əməlindən əl çəkmək, yəni qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsini buraxmaq fikrində deyil. Cavabdehlər nəinki, ona məxsus torpaq sahəsini zəbt ediblər, onlar eyni zamanda ona məxsus torpaq sahəsində qanunsuz tikinti işləri aparmışlar və onu mülkiyyətində olan torpaq sahəsinə buraxmamışlar. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Ziyadov Maqsud Bəyəli oğlunun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə həmin torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsindən ötrü iş üzrə ekspertiza təyin edilməsi barədə 21 oktyabr 2021-ci il tarixli qərardad qəbul etmiş və həmin qərardadın 3-cü sualında torpaq sahəsinin hansı istiqamətdə, hansı ölçüdə zəbt olunması barədə qeyd etmiş, lakin verilmiş ekspert rəyində qərardadın həmin sualı tam cavablandırılmamış, torpaq sahəsinin zəbt olunması göstərilsə də, həmin torpaq sahəsinin hansı istiqamətdə və hansı ölçülərdə zəbt olunması göstərilməmişdir. Məhkəmə iclası zamanı iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə tərəfindən əsaslı vəsatət verilməsinə baxmayaraq, həmin vəsatət təmin edilməmişdir. Həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışın verilməsinə əsas olmuş sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi və ya həmin sənədlərin DƏDRX-nin 10 saylı Ərazi İdarəsindən alınıb iş materiallarına əlavə edilməsi və həmin sənədlərin də araşdırılması barədə vəsatətinə isə ümumiyyətlə münasibət bildirilməmişdir. Bundan başqa, məhkəmə qətnaməsinin 2-ci səhifəsində olan cavabdeh olaraq verdiyi izahatı qeyd edilməmiş, məhkəmə iclası zamanı həmin torpaq sahəsinin ona verilməsi, tikintiyə icazə alınması və 10 ilə yaxın müddətdə yaşamağına baxmayaraq, hazırkı vaxta kimi iddiaçı tərəfindən ona heç bir iradın bildirməməsi barədə dedikləri və eyni zamanda məhkəmə tərəfindən verilmiş suallara verdiyi cavablar da həmin izahatımda qeyd edilməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmə baxışı zamanı məhkəməyə təqdim etdiyi Türkəkəran kəndinin 2008-ci ildə iki hissəyə ayrılaraq bir hissəsi Moğnojba kəndi adlanması və həmin kəndə düşən hissədə onun torpağının olduğunu və evinin həmin torpaq sahəsində inşa edilməsi də qeyd edilməmişdir. Eyni zamanda, təqdim etdiyi sübutlar qətnamədə qeyd edilməmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında işə baxılmamışdır. İşin halları tam araşdırılmamış, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar yetərli olmadığı aşkar surətdə hakim tərəfindən qətnamədə qeyd olunsa da, məhkəmə qanuni və əsaslı qətnamə qəbul etmək əvəzinə özünün mülahizəsi əsasında qəbul etmişdir. Ekspert rəyi məhkəmənin özünün ekspert qarşısında qoyulmuş sualı cavablandırmamasını qeyd etdiyi halda və bu barədə rəsmi olaraq yazılı şəkildə vəsatət verməyinə baxmayaraq, yenə də əlavə ekspertiza təyin etməyərək yarımçıq olan ekspert rəyini sübut növü kimi qəbul etmişdir. Bundan başqa, məhkəməyə notarial qaydada təsdiq edib verdiyi torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməni və evin tikintisinə icazə barədə layihəni də məhkəmə qətnamədə göstərməmişdir. Cavabdeh Ziyadov Maqsud Bəyəli oğlunun vəkili Əbdürəhmanov Kənan Səfər oğlu 30 may 2023-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(049)-1918/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(049)-1918/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş, lakin Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 7,61 ha pay torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Əvvəllər “Sadiq” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilənə kimi cavabdehin və onun qardaş və bacısının istifadəsində olmuşdur. Özü şəhid ailəsidir. Cavabdeh və ailə üzvləri ona öz torpağından istifadəyə imkan vermir. Cavabdehin ailə üzvlərinə qarşı torpaqdan çıxarma ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri mövcuddur. Lakin hazırda cavabdeh məhkəmə proseslərini süni şəkildə uzatmaqla mənə öz torpağımdan istifadə edib gəlir götürməyimə mane olur. Belə ki, hazırkı məhkəmə prosesi 4 ilə yaxındır ki, dama edir. Bütün bunlara görə də, işin tezliklə baxılmasına nail olmaq istəyirəm. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(049)- 1918/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış **********37 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonu Moğonojba kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixdə tərtib etdiyi AA 631284 nömrəli sənədindən görünür ki, Lənkəran rayonu Moğonojba kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin L-12-016 nömrəli, 20 iyul 2012-ci il tarixli sənədinə əsasən Lənkəran rayonu, Türkəkəran kəndində Ziyadov Maqsud Bəyəli oğluna məxsus yaşayış evinin tikilməsinə icazə verilmidir. İşdə olan JN-284A(kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə 0.10 hektar torpaq sahəsi Lənkəran rayonu Türkəkəran kənd sakini Ziyadov Maqsud Bəyəli oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Lənkəran ŞİH Başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 avqust 2021-ci il tarixli 613 nömrəli arayışından görünür ki, İddiaçı Lənkəran rayon Şürük kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan AZE16153601 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ziyadov Maqsud Bəyəli oğlu xx.xx.1978-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Lənkəran rayonu, Terkəkəran kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/7148 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlərin faktiki istifadəsində olan 600 m2 torpaq sahəsinin 356 m2 hissəsinin **********37 reyestr nömrəli Çıxarış sənədinə əsasən Lənkəran rayonu Moğonojba kəndində İddiaçı mülkiyyətinə verilmiş 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********37 reyestr nömrəli Çıxarış sənədinə əsasən Lənkəran rayonu Moğonojba kəndində İddiaçı mülkiyyətinə verilmiş 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 356 m2 hissəsi cavabdehlər tərəfindən istifadə edilir və həmin hissədə cavabdehlərə məxsus mişar daşından inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evi mövcuddur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. MM-in 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh Ziyadov Maqsud Bəyəli oğlunun apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarında olan ekspert rəyləri ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış **********37 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa görə İddiaçı mülkiyyətində olan 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 356 m2 hissəsi cavabdehlərin faktiki istifadəsindədir. Bundan başqa, apellyasiya instansiya məhkəməsində qəbul edilmiş qərardad əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli rəyindən də cavabdehlər tərəfindən iddiaçının 0,065 ha torpaq sahəsinin qanunsuz zəbt edilərək olaraq istifadə olunması aşkar görünür. Hazırkı iş üzrə cavabdeh Ziyadov Maqsud Bəyəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyləri ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunur. Belə ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı halda, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanıldığı üçün apellyasiya instansiyası məhkəməsi qətnamənin qalan hissəsinə toxunmur. Belə ki, qətnamənin həmin mübahisələndirilməyən hissələrdə yoxlanılması və hüquqi qiymətləndirilməsi dispozitivlik prinsipinin pozulması ilə nəticələnər. Belə ki, Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdeh Ziyadov Maqsud Bəyəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(049)- 1918/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti də cavabdeh Ziyadov Maqsud Bəyəli oğlundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Ziyadov Maqsud Bəyəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(049)-1918/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul vəsaiti cavabdeh Ziyadov Maqsud Bəyəli oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar